Meliorasiya və su təsərrüfatı ərzaq bolluğuna xidmət edir

5 iyun Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günüdür

Ölkəmizdə bütün peşə sahələrinin inkişafına xüsusi diqqət və qayğı göstərilir. Meliorasiya və su təsərrüfatı işçilərinin  əməyi sayəsində susuz ərazilər su ilə təmin olunur, şorlaşmış sahələr duzlardan təmizlənir, bataqlıqlaşmış ərazilər qurudulur, bəndlər və dambalar tikilməklə çayların axınları tənzimlənir və ölkə əhalisinin ekoloji cəhətdən təmiz ərzaq məhsulları ilə etibarlı təminatı üçün əlverişli şərait yaradılır.

Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda 1996-cı ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi sonralar möhtərəm prezidentimiz cənab İlham Əliyevin 24 may 2007-ci il tarixli sərəncam ilə “Meliorator günü” kimi qeyd edilmişdir. Həmin peşə bayramının miqyasını daha da genişləndirən və su təsərrüfatı meliorasiya işçilərinin şərəfli əməyinə yüksək qiymət verən Azərbaycan Prezidenti 2014-cü il mayın 14-də 5 iyun gününün “Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü” peşə bayramı kimi qeyd olunması barədə sərəncam imzalamışdır. Sərəncamın imzalanması möhtərəm Prezidentimizin meliorasiya və su təsərrüfatı sahəsinə göstərdiyi daimi diqət və qayğının bariz nümunəsi kimi su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük sevinc və minnətdarlıqla qarşılanmış, onları öz çətin və şərəfli işlərinə daha da həvəsləndirmişdir.

Azərbaycan qədim suvarma əkinçiliyi ölkəsidir. Onun əsas kənd təsərrüfatı bazası sayılan Kür-Araz düzənliyi suvarılan torpaqların istifadə edilməsi baxımından dünyanın ən qədim və unikal regionlarından biridir. Ölkə ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi mümkün deyildir. Bunu böyük uzaqgörənliklə qeyd edən və “Meliorasiya və su təsərrüfatı obyektləri bizim sərvətimizdir və bu sərvətdən səmərəli istifadə etməliyik” sözlərini tarixə yazmış müdrik bir şəxsiyyət, dünya şöhrətli siyasətçi ulu öndərimiz Heydər Əliyev meliorasiya və su təsərrüfatı sahəsini daim diqqət mərkəzində saxlamış, onun inkişafına xüsusi əhəmiyyət vermişdir.

Azərbaycanda meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da onun genişmiqyaslı, intensiv inkişafı ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-cu ildən sonra mümkün olmuşdur. Bu vaxtdan etibarən ölkənin kənd təsərrüfatında, sənayesində, ümumiyyətlə iqtisadiyyatın bütün sahələrində xüsusi bir yüksəliş dövrü başlandı. Ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edildi. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə kompleks meliorasiya proqramları hazırlandı, və meliorasiya olunmuş torpaqlarda kənd təsərrüfatı istehsalının sabit şəkildə artırılması üçün mühüm tədbirlər işlənib həyata keçirildi.

Bu illərdə 200 min hektara yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırılmış, 825 min hektar sahədə suvarma sistemləri yenidən qurularaq onların su təminatı artırılmış, 460 min hektar sahədə əsaslı hamarlama  və 150 min hektara yaxın sahədə əsaslı yuma işləri aparılmış, texniki cəhətdən mükəmməl irriqasiya və meliorasiya sistemləri yaradılmışdır.  Həmin müddətdə uzunluğu 20 min kilometrə yaxın olan suvarma kanalları, 15 min kilometrdən çox kollektor-drenaj şəbəkələri, 350 nasos stansiyası, 4 min subartezian quyusu tikilib istifadəyə verilmiş, ümumi sututumu 3 milyard kubmetr olan su anbarları inşa edilmişdir.

Ulu öndərimiz keçmiş İttifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlamışdır. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, o, keçmiş İttifaqın rəhbərliyindən getdikdən sonra kənd təsərrüfatının, xüsusi ilə də meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı, sahə üzrə aparılan işlərin sürəti və həcmi kəskin surətdə azaldı, kapital qoyuluşu heçə endirildi.

 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin ikinci dəfə respublika rəhbərliyinə gəlişi meliorasiya və su təsərrüfatını məhv olmaqdan xilas etdi, sahə öz inkişafının yeni mərhələsinə qədəm qoydu, ona diqqət və dövlət qayğısı bərpa olundu, mövcud meliorasiya potensialından daha səmərəli istifadə olunması yolları və gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar ilk növbədə bu sahənin inkişafına yönəldildi və meliorasiya və su təsərrüfatı sahəsi özünün yeni və yüksək inkişaf mərhələsinə qədəm qoydu.

Çox böyük fəxr ilə qeyd etmək olar ki, ulu öndərimizin siyasi xətti və ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə və müvəffəqiyyətlə davam etdirilir. Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlət quruculuğu sahəsində, iqtisadiyyatımızın yenidən qurulmasında, inkişaf yoluna çıxmasında, milli adət-ənənələrimizin qorunub saxlanılmasında və digər istiqamətlərdə böyük nailiyyətlər əldə olunur.

 Fərəhli haldır ki, 2005-ci ilin dekabr ayında Heydər Əliyev adına Vayxır su anbarının istismara verilməsi Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilmişdir.

Azərbaycan prezidenti 2004-cü ilin iyul ayında respublikamızın şimal bölgəsinə  səfəri zamanı Xanarx kanalının tikintisi ilə tanış olmuş, burada görülən işləri yüksək qiymətləndirmişdir. Samur-Abşeron kanalının yenidən qurulması kompleksində həyata keçirilən bütün işlərlə və tikintisi gələcəkdə nəzərdə tutulmuş tədbirlərlə ətraflı tanış olmuş, bu işlərin müvəffəqiyyətlə davam etdirilməsi üçün müvafiq tapşırıqlar vermişdir. Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin su təchizatının yaxşılaşdırılmasında Taxtakörpü su anbarının tikintisinin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, dövlət başçısı xarici maliyyə qurumlarının dəstəyini gözləmədən bu obyektin layihələndirilməsi və tikintisi üçün respublika büdcəsindən vəsait ayrılması barədə göstəriş vermişdir.

“Samur-Abşeron kanalının ilk 50 kilometrlik hissəsinin bərpası” layihəsi çərçivəsində Samur baş suqəbuledici qurğusunun bərpası, 185,7 kilometr təsərrüfatlararası kanalların yenidən qurulması və baş sudurulducu qurğunun tikintisi işləri 2006-cı ildə, kanalın ilk 50 kilometrlik hissəsinin bərpası isə 2007-ci ildə başa çatdırılmışdır.

Baş Mil-Muğan kollektorunun 28,5 kilometr uzunluğunda 3-cü buraxılış hissəsinin tikintisi və 71,2 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsinin qurğularla birlikdə bərpası  2006-cı ildə başa çatdırılaraq istismara verilmişdir.

 Prezident İlham Əliyevin sədrliyi ilə 2005-ci ilin sentyabr ayında respublikamızda su təchizatı və meliorasiya sahəsində görülən işlər və perspektiv layihələrlə bağlı keçirilən müşavirə dövlət başçısının bu sahəyə göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir. Möhtərəm Prezidentimizin müşavirədəki dərin məzmunlu çıxışı, tapşırıq və tövsiyələri su təsərrüfatı və meliorasiya sahəsinin inkişafına təkan vermişdir.

Azərbaycan Prezidenti tərəfindən 8 noyabr 2007-ci ildə təməli qoyulmuş Taxtakörpü su anbarının SES ilə birlikdə tikintisi 2013-cü ildə müvəffəqiyyətlə  başa çatdırılmış və dövlətimizin başçısı onun açılışında iştirak etmişdir.

Dünya Bankının krediti hesabına 2004-cü ildə “Azərbaycanda suvarma-paylayıcı sistemi və onun idarə olunmasının təkmilləşdirilməsi layihəsi”nin (irriqasiya 2) icrasına başlanılmışdır. Layihə çərçivəsində 180 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağının və respublikanın 11 rayonunda təxminən 52 min hektar ərazidə suvarma-paylayıcı sistemlərinin bərpası işləri yerinə yetirilmişdir.

Qaçqınların və məcburi köçkünlərin bəzi sosial problemlərinin həlli məqsədilə Dövlət Neft Şirkətindən ayrılmış vəsait hesabına Füzuli rayonunun Harami düzündə məskunlaşmış məcburi köçkünlərin suvarma suyuna olan tələbatını ödəmək üçün Yuxarı Mil kanalının 4,23 kilometr hissəsinin onun üzərindəki hidrotexniki qurğularla birlikdə tikintisi 2006-cı ildə başa çatdırılmışdır.

Ağcabədi rayonu ərazisində yerləşən Laçın qış otlaqlarında müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün ayrılmış torpaq sahələrinin və həyətyanı sahələrin su təminatının yaxşılaşdırılması məqsədilə Qarqarçay çayı üzərində suaşıran tipli yan sugötürücü qurğunun və uzunluğu 8 kilometr olan kanalın tikintisi 2006-cı ildə tam başa çatdırılmışdır.

Füzuli rayonunda 2006-cı ildə “Qayıdış-2” qəsəbəsində 137 hektar əkin sahəsinin suvarılması üçün kanal üzərində nasos stansiyasının və təzyiqli boru kəmərinin tikintisinə başlanılmış və  tikinti işləri 2007-ci ildə başa çatdırılaraq istismara verilmişdir.

 

Həyata keçirilmiş tikinti, təmir-bərpa  və istismar tədbirləri hesabına respublikada 100 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti və 95 min hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır ki, bu da ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün  və meyvə-tərəvəzçiliyin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır.

Asiya İnkişaf Bankının maliyyələşdirməsi ilə həyata keçirilən “Selə qarşı tədbirlər” layihəsi çərçivəsində 2006-2008-ci illərdə respublikanın çaylarında 34089 metr uzunluğunda sahilbərkitmə işləri görülmüşdür.

Tikintisinə 2009-cu ildə başlanılmış Şəmkirçay üzərində ümumi sututumu 164,5 milyon kubmetr olan Şəmkirçay su anbarının Su Elektrik Stansiyası ilə birlikdə inşası başa çatdırılmış və Prezident İlham Əliyev onun 15 noyabr 2014-cü il tarixində keçirilmiş açılış mərasimində iştirak etmişdir. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektara yaxın mövcud suvarılan torpaqlarının su təminatının yaxşılaşdırılması və 17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun bir qəsəbəsinin içməli su ilə təmin edilməsi reallaşmışdır.

Səhmdar cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də meliorasiya və su təsərrüfatı obyektlərində  təmir-bərpa, yenidənqurma və tikinti işlərini uğurla davam etdirmişdir.

Tovuz rayonunun əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə 2006-cı ildən tikintisinin davam etdirilməsinə başlanılmış Tovuzçay su anbarının inşası 2015-ci ildə başa çatdırılmış və 16 fevral 2016-cı ildə dövlət başçısının iştirakı ilə açılışı olmuşdur.

Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Cəlilabad, Lerik)  içməli  su təchizatı və  kanalizasiya sistemləri  infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində 177 kilometr su və 153 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmiş, içməli su ev birləşmələrində 19132   ədəd su sayğacları quraşdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 17 sentyabr 2015-ci il tarixində Ağsuya içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

 Bankın krediti ilə “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına     Dəstək Layihəsi” çərçivəsində Sudan İstifadəedənlər Birliklərinin  xidmət etdiyi  47297 hektar torpaq  sahəsində suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri başa çatdırılmışdır.

Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan “Şimal çaylarında sugötürən qurğuların və nəqledici kanalların tikintisi” layihəsi tərkibində  ilk mərhələdə Qusarçay, Qudyalçay və Caqacuqçay çayları üzərində sugötürücü qurğuların və nəqledici kanalların tikintisi işləri davam etdirilmişdir. Caqacuqçay və  Qusarçay çayları   üzərində  suqəbuledici qurğuda tikinti işləri  başa çatdırılmışdır. Caqacuqçayda  4150 metr kanalın tikintisi, Qudyalçayda isə 15282 metr uzunluğunda olan mövcud kanalda yenidənqurma  işləri başa çatdırılmaqla Samur-Abşeron kanalına əlavə suyun verilməsi təmin olunmuşdur.

Layihə çərçivəsində “Şabran, Siyəzən və Xızı rayonları ərazisində mövcud suvarılan  torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi” layihəsi üzrə Xızı rayonunda cəmi 9609 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün kompleks meliorativ tədbirlərin aparılması və 2970 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması  üçün cəmi 12579 hektar sahədə tikinti işləri davam etdirilmiş, 80135 metr uzunluğunda paylayıcı suvarma boru kəməri layihəyə uyğun çəkilmiş  və  69433  metr uzunluğunda açıq beton kanal tikilmiş və ən son texnologiyalara əsaslanan yağışyağdırma üsulu ilə suvarma sistemi quraşdırılmışdır. Bu sistem respublikada təbii təzyiq hesabına çiləmə aparan yeganə sistemdir.

 

Siyəzən rayonunda 6972 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün kompleks meliorativ tədbirlərin aparılması və 5165 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması  üçün layihəyə uyğun olaraq 88831 metr uzunluğunda paylayıcı suvarma boru kəməri, 25095 metr uzunluğunda qapalı, 12006 metr uzunluğunda açıq paylayıcı suyığıcı drenaj şəbəkəsi tikilmişdir. Şabran rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədi ilə 30206 hektar (ondan 13806 hektar yeni suvarılan) sahədə görüləcək meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2015-ci il sentyabrın 4-də Xızı rayonunda 3396  hektar (ondan 3084 hektar yeni suvarılan)  və Siyəzən rayonunda 1466 hektar (ondan 1424 hektar yeni suvarılan) torpaq sahələrinə Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir. Ümumiyyətlə, 2015-ci ildə  Xızı rayonunda cəmi 7111 hektar  (ondan 5399 hektar yeni suvarılan) və Siyəzən rayonunda cəmi 3204 hektar (ondan 2539 hektar yeni suvarılan)  sahədə mövcud suvarılan torpaqların  su təminatının yaxşılaşdırılması və yeni  suvarılacaq torpaqların istifadəyə verilməsi üzrə işlər başa çatdırılmışdır. 

Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının və  meliorativ vəziyyətinin yaxşılaşdırılması  tədbirləri üzrə  Ağdam rayonunun Ergi massivinin və  Füzuli rayonunun Mollaməhərrəmli, Arayatılı və Babı kəndlərinin əkin sahələrinin su təminatı, Qazax rayonunun Şıxlı arxının  yenidənqurulması üzrə işləri davam etdirilmiş, Ağdam  rayonunda Atçılıq zavodunun ərazisində 130 hektar ərazidə qrunt sularının səviyyəsinin aşağı salınması üçün  3200 metr uzunluğunda drenaj şəbəkəsi tikilib istismara verilmiş və Şəki rayonunun Şəkikənd, Cəyirli və  Qozlubulaq kəndlərinin içməli su təchizatı ilə əlaqədar 3 ədəd subartezian quyusunun qazılması, nasos stansiyasının, təmizləyici qurğunun tikintisi, 21716 metr uzunluğunda boru kəmərinin çəkilişi və nəzərdə tutulan digər işlər tam başa çatdırılaraq istifadəyə verilmişdir. 

Tovuzçay su anbarından rayonun əkin sahələrinə suyun verilməsi üçün nasos stansiyasının xarici elektrik təchizatını təmin etmək üçün elektrik avadanlıqlarının quraşdırılması, Şəki rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Cəyirli su anbarında bənddə sızmaya qarşı mühafizə tədbirlərinin yerinə yetirilməsi və torpaq bəndin yenidənqurulması, Cəlilabad rayonunda İncəçay su anbarının bəndinin təmir-bərpası və qəza vəziyyətinin aradan qaldırılması tədbirləri üzrə Astara rayonunda Ləvain su anbarında bəndin yuxarı byefində dəmir-beton üzlüyün çəkilməsi üzrə işlər görülmüşdür. Eyni zamanda, 2015-ci ilin oktyabr ayında respublikanın cənub zonasına yağan leysan yağışları nəticəsində Göytəpə su anbarının bəndində və qurğularında yaranmış təhlükəli vəziyyətin qarşısının alınması məqsədi ilə su anbarında nəzərdə tutulan təxirəsalınmaz tədbirlər həyata keçirilmişdir.

“Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi” kompleksi  layihəsinə daxil olan obyektlərdə tamamlama işləri başa çatdırılmaqla, Şəmkirçay su anbarı, gücü 24,483 MVt olan Su Elektrik Stansiyası və ümumi uzunluğu 60565 metr olan Şəmkirçay magistral kanalları  hidrotexniki qurğularla birgə  istismara verilmişdir.

“Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi” kompleksi  layihəsinə  daxil olan Şəmkirçay magistral kanallarından Şəmkir və Göygöl rayonlarının 25 min hektara (ondan 7878 hektarı yeni suvarılan torpaqlar) yaxın əkin sahələrinə suvarma suyunun verilməsi üçün Sağsahil Şəmkirçay kanalından paylayıcı və suvarma boru kəmərlərinin, eləcə də Şəmkirçay su anbarının tikintisi ilə Goranboy rayonunun 26584 hektara (ondan 8293 hektar yeni suvarılan torpaqlar) yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi məqsədi ilə uzunluğu 27,9 kilometr olan Şəmkir maşın kanalının 2-ci növbəsinin  2,56 kilometrinin qurğularla birlikdə tikintisi üzrə işlər yerinə yetirilmişdir.  “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalında  təmir-bərpa işləri davam etdirilmiş, Zirə qəsəbəsi ərazisində Qoşa Qışlaq nasos stansiyasını su ilə təmin edən tənzimləyici hovuzun   və  Novxanı nasos stansiyasında xarici elektrik təchizatı üzrə  tikinti işləri yerinə yetirilmişdir.

Xaçmaz rayonunun Yalama ərazisində yaradılmış “Yalama Aqroparkı” MMC-nin (523 hektar) və rayonun sərhəd ərazilərində yerləşən 997 hektar əkin sahələrinin, Sabirabad rayonunun Saraxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün “H” kanalının tikintisi, Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün isə  Qazanarx kanalının 219 metr hissəsinin yenidən qurulması işləri həyata keçirilmişdir.

İri taxılçılıq təsərrüfatlarının yaradılması ilə əlaqədar Hacıqabul rayonunda 400 hektar yeni suvarılan sahənin istifadəyə verilməsi üçün 2061 metr uzunluğunda Padar magistral kanalının və Neftçala magistral kanalı ilə rayonun əkin sahələrinə suvarma suyunun verilməsi üçün Kür çayı üzərindəki  nasos stansiyasının xarici elektrik təchizatı  və  kanalın 120 metr  hissəsinin  tikintisi üzrə işlər başa çatdırılmışdır. Şəmkirçay su anbarından su götürən Sağsahil Şəmkirçay kanalından “Şəmkir aqroparkı”nın 543 hektar torpaq sahəsinə suvarma suyunun verilməsi və  Yuxarı Mil kanalında Ağcabədi rayonu ərazisində  “Kroun-Ko” şirkətinə məxsus 2100 hektar sahənin suvarma şəbəkəsinin tikintisi işləri yerinə yetirilmişdir.   Ümumilikdə, bütün maliyyə mənbələrindən  ayrılmış vəsaitlər hesabına əsaslı tikinti obyektlərində  478 kilometr suvarma kanalları, 232 kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası aparılmış, eyni zamanda,  50 kilometr qapalı və 169 kilometr paylayıcı suvarma şəbəkəsi, 28 kilometr təzyiqli metal boru xətti çəkilmişdir. 78089 hektar torpağın su təminatı və 18080 hektar torpağın meliorativ vəziyyəti yaxşılaşdırılmış, 16338 hektar yeni torpaqların suvarılması təmin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 dekabr  2014-cü il tarixli sərəncamı ilə respublikanın 34 şəhər və rayonunun 241 yaşayış  məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün qazılması nəzərdə tutulmuş  300 ədəd subartezian quyusunda qazma işləri başa çatdırılmışdır ki, bununla da  5400  hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi təmin edilmişdir.

Respublikanın ən təhlükəli hesab olunan çaylarında (Kürmükçay, Tərtərçay, Daşağılçay, Girdimançay, Kişçay, Durucaçay və Dəmiraparançay) sel və daşqınlara qarşı 1818 metr uzunluğunda sahilbərkitmə (dəmir-beton, daş-beton, beton) işləri yerinə yetirilmişdir. Bundan əlavə, Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin yağış və sel sularından mühafizəsi tədbirləri üzrə uzunluğu 305 metr olan seltutan bəndin və onun üzərindəki qurğuların tikintisi işləri başa çatdırılmışdır.

2015-ci il meliorasiya və su təsərrüfatı işçiləri üçün daha məsuliyyətli il olmuşdur. Belə ki,  ölkədə kənd təsərrüfatının inkişafına yeni təkan vermək və onun modernləşdirilməsini sürətləndirmək, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmək, bu sahəyə dövlətin inzibati və maliyyə resurslarını səmərəli şəkildə cəlb etmək və ölkənin aqrar potensialını geniş təbliğ etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında” sərəncam imzalamışdır.

Qarşıya qoyulmuş vəzifələrin icrası məqsədi ilə ASC tərəfindən meliorasiya və irriqasiya sistemlərinin normal istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə sahəsində 2015-ci ildə konkret tədbirlər həyata keçirilmişdir.

Sudan səmərəli, qənaətlə istifadə olunmasının təmin edilməsi məqsədi ilə ASC tərəfindən müvafiq tədbirlər işlənib hazırlanmış, istismar təşkilatları ilə birlikdə su istifadəçiləri ilə müvafiq izahat işləri aparılmış, suvarmanın gecə-gündüz və növbəlilik əsasında aparılması üçün müvafiq tədbirlər görülmüşdür.

Suvarma mövsümü başlanana kimi bütün kanallar və üzərindəki hidrotexniki qurğular istismar tədbirləri planına uyğun təmir edilərək suvarmaya hazır vəziyyətə gətirilmişdir.

Mühüm dövlət əhəmiyyətli su təsərrüfatı obyektlərində müvafiq təmir işləri aparılmış, 26,7 kilometr suvarma kanalları, 83,4 kilometr kollektor-drenaj şəbəkəsi, 3,4 kilometr nov kanalları, 106 ədəd hidrotexniki qurğu, 37 ədəd körpü, 19 ədəd üzən və 90 ədəd tərpənməz nasos stansiyası, 96 ədəd subartezian quyusu, 47,3 kilometr boru xətti, 3900 metr  daş-beton bənd və s. təmir-bərpa edilmiş, Kür çayında 2603 metr uzunluğunda məsafədə sahilbərkitmə işləri görülmüşdür.

Çay məcralarında 15,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılmış, 12,7 min kubmetr şax-daş və faşın, 3,0 min kubmetr qabion bəndlər quraşdırılmış və daş-beton bəndlərdə 19,8 min kubmetr həcmində təmir işləri görülmüşdür.

Görülmüş tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə tam təmin edilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1milyon 374,1 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılmışdır. Bütün suvarma mənbələrindən 8,6 milyard kubmetr su götürülmüş və su istifadəçilərinə 6,0 milyard kubmetr su verilmişdir.   

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə prioritet olduğunu bildirmiş, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, xüsusi ilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsi məqsədi ilə səhmdar cəmiyyəti tərəfindən bütün lazımi tədbirlər həyata keçirilir.

Səhmdar cəmiyyəti tərəfindən magistral kanallar üzrə su bölgüsü limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq təsdiq edilmiş, bütün istismar təşkilatlarında gecə-gündüz növbətçilik yaradılmış, vegetasiya suvarmasının mütəşəkkil həyata keçrilməsi, sudan səmərəli və qənaətlə istifadənin təmin edilməsi və su limitlərinə nəzarətin gücləndirilməsi məqsədi ilə ASC-nin mütəxəssisləri ayrı-ayrı obyektlərə təhkim edilmiş, çayların gursululuq dövründə su anbarlarının doldurulması və yarana biləcək sel və daşqın sularının maneəsiz axıdılması üçün bütün təxirəsalınmaz tədbirlər görülmüşdür. 

Hazırda respublikanın su anbarlarında 16,0 milyard kubmetr su yığılmışdır. Toplanmış su ehtiyatları kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının mütəşəkkil aparılmasına şərait yaradacaqdır.

Sudan istifadə planına əsasən, 2016-cı ildə ümumilikdə 1363689 hektar sahədə kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarılması nəzərdə tutulmuşdur. 1 iyun 2016-cı il tarixə 523845 hektar sahədə taxıl orta hesabla 2,3 dəfə suvarılmışdır.

Suvarma mövsümünə hazırlıqla əlaqədar ASC-nin yerli istismar idarələri tərəfindən 1293 hidrotexniki qurğu, 808 hidropost, 137 nasos, 132 elektrik və dizel mühərriki, 2261 subartezian nasosları təmir edilmiş, suvarma və kollektor-drenaj şəbəkələrində 33 milyon 871 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmışdır.

Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamları ilə  təsdiq edilmiş dövlət proqramları və tədbirlər planlarında meliorasiya və su təsərrüfatı sahəsi üzrə geniş tədbirlər nəzərdə tutulmuşdur. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində respublikamızda torpaqların su təminatına və meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yeni suvarılan torpaqların istifadəyə verilməsi nəticəsində ölkə əhalisinin ərzaq məhsulları ilə etibarlı təmin edilməsinə, yaşayış məntəqələrinin, əkin sahələrinin, hidrotexniki qurğuların və digər infrastruktur obyektlərin  sel və daşqın sularının zərərli təsirlərindən mühafizəsinə, çayların su ehtiyatlarının  nizamlanması hesabına onlardan  daha səmərəli istifadə edilməsinə imkan yaranacaqdır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, onun çoxminli kollektivi dövlətimzin diqqət və qayğısına cavab olaraq əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq istiqamətində tədbirləri davam etdirəcək, mövcud meliorasiya və irriqasiya sistemlərinin tikintisi, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi, təmir-bərpa işlərinin təşkili sahəsində qarşılarında qoyulmuş vəzifələri tam məsuliyyəti ilə dərk edərək, onların vaxtında və layiqincə yerinə yetirilməsində daha səylə çalışacaq və bundan sonra da bütün bacarıq və imkanlarından istifadə edəcəkdir.

Fürsətdən istifadə edib, Su Təsərrüfatı və Meliorasiya İşçiləri Günü münasbətilə bütün meliorasiya və su təsərrüfatı kollektivlərini təbrik edir və ölkəmizin inkişafı naminə şərəfli işlərində onlara daha böyük müvəffəqiyyətlər arzu edirəm.

Əhməd ƏHMƏDZADƏ,
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı ASC-nin sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında