Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin siyasətində müstəqil Azərbaycan Respublikasının geniş mənada dünya ölkələri ilə çoxcəhətli əlaqələrinin formalaşdırılaraq inkişaf etdirilməsi və daha da möhkəmləndirilməsi məsələsi həmişə diqqət mərkəzində dayanmışdır. Ulu öndər, demək olar ki, dünyanın inkişaf etmiş ölkələrinin hamısında rəsmi səfərlərdə olmuş, beynəlxalq aləmlə geniş əlaqələr yaratmış, ölkəmizə etibarlı dostlar və tərəfdaşlar qazandırmışdır.
Qüdrətli siyasi şəxsiyyət və böyük dövlət xadimi kimi Heydər Əliyev keçmiş SSRİ-də seçilən, nüfuzlu lider kimi qəbul olunurdu. Heydər Əliyevi hələ Sovet İttifaqı zamanında Qərb dövlətlərində də, Şərq ölkələrində də yaxşı tanıyır, onun dövlətçilik baxışlarına, siyasi iradəsinə xüsusi rəğbətlə yanaşırdılar.
Azərbaycan Respublikası yenidən dövlət müstəqilliyi qazandıqdan sonra görkəmli dövlət xadimi Heydər Əliyevin dünya ölkələri ilə əlaqələr yaratmaq baxımından ən çox diqqət yetirdiyi amil ölkəmizin qonşu dövlətlərlə münasibətlərinin tənzimlənməsi və daha da möhkəmləndirilməsi məsələsi olmuşdur. Bu cəhətdən taleyin hökmü ilə Azərbaycana qayıtmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışmış Heydər Əliyevin Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə yaratdığı əlaqələr Sovetlər İttifaqı dağıldıqdan sonra ölkəmizin beynəlxalq münasibətlərə dair addımlarında nümunə idi.
Bu dahi şəxsiyyətin Türkiyə Cümhuriyyəti ilə əlaqələri Azərbaycanın qərbyönümlü inkişafına açılan qapı idi. XX əsrdə müstəqillik taleyinin böyük sınaqlarından zəfərlərlə çıxmış Türkiyə Cümhuriyyətindəki respublika tipli dövlətçilik sistemi, çoxpartiyalılıq, bazar iqtisadiyyatı və sair kimi amillərdən yaradıcı şəkildə istifadə etməklə və Azərbaycan reallıqlarını mütləq əsas kimi qəbul etməklə ölkəmizdə yeni cəmiyyəti formalaşdırmaq Heydər Əliyevin dövlətçilik təlimində mühüm yer tutmuşdur.
Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələri, hətta əvvəlki rəhbərliyi dövrünün idarəetmə sistemindəki müəyyən müsbət meyillər və Qərb təcrübəsi Heydər Əliyevin müstəqil dövlətçilik təliminin möhkəm əsaslarını təşkil etmişdir. Müstəqillik qazanmış digər dövlətlər kimi, Azərbaycanın da, ilk növbədə, Qərb dövlətləri cərgəsində inkişaf etdirilməsi Heydər Əliyev siyasətinin aparıcı istiqamətini təşkil etmişdir. Azərbaycanın Avropa Şurasına üzvlüyə qəbul edilməsi, Müstəqil Dövlətlər Birliyində təmsil olunması Heydər Əliyevin qərbyönümlü müstəqil dövlət yaratmaq uğrundakı mübarizəsinin uğurlu nəticələridir.
Bununla belə görkəmli dövlət xadimi Heydər Əliyev beynəlxalq münasibətlərə dair siyasətində və fəaliyyətində Asiya amilinə daim yüksək diqqət yetirmişdir. Həmin istiqamətdə Heydər Əliyevin atdığı ilk böyük addımlar müstəqil Azərbaycan dövlətinin İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrinin yaradılması ilə başlanmışdır. Ulu öndərin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən İran İslam Respublikası ilə yaratdığı möhkəm əlaqələr, geniş mənada, müstəqil Azərbaycanın Asiyaya, Şərqə doğru münasibətlərinin möhkəm əsaslarını təşkil etmişdir.
Dövlət müstəqilliyinin başlanğıc dövrünün ən gərgin zamanlarında Heydər Əliyevin İran İslam Respublikasının o zamankı rəhbərləri ilə tarixi görüşləri, əldə edilən razılaşmalar, imzalanan mühüm tarixi əhəmiyyətli sənədlər ağır blokada şəraitində fəaliyyət göstərmiş Naxçıvan Muxtar Respublikasını Ermənistanın təcavüzlərindən qorumuş, iqtisadi böhrandan xilas etməyə xidmət etmiş, həm də bu qonşu və dost ölkə ilə qarşılıqlı, etibarlı münasibətlərin möhkəm əsaslarını formalaşdırmışdır. İran İslam Respublikası ilə uzun illərdən bəri yüksələn xətlə inkişaf edən əlaqələrimiz bu gün də uğurla davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikası ilə çoxcəhətli əlaqələrə xüsusi diqqət yetirməsi, bu ölkə ilə bir sıra beynəlxalq layihələrin həyata keçirilməsinə ciddi önəm verməsi əsası ulu öndərimiz tərəfindən qoyulmuş müdrik siyasətin yeni tarixi şəraitdə uğurlu davamıdır. Bu gün Azərbaycan – İran əlaqələri bütün sahələr üzrə sürətlə inkişaf edir və hər iki ölkə bu əlaqələrdən qarşılıqlı şəkildə faydalanır. Eyni zamanda, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı həm də dövlətimizin Şərq siyasətinin mühüm göstəricisidir.
Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı, Pakistan, Əfqanıstan və digər Şərq ölkələri ilə genişlənən əlaqələri bu gün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Asiya ölkələri ilə əlaqələrdə islami dəyərlər amilinin nəzərə alınması həm də müstəqil Azərbaycan dövlətində keçmiş sovetlər birliyindən fərqli olaraq, ölkəmizdə islam-müsəlman sivilizasiyası amilinə diqqət yetirilməsini də gündəmdə saxlamağı şərtləndirmişdir. Ümummilli lider Heydər Əliyevin müqəddəs Kəbə ziyarətinə getməsi, Bakıda Bibiheybət məscidini yenidən inşa etdirməsi, Naxçıvanda Kazım Qarabəkir məscidinin açılışı və digər bu kimi tədbirlər dünyəvi dövlət olan Azərbaycanda islam dininin rolunu, yerini və əhəmiyyətini dəqiq müəyyənləşdirdi.
Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanda VIII əsrdə tikilmiş qədim Şamaxı məscidinin əsaslı şəkildə yenidən qurulması, din-dövlət münasibətlərində tolerantlığın təmin olunması ölkəmizdə yeni cəmiyyət quruculuğunda zəngin ənənələrin yaradıcılıqla inkişaf etdirilməsi deməkdir. Artıq Azərbaycan Respublikası həm mədəniyyətlərarası, həm də dinlərarası dialoqun əsas mərkəzlərindən birinə çevrilmişdir. Bu, ölkəmizdə multikultural dəyərlərin inkişaf etdirilməsinə, Qərb və Şərq birgəyaşayışının təmin olunmasına şərait yaradır.
Azərbaycan Respublikasının Asiyanın böyük dövlətləri ilə əlaqələrinin qurulmasının əsasını da ulu öndər Heydər Əliyev qoymuşdur. Qərblə qurulan əlaqələrdə əsasən siyasət, Şərqlə əlaqələrdə isə iqtisadiyyat mühüm yer tutmuşdur. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi Heydər Əliyevin 7-10 mart 1994-cü ildə Çin Xalq Respublikasına səfəri, əslində Qədim İpək yolunun bərpası və iqtisadi əlaqələrin genişləndirilməsi baxımından müstəsna əhəmiyyətli hadisə idi. Səfər zamanı Çin Xalq Respublikasının müstəqil Azərbaycanın ərazi bütövlüyünü tanımasını bəyan etməsi həmin tarixi dövrün mühüm əhəmiyyətə malik hadisəsi idi.
Çin səfəri çərçivəsində sərmayələrin təşviqi, turizm, elmi-texniki, hava nəqliyyatı əlaqələri, səhiyyə, teleradio sahələrində qarşılıqlı əməkdaşlığa dair imzalanmış sənədlər dövlətlərarası münasibətlərin mühüm bünövrəsini təşkil etmişdir. Ölkə rəhbəri Heydər Əliyevin Pekin İctimai Elmlər Akademiyasındakı nitqində deyildiyi kimi, “Çin ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafının perspektivlərini müəyyənləşdirən mühüm addımlar atılmışdır. Bu, dostluq əlaqələrimizin gələcək inkişafının proqramıdır. Bütün bunlar Çin Xalq Respublikası ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsi deməkdir”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına sonrakı dörd səfəri isə (mart 2005-ci il, avqust 2008-ci il, avqust 2014-cü il və dekabr 2015-ci il) bu böyük Asiya dövləti ilə əlaqələri daha da genişləndirmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikası ilə genişlənən əlaqələri qədim İpək yolunun Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Dəmir İpək yoluna çevrilməsini təmin etmişdir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1998-ci ilin 24-28 fevralında Yaponiyaya rəsmi səfəri Azərbaycan Respublikasının Asiya qitəsindəki tərəfdaşlığının daha da genişləndirilməsinə səbəb olmuşdur. Bu səfərdə də Heydər Əliyev Yaponiyanın ölkəmizin ərazi bütövlüyünü tanıması haqqında bəyanatının səslənməsinə nail olmuş, iqtisadi-mədəni əməkdaşlığın yeni üfüqlərini açmışdır. Yaponiyanın məşhur firma və şirkətləri ilə əlaqələrin yaradılması, mühüm sazişlərin bağlanması, neft sektorunda əməkdaşlığın müəyyən olunması o dövr üçün çox mühüm hadisələr idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin yazında Gündoğar ölkəyə – Yaponiyaya rəsmi dövlət səfəri ölkələrarası münasibətləri yeni səviyyəyə qaldırmışdır. Bundan sonra Yaponiya kapitalı Azərbaycanda müxtəlif sahələrdə daha fəal şəkildə iştirak etməyə başlamışdır. Yaponiyanın Azərbaycanda həyata keçirdiyi sosial layihələr qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə güclü təkan vermişdir. İqtisadi sahə və neft sektoru ilə bərabər, turizm və humanitar sahədə Yaponiyanın ölkəmizdə reallaşdırdığı mədəniyyət layihələri dövlətlərarası münasibətləri daha da möhkəmləndirmişdir.
Asiya qitəsində xüsusi mövqeyi olan Cənubi Koreya ilə münasibətlərin yaradılması və inkişaf etdirilməsi Şərq ölkələri ilə əlaqələrin genişləndirilməsinə dair Heydər Əliyev strategiyasının bir növ davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci ildə Cənubi Koreyaya səfəri nəticəsində bu ölkə ilə əməkdaşlığın geniş perspektivləri müəyyən olunmuş və konkret proqramlar üzrə işbirliyinə meydan açılmışdır. Hazırda Azərbaycanda informasiya texnologiyaları sahəsində, elektron hökumət layihələrinin formalaşdırılmasında Cənubi Koreya şirkətləri fəal iştirak edirlər.
Azərbaycan Respublikasının Asiyanın “kiçik əjdahaları” hesab olunan Sinqapurla və Malayziya ilə iqtisadi əlaqələrin yaradılması və inkişafı da yeni tarixi epoxanın reallıqlarıdır. Prezident İlham Əliyevin 2012-ci ilin 20-21 noyabrında Sinqapur Respublikasına səfəri və dövlət səviyyəsində aparılan işgüzar danışıqlar, bağlanmış müqavilələr ölkəmizin Asiyadakı mövqelərinin daha da möhkəmlənməsini təmin etmişdir. Respublikamızda gəmiqayırma sənayesinin yenidən qurulmasında Sinqapurun fəal iştirakı beynəlxalq əməkdaşlığımızın yeni və əhəmiyyətli səhifəsidir.
Malayziya Respublikası ilə Azərbaycan dövləti arasında genişlənən əlaqələr də xarici siyasətimizdəki Asiya amilinin inkişafına xidmət edir. Bundan başqa, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikası ilə əlaqələrinin genişləndirilməsi istiqamətində dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilmişdir. Hələ Sovet hakimiyyəti illərində Heydər Əliyevin Vyetnam Sosialist Respublikası ilə yaratdığı əlaqələr sonrakı dövrlərdə daha da inkişaf etdirilmiş və 1983-cü ildə onun Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnam Sosialist Respublikasına səfəri tarixi hadisəyə çevrilmişdir.
Demək olar ki, sonrakı dövrlərdə də Azərbaycan–Vyetnam əlaqələri yüksələn xətt üzrə inkişaf etmiş, Azərbaycan uzun illər Vyetnam Sosialist Respublikasının neft sənayesi üçün ali təhsilli ixtisaslı mütəxəssislər hazırlayan əsas baza rolunu oynamışdır. Ölkə Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnam Sosialist Respublikasına dövlət səfəri ilə mühüm tarixi əhəmiyyətə malik olan ənənələr yenidən dirçəldilmişdir. Hazırda iki ölkə arasındakı kənd təsərrüfatı, qida sənayesi, neft-qaz emalı, yüngül sənaye sahələrində əməkdaşlıq genişlənir və hər iki ölkənin iqtisadiyyatına əhəmiyyətli töhfələr verir.
Bu deyilənlər də göstərir ki, artıq müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində Asiya ölkələri ilə qarşılıqlı əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Əsasları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu münasibətlərdə Asiya amili müasir dövrdə ardıcıllıqla və yaradıcılıqla inkişaf etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyi ilə ölkəmiz dünyanın bütün qitələrində, o cümlədən, Asiya qitəsində əməkdaşlığı durmadan genişləndirir.
Şərq və Qərb əlaqələrinin üzvi sintezi və vəhdəti Azərbaycan Respublikasının beynəlxalq münasibətlərə dair strategiyasının əsasını təşkil edir. İnformasiya texnologiyaları, elektron sənaye, demoqrafiya, miqrasiya, turizm kimi istiqamətlərin inkişaf etdirilməsində Asiyanın klassik ənənələri Qərb maarifçiliyi ilə birlikdə Azərbaycanda köklü ənənələrin üzərində ucaldılmış müasir dövlətçiliyin, yeni inkişafın zənginləşməsinə və sürətlənməsinə imkan yaradır. Müstəqil Azərbaycan dövləti yeni tarixi mərhələdə dünyaya hərtərəfli inkişafın və qarşılıqlı əməkdaşlığın geniş imkanlarını nümayiş etdirir.
Rza TALIBOV,
siyasi elmlər üzrə
fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.