Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi.
İyunun 15-nin ölkədə Milli Qurtuluş Günü elan edilməsi
barədə Milli Məclisin 27 iyun 1997-ci il tarixli qərarından
Bu gün ölkəmizin hər yerində Azərbaycanı düçar olduğu ağır bəlalardan xilas edən, müstəqilliyimizə əbədilik qazandıran xaqı vətəndaş qarşıdurmasından qurtaran, dövlətimizə qurtuluş gətirən ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından – Milli Qurtuluş Günündən 23 il keçir. Hazırda respublikamızın hər yerində bu münasibətlə geniş tədbirlər təşkil olunur, xalq ulu öndərə öz sevgi və məhəbbətinin hədsiz olduğunu bir daha nümayiş etdirir. 15 İyun günü xalqımızın yaddaşına əbədi həkk olunub. Məhz həmin gündən – ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan rəhbərliyinə qayıtdığı gündən xalqın rahat yaşayışının əsası qoyuldu. 1993-cü ildə ölkəyə rəhbərliyi və xilaskarlıq missiyasını üzərinə götürən Heydər Əliyevin müdrikliyi, syasi uzaqgörənliyi, polad iradəsi və qətiyyəti sayəsində Azərbaycan onu gözləyən dəhşətli bəlalardan qurtuldu.
Ulu öndər Heydər Əliyevin ölkənin ictimai-siyasi, iqtisadi cəhətdən ağır və mürəkkəb dövründə nümayiş etdirdiyi cəsarəti, siyasi müdrikliyi, uzaqgörənliyi sayəsində taleyüklü qərarlar qəbul olunmuş, siyasi-iqtisadi sabitlik bərqərar edilmiş, Azərbaycan dinamik inkişaf yoluna qədəm qoymuşdur.
Ulu öndərin xalqımız və dövlətçiliyimiz qarşısındakı tarixi fəaliyyəti və misilsiz xidmətləri müstəqillik illərində də özünü göstərdi. Hələ 1990-cı ildə – SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə İttifaq miqyasındakı hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan ölkələrdə çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı muxtar respublikanın vəziyyətini maksimum dərəcədə mürəkkəbləşdirmişdi.
SSRİ-nin dağılması ilə bütün republikalarda, o çümlədən Azərbaycanda çətin, müəmmalı iqtisadi-siyasi vəziyyət yaranmışdı. Respublikada anarxiya, xaos və özbaşınalıq baş alıb gedirdi. Bu, azmış kimi, Dağlıq Qarabağda yaradılan münaqişə, mənfur qonşularımızın hələ SSRİ dövründən baş qaldıran ərazi iddiası xalqımızı növbəti bir sınaqla üz-üzə qoymuşdu. Az keçmədi ki, bu problemlərin sırasına daha biri əlavə olundu: hakimiyyət böhranı. Ölkəyə rəhbərlik edənlərin tez-tez dəyişməsi, hakimiyyətdə birinci olmaq iddiası, müxtəlif vəzifəli şəxslərin himayəsində olan qeyri-qanuni silahlı birləşmələr müstəqilliyini yenicə əldə etmiş Azərbaycanı parçalanmaq həddinə çatdırmışdı. Belə çətin bir məqamda xalqın son ümid və pənah yeri dövlət idarəçiliyində böyük təcrübəsi olan Heydər Əliyev idi.
1992-ci il oktyabrın 16-da Azərbaycanın nüfuzlu ziyalıları – alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Müraciətdə deyilirdi: “Möhtərəm Heydər bəy! Hamımız görürük ki, respublikamızın, xalqımızın vəziyyəti gündən-günə ağırlaşır. Azərbaycan, sözün əsl mənasında, siyasi, iqtisadi, mənəvi böhran keçirir. Bunun da əsas səbəbi son illər respublikada mövcud olan və getdikcə daha da güclənən hakimiyyət böhranıdır. Ali hakimiyyət və idarəetmə orqanları “Konstitusiyaya zidd, real vəziyyətə uyğun” fəaliyyət göstərməklə, əslində, iflic vəziyyətinə düşmüşdür. Bir çox dövlət orqanları heç bir hüquqi əsas olmadan yaradılıb fəaliyyət göstərir. Bir sözlə, mövcud iqtidar ictimi-siyasi gedişatlara tam nəzarət edə bilmir. Cəmiyyət obyektiv qanunauyğunluqlardan daha çox subyektiv mülahizələrə əsasən idarə olunur. Ən dəhşətlisi odur ki, siyasi və iqtisadi sistemdə əsaslı islahatlar aparılmır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktında təsbit olunmuş hakimiyyət bölgüsü havadan asılı qalmış, hüquqi dövlətin yaradılması yolunda real addımlar atılmamışdır. İqtidarın idarəetmə səriştəsi, təcrübəsi, bacarığı olmayanda zora əl atması təbiidir. Qəribə burasındadır ki, prezidentdən tutmuş respublikanın müxtəlif vəzifəli şəxsləri dəfələrlə öz müsahibələrində bildiriblər ki, artıq hakimiyyəti bizim əlimizdən heç kəs ala bilməz, çünki ordu və polis bizə xidmət edir".
Həmin günlərin Azərbaycan həqiqətləri ən incə məqamlarına qədər ifadə olunan məktubda yazılırdı ki, dünənə kimi küçə-meydanlarda səhərdən-axşama qədər demokratiyadan danışanlar, görünür, demokratiyanın mahiyyətinin nə olduğunu dərk etmirlər. Əsl demokratik ölkələrdə ordu, polis, başqa inzibati orqanlar siyasətdən kənardır və bütün bu qüvvələr hakimiyyətdə olanlara deyil, xalqa xidmət edirlər. Rəhbərliyin siyasi naşılığından, idarəetmə səriştəsizliyindən, hakimiyyət hərisliyindən həm daxildən, həm də xaricdən müəyyən qüvvələr öz mənafeləri üçün məharətlə istifadə edirlər. Əgər dünənə qədər Azərbaycanın sərvətləri bir istiqamətə daşınıb aparılırdısa, indi var-dövlətimiz bir neçə səmtə axıdılır. Bir sıra Şərq ölkələrindən qovulmuş Qərb inhisarları indi asanlıqla çoxdan həsrətində olduqları Bakı neftini ələ keçirirlər. Belə gedərsə, biz siyasi əsarətdən qurtarmamış, tezliklə iqtisadi əsarətə məruz qalacağıq. Çünki respublikanın olan-qalan iqtisadi potensialı sürətlə dağılır, təbii sərvətlərimiz talan edilir.
Vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı – yüksək ixtisaslı kadrların tərk etməsindən bəhs olunan müraciətdə belə şəraitdə ən ağır zərbənin geniş xalq kütləsinə, aşağı təbəqəyə dəydiyi bildirilirdi. Ziyalılar qeyd edirdilər ki, əgər hadisələr belə davam edərsə, yaxın gələcəkdə sosial ədalətdən heç bir əsər-əlamət qalmayacaq. Dövrün səciyyəvi cəhətlərinin, cəmiyyətin inkişaf meyillərinin iqtidar tərəfindən düzgün qiymətləndirilməməsi fərsiz kadr siyasəti, idarəetmə səriştəsi olmayan təsadüfi adamların dövlət strukturlarında yüksək vəzifələrə təyin edilməsi, respublikamızın onsuz da ağır olan durumunu daha da dərinləşdirirdi.
Ziyalılar ulu öndəri təkidlə ölkəyə rəhbərliyə dəvət edərək yazırdılar: “Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübələrinizə əsaslanaraq, Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın, demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq, belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və ya yalnız bu halda, yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək, Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu dolduracaq, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə biləcək”.
Ziyalılar bildirirmişdilər ki, bu müraciətə minlərlə Azərbaycan vətəndaşı məmnuniyyətlə qoşulmağa hazırdır. Hələlik isə, ilk addım olaraq, bunu bir qrup ziyalılar adından biz edirik. Biz həm öz, həm də on minlərlə respublika əhalisi adından Sizdən xahiş edirik ki, yaradılmaqda olan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir.
Bundan 8 gün sonra, oktyabrın 24-də Heydər Əliyev ziyalıların müraciətinə cavab verdi. Həmin cavabda ölkəni böhrandan xilas etməyin konsepsiyası birmənalı şəkildə öz əksini tapmışdı. Ulu öndər cavab müraciəti ilə müstəqil Azərbaycan dövlətinin gələcək taleyini müəyyənləşdirdi.
Ölkədəki ictimai-siyasi durumun hərtərəfli əks olunduğu bu müraciətdə Azərbaycandakı mövcud böhranın yaranma səbəbləri və siyasi hakimiyyətin xalqımızı faciəli şəkildə təhlükələrlə üzləşdirməsi faktı konseptual qaydada şərh olunmuş, ağır vəziyyətdən çıxış yolları dəqiqliklə göstərilmişdir. Müraciətin sonunda Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının obyektiv zərurətdən doğulduğunu bildirmiş və belə bir təşkilatın fəaliyyətində iştiraka hazır olduğunu bəyan etmişdir. Həmin müraciətdən sonra xalqın ulu öndərə inamı və etimadı daha da artdı, hamı başa düşdü ki, nicat yolu yalnız Heydər Əliyevdədir.
Ölkədə vəziyyətin getdikcə gərginləşməsi AXC-Müsavat iqtidarı daxilində silahlı qarşıdurmaya gətirib çıxartdı. 1993-cü ilin iyununda Gəncədə törədilmiş silahlı qarşıdurma vəziyyəti daha da ağırlaşdırdı. Burada 709 saylı hərbi hissəyə rəhbərlik edən Surət Hüseynovun təşkilatçılığı ilə yaranmış, hökumətə tabe olmayan “hərbi birlik” Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən gəlməkdə aciz idi. Ölkənin qabaqcıl adamları, ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Xalqın sağlam qüvvələrinə arxalanaraq yaranan qurtuluş hərəkatı isə sürətlə genişlənirdi. Bu hərəkat böyük siyasi xadim Heydər Əliyevin ətrafında toplaşırdı.
Vəziyyətin çıxılmaz həddə çatdığını görən AXC-Müsavat iqtidarı ölkəni ağır fəlakətdən qurtarmaq üçün Heydər Əliyevə müraciət etdi. Nəhayət, onlar da dərk etdilər ki, yaranmış vəziyyətdən çıxış yolu ulu Heydər Əliyevin ölkəyə rəhbərlik etməsindədir. Ulu öndər bu müraciətlərdən sonra Bakıya gəldi və Gəncəyə gedib baş vermiş hadisələrlə yerində tanış oldu. Bakıya qayıtdıqdan sonra isə 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçildi. Həmin tarix müstəqil Azərbaycan dövlətinin tərəqqisinin başlanğıc günü kimi tariximizə əbədi həkk olunmuşdur.
Ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuş siyasi və iqtisadi böhran, separatçı meyillər, dövlət çevrilişi və vətəndaş qarşıdurması xalqın öz milli liderinə inamı və dəstəyi ilə aradan qaldırıldı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən qeyri-qanuni silahlı birləşmələr zərərsizləşdirildi. Dövlətlə xalqın birliyi, yekdilliyi təmin edildi və davamlı ictimai-siyasi sabitlik bərqərar olundu.
23 il əvvəl Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ömrünün qalan hissəsini də dövlətçiliyimizin qorunub saxlanılmasına, möhkəmləndirilməsinə həsr etmiş, müstəqilliyimizin əbədiliyini və dönməzliyini təmin etmişdir
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixində çox önəmli və yaddaqalan gündür. Çünki məhz həmin gün siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi, xalqımızı, millətimizi dözülməz vəziyyətdən xilas etdi. Ulu öndərin siyasi səriştəsi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi, Vətəninə olan sonsuz sevgisi Azərbaycanı çətin vəziyyətdən qurtardı.
Bugünkü Azərbaycanın sürətli inkişafının təməlini ümummilli lider Heydər Əliyev qoyub. Müstəqillimizin ilk illərində səriştəsiz iqtidarın yarıtmaz fəaliyyəti nəticəsində ölkəmizin bütün qonşu dövlətlərlə münasibətləri o qədər də ürəkaçan deyildi. Azərbaycan elə bir vəziyyətə düşmüşdü ki, cəmiyyətdə normal insani münasibətlərdən və heç bir inkişafdan söhbət gedə bilməzdi. Ulu öndərin müdrikliyi bütün problemləri həll etdi. Qısa müddət ərzində ictimai, siyasi, mədəni və digər sahələrdə yüksək səviyyəli işlər görüldü və əsaslı dönüş yaradıldı. Nəticədə Azərbaycanda sürətli inkişafa nail olundu.
Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirərək, zor gücünə, silahlı dəstələrdən istifadə etməklə hakimiyyətə gəlmək kimi bədnam ənənəyə qətiyyətlə son qoydu. Azərbaycan xalqı və gələcək nəsillər üçün yeni, qanunun aliliyinin təmin olunduğu, demokratik, hüquqi, dünya dövlətlərinin hesablaşacağı, əməkdaşlığa böyük maraq göstərəcək güclü bir dövlət quruldu.
Müdrik şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev bu gün ümummilli liderin siyasi kursunu layiqincə davam etdirməklə, ölkəmizin dünyada reytinqinin artmasına, əlaqələrinin getdikcə genişlənməsinə və mövqeyinin möhkəmləndirilməsinə nail olub.
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru, professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.