Vətənini azad və bütöv, xalqını həmrəy və xoşbəxt görmək istəyən şair Sabir Rüstəmxanlı – 70

Azərbaycanın tanınmış şair- publisisti, mili azadlıq hərəkatı və torpaqlarımızın bütövlüyü uğrunda mübarizənin öncüllərindən biri, Vətəndaş Həmrəyliyi Partiyasının və Dünya Azərbaycanlıları Konqresinin sədri, sabiq millət vəkili Sabir Rüsəmxanlının anadan olmasının 70 illiyi ölkəmizdə və qardaş Türkiyədə sevgi və təntənələrlə qeyd olundu.

Yubiley mərasimlərində səslənən mülahizələrdə, mətbuatda və teleradioda yayımlanan materiallarda vətəndaş şairin zəngin bioqrafiyası, sonsuz yurd sevgisi,   yetkin ictimai amalı, coşğun bədii yaradıcılığı diqqət mərkəzində oldu, soydaşımıza möhkəm cansağlığı, amallarına və arzularına çatması arzulandı.

Yubiley təntənələrində səslənən açıqlamalara qoşularaq, oxucularımıza xatırladırıq ki, Sabir Rüstəmxanlı 1946-cı il may ayının 20-də Yardımlının Hamarkənd kəndində anadan olub. Orta təhsilini 1963-cü ildə Yardımlı qəsəbə onbirillik məktəbində başa vurduqdan sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə tələbəlik illərindən başlayıb. 1967-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işə qəbul edilib, 1978-ci ilədək bu  redaksiyada müxbir və şöbə müdiri çalışıb. 1974 – 1975-ci illərdə ordu sıralarında xidmət edib. 1976-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib, “Molla Nəsrəddin və folklor” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi alıb.

Erkən yaşlarından ədəbi fəaliyyətlə məşğul olan şair- publisist tələbəlik illərindən özünü milli məfkurəli və istedadlı qələm sahibi kimi tanıdıb. 1978 – 1989-cu illərdə yeni yaradılmış nüfuzlu “Yazıçı” nəşriyyatının baş redaktoru olub. Bu illərdə ədədi- mədəni aləmdə özünü yeni nəsil yazarların seçilən nümayəndəsi kimi təsdiqləyən Sabir Rüstəmxanlı  yüzlərlə bədii,  elmi, ədəbi-tənqidi, publisistik yazı çap etdirib. İlk kitabı 1970-ci ildə nəşr edilib. O vaxtdan bəri Azərbaycanda, Türkiyədə, Rusiyada, İsveçdə 20-dən artıq şeir, nəsr, publisistika kitabları nəşr edilib. Bir sıra əsərləri ona yüksək populyarlıq qazandırıb, Azərbaycanın yüksək ədəbi mükafatlarına layiq görülüb.

Sabir Rüstəmxanlı 1988-ci ildə başlanan milli azadlıq hərəkatının təşkilatçılarından və liderlərindən, ilk vaxtlar mütərəqqi və birləşdirici rol oynayan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından olub. Yurdsevər yazar 1989-cu ildə Azərbaycanda ilk müstəqil, demokratik qəzet olan “Azərbaycan”ı təsis edib, iki il onun baş redaktoru olub.

1990-cı ildə Azərbaycan Xalq Cəbhəsindən respublika parlamentinə deputat seçilən mübariz şair demokratik deputat fraksiyasının həmsədri, qaçqınlarla iş komissiyasının sədri, Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri olub. Sabir Rüstəmxanlı 1991– 1995-ci illərdə müstəqillik qazanmış ölkənin hökumətində ilk mətbuat və informasiya naziri vəzifəsini tutub.1992-ci ildə bir qrup ziyalı ilə Vətəndaş Həmrəyliyi Partiyasını təsis edib, bu günə qədər partiyanın sədridir.

Dünya Azərbaycanlıları konqresinin yaradıcılarından, öncüllərindən və həmsədrlərindən biri kimi dünyanın otuz beşə yaxın ölkəsində xalqımızın taleyi ilə bağlı çıxışlar edib, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına çalışıb.

Vətənini azad və bütöv, xalqını həmrəy və xoşbəxt görmək istəyən şairin zəngin yaradıcılığı azərbaycançılq məfkurəsinin estetik qaynaqları sırasında layiqli yer tutur. Şair- publisistin “Tanımaq istəsən”, “Xəbər gözləyirəm”, “Gəncə qapısı”, “Sağ ol, ana dilim!”, “Qan yaddaşı”, “Zaman məndən keçir” və sair şeir kitabları, “Bütövlük”, “Didərginlər”, “Cavad xan”, “Orxonla görüş” poemaları, “Bu sənin xalqındır” publisistik toplusu, “Atamın ruhu”, “Xətai yurdu”, “Göy Tanrı”, “Ölüm Zirvəsi (Cavad xan)”, “Difai fədailəri”, “Sunami” romanları və digər əsərləri çağdaş ədəbiyyatımızın xəzinəsinə daxil olub, müəllifini yüksək ideallar, istiqlaq məfkurəsinə estetik dəyər qazandıran sənətkar olaraq ədəbi prosesin mərkəzi fiqurlarından birinə çevirib. Ədibin “Ömür kitabı” adlı əsəri Azərbaycanda xalqın milli və yurdsevərlik duyğularının oyanmasında ciddi rol oynayıb və 1988-ci il milli azadlıq hərəkatının mənəvi təməllərindən biri olub.

Bəşəri ideyaları yüksək tutan soydaşımızın əsərləri dünya xalqlarının dillərinə də tərcümə olunub. Bir sıra sənədli və bədii filmlərin ssenari müəllifidir. Sabir Rüstəmxanlıya 2005-ci ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib.

Türkolji araşdırmaları, türkçülük hərəkatına dərin bağlılığı Sabir Rüstəmxanlıya türkdilli ölkələrdə, xüsusən, qardaş Türkiyədə böyük hörmət və şöhrət qazandırıb. Elə buna görə də tanınmış şair və ictimai xadimin 70 illik yubileyinə həsr olunmuş təntənəli məclislərdən biri türk dünyasının mənəvi paytaxtı sayılan İstanbulda keçirildi.

Xəbər verildiyi kimi, mayın 14-də İstanbul Böyük  Şəhər Bələdiyyəsi “Fatih” Mədəniyyət Mərkəzində “Sabir Rüstəmxanlının 70 yaşına” adlı yubiley tədbiri keçirib. Böyükşəhər Bələdiyyəsinin əməkdaşı, yazar Özcan Ünlü azərbaycanlı şairin öyünclü tərcümeyi-halını oxuyandan sonra onun yaradıcılığı barədə danışıb. TDAV başqanı Közhan Yazgan atası Turan Yazganın 1989-cu ildə  Türkiyədən Bakıya  heyət aparmasından sonra Sabir Rüstəmxanlı ilə aralarında yaranmış dostluğun bu gün də davam etməsindən məmnuniyyət duyduqlarını deyib.

Akademik, millət vəkili Rəfael Hüseynov mərasimdəki çıxışında Sabir Rüstəmxanlının sovet dövründəki  yaradıcılığının və fəaliyyətinin milli cəhətləri  barədə fikirlərini mərasim iştirakçıları ilə bölüşüb. 

Mərasimdə çıxış edən Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun direktoru, professor Gülşən Alışık isə Sabir Rüstəmxanlının şeirlərinin poetik xüsusiyyətləri barədə dinləyicilərə geniş məlumat verib. İzmirdəki 9 Eylül Universitetinin professoru Əli Yavuz Akpınar Sabir Rüstəmxanlı ilə Bakıda  1978-ci ildə  başlayıb  bu günə qədər davam edən dostluqlarından bəzi fraqmentləri dinləyicilərlə  bölüşüb.

Professor Firudin Cəlilov isə Azərbaycanın müstəqilliyinə doğru gedən yolda Sabir Rüstəmxanlı ilə birgə fəaliyyətlərinə dair xatirələrindən bəzi fraqmentlər danışıb: “Müstəqilliyimizə doğru gedən yolda biz Sabir bəylə çox sıxıntılar çəkdik, çox təzyiqlərə məruz qaldıq. Ancaq ən böyük arzumuz olan milli dövlətimizə qovuşduq”.

Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov Sabir Rüstəmxanlının Azərbaycan milli təfəkkürünün inkişafında rolu barədə danışıb.  Mərasimdə Azərbaycanın “Savalan” musiqi qrupu və müğənni Elçin Cəfərov Sabir Rüstəmxanlının şeirlərinə bəstələnmiş mahnıları səsləndiriblər.  Mərasimin sonunda çıxış edən Xalq şairi Sabir Rüstəmxanlı TDAV-a və İstanbul metropol bələdiyyəsinə təşəkkür edərək bir neçə şeirini oxuyub. Türkiyədəki bəzi QHT-lər Sabir Rüstəmxanlıya xatirə plaketləri təqdim ediblər.  Sabir Rüstəmxanlının İstanbul metropol bələdiyyəsi tərəfindən 10 min tirajla çap edilmiş “Yurdumun en güzel nağmesi” şeirler kitabı mərasim iştirakçılarına təqdim edilib.

Mayın 25-də isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Sabir Rüstəmxanlının anadan olmasının 70 illik yubileyi təntənə ilə qeyd olunub.

KİV- də geniş yayılmış məllumatda bildirilir ki, Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi mərasimdə respublikanın bir sıra tanınmış elm, mədəniyyət və ictimai-siyasi xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin üzvi, şair, yazıçı-publisist İlqar Fəhmi yubiley çıxışışında Sabir Rüstəmxanlının mənalı həyat yolundan və əhatəli yaradıcılığından söz açıb.

Məclisdə qeyd olunub ki, şairin vətənpərvərlik hissləri ilə yoğurulan şeirləri ədəbiyyatımızda xüsusi yer tutur. O, ana dilini varlığı qədər sevir və sevdirməyə çalışır. Sabir Rüstəmxanlının əsərləri Azərbaycan dilinin və bədii fikrinin zənginləşməsi baxımından seçilir, milli dəyərlərimizi və tariximizin taleyüklü məqamlarını özündə ehtiva edir.

Yubiley gecəsinin qonağı Türkiyənin Böyükşəhər Bələdiyyəsi rəhbərinin mədəniyyət üzrə müşaviri, şair-publisist Özcan Ünlü, Tatarıstanın Xalq şairi Robert Minluri, “Xudojestvennaya literatura” nəşriyyatının direktoru Georgi Pryaxun və başqaları S. Rüstəmxanlının Azərbaycanın və türk dünyasının ictimai və ədəbi həyatında oynadığı roldan danışıblar, yubilyarın şəxsiyyəti  barədə xoş sözlər söyləyiblər.

Sonda çıxış edən Xalq şairi mərasimin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.  Yubilyar 70 illik həyatında insanların sevgisini qazandığına görə özünü xoşbəxt hiss etdiyini qeyd edib: “Bu günlərdə Azərbaycan mətbuatında mənim haqqımda çoxsaylı yazılar yazılıb və bu yazıların heç biri saxta, boğazdan yuxarı deyil. Sevinirəm ki, bu sevgini qazanmışam. Bundan böyük xoşbəxtlik yoxdur. Bu tədbirdə bütün türk dünyasından qonaqlar iştirak edir. Əziyyət çəkib gələn, məni qiymətləndirən hər kəsə minnətdarlığımı bildirirəm”.

Məclis yubilyarın məramını və yaradıcılığını əks etdirən konsert proqramı ilə davam edib.

Hazırladı:
Tahir AYDINOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında