AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, Əməkdar elm xadimi, professor Teymur Süleyman oğlu Vəliyev onu tanıyanların, həmkarlarının, tələbələrinin xatirində çox yüksək mədəniyyətə malik ziyalı, təvazökar insan, olduqca zəhmətkeş, həmişə yenilik axtaran islahatçı alim kimi qalmışdır. Unudulmaz Teymur müəllim artıq 15 ildir ki, dünyasını dəyişib. Lakin 90 illik bir yubiley tarixindən dönüb onun həyatını bir daha vərəqləyəndə gəldiyimiz nəticə belədir: böyük elm və təhsil təşkilatçısı, unudulmaz müəllimimiz Teymur Vəliyevin həyatı və yaradıcılığı bir nümunə məktəbidir.
T. Vəliyev 1926-cı ildə Ağdam rayonunda anadan olmuşdur. 1944-1946-cı illərdə Ağdam ikiillik Müəllimlər İnstitutunda, 1947-1951-ci illərdə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1951-1954-cü illərdə bu institutun aspiranturasında təhsilini davam etdirmiş və əməksevər, yaradıcı tədqiqatçı kimi yüksək keyfiyyətə malik olduğunu elmi əsərləri və namizədlik dissertasiyası ilə təsdiq etmişdir. İqtisad elmində öz dəsti-xətti, imzası ilə tanınan Teymur müəllim respublikada iqtisadiyyat üzrə doktorluq dissertasiyası müdafiə edən (1966) ikinci alim olmuşdur. Bu vaxtdan etibarən Teymur müəllimin geniş elmi-pedaqoji və ictimai fəaliyyəti başlayır. O, uzun müddət respublikanın ali məktəblərində rəhbər vəzifələrdə - kafedra müdiri, prorektor işləmiş, tədqiqatçılıq fəaliyyətini tədris fəaliyyəti ilə üzvi sürətdə birləşdirmişdir. 1966-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun tədris işləri üzrə prorektoru, 1971-1992-ci illərdə Azərbaycan Dövlət Universitetinin siyasi iqtisad kafedrasının müdiri, eyni zamanda, 1977-1989-cu illərdə universitetin tədris işləri üzrə prorektoru olmuşdur. 1992-2000-ci illərdə yenidən Azərbaycan Dövlət İqtisad Universitetində elmi işlər üzrə prorektor vəzifəsində çalışmışdır. Alim ömrünün axırınadək öz sevimli peşəsində çalışmış, 2000-2002-ci illərdə BDU-nun iqtisadiyyat kafedrasının professoru kimi fəaliyyətini davam etdirmişdir.
T.Vəliyev 200-ə qədər elmi əsərin (məqalə və kitabın) müəllifidir. Onun elmi rəhbərliyi ilə 20 nəfərdən çox elmlər doktoru və elmlər namizədi dissertasiya müdafiə etmişdir. Bütün bunlar görkəmli alimin çox zəngin, olduqca məhsuldar olan həyat və fəaliyyətinin ancaq müəyyən səhifələridir. O, Azərbaycan xalqının iqtisadi fikir tarixinə respublikada nəzəri iqtisad elminin görkəmli nümayəndəsi kimi düşmüşdür.
Teymur müəllimin elmi yaradıcılığında diqqəti cəlb edən mühüm bir cəhət onun müraciət etdiyi mövzuların miqyaslı, aktual, günün tələblərindən irəli gələn mövzular olmasıdır. Onun uzun müddət tədqiqat obyekti olan iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanunauyğunluqları problemi sosial ədalətin təməl problemi hesab oluna bilər. T. Vəliyev bu mövzuda doktorluq dissertasiyası müdafiə etmiş (1966-cı il) və çoxlu əsərlər nəşr etdirmişdir. “Sovet respublikalarının iqtisadi inkişaf səviyyələrinin tarazlaşması qanunauyğunluqları” (1969-cu il) fundamental monoqrafiyası və bu monoqrafiyanın ideyası əsasında 1973-cü ildə Moskvada dərs vəsaiti kimi çap olunan eyniadlı kitabının məzmunca təhlili göstərir ki, bu problem dünənin, bu günün və həmçinin gələcəyin problemidir. Müasir dünya iqtisadiyyatının real mənzərəsi bu faktı bir daha təsdiq edir.
Professor T. Vəliyev iqtisadiyyatın dinamik inkışafını bütöv bir sistem şəklində öyrənən ilk iqtisadçılardan biridir. Onun monoqrafiyalarında dinamik inkişafın sadə və mürəkkəb, obyektiv və subyektiv, nəzəri və praktiki cəhətləri, formatsion və region xüsusiyyətləri aydın şəkildə izah olunur, dinamik inkişafın daha dərin elmi anlayışı müəyyənləşdirilir. Dinamik inkişaf anlayışı öz məna yükünü indi də saxlamaqdadır. Deməli, problem aktuallığını heç də itirməmişdir.
Teymur müəllimin elmi yaradıcılığında xalqın iqtisadi fikir tarixinin araşdırılması xüsusi bir istiqamət təşkil edir. Onun elmi redaktorluğu və müəllifliyi ilə 1987-ci ildə rus dilində “Azərbaycan iqtisadi fikir tarixinin oçerkləri” kitabı nəşr olunmuşdur. Daha sonra onun müəllifliyi ilə “XIX əsrin ikinci yarısında Azərbaycan iqtisadi fikir tarixindən” (1994-cü il) kitabı, 1996-cı ildə isə A.Həsənovla birlikdə “Azərbaycan iqtisadi fikir tarixi” kitabı işıq üzü görmüşdür.
T.Vəliyev islahatçı iqtisadçı idi. O, yeniliyə tez adaptasiya edən və yeniliyi yüksək qiymətləndirən iqtisadçı kimi tanınırdı. Alimin yaradıcılığında islahatçılıq meyilləri hələ sovet dövründə (XX əsrin 80-ci illərindən) müşahidə olunurdu. Bu fikri çoxlu faktlarla sübuta yetirmək olar. Onlardan birinə diqqət yetirək: T. Vəliyevin 1989-cu ildə EA-nın Xəbərləri jurnalının iqtisadiyyat seriyasında “Sosializm şəraitində rəqabət məsələsinə dair” məqaləsi çap olunur. Artıq 1988-ci ildə SSRİ Ali Sovetinin sessiyalarının birində sosializmdə rəqabətin mövcudluğu etiraf olunmuşdu. O zamana qədər rədd olunan və ancaq kapitalizmə aid edilən bu mühüm iqtisadi hadisənin planlı iqtisadiyyat şəraitində elmi şərhini vermək lazım idi. Bu vəzifəni yerinə yetirən iqtisadçı alimlərdən biri də professor T.Vəliyev oldu. O, rəqabətin əmtəə-pul münasibətlərinə xas kateqoriya olmasını bir daha əsaslandırdı. Sosializmdə rəqabətin qəbul olunması bazarın obyektiv rolunu qiymətləndirmək demək idi.
Teymur müəllimin elmi fəaliyyətində müstəqillik illərini xüsusi bir mərhələ kimi qiymətləndirmək lazımdır. Bu baxımdan “İqtisad elminin nəzəri əsaslarının tarixi təkamülü” (1999-cu il) kitabını xüsusi qiymətləndirmək və təhlil etmək lazım gəlir. Bu kitab hər şeydən əvvəl zəngin ədəbiyyat mənbələrinin təhlili və şərhi ilə diqqəti cəlb edir. Kitabda metod, metodologiya məsələlərinə dair mövcud baxışların nəinki ümumiləşdirilmiş ifadəsi, həmçinin bu baxışların inkişafına bir nəzər, onların müasir elmin tələblərinə uyğunluq dərəcəsinə müəllif münasibəti var. Kitabın ən böyük məziyyətlərindən biri odur ki, burada iqtisad elminin təməl anlayışları - ictimai-iqtisadi formasiya, mülkiyyət, kapital, dəyər, məhsuldar qüvvələr, əmək bölgüsü, qiymət hadisələrinə dair nəzəri baxışların təkamülü araşdırılmışdır.
T. Vəliyevin əsərləri nəinki elmi məzmununa görə, həm də istinad mənbələrinə görə kifayət qədər dünyəvilik və millilik elementlərinə malikdir. Elə infrastrukturlar haqqında olan kitabı götürək. Burada ən vacib məqamlarda fikrin izahı və əsaslandırılması üçün dünya miqyaslı iqtisadçıların - A.Smit, K.Marks, A.Marşal, P.Samuelson, R.Kouz, U.K.Mitçel, T.Veblen və onlarca başqalarının yaradıcılığına müraciət etməklə bərabər, N.Tusi, İbn Xəldun, M.K.Atatürk, Ş.M.Xiyabaninin də əsərlərindən yerli-yerində istinadlar gətirilir. Bu istinadların hamısı ibrətamizdir və oxucunun dünyagörüşünü artırır.
Teymur müəllim 1953-cü ildən başlayaraq ömrünün axırınadək respublikamızın müxtəlif ali məktəblərində siyasi iqtisad fənnindən mühazirələr oxumuşdur. Əlli illik bir dövr ərzində dərs demək, dərsliklər, lüğətlər, monoqrafıyalar nəşr etdirmək, iqtisad elminə təşkilati rəhbərlik etmək sahəsində onun müstəsna rolu olmuşdur. Teymur müəllimin dərslik yaradıcılığı sahəsində xidmətlərini xüsusilə qeyd etmək lazımdır. Alim hələ 1955-ci ildə SSRİ-də ilk siyasi iqtisad dərsliyinin hazırlanmasında iştirak etmişdir. Sovet dövründə siyasi iqtisad hakim partiyanın bilavasitə diqqətində və nəzarətində olan ideoloji bir fənn hesab olunduğundan uzun müddət müttəfiq respublikalarda bu fənn üzrə dərslik yazılması çox məsuliyyətli və çətin bir iş hesab olunurdu. Ona görə də, mərkəzdə nəşr olunan dərslikləri tərcümə etmək lazım gəlirdi. Professor T. Vəliyev XX əsrin 70-80-ci illərində Moskvada nəşr olunmuş siyasi iqtisad dərsliklərinin ana dilinə tərcüməsini təşkil etmiş, onların elmi redaktoru olmuşdur. Bu dərsliklər öz dövrü üçün nəzəri iqtisadın öyrənilməsində böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycan dilində siyasi iqtisad terminlərinin düzgün işlədilməsinə nail olmaq və tərcümə işlərini uğurla yerinə yetirmək üçün professor T. Vəliyev A.Həsənovla birlikdə ilk dəfə olaraq “Rusca-azərbaycanca siyasi iqtisad terminləri” (1983-cü il) sözlüyünü hazırlamışdır. İqtisadiyyat ixtisasını seçmiş gənclər üçün bu gün də stolüstü kitab olan A.V.Anikinin “Elmin gəncliyi” (1986-cı il) kitabının Azərbaycan dilində çap olunması da T. Vəliyevin təşəbbüsü və redaktorluğu ilə mümkün olmuşdur.
Azərbaycan dilində yeni dövrün tələblərinə cavab verən dərslik yazmaq zərurətini dərk edərək professor T.Vəliyevin təşkilatçılığı, redaktorluğu və bilavasitə müəllifliyi ilə Azərbaycanın bir qrup iqtisadçı alimi tərəfindən iqtisadi nəzəriyyə dərsliyi yazılır. 1995-ci ildə nəşr olunan bu dərsliyin sonralar təkrar nəşrləri çap edilir. Qeyd edək ki, bu gün Azərbaycanda nəzəri iqtisadın tədrisində Teymur müəllimin ümumi redaktorluğu ilə hazırlanan iqtisadi nəzəriyyəyə dair iki dərslik (ADİU və BDU-da hazırlanan dərsliklər), həmçinin N.Məmmədovla birlikdə yazdığı orta məktəblərin IX-XI sinifləri üçün “İqtisadiyyatın əsasları” (1997-ci il) dərsliyi iqtisadi elmi dünyagörüşünün formalaşmasında mühüm rol oynayır.
Professor T. Vəliyevin həm elmi yaradıcılığında, həm ali təhsil müəssisələrində yüksək vəzifələrdə fəaliyyətində humanizm, saflıq, xeyirxahlıq, zəhmətsevərlik kimi keyfiyyətləri aydın şəkildə özünü göstərirdi. Onun öz millətinə, xalqına bağlılığını, millət təəssübkeşliyini xüsusilə qeyd etmək lazımdır. Bir neçə fakt gətirmək yerinə düşər: 1980-ci illərin axırlarında keçmiş Sovetlər İttifaqında ayrı-ayrı millət və xalqların ictimai təfəkkürünü doğru-düzgün qiymətləndirmək üçün nisbətən münbit bir şərait əmələ gəlmişdi. Teymur müəllim təcili olaraq bir qrup yaradır, ona rəhbərlik edir və 1987-ci ildə Azərbaycan xalqının iqtisadi fikir tarixini ilk dəfə olaraq sistemli və tam əks etdirən kitab işıq üzü görür. İkinci fakt: 1988-ci ildə Qarabağ münaqişəsi başlandı. Münaqişənin ilkin səbəbi kimi Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən Azərbaycanın digər ərazilərindən geri qaldığı göstərilirdi. Respublikanın o vaxtkı rəhbərliyi tərəfindən məqsədəuyğun hesab edilməsə də, buna tutarlı faktlar və elmi araşdırmalarla cavab vermək lazım gəlir. T. Vəliyevin başçılığı və təşəbbüsü ilə respublikada “Azərbaycan SSR-in xalq təsərrüfatı kompleksinin formalaşması və inkişafı” mövzusunda elmi konfrans keçirilir. Konfransda Dağlıq Qarabağın sosial-iqtisadi cəhətdən Azərbaycanın digər əraziləri kimi tarazlı inkişaf etdiyi elmi, statistik dəlillərlə bir daha təsdiqlənir. Konfransın rus dilində çap olunan materialları bütün keçmiş Sovetlər İttifaqına yayılır. İqtisadçı alimlər, necə deyərlər, sözlərini vaxtında deyirlər.
Teymur müəllim elm və tədrisi qovuşduran, bunu çox yaxşı bacaran, bu sahədə böyük uğurlar əldə edən alim idi. Onun zəhmətsevərliyini bir nümunə kimi qiymətləndirmək lazımdır. İşdə intizamlılığı, səmimi ünsiyyət qaydalarını, kollektivi birləşdirmək, idarə etmək yollarını, yaranan narazılıqları yoluna qoymağı, gözəl ailə başçısı olmağı və ümumiyyətlə, həyatda çox mətləbləri ondan öyrənmək mümkün idi. O, bütün məsələləri səbrlə, təmkinlə, özünəməxsus mülayimliklə həll edərdi. Azərbaycan iqtisad elminin görkəmli nümayəndəsi, gözəl insan və əsl ziyalı olan sevimli müəllimimiz Teymur müəllimin xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Amil MƏHƏRRƏMOV,
professor,
Xosrov KƏRİMOV,
dosent
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.