Sağlam gələcəyə qoyulan sərmayə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Azərbaycanda uşaq hüquqlarının müdafiəsinə etibarlı təminat yaradan
mükəmməl qanunverici-institusional baza formalaşmışdır

 

Zəmanəsinin böyük ədəbi dühası Viktor Hüqo yazırdı ki, Yer üzündə uşaq qığıltısı qədər təntənəli himn yoxdur. İstənilən cəmiyyətdə körpə və uşaqlar ailə üçün sevinc və xoşbəxtlik simvolu sayılmışlar. Cəmiyyətin sağlam özəyi, gələcəyi, köməyə ehtiyac duyan kövrək zümrəsi olan uşaqlar insan həyatının mənası, ailənin sevinci, ən böyük zinəti, dəyərli sərvətidir. Bu gün isti ocaqda yetişən, boya-başa çatan körpələr sabah cəmiyyətin simasını müəyyən edəcək, dövlətin gələcəyinə görə məsuliyyət daşıyacaqlar.

Uşaqlıq və yeniyetməlik illəri insan həyatının ən rəngarəng, yaddaqalan, xoşbəxt çağlarıdır. Məhz bu illərdə, bu dövrdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Təsadüfi deyildir ki, müasir dövrdə hər bir dövlət cəmiyyətin həssas zümrəsi kimi tarixən yüksək nəvazişlə əhatə olunan uşaq və yeniyetmələrin sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetişməsi üçün bütün zəruri tədbirləri həyata keçirir.

 

Uşaq hüquqlarına beynəlxalq hüquqi təminatlar

 

İnsan hüquq və azadlıqlarının təminatı sahəsində inqilabi yeniliklərlə yadda qalmış XX əsrdə uşaqlara qayğının artırılmasına, onların üzləşdikləri problemlərin həllinə xidmət edən bir sıra mühüm konvensiya və sazişlər imzalanmışdır. Eyni zamanda, BMT və digər təşkilatların yuristikası ilə qəbul edilən bir sıra beynəlxalq saziş və paktlara uşaq hüquqları ilə bağlı konkret müddəalar əksini tapmışdır. Ümumi olaraq bu sırada 1924-cü il tarixli “Uşaq hüquqları haqqında Cenevrə Bəyannaməsi”ni, 1948-ci il tarixli “Ümumdünya insan hüquqları Bəyannaməsi”ni, 1959-cu il tarixli “Uşaq hüquqları Bəyannaməsi”ni, 1989-cu il tarixli “Uşaq hüquqlarına dair Beynəlxalq Konvensiya”nı, 1999-cu il tarixli “Uşaq əməyinin ən pis formasına dair 182-ci Konvensiya”nı, 2000-ci il tarixli “Silahlı münaqişələrlə bağlı uşaqların hüquqları haqqında Konvensiyanın Protokolu”nu və s. sənədləri xüsusi qeyd etmək olar.

Xüsusi vurğulamaq lazımdır ki, BMT Baş Assambleyasının qərarı ilə 1950-ci ildən başlayaraq hər il iyun ayının 1-i beynəlxalq səviyyədə Uşaqların Müdafiəsi Günü kimi qeyd olunur. Məhz həmin gün təşkil olunmuş “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və orada 1 iyun tarixinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü elan edilməsinə qərar verilmişdir.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş qeyd edilir. Bu əlamətdar gündə, ilk növbədə, uşaqların dinc yaşamaq, təhsil, sağlamlıq, istirahət, əyləncə, hüququ, habelə fiziki və psixoloji zorakılıqdan, istismardan qorunmaq kimi hüquqları böyüklərin diqqətinə çatdırılır.

Bundan əlavə, hər il 20 noyabr tarixi BMT Uşaq Hüquqları Konvensiyasının Qəbulu Günü kimi əksər dünya ölkələrində qeyd olunur. Konvensiya dünya birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin dəqiq, hərtərəfli ifadəçisi kimi insan hüquqları sahəsindəki beynəlxalq sənədlər sırasında xüsusi yer tutur. 1978-ci ildə Polşa hökuməti tərəfindən BMT-nin İnsan Hüquqları Komissiyasına uşaq hüquqları haqda konvensiya təqdim olunmuşdur. 1979-cu ildə təşkilatın bununla bağlı xüsusi komissiyası yaradılmış, sonrakı 10 il ərzində danışıqlar, diskussiyalar davam etmişdir. Nəhayət, 20 noyabr 1989-cu ildə Uşaq Hüquqları Konvensiyası BMT-nin Baş Məclisinə təqdim edilərək qəbul olunmuş, 1990-cı ildə isə 20 dövlət tərəfindən ratifikasiya edilərək qüvvəyə minmişdir.

Sonrakı mərhələdə BMT-yə üzv digər dövlətlər konvensiyaya qoşulduqlarını bəyan etmiş, konvensiyanın prinsip və standartları bütün ölkələr tərəfindən tanınmış və universal olaraq qəbul olunmuşdur.

Uşaq hüquqlarının müdafiəsi, onların normal sosial-mənəvi mühitin hökm sürdüyü cəmiyyətə layiqli insan kimi yetişmələri, zəruri ehtiyaclarının dolğun şəkildə ödənilməsi son 23 ildə Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

 

Kövrək zümrəyə yüksək qayğı

 

Xatırlatmaq yerinə düşər ki, ötən əsrin 90-cı illərinin əvvəllərində cəmiyyətdəki ictimai-siyasi kataklizmlər, xaos və anarxiya mühiti, iqtisadi-mənəvi böhran uşaqların sağlam böyümələrinə, qidalanmalarına, normal təhsil, bilik almalarına ciddi maneələr yaratmış, onları psixoloji-mənəvi sarsıntılara məruz qoymuşdur. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra cəmiyyətin həssas zümrəsi sayılan uşaqlar da tədricən hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar.

1993-cü ildən bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl islahatlar həyata keçirilmiş, respublikamız uşaq hüquqlarının təminatı ilə bağlı bir sıra beynəlxalq sazişlərə, o cümlədən 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur.

1998-ci ildə Milli Məclisdə “Uşaq hüquqları haqqında”, 1999-cu ildə isə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbulu uşaqların sosial müdafiəsinin gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, respublikamızda uşaq hüquqları sahəsində dövlət siyasətinin əsas istiqamətləri uşaq hüquqlarının etibarlı təmin edilməsindən, uşaqların sağlam mühitdə tərbiyə olunması və yaşayışı üçün normal şəraitin yaradılmasından, valideyn himayəsindən məhrum olan körpələrin 18 yaşınadək dövlət himayəsinə götürülməsindən və s. ibarətdir.

Ulu öndər Heydər Əliyevin əzmkar səyləri ilə Azərbaycan həmin illərdə uşaq və yeniyetmələrin hüquqlarının etibarlı müdafiəsi, habelə onların fiziki və mənəvi tərbiyəsinin təşkili sahəsində böyük nailiyyətlərə imza atmışdır. Ümummilli lider uşaqların milli ruhda, azərbaycançılıq məfkurəsi əsasında tərbiyə almalarını son dərəcə vacib saymış, dekabrın 11-də – Uşaqların Beynəlxalq Televiziya Günü münasibətilə Azərbaycan Televiziyasının təşkil etdiyi mərasimlərdə iştirak etmiş, uşaqlara sevgi və xüsusi nəvaziş göstərmişdir.

Həmin dövrdə uşaq və gənclərin cəmiyyət üçün kamil şəxsiyyət kimi formalaşmaları və istedadlarını realizə etmələri naminə həyata keçirilən tədbirləri də xüsusi qeyd etmək lazımdır. Böyük strateq körpə və yeniyetmələrin ana dili ilə yanaşı, digər dilləri də öyrənmələrini, milli-mənəvi dəyər və əxlaq normalarına riayət etmələrini, vətənpərvər olmalarını, zərərli vərdişlərdən uzaq durmalarını çıxışlarında daim önə çəkirdi. Azərbaycanın ciddi iqtisadi problemlərinin olduğu bir dönəmdə ulu öndər Heydər Əliyevin 22 iyun 1996-cı il tarixli “Azərbaycanın gənc istedadlarına dovlət qayğısı haqqında” fərmanı isə istedadlı uşaq və yeniyetmələrə sosial qayğı istiqamətində mühüm addım olmuşdur.

Fərmanda elmi və mədəni tərəqqinin müstəqil Azərbaycanın gələcəyi üçün müstəsna əhəmiyyəti vurğulanır, istedadlı uşaq və gənclərə Azərbaycan Respublikası Prezidentinin şəxsi himayəsinin, habelə onların yaradıcılıq potensialını inkişaf etdirilməsinə dovlət qayğısının zəruriliyi önə çəkilirdi. Fərmanda Azərbaycanın gənc istedadlarının “Qızıl Kitab”ının təsis edilməsi, onların adlarının həmin kitaba yalnız Azərbaycan Respublikası Prezidentinin qərarı ilə yazılması məsələləri əksini tapmışdı. Eyni zamanda, sənəddə Azərbaycan Respublikası Prezidenti yanında “Gənc İstedadlar Fondu”nun təsis edilməsi, habelə “Qızıl Kitab”a adları yazılmış gənc istedadlara xususi təqaudün verilməsi də nəzərdə tutulmuşdu.

 

Milli qanunvericilik uşaqların müdafiəsinə təminat verir

 

Yüksək insanpərvərlik və humanizm prinsiplərinə əsaslanan bu siyasət son 13 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, yalnız savadlı, bilikli, intellektual səviyyəli, habelə milli-mənəvi dəyərlər ruhunda yetişən, ictimai həyatda fəal uşaqlar sabahın layiqli gəncliyi kimi dövlətə və xalqa xidmət göstərə bilərlər. Təsadüfi deyildir ki, ötən illərdə ölkədə gələcəyin vətənpərvər, yüksək zəkalı, intellektual gəncliyi olacaq bugünkü uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin, fiziki-mənəvi sağlamlığının yüksək səviyyədə təmini istiqamətində ardıcıl siyasət həyata keçirilir. Uşaqların əsrlərin sınağından çıxmış zəngin milli-mənəvi dəyərlər, adət-ənənələr əsasında, vətənpərvər ruhda tərbiyəsi, cəmiyyətdə layiqli şəxsiyyət kimi formalaşmaları bu siyasətin başlıca qayəsini təşkil edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev uşaq hüquqları sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi, qarşıda duran təxirəsalınmaz vəzifələrin düzgün və operativ həlli üçün hələ 2006-cı il 6 fevral tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsinin əsasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında fərman imzalamaqla, ailə və uşaqları cəmiyyətin əsas özəyi, sağlam təməli kimi dəyərləndirdiyini nümayiş etdirmişdir. 2 milyon 800 mindən çox uşağın yaşadığı, hər gün orta hesabla təxminən 400-dək körpənin doğulduğu Azərbaycanda belə bir dövlət qurumunun yaradılması obyektiv sosial tələbatdan irəli gəlmişdir.

Dövlət başçısı respublikamızın yüksək dinamizmlə artan maliyyə imkanlarından məqsədyönlü istifadə yolu ilə uşaq hüquqları sahəsində həyata keçirilən dövlət siyasətinin səmərəliliyini və davamlılığını təmin etməyi qarşıya ali məqsəd kimi qoyaraq ötən 13 ildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə də diqqətlə yanaşmışdır. Cənab İlham Əliyevin 2006-cı il martın 29-da təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” bu baxımdan xüsusi vurğulanmalıdır.

Xüsusi yaradıcılıq potensialı və qabiliyyətinə malik bacarıqlı uşaqlar da diqqətdən kənarda qalmamışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev 2006-cı ilin aprel ayında “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə (2006-2010-cu illər) Dövlət Proqramı”nı imzalamışdır. Proqram istedadlı uşaq və gənclərin aşkara çıxarılmasının optimal yollarını müəyyənləşdirmək, habelə istedadlı uşaq, yeniyetmə və gənclərlə iş sahəsində müasir tələblərə uyğun səmərəli fəaliyyət mexanizmləri yaratmaq kimi mühüm məqsədlərə xidmət etmişdir.

Hələ 2009-cu il martın 18-də keçirilmiş ümumxalq referendumu ilə Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə edilmiş əlavə və dəyişikliklər uşaq hüquqlarının qorunmasında dövlətin məsuliyyətini və fəaliyyət dairəsini daha da genişləndirmiş, bu sahədə konstitusion normaların təkmilləşməsinə etibarlı zəmin yaratmışdır. Həmin maddəyə edilmiş dəyişikliklərə görə dövlət valideynləri və ya qəyyumları olmayan, valideyn himayəsindən məhrum olan uşaqları öz himayəsinə götürməlidir. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək Konstitusiya ilə qadağan olunmuşdur.

Nəhayət, uşaq və yeniyetmələrin fiziki-mənəvi sağlamlığının təmini olunması istiqamətində həyata keçirilən siyasətin ən parlaq ifadəsi Azərbaycan Prezidentinin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin respublikamızda “Uşaq ili” elan edilməsidir. Bu addım, ilk növbədə, ölkədə uşaq hüquqları sahəsində həyata keçirilən siyasətin məqsədyönlü və ardıcıl xarakter daşıdığını nümayiş etdirmişdir. Cənab İlham Əliyevin 2009-cu il 18 fevral tarixdə təsdiqlədiyi “2009-cu ilin “Uşaq ili” elan edilməsi ilə bağlı “Tədbirlər Planı” əsasında azərbaycanlı uşaqlar haqqında məlumat bankı və internet saytı, habelə xüsusi portal yaradılmışdır. Tədbirlər Planı çərçivəsində Beynəlxalq Bakı uşaq rəsm müsabiqəsi, “Şərq-Qərb” beynəlxalq uşaq rəqs festivalı keçirilmiş, BMT-nin “Uşaq hüquqlarına dair” Konvensiyası ilə bağlı maarifləndirmə işi gücləndirilmişdir.

Sözügedən proqramın reallaşdırılması yönümündə həyata keçirilən tədbirlərin ən mühümü isə 2009-cu il oktyabrın 22-də Bakıda “Gülüstan” sarayında Azərbaycanda “Uşaq ili”nə və BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş Azərbaycanda uşaqların müdafiəsi islahatı üzrə milli konfrans olmuşdur. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tədbirdəki dərin məzmunlu nitqində ölkədə uşaq problemlərindən söz açmış, humanizm və insanpərvərlik prinsipləri baxımından yardıma ehtiyacı olan körpələrə qayğının vacibliyini xüsusi vurğulamışdır. “Ailəyə bağlılıq, ailə dəyərləri, uşaqlara qayğı, böyüklərə hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən biridir... Əlbəttə, hər bir valideyn arzulayır ki, onun uşağı sağlam, bilikli, savadlı, xoşbəxt böyüsün və bunun üçün əlindən gələni edir”, — deyən Azərbaycanın birinci xanımı vurğulamışdır ki, valideyn himayəsindən məhrum olmuş uşaqların gələcək taleyinə görə dövlət orqanları ilə yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri də mənəvi məsuliyyət daşıyırlar.

 

Gələcək naminə...

 

Ümumilikdə, Heydər Əliyev Fondunun son 11 illik fəaliyyətində uşaqlara qayğı və onların hüquqlarının müdafəsi tədbirləri xüsusi yer tutur. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında ötən dövrdə respublikanın ən müxtəlif bölgələrində 400-ə yaxın müasir tipli orta məktəb binası inşa olunaraq istifadəyə verilmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihələri çərçivəsində 50-dək körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur.

Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, “Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi”, “Təhsilə dəstək” və “İnklüziv təhsil” proqramlarının həyata keçirilməsi də fondun uşaqlarla bağlı mühüm layihələri sırasındadır. “Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir”, – deyən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva uşaqların təhsili ilə yanaşı, sağlamlığını da xüsusi diqqət mərkəzində saxlayır.

Fondun “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri isə cəmiyyətin diqqətinin uşaqların sağlamlığına yönəldilməsi baxımından müstəsna əhəmiyyət daşımışdır. Ürək xəstəliklərindən əziyyət çəkən 1500-dək uşağın müalicəsi fondun prezidentinin yüksək humanizmindən irəli gəlmişdir. Fond uşaqların müayinə və müalicəsi üçün geniş mərkəzin zəruriliyini nəzərə alaraq, 2009-cu ildə Bakı şəhərində Psixo-nevroloji Uşaq Mərkəzinin inşasını da təmin etmişdir.

Xüsusi vurğulamaq istərdik ki, son 10 ildə Mehriban xanımın təşəbbüsü ilə Milli Məclisdə qəbul olunmuş amnistiya qərarları uşaqların da taleyinə təsirsiz ötüşməmiş, onların öz validenlərinə qovuşmalarına, ana-ata nəvazişi ilə böyümələrinə imkan yaradır.  Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş sonuncu amnistiya aktı da cəmiyyətdə yüksək rəğbətlə qarşılanmışdır.

Sevindici məqam, həm də uşaq və yeniyetmələrə qayğı sahəsində dövlət siyasətinin ardıcıl mahiyyət daşımasıdır. Ölkənin gələcəyini respublikamızın zəngin təbii sərvətləri ilə deyil, güclü insan kapitalı ilə bağlayan cənab İlham Əliyev məktəbəqədər təhsil müəssisələrində, sonrakı mərhələdə isə ümumtəhsil məktəblərində uşaqlara lazımi bilik və vərdişlərin aşılanmasını, onların cəmiyyət üçün layiqli vətəndaş və şəxsiyyət kimi yetişdirilməsini vacib sayır.

 

Qlobal çağırışlara çevik reaksiya

 

Fərqində olmasaq da, qloballaşan dünyamızda informasiya-kommunikasiya texnologiyalarının kosmik sürətlə inkişafı, habelə kütləvi mədəniyyət təzahürlərinin geniş “meydan sulaması” Azərbaycana da mənfi təsirini vurur. Dövlətlər arasında sərhədlər aradan qalxdıqca mədəniyyətlər arasında fərqlər azalır. Qloballaşmanın, virtual məkanın cəmiyyətə gətirdiyi yeni reallıqlar uşaq və yeniyetmələrin sağlam ruhda, yüksək milli-mənəvi və ümumbəşəri humanist dəyərlər əsasında təlim-tərbiyəsi işinə yeni yanaşma tələb edir. Milli azərbaycanlı obrazının qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi, milliliklə bəşəriliyin uğurlu sintezinin təmin edilməsi vacib şərtlərdən biridir.

Aidiyyəti dövlət qurumları ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu da fəaliyyət göstərdiyi cəmi 2 il müddətində cəmiyyətdə uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafına, hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsinə, intellektual səviyyələrinin, dünyagörüşünün artırılmasına, yüksək biliklər əldə etməsinə, maarifləndirilməsinə xidmət edən mühüm layihələr həyata keçirmişdir.

2014-cü ilin sentyabrından start götürən “İlboyu bilik” proqramı çərçivəsində həyata keçirilən “Qardaşlaşmış məktəblər” layihəsinin əhəmiyyətini bu baxımdan xüsusi vurğulamaq lazımdır. Layihənin əsas məqsədi müstəqil Azərbaycanın tərəqqisi, cəmiyyətimizin maariflənməsi işində yardımçı olmaq; yeniyetmə və gənclərin biliklərə yiyələnməsinə, ölkəmizin multikultural mühitinə, dini və etnik müxtəlifliyinə əyani şahid olmasına dəstək vermək; dövlətçilik, vətənsevərlik, tolerantlıq ideyalarının, habelə ümummilli lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq məfkurəsinin daha dərindən öyrənilərək yayılmasına; məktəblilərin ölkəmizin bütün guşələrində geniş vüsət alan quruculuq, abadlıq işləri ilə daha yaxından tanış olmasına; bölgələrimizin tarixi, mədəniyyəti, məişəti və etnoqrafiyasına dair biliklərə yiyələnməsinə yardımçı olmaqdır. Layihə çərçivəsində qısa müddətdə paytaxtda və rayonlarda fəaliyyət göstərən 41 məktəb arasında qardaşlaşma sazişi imzalanmışdır.

Qardaşlaşma mərasimlərində təşkil olunmuş maraqlı, rəngarəng proqramda layihə iştirakçısı olan məktəblilərə üzərinə Bilik Fondunun loqosu həkk olunan geyim dəstləri paylanır, Heydər Əliyev mərkəzlərində, park və xiyabanlarda yerli ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilir, tarixi abidələrə, diyarşünaslıq muzeylərinə, təbiət qoynuna səfərlər təşkil olunur. Rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə “dəyirmi masa”lar, viktorinalar, idman və bilik yarışları keçirilir, qaliblərə Bilik Fondunun diplomları, qiymətli hədiyyələri verilir.

2016-cı ildən etibarən “Qardaşlaşmış məktəblər” layihəsinin formatı bir qədər də genişlənmiş və beynəlxalq arenaya çıxmışdır. Xüsusi vurğulamaq istərdik ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ili “Multikulturalizm ili” elan etməsi ilə əlaqədar layihənin qarşısında geniş üfüqlər açılmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qardaşlaşmış məktəblər” layihəsi ilk dəfə olaraq Azərbaycan məktəbliləri ilə yanaşı, Türkiyə və Rusiya məktəblilərinin iştirakı ilə gerçəkləşdirilmişdir. Fevral ayının 13-dən 16-dək Moskva şəhərinin 1273 nömrəli ingilis dili təmayüllü məktəbinin, Ankara şəhərinin “Heydər Əliyev ilkokulu”nun, Bakı şəhərinin 189-190 nömrəli tam orta məktəbin  və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin şagirdləri arasında qardaşlaşma sazişi imzalanmışdır.

Bundan başqa, Bilik Fondu istedadlı uşaqların sərgilərini keçirir, balaca rəssamlara dəstək olur. “Vətənin pərvəri ol”, “Kitabi-Dədə Qorqud uşaqların gözü ilə”, “Fidanların çiçək dünyası”, “Xalq nağıllarımız balacaların fırçasında” mövzusunda sərgilər 6 yaşından yuxarı uşaqların estetik ruhunun göstəricisi olmaqla yanaşı, həm də balacaların istedadını stimullaşdırır. Uşaqların kitaba, mütaliəyə marağının artırılması məqsədilə də silsilə tədbirlər, “dəyirmi masa”lar təşkil olunur, uşaq yazarları ilə görüşlər keçirilir. Həmçinin məktəblilərin vətənpərvərlik ruhunda tərbiyə olunmaları üçün onların Azərbaycan İncəsənəti Muzeyinə, Tarix Muzeyinə, Xalça Muzeyinə, Teatr Muzeyinə, Hərb Tarixi Muzeyinə, Qubadakı Soyqırımı Memorial Kompleksinə mütəmadi səfərləri təşkil olunur. Uşaq və yeniyetmələr vaxtaşırı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, Muğam Mərkəzində maraqlı tamaşalara dəvət olunurlar.

Valideyn qayğısından məhrum olan uşaqlar da Bilik Fondunun diqqət mərkəzindədir. Fondun əməkdaşları və könüllülər birliyinin üzvləri tez-tez uşaq evlərinə gedir, onların hərtərəfli inkişafı üçün müxtəlif tədbirlər keçirirlər. 

Onu da bildirək ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı 15 may 2016-cı il tarixdə Bilik Fondunda və Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində ibtidai sinif şagirdləri ilə uşaq yazarlarının görüşü keçirilmiş, Sevinc Nuruqızı, Reyhan Yusifqızı, Gülzar İbrahimova uşaqlara öz nağıllarını, şeirlərini oxumuşlar. Uşaqların ifasında onların şeirləri, nağılları dinlənilmiş, öz növbəsində yazarlar uşaqlara öz kitablarını hədiyyə etmişlər. Həmçinin F.Köçərli adına Respublika Uşaq Kitabxanasında yazar Sevinc Nuruqızı ilə balaca oxucuların “İmzalı görüş”ü keçirilib. Balaca kitabsevərlərə kitabxananın tarixi, uşaq ədəbiyyatı ilə bağlı ətraflı məlumat verilib.

Uşaqların Beynəlxalq Müdafiəsi Günü SOS uşaq kəndində də qeyd edilmişdir. Bilik Fondunun təşəbbüsü ilə Dövlət Pantomima Teatrının 45 dəqiqəlik “Fəlakət” tamaşası SOS-da yaşayaraq tərbiyə alan uşaqların qarşısında oynanılmışdır.

 

*  *  *

 

Bütün bunlar deməyə əsas verir ki, dövlət başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi uşaq və gənclər siyasətinin əsasında bir ali məqsəd dayanır: ölkənin gələcəyi olan uşaq və gəncləri istər fiziki, istər mənəvi-intellektual baxımdan sağlam görmək, milli genefondun saflığını təmin etmək! Bu xoşməramlı məqsəd ölkə vətəndaşları tərəfindən də alqışlanır, böyük rəğbətlə qarşılanır. Əminliklə demək olar ki, ölkəmizin iqtisadi imkanları artdıqca uşaqların fiziki və mənəvi sağlamlığı yönümündə həyata keçirilən tədbirlər daha da geniş vüsət alacaqdır.

İsaxan VƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti yanında
Bilik Fondunun aparat rəhbəri,
hüquq üzrə elmlər doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında