Diplomatik cəbhədə atəşkəs əldə edilsə də Azərbaycan ordusunun aprel həmləsi zamanı ağır itkilərdən quduzlaşmış erməni silahlı birləşmələrinin zirehli texnikadan, tanklardan, toplardan və iriçaplı pulemyotlardan açdıqları atəş səsləri səngisə də, amma tam kəsilməmişdi. Əslində, elə adi atəşkəs rejimi deyilən amanabənd razılaşma vaxtı da qarşı tərəfdəki silahlar susmaq bilmir, əgər susdurulmasa. Sərhəd boyu yerləşən Azərbaycan kəndləri, dinc sakinlər, əkin sahələri, sosial obyektlər indi düşmənin əsas hədəfinə çevrilib. Dinc əhaliyə tuşlanan bu atəşlər ordumuzun qələbəsindən sonra “daldan atılan daşa” bənzəsə də, özü ilə ölüm, itki və dağıntı gətirdiyi də az olmayıb.
Düşmənlə üz-üz dayanmış, cəbhə xəttinin bir addımlığında olan və 25 ilə yaxın bir vaxtda atəş xəttində sarsılmaz qalaya çevrilmiş Tərtər rayonuna məhz belə bir vaxtda səfərə çıxdıq. Yolboyu birinci Qarabağ savaşını – 1991-93 cü illəri xatırladıq. Bir tərəfdən hakimiyyət nəşəsindən məst olmuş üzdəniraq rəhbərlər, bir tərəfdən də hakimiyyət təşnəsi ilə yanan və özlərini siyasi lider kimi qələmə verənlər ətraflarına silahlı dəstələr toplayıb Qarabağın taleyini Bakıda “hakimiyyət uğrunda savaşda” axtarırdılar. O qanlı-qadalı günlərdə nəinki Qarabağ bölgəsində, bütün Azərbaycanda insanların əhvalına ölkədəki xaos və anarxiyadan doğan miskin bir ruh hakim kəsilmişdi. İnsanlar həm Azərbaycanın, həm də xalqın taleyi üçün dərin narahatlıq keçirirdilər. Azərbaycanlılar dünənə qədər qapılarında nökər-naib kimi işlətdikləri ermənilərin namərdliyini bilirdilər, amma içimizdəki nankorların öz ambisiyaları naminə torpaqlarımızın, xalqımızın taleyi ilə oynamasına daxilən üzülür və əzab çəkirdilər. Meydanda arxa-dayaq bildikləri bir nüfuz sahibi yox idi ki, düşmən dəyirmanına su tökən bu siyasi oyunlara son qoysun.
Belə məqamlarda Tərtərin sadə insanları, igid oğlanları öz qeyrətləri ilə bütün Azərbaycana sanki nümunə göstərirdilər. Qədim tariximizdən bu günə çox savaşların, müharibələrin şahidi olmuş bu rayon, düşmən qəddarlığının nəticələrini az görməmişdi. Çiləbürt, Çardaqlı, Umudlu kəndlərindəki qalalar, Kiçik Qarabay kəndindəki Məlik Hatəm qalası belə savaşların şahidi çox olmuşdu. Kəndləri oda qalanıb, evləri yağmalanıb, insanları namərd düşmən gülləsinə tuş gəlib, amma düşmən qarşısında diz çökməmişdi Tərtər. Birinci Qarabağ savaşı zamanı da belə oldu. Rayonun say-seçmə oğlanlarından yaradılan Tərtər Özünümüdafiə Batalyonunun döyüşçülərinin şücaəti nəticəsində bu bölgə bir qarış torpağını da düşmənə vermədi. Rayon sözün əsl mənasında Ermənistanın işğalçılıq planlarının yolunda ən böyük əngələ çevrildi.
Tərtərlilərin həmin illərdə göstərdikləri qətiyyətin, qəhrəmanlığın içimizdə oyatdığı belə xoş duyğularla rayonun inzibati ərazisinə daxil oluruq. Sanki bir ay, ayyarım bundan əvvəl səmasından güllə və mərmi yağan, müxtəlif odlu silahların, tankların və zirehli artillerya qurğularının qulaq batıran atəş səslərindən lərzəyə gələn həmin Tərtər deyilmiş. Yol boyu uzanıb gedən tarlalarda, zəmilərdə, bostanlarda hərə öz işinin başındadır. Tərtər çayı boyunca isə qum-çınqıl karyerlərində, ulu şair demiş; “Car çəkir çarxların çaxnaşıq səsi”.
Baş verənlərdən təmkinini belə pozmayıb sakit-sakit axan Təley arxını keçib, səhər tezdən öz qaynar ritminə düşməyə başlayan şəhər mərkəzinə, görkəmindən quruculuğun aydın nişanələrini göstərən yeni tikililərə yaxınlaşırıq. Sanki baharın ustad rəssam kimi bu yerlərə al boyalardan çəkdiyi gözəlliyə xələl gətirməmək üçün insanlar da şəhərin küçələrini səliqə-sahmana salıblar ki, qonaq-qara gələndə könülləri xoş olsun. Qarşılaşdığımız sakinlərin çöhrəsində öz sosial rifahlarının yüksək təminatını qurmaq əzminin ifadəsilə yanaşı, həm də aydın sabaha inamın, sonsuz ümidin parlaq cizgiləri aydın sezilir. Bu yerlərdə qərib qonaqları tez tanıyırlar deyə, bizə də bu səbəbdən səmimiyyətlə nəzər salıb salamlayırlar. Yurdumuzun ululardan gələn bu gözəl adəti qonaq gəldiyi yerdə adamı qəriblikdən elə tez qurtarır ki...
Tərtər Rayon İcra Hakimiyyətinin inzibati binasında da qaynar bir həyatın şahidi oluruq. Sanki hamı tapşırılan işi ayrılan vaxtın məcrasında yerinə yetirmək üçün yarışır. Köməkçidən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovu soruşuruq. “Cəbhə xəttində, Qapanlıdadır” deyir. Beləcə gün yarıdan keçənə qədər icra başçısı ilə görüşmək planımız baş tutmur. Amma köməkçi bildirir ki, Müstəqim müəllimin burada olmağımız haqqında məlumatı var və bildirib ki, gün ərzində mütləq bizimlə görüşəcək.
Əlbəttə, cəbhə xəttində yerləşən rayonların icra başçılarının kabinetdə oturmamaları anlaşılandır. Çünki belə bir narahat və gərgin bir bölgədə kabinetdən hər yeri aydın görmək, baş verənlər barədə müfəssəl məlumat almaq, hadisələrə operativ müdaxilə etmək və düzgün qərar qəbul etmək çətin mümkün olsun. Digər bir tərəfdən, son hadisələrlə bağlı rayona müxtəlif beynəlxalq təşkilatlardan, Azərbaycandakı diplomatik missiyalardan, səfirliklərdən tez-tez qonaqlar gəlir və onları erməni silahlı birləşmələrinin törətdikləri vəhşiliklərlə yerindəcə tanış etməyə, dürüst informasiya verməyə ehtiyac yaranır. Bu da çox vacib və eyni zamanda vaxt aparan bir işdir. Üçüncü bir məsələ isə şübhəsiz, işğalçıların atəş zərbələrindən ziyan çəkmiş, evləri dağılmış, mal-qarası tələf olmuş, əkin sahələri bərbad vəziyyətə düşmüş insanlarla yerlərdə görüşmək, onların problemlərini öyrənmək və bu problemləri vaxtında aradan qaldırmaqda dövlət dəstəyi nümayiş etdirmək də icra başçısının mühüm vəzifələrindən sayılır. Bunları, ərazilərinin 48 kilometri cəbhə xətti boyu yerləşən Tərtərə gələnə qədər öz aramızda müzakirə etmişdik. Digər rayonlarımızın icra başçılarının xidmətlərini və əməyini qətiyyən kiçiltmək fikrində deyilik. Amma reallıq ondan ibarətdir ki, cəbhə xəttində yerləşən rayonların icra hakimiyyəti başçılarının da, onların rəhbərlik etdikləri aparatın əməkdaşlarının da istər vəzifə məsuliyyəti, istər cavabdehliyi, istərsə də onlardan tələb olunan iş ikiqat artıqdır. Ən azından ona görə ki, onlar cəbhə xəttində yerləşən kənd və qəsəbələrdə yaşayan insanların həyatına görə dövlət qarşısında cavabdehdirlər.
İş gününün sonuna yaxın Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşümüz zamanı eşitdiklərimiz fikrimizi bir daha təsdiqlədi. Çünki o, söhbətə cəbhə xəttindəki vəziyyətdən, dağıntılardan və dəyən ziyandan, burada yaşayan insanların qətiyyətindən, vətənsevərlik ruhundan söz açaraq dedi:
– Ordumuzun aprel qələbəsindən günlər keçdikcə əsgərlərimizin göstərdiyi döyüş əzmini, şücaət və qəhrəmanlıqları təkrar nəzərdən keçirəndə daxilən daha böyük fəxarət hissi yaşayırsan. Bu sadəcə bir döyüş həmləsi deyildi, düşməndən intiqam almaq, ondan güclü və cəsur olduqlarını sübut etmək üçün əsgər və zabitlərimizin içində yığılıb qalmış savaş ruhunun, qəzəbinin təntənəsi idi. Sanki hər şey bir göz qırpımında baş verdi və düşmən ayağının altında yanan torpağı qoyub qaçmaqdan başqa bir yol görmədi...
Əsgərlərimizin qəhrəmanlığına cavab olaraq cəbhə xəttindəki dinc sakinlərin nümayiş etdirdikləri vətənpərvərlik ruhu və həmrəylik məni son dərəcə heyran etdi. Ən gərgin döyüşlərin getdiyi ərazilərdə yaşayan həmvətənlərimiz əsgərlərimizin arxasından bir addım belə geri çəkilmədilər. Hətta bizim dinc əhalini atəş zolağından bir qədər təhlükəsiz əraziyə köçürmək tələbimizə belə bəzən tabe olmaq istəmirdilər. Elə səhnələrlə qarşılaşırdıq ki, qürurumuzdan özümüz də silaha sarılmaq istəyirdik.
Əlbəttə asan deyildi, rayonun Qapanlı, Yuxarı Qaradağlı, Qaynaq, Qaraağacı kəndləri, Şıxarx qəsəbəsi və bir çox digər məntəqələr demək olar ki, düşmən silahlı birləşmələrinin intensiv atəşlərinə məruz qalmışdı. Tərtər şəhərinin özünə onlarca top mərmisi düşmüş, 39 fərdi evə ziyan dəymiş, onlardan 5-i demək olar ki, tamamilə dağılmışdır.
Sonra icra başçısı erməni silahlı birləşmələrinin dinc sakinləri atəşə tutması nəticəsində dəyən ümumi ziyan barədə məlumat verərək bildirdi ki, təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən yaşayış məntəqələrinin ağır artilleriya atəşinə məruz qalması nəticəsində 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəymiş, 32 ev tamamilə dağılmışdır. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin yığcam yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə, hidrotexniki qurğulara, yollara, bir neçə inzibati binaya və kənd təsərrüfatına ciddi ziyan dəymişdir.
Eşitdiyimiz və qəlbimizi ağrıdan faktlardan biri də ondan ibarət oldu ki, Azərbaycan dövlətinin sayəsində özünə isti yuva qurmuş, Vətəndə qaçqınlığın əzablarını yeni-yeni unutmağa başlamış məcburi köçkünlərin yaşadığı 52 ev də quduz düşmənin artilleriya zərbələri nəticəsində dağılmış və onlardan 198 nəfər yenidən evsiz-eşiksiz qalmışdır. İcra başçısının, bütün digər problemlərlə yanaşı, bu məsələyə daha həssas yanaşdığını da diqqətdən qaçırmadıq. “Çalışırıq dünyanın ən ağır itkilərindən birini təkrar yaşamış bu insanların evlərini daha tez bərpa edək ki, toxtaqlıq tapsınlar-” deyə, Müstəqim müəllim ürək yanğısı ilə bu sözləri dilə gətirdi.
Təbii ki, bütün dağıntıları Azərbaycan dövləti bərpa edəcək, dəyən ziyanı ödəyəcək. Artıq ölkə Prezidentinin müvafiq sərəncam və tapşırıqları ilə rayonda bu istiqamətdə çox çevik tədbirlər həyata keçirilməkdədir. Fərdi evlərin bərpası məqsədi ilə yaradılmış müvafiq komissiya da artıq bir aydır ki gərgin işləyir. Lakin bərpası mümkün olmayan itkilər var və onlar bizə qəzəb dolu bir acı yaşadır. Bu, insanların, həmvətənlərimizin itkisidir. Məğlubiyyətin, hərb meydanında saysız itkilərinin acısından quduzlaşmış düşmənin atəşləri nəticəsində Tərtərdə də 3 dinc sakin həlak olmuşdur. Onlardan 2-si məcburi köçkün, biri isə 16 yaşı yenicə tamam olmuş Həsənqaya kənd sakini Turanə Həsənli olub. Bu məsum və yeniyetmə qızın öz Vətənində, yaşadığı evin həyətində düşmənin atdığı top mərmisinin partlaması nəticəsində dünyadan nakam köçməsi bu gün təkcə Həsənqayada yaşayan insanların deyil, bütün Tərtər sakinlərinin dərin hiddət və qəzəbi ilə qarşılanıb. İndi onların təsəlli tapdıqları bir şey var, o da müzəffər ordumuzun Turanənin, onun kimi yüzlərlə günahsız həmvətənimizin qanının yerdə qalmayacağına qəti inamdır.
İcra başçısına cəbhə xəttindəki kəndlərə baş çəkmək, sakinlərlə görüşmək istədiyimizi bildirdik. Aparatdakı əməkdaşlardan birinə müvafiq tapşırıq verdikdən sonra səmimiyyətlə üzünü bizə tutub dedi:
– Əlbəttə, sizin planlarınıza müdaxilə etmək fikrindən uzağam. Ancaq çox istərdim möhtərəm Prezidentimizin cəbhə xəttinin bir addımlığında olan Qapanlı kəndində, Tərtər şəhərinin özündə görüşdüyü, evləri dağıdılmış insanlarla siz də görüşüb söhbətləşəsiniz və Prezidentin səfərinin tərtərlilərin ruhunda oyatdığı inanılmaz bir coşqunu, ümid və inamı görəsiniz. Əhalinin dövlət başçısının ən ağır məqamlarda, hələ düşmən atəşlərinin davam etdiyi bir şəraitdə belə, onların yanında olmasından hansı hisslər keçirdiyini eşidəsiniz...
Avtomobil cəbhə xəttinə doğru irəlilədikcə yol kənarlarında top mərmilərinin düşüb partladığı yerlərdə açılan xəndəkləri, dağıtdığı kanalüstü yolları, torpaq kanalları baxışlarımızla müşayiət edib arxada buraxırıq. İrəlidə hərbi səhra görkəmində texnika, özüyeriyən müasir artilleriya qurğuları və digər müasir silahların ağır-ağır cəbhə xəttinə istiqamət götürdüyü də diqqətimizdən yayınmır. Kəndə çatmamış yol kənarında dayanmış “Niva” markalı avtomobildən bir nəfər düşüb bizə maşını saxlamağı işarə edir. Sürcümüz astadan dillənir; “Lətif müəllimdir, Qapanlının icra nümayəndəsi”.
Tərtər Rayon İcra Hakimiyyəti başçısının Qapanlı inzibati ərazi bölgüsü üzrə nümayəndəsi Lətif Həmidov həmkarımla köhnə tanışlar kimi səmimi görüşüb deyir:
– Ziyəddin müəllim, sizi çoxdan gözləyirdik. Bu dəfə nədənsə bir az ləngidiniz...
Haqlı giley idi. Çünki neçə illərdir ki, bu bölgədə, xüsusilə cəbhə xəttində bir qəzavü-qədər olan kimi, Ziyəddin müəllim hamıdan tez özünü ora yetirir. Amma bu dəfə səhəti ilə bağlı problem onu “ləngitmişdi”.
Kəndin ortasında maşınlardan düşüb piyada gəzməyə qərar verdik. Azərbaycan Prezidentinin öz xanımı ilə həyətində olduğu Abbas Abbasovu soruşuruq. Lətif müəllim yolun sağındakı həyəti göstərir. Abbas kişi bizi darvazada qarşılayıb evə dəvət edir. Məxməri çay gələnə qədər özü söhbətə başlayır:
– Heydər Əliyev kimi nəhəng dövlət xadiminin, dəyanətli kişinin oğlu elə belə mətin, polad iradəli, cəsarətli olmalıydı. Vallah, Prezidentimizi Mehriban xanımla bir yerdə həyətimizdə görəndə qürurumdan kövrəldim. Əvvəl çox sevindim, sonra da çox narahat oldum. Çünki bu namərd ermənilərdən nə desən gözləmək olardı. Amma o təmkinini belə pozmadan bizdən hal-əhval tutdu, vəziyyətimizlə maraqlandı, evə baxdı. Sonra da bizi əmin etdi ki, “Azərbaycan dövləti daim sizin yanınızdadır. Bütün evlər ən qısa vaxtda əvvəlkindən də yaxşı səviyyədə bərpa ediləcək”.
Mən Qarabağ müharibəsinin ağrı-acısını görmüş insan kimi tam məsuliyyətlə deyirəm ki, ordumuzun aprel ayındakı qələbəsi, bir çox yüksəkliklərin, yaşayış məntəqələrinin düşməndən təmizlənməsi Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Çünki bu qalib ordumuz onun gərgin əməyi sayəsində indiki gücə sahib olub.
İcra nümayəndəsi elə Abbas kişinin yanında məlumat verdi ki, xüsusilə son illərdə Qapanlının və cəbhə xəttində yerləşən digər kəndlərin sosial-məişət qayğıları rayon rəhbərliyi tərəfindən daha çox diqqətdə saxlanılır. Kəndarası yolların bərpası, qaz, su və elektrik enerjisi ilə təminat sahəsində demək olar ki, elə bir problemimiz qalmamışdı. Son hadisələr zamanı bəzi sahələrdə dağıntılar olub və indi onların ən qısa zamanda bərpası istiqamətində operativ tədbirlər həyata keçirilir.
Təkcə bu kənddə deyil, cəbhə xəttinə ən yaxın kəndlərdən olan Qaradağlıda, Qazyanda, Qaraağacda ümumi vəziyyətlə tanış olarkən də, həyat-bacalarda, bağlarda, bostanlarda, əkin sahələrində sakinlərin götür-qoyundan aydın görünürdü ki, həyat artıq öz əvvəlki axarına düşüb. Sakinlər yenə əvvəlki qaydada təsərrüfatlarda mövsümü işlərlərlə məşğuldurlar. Amma indi gərginlik yaşamadan, daha arxayın və ümid dolu bir əhvalla çalışırlar...
Axşam qaş qaralana yaxın şəhərə qayıdırıq. Fikrət Əmirov küçəsindən keçərkən sürücümüz qarşıdakı evi nişan verib bildirir ki, top atəşindən ciddi ziyan dəymiş evlərdən biri də budur. Pəncərələri və dam örtüyü həyətdə partlamış mərminin qəlpələrindən çilik-çilik olmuş, divarları zədələnmiş evin darvazasına yaxınlaşırıq. Müharibənin acı nişanələrinin ortalıqda olduğundanmı, partladığı yerdə açdığı xəndəkdəki torpaqdanmı, bilmirəm, həyətdən hələ də barıt qoxusu gəlirdi. Bu günlər qonaq-qaraya alışmış Xasay İbrahimov qabağımıza gəlib sorğusuz-sualsız bizi içəri dəvət edir. Həyətdəcə mərminin evə, ağaclara çəkdiyi qəlpə yaraları ilə yaxından tanış oluruq. “Həqiqətən Allah rəhm edib ki, adamlara xətər dəyməyib” deyə, Xasay kişiyə ürək-dirək vermək istəyirik.
– İndi ermənilər belə şeylərlə bizi qorxuda bilməzlər - deyə, Xasay kişi ağır-ağır söhbətə başlayır.- Maşallah, qəhrəman ordumuz onların dərsini yaxşı verdi. İndi hamı gördü ki, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev elə-belə demirdi ki, ordumuz torpaqlarımızı hər an azad etməyə hazırdır.
Sonra Xasay kişi dövlət başçısının öz xanımı ilə hadisələrdən dərhal sonra Tərtərə səfərini, onlara baş çəkməsini, ürək-dirək verməsini yada salaraq bildirdi ki, bu ailəmizin dar məqamda ən xoş günü kimi heç zaman unudulmayacaq: “Bu, təkcə ağır şəraitdə belə dövlət rəhbərinin öz xalqı ilə birlikdə olması demək deyildi. Bu həm də Ali Baş Komandanın işğalçılara qarşı qəhrəmanlıqla döyüşən ordunun yanında olmasını göstərirdi. Həmin məqamlarda əli silah tuta bilən bütün tərtərlilər onun bir əmri ilə döyüşə atılmağa hazır idilər....”
Səfər zamanı rayonun sosial-iqtisadi inkişafı ilə bağlı da müəyyən məlumatlar topladıq. İndi kənd təsərrüfatı rayonu olan Tərtərdə mövsümi işlərin ən qızğın vaxtıdır. Vaxtaşırı verilən hesabatlarda qeyd edilir ki, 2016-cı ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2,4 faiz, kənd təsərrüfatı məhsulları 7,3 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 11,5 faiz artıb.
Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 12 min 225 hektar sahədə taxıl əkilmişdir. Onun 7922 hektarı buğda, 4281 hektarı arpa, 22 hektarı yaşıl yem üçün xəsil arpa olmuşdur. Yazlıq bitkilərin əkin sahələri isə 3149 hektara çatdırılmışdır. Dövlət başçısının ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən, rayonda ənənəvi pambıqçılığı bərpa etmək məqsədilə 2050 hektar, üzümçülüyün inkişafı üçün 300 hektar torpaq sahəsi ayrılıb. Əskipara kəndində yaradılan “EURO Tərtər Aqro” MMC üçün ayrılmış 200 hektar torpaq sahəsində 100 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanılması, ət və süd istehsalı nəzərdə tutulub.
Rayonda tikinti, abadlıq və quruculuq işləri də yüksək səviyyədə həyata keçirilməkdədir. Bu günlər Tərtər çayı sahilində 2,5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılır. Tərtər şəhəri və ətraf 11 kəndin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası uğurla davam etdirilir.
Əlbəttə, bunlar Tərtərin sosial-iqtisadi inkişafını göstərən fakt və rəqəmlərin çox az bir hissəsidir. Bunları qeyd etməkdə məqsədimiz sadəcə ondan ibarətdir ki, Tərtərin cəbhə xəttində olmasına, burada atəşkəs rejiminin tez-tez pozulmasına və aprel ayında ordumuzun düşmən təxribatına cavab olaraq bu torpaqdan ilk qələbə döyüşünə qalxmasına baxmayaraq, rayonun respublikanın ümumi inkişafından geri qalmadığını da oxucularımıza göstərək. Ən çətin məqamlarda belə həmrəylik və birlik nümayiş etdirən tərtərliləri-istər ziyalılarını, istər dövlət qulluqçularını, istərsə də sadə zəhmət adamlarını nə odlu silahların ölüm saçan atəşi ilə, nə də elə erməni vandallarının Əskipara kəndinə atdıqları, beynəlxalq konvensiyalarla qadağan edilmiş fosfor bombaları ilə qorxutmaq olar. Tərtər tarixin bütün dönəmlərində Qarabağ düzündə alınmaz qala olaraq qalacaq, inkişaf edəcək və möhkəmlənəcək.
İlqar RÜSTƏMOV,
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”
Bakı -Tərtər - Bakı
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.