Müsəlman dünyasında ilk demokratık respublikanın yarandığı gün – 28 May Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın parlamentə göndərdiyi müraciət ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb.
Azərbaycanda bu gün hamı haqlı olaraq hesab edir ki, Mehriban xanımın ümumbəşəri ideyaları yaşadan Heydər Əliyev siyasətinin humanizm, mərhəmət və insanpərvərlik ənənələrini əsas götürərək irəli sürdüyü təşəbbüs tarixi hadisədir. Sözügedən amnistiya ilə bağlı qərar layihəsi, eyni zamanda, Azərbaycan dövlətinin humanizm prinsipinə sadiqliyi və ölkəmizdə demokratik proseslərin sürətli inkişafı ilə bilavastə bağlıdır.
Amnistiya aktının mahiyyəti bir dəfə səhvə yol verən insanlara, belə demək mümkündürsə, daha bir şans yaradılması barədə mesajdır. Belə ki, həbsxanalara, cəzaçəkmə müəssisələrinə ilk dəfə düşən insanlar amnistiya aktı nəticəsində daha yaxşı islah olunurlar. Bu insanlar bağışlanırsa, cəmiyyətdə də, ailədə də onlara həyatlarını yenidən qurmaq üçün şans verilməlidir. Bu amnistiya aktının Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə və yaxınlarına şamil olunması özü də önəmli hadisədir.
Burada bir məqamı da qeyd etmək istərdim. Artıq neçə ildir ki, amnistiya aktlarının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsi Mehriban xanım Əliyevanın xeyirxahlığının, mərhəmətinin bariz ifadəsidir və bu, onun xalqımızın sevimlisinə çevrilməsində mühüm rol oynayıb. Bu il may ayının 20-də qəbul olunan qərar layihəsi də humanistliyin bir daha sübutuna çevrilib.
Xatırladım ki, Milli Məclis tərəfindən qəbul edilən 2007-ci il 8 may tarixli qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il 7 may tarixli qərarla 10 min 40 məhkum barəsində amnistiya tətbiq edilib. Azərbaycanın birinci xanımının 28 May – Respublika Günü münasibətilə Milli Məclisə göndərdiyi amnistiya aktının təsdiqi isə 3500 məhbusun azadlığa qovuşması ilə nəticələnəcək. Yeri gəlmişkən, amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak edən, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülən və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.
Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilən, cəzasının çəkilməsi təxirə salınan, şərti məhkum edilən və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir.
Eyni zamanda, bu qərar qüvvəyə mindiyi günədək cəzasının çəkilməyən hissəsi 6 aydan artıq olmayan şəxslər (amnistiya tətbiq olunmasına məhdudiyyətlər nəzərə alınmaqla) təyin olunan cəzalardan azad ediləcəklər. O cümlədən, 4 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan şəxslərin cəzalarının bu qərar qüvvəyə mindiyi günədək çəkilməyən hissəsi 6 aydan artıq olduqda çəkilməyən cəza 6 ay azaldılacaq.
Qərara əsasən, intizam xarakterli hərbi hissədə saxlama cəzasının bu qərar qüvvəyə mindiyi günədək çəkilməyən hissəsi 1 ildən 2 ilədək olan şəxslər, əsas cəza kimi 2 min manatdan artıq miqdarda cərimə cəzası təyin edilən şəxslər, azadlıqdan məhrum etmə cəzasına şərti məhkum edilən şəxslər, azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilən şəxslər və azadlıqdan məhrumetmə cəzasının çəkilməsi təxirə salınan şəxslər təyin olunan cəzalardan azad ediləcəklər.
Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Respublika Günü ərəfəsində amnistiya tətbiq edilən şəxslərin azadlığa çıxması onların cəmiyyətə inteqrasiya olunmalarına, sivil Azərbaycan dövlətinin layiqli vətəndaşı kimi uca adı daşımalarına, şübhəsiz ki, təsirsiz ötüşməyəcək. Amnistiya aktı, eyni zamanda, vətəndaşların qanunlara hörmət etməsinə müsbət təsir göstərəcək. Bütün bunlarla yanaşı, humanizm, xeyirxahlıq prinsiplərini uca tutan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə cəza çəkən yüzlərlə insanın azadlığa qovuşması onların ailələrinə və yaxınlarına hədsiz sevinc bəxş edərək cəmiyyətdəki xoş əhval-ruhiyyəni daha da artıracaq.
Azər VERDİYEV,
Azərbaycan Slavyan Gəncləri
Assosiasiyası Analitik
Təhlil Mərkəzinin rəhbəri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.