Dünya azərbaycanlılarının milli ideya ətrafında sıx birləşdirilməsi, azərbaycançılıq ideologiyasının ümummilli dəyər səviyyəsinə qaldırılması ideyasını irəli sürən ulu öndər Heydər Əliyev xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması məsələsini hər zaman diqqət mərkəzində saxlayıb, onların tarixi Vətənlə əlaqələrinin genişlənməsinə çalışıb. Ümummilli liderin 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayındakı dərin məzmunlu nitqində söylədiyi “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri sayı 50 milyonu ötən dünya azərbaycanlıları üçün milli qürur simvoluna çevrilib.
2002-ci ilin dekabrında “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu isə dünya azərbaycanlıları birliyinin yaranmasına və dövlətin bu sahədə apardığı məqsədli siyasətin uğurla gerçəkləşməsinə geniş imkanlar açıb.
Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə irəli sürdüyü azərbaycançılıq ideologiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin ideologiya ictimai şüurda daha da möhkəmləndirilir, yeni dövrün tələblərinə uyğun zənginləşdirilir, vətəndaş sülhü üçün möhkəm təmələ çevrilir.
Xatırladım ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 13 il ərzində diaspor və lobbi quruculuğu yönümündə davamlı iş aparıb. Bu istiqamətdə reallaşdırılan dövlət siyasətinin məzmun və mahiyyəti isə dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.
Yeri gəlmişkən, dövlət başçımızın hələ 2004-cü ildə Rusiyaya reallaşan ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artıb, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılıb. Bundan başqa, 2004-cü ilin oktyabrında Moskvada Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə keçirilən Ümumrusiya Azərbaycanlıları Konqresinin II Qurultayı da adı çəkilən ölkədə soydaşlarımızın təşkilatlanması baxımından mühüm tədbirlərdən biri kimi yadda qalıb. 2004-cü ilin aprelində Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresi (AAK), 2004-cü ilin mayında Türkiyənin İsgəndərun şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, 2005-ci ildə Kanadanın Toronto şəhərində isə Azərbaycan Təşkilatları Federasiyasının yaradılması dövlət siyasətinin mühüm uğurları kimi tarixə yazılıb.
Burada bir mühüm məqamı da qeyd etmək yerinə düşər. Belə ki, Prezident İlham Əliyev hər zaman xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırıb, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırıb. Azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparıb. Bu baxımdan bu il iyun ayının 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayının keçirilməsini xüsusi vurğulamaq lazımdır.
IV Qurultay diaspor quruculuğu işinə yeni töhfə verməklə əlamətdar hadisələrdən biri kimi yadda qaldı. Qurultayda cənab İlham Əliyevin söylədiyi nitq hamımızın, eləcə də dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq həmvətənlərimizin qəlblərində böyük qürur və iftixar hissi doğurdu. Möhtərəm dövlət baçımız çıxışında bildirdi ki, diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. İlk növbədə istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim Azərbaycan ilə bağlı olsunlar. Belə olan halda onlar özlərini daha da rahat hiss edəcəklər, Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.
Cənab İlham Əliyev qurultayda, eyni zamanda, bildirdi ki, hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar.
Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək.
İki gün davam edən Dünya Azərbaycanlılarının IV Qurultayı bir daha göstərdi ki, müstəqil Azərbaycan dünyanın ayrı-ayrı ölkələrinə səpələnmiş soydaşlarımızın doğma vətənidir və öz övladlıq borclarını layiqincə yerinə yetirə bilmələri üçün onlara lazımi imkanların yaradılmasına səy göstərir. Qurultay, eyni zamanda, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların ilk növbədə öz milli kimliklərini dərk etməsi, Azərbaycanın dilini, mədəniyyətini, incəsənətini, mütərəqqi ənənələrini yaşadaraq inkişaf etdirməsi məsələlərinin tarixi zərurət olduğunu da xüsusilə diqqətə çatdırdı. +
Həzərxan ƏBİLOV,
Azərbaycan Təhsil İşçiləri
Azad Həmkarlar İttifaqı
Xəzər Rayon Komitəsinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.