Bugünlərdə xalqımız su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramını təntənə və qədirbilənliklə qeyd etdi. Prezident İlham Əliyevin öz fəaliyyətlərində ciddi uğurlar qazanmış və fərqlənmiş həmkarlarımızı dövlət təltiflərinə və fəxri adalara layiq görməsi bayramımıza ikiqat təntənə gətirdi. Keçirilən toplantılarda su təsərrüfatı və meliorasiya qurumları xalqımıza hesabat verdilər, diqqəti qarşıda duran önəmli vəzifələrə yönəltdilər.
Qeyd etmək yertinə düşər ki, bəşəriyyəti tərəqqi yolu ilə zaman- zaman irəli apran məhsuldar qüvvələrin inkişafında təbii ehtiyatlardan istifadə olunması mühüm yer tutur. Gündəlik tələbat mallarına daim artan tələbatın dolğun ödənilməsində isə qeyri- bərabər paylanmış su mənbələrindən bacarıqla və geniş yararlanmağın rolu misilsizdir. Münbit torpaq, normal günəşlə yanaşı, kifayət qədər suyun olması da aqrar sahədə bolluq yaradılmasının etibarlı təminatıdır. Qədimdən yaşayış məskənlərinin su mənbələrinin üstündə və yaxınlığında salınmasının da sadə və ulu sirri bu hikmətdədir.
Tarixin müxtəlif dövrlərində ölkəmizdə ibtidai suvarma sistemləri formalaşsa da, tortaqların elmi cəhətdən əsaslandırılmış meliorasiyası XX əsrdə mümkün olmuşdur. Ötən əsrin 60- cı illərinədək Azərbaycanda sovet dövlətinin ehtiyaclarına hesablanmış su təsərrüfatı şəbəkəsi yaradılmışdı. Ümummilli lider Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndən dərhal sonra isə bu sahənin inkişafı respublikamızın köklü maraqlarına və gələcək tələbatına istiqamətləndirilmişdi.
Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusən, kənd təsərrüfatının inkişafında mühüm rolu olmasını ilk gündən tarixi uzaqgörənliklə müəyyən edən dahi rəhbər bu sahəyə əsaslı vəsait qoyulmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoymuşdu. 1969-1982-ci illərdə respublikamızda meliorasiya sahəsində böyük quruculuq işləri aparılmış, güclü istehsal bazasına, tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat və layihə-axtarış institutlarına malik ixtisaslaşmış su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılmışdı.
Torpaqların meliorativ cəhətdən yaxşılaşdırılması və yeni suvarılan sahələrin istifadəyə verilməsi kənd təsərrüfatı istehsalının xeyli artırılmasına və məhsuldarlığın yüksəldilməsinə imkan vermişdi. 1976-1982-ci illərdə respublikanın rəhbəri Heydər Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində su təsərrüfatı və meliorasiya tikintisi, torpaq fondunun sağlamlaşdırılması və suvarma-drenaj sistemlərinin yenidən qurulması sahəsində aparılan işlərin miqyası daha da genişləndirilmişdi. O illərdə meliorasiya tədbirlərinə yönəldilən vəsaitin həcmi 1971-1975-ci illərdəkinə nisbətən 2,4 dəfə artmışdı və 1 milyard 382 milyon manata çatmışdı. 1,2 milyard manata yaxın əsas fondlar işə salınmışdı, 89,6 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmişdi. 605 min hektar sahədə suvarma sistemləri yenidən qurulmuşdu, 137 min hektar torpaq meliorativ cəhətdən yaxşılaşdırılmışdı, 274,4 min hektar sahədə əsaslı hamarlama işləri aparılmışdı.
Ümummilli lider Heydər Əliyevin respubllikamıza rəhbərlik etdiyi dövrdə (1969-1982-ci illər) meliorasiya və su təsərrüfatı kompleksinə 2,5 milyard manatdan artıq vəsait yönəldilmişdi ki, bu da sovet hakimiyyəti dövrünün 50 ili ərzində bu sahəyə qoyulan vəsaitdən 2 dəfədən artıqdır. 1970-ci ilə nisbətən 1980-ci ildə respublikada taxıl istehsalı 2,1, pambıq 2,6, üzüm 4,6, tərəvəz və tütün 2,3, meyvə 4,4, çay yarpağı 2,2, mal-qara və quş 1,4, süd 1,8 dəfə artmışdır.
1987-ci ildən sonra respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə əlaqədar büdcə vəsaitinin çatışmazlığı üzündən dövlət əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər yaranmış, bir sıra mühüm əhəmiyyətli su təsərrüfatı kompleksləri qəza vəziyyətinə düşmüşdü. Tikinti işləri demək olar ki, dayandırılmışdı. Meliorasiya və su təsərrüfatının maddi-texniki bazası da xeyli zəifləmişdir.
Dövlət müstəqilliyinin ilk illərində isə bu böyük şəbəkə dağıntılarla və ciddi böhranla üzləşsə də ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə ölkə rəhbərliyinə qayıdandan sonra Azərbaycanın su təsərrüfatı və meliorasiya sistemi də yenidən quruldu və yeni tərəqqi yoluna qədəm qoydu.
1995-ci ildən başlayaraq ardıcıl aparılan islahatlar nəticəsində iqtisadiyyatın inkişafında mühüm irəliləyişlər əldə edilmişdir. Bir çox sahələrdə, xüsusilə aqrar sahədə yüksək nəticələrə nail olunmuşdur. Aqrar islahatlar başa çatdıqdan sonra kənd təsərrüfatında böyük uğurlar qazanılmış və rekord göstəricilər əldə olunmuşdur.
O dövrdə aqrar islahatın bir hissəsi olaraq meliorasiya və su təsərrüfatı sahəsində islahatların torpaq islahatı ilə birlikdə, kompleks şəkildə aparılması nəzərdə tutulmuşdu. İslahatların normativ-hüquqi bazası yaradıldı. Bu məqsədlə 30-dan artıq normativ-hüquqi sənəd hazırlandı. Bu sənədlərdən ən mühümü ümummilli lider tərəfindən 1996-cı ildə imzalanmış “Meliorasiya və irriqasiya haqqında” qanun və onun tətbiq edilməsi barədə 14 sentyabr 1996-cı il tarixli fərmandır.
Bu tarixi nailiyyətlər və sonrakı illərdə Prezident İlham Əliyevin gerçəkləşdirdiyi əzəmətli meliorasiya layihələri əsasında bu gün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ölkənin aqrar bölməsinin mötəbər dayağına çevrilmişdir.
ASC-yə daxil olan qurumlar ümumi sututumu 22 milyard kubmetr olan 138 su anbarından istifadə edir. Sahənin çoxminli işçiləri 19 hidroqovşağı, 51800 kilometr suvarma kanalını, 31700 kilometr kollektor-drenaj şəbəkəsini, 1004 nasos stansiyasını, 131 min müxtəlif hidrotexniki qurğunu, 7279 subartezian quyusunu, 2073 kilometrdən artıq sel və daşqınlardan mühafizə bəndini, 1025 min hektar qış otlaq sahələrinin su təminatına xidmət edən digər mühüm dövlət əhəmiyyətli su təsərrüfatı sistemlərini və qurğuları istismar edirlər.
Onların sırasında Ağstafaçay, Arpaçay, Xanbulançay və s. su anbarları, Mil-Muğan, Bəhramtəpə, Samurçay hidroqovşaqları, Samur-Abşeron, Yuxarı Qarabağ, Yuxarı Şirvan, Cənubi Muğan magistral kanalları, Baş Mil-Muğan, Baş Şirvan, Mil-Qarabağ, Aşağı Şirvan magistral kollektorları, Tovuz, Şəmkir, Cənubi Muğan nasos stansiyaları, başqa vacib irriqasiya və meliorasiya sistemləri və qurğuları vardır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə daxil olan ən böyük torqaq kanal şəbəkəsi Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsidir. Kanal 1958-ci ildə istismara verilmişdir. Ümumi uzunluğu 172,4 kubmetr olan Yuxarı Qarabağ kanalı mənbəyini Mingəçevir Su Anbarından götürür. Kanalın maksimal suburaxma qabiliyyəti saniyədə 113 kubmetrdir.
Yuxarı Qarabağ kanalı Qarabağ və Mil düzlərini suvarmaqla Bəhramtəpə su qovşağı yaxınlığında Araz çayınadək davam edir. Üstündə 119 hidrotexniki qurğu, 20 nasos stansiyası var. Ümumilikdə, kanalın axıtdığı su ilə 82856 hektar sahə suvarılır. İntensiv suvarma dövründə Araz çayının suyunu artırmaq və Muğan düzündə suvarmada istifadə etmək üçün Yuxarı Qarabağ kanalı vasitəsilə Kür çayından Araza su axıdılır. Onu da deyək ki, yay vaxtı bu suyun Bəhramtəpə hidroqovşağına verilməsi respublikamızın İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarının təsərrüfatlarını quraqlıqdan xilas edir.
İdarəmizin əsas vəzifəsi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin təsdiq etdiyi limit əsasında Yuxarı Qarabağ Kanalı vasitəsilə axıdılan suyu təsərrüfatlara çatdırmaq və kanalı daim saz vəziyyətdə saxlamaqdan ibarətdir. Torpaq kanal Qarabağın 110 min hektar əkin sahəsini suvarma suyu ilə təmin edir. Bunun 86400 hektarı öz axımı ilə, 23600 hektarı isə mexaniki üsulla, yəni nasoslar vasitəsilə suvarılır. Yuxarı Qarabağ Kanalı Yevlax, Mingəçevir, Goranboy, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan, Ağdam və İmişli rayonlarını bol suvarma suyu ilə təmin edir. Kanal vasitəsilə təkcə Yevlax rayonunun 23150 hektar əkin sahəsi suvarılır.
Qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün nəzərdə tutulan təmir- sazlama və istismar tədbirlərini vaxtında və yüksək səviyyədə yerinə yetiririk. İndi kənddə işlərin qızğın çağıdır. Artıq taxıl biçini başlanıb, yem bitkiləri toplanır, meyvə-tərəvəz tədarük edilir, pambıq sahələrində becərmə işləri sürətlə davam etdirilir. Burada, əlbəttə, meliorasiya və su təsərrüfatı işçilərinin də üzərinə məsul vəzifələr düşür.
Göründüyü kimi, xidmət etdiyimiz bölgələr respublikanın ən böyük kənd təsərrüfatı rayonlarıdır. Bu ərazidə məhsul istehsalı ildən-ilə artır. Taxıl və heyvandarlıq məhsulları xüsusilə çoxalmışdır. Elə fermerlər vardır ki, əvvəlki illərlə müqayisədə taxılın məhsuldarlığını 3 dəfə artırmışdır. Bu isə digər mühüm amillərlə yanaşı, kənd adamları, fermer və sahibkarlarla aparılan ardıcıl və məqsədyönlü işin, onların müraciətlərinə həssas münasibətin, gündəlik nəzarətin bilavasitə nəticəsidir.
Yeri gəlmişkən, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadəyə kollektivimizin, o cümlədən kənd adamının, fermerlərin, sahibkarların adından təşəkkürümüzü bildirmək istəyirəm. İşi daha operativ və səmərəli təşkil etmək, idarənin maddi-texniki bazasını daha da möhkəmləndirmək üçün nə vaxt müraciət etmişiksə, dərhal ASC- də müsbət həllini tapıb. İdarəmizin kollektivi, əlbəttə, bu diqqət və qayğıya əməli işlərlə cavab verir.
Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin ayrı-ayrı bölmələrində, maşın və mexanizmlərdə aparılan təmir və bərpa işləri barədə də danışmaq lazım gəlir. İşin düzgün təşkili, ciddi növbəlilik prinsipləri, su itkisinə yol verilməməsi və s. məhz bu amillərdən çox asılıdır. Belə ki, təkcə ilin ötən ayları ərzində Yuxarı Qarabağ kanalında 70 min manatlıq əsaslı, 128 min manatlıq isə cari təmir işləri aparılmışdır.
Kəndi, ilboyu əkilib-becərilən torpaq sahələrini susuz təsəvvür etmək mümkün deyil. Ona görə də çalışırıq ki, kanal və ona xidmət edən qurğular daim saz vəziyyətdə olsun. Nəzərə almaq lazımdır ki, hər hansı bir nasazlıq və ya fasilə yaranarsa, o zaman işin ümumi ahəngi pozulur, kimsə hardasa narazı qalır, sahələr sudan korluq çəkir. Bu isə yolverilməzdir.
Kənd adamı üçün ən böyük sevinc yüksək nəticə, götürdüyü bol məhsuldur. Vaxtında aparılan meliorasiya tədbirləri, suvarmanın keyfiyyəti fermerlərlə, sahibkarlarla qarşılıqlı, əlbir fəaliyyət öz gözəl bəhrəsini verir. Xidmət etdiyimiz rayonlarda işlərin təşkili, kənd adamları ilə keçirdiyimiz görüş və söhbətlər, gördüklərimiz və şahidi olduqlarımız belə deməyə əsas verir ki, bu il kənd təsərrüfatı məhsulları istehsalı sahəsində daha böyük uğurlar əldə ediləcəkdir. Artıq ilk nəticələr məlumdur. Məsələn, taxıl, meyvə-tərəvəz, yem bitkiləri, heyvandarlıq məhsulları istehsalı ötən illərlə müqayisədə xeyli yüksəlmişdir. Bu isə bizim sevincimizi ikiqat artırır. Deməli, zəhmətimiz hədər getməyib.
Bu ildən ölkəmizdə texniki bitkilər əkinlərinin genişləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin gündəmə gətirdiyi yeni siyasət biz meliorasiya işçilərinin üzərinə düşən vəzifələrin önəmini xeyli artırmışdır. Pambıq əkinləri tarixən bizim xidmət etdiyimiz bölgələrə, adamlara böyük fayda gətirmişdir. Həm torpağa qoyulan sərmayə özünü doğrultmuş, həm ölkənin sərvəti artmış, həm də adamların güzəranı yüksəlmişdir. İnanırıq ki, aqrar sahədə nəzərdə tutulmuş yeni tədbirlərin uğurla həyata keçirilməsi su təsərrüfatı və meliorasiya sisteminin də yüksək səmərəli işinə təkan verəcəkdir.
Şakir İMANOV,
Yuxarı Qarabağ Kanalı
İstismarı İdarəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.