Baharı bərəkətli gəldi Zərdabın...

...Hərdən zərdablı dostlarım deyirlər: “May ayı bizim rayonun cənnət vaxtıdır”. Nə qədər zarafat olduğunu deyə bilmərəm, amma bu sözlərdə daha çox həqiqət var. Bəlkə də bu, onunla  bağlıdır ki, bahar bu yerlərə daha tez qədəm qoyur. Güllər, çiçəklər min bir rəngə boyanır, quşlar sankı bu gözəlliyi vəsf edirmiş kimi nəğmə oxuyur, taxil zəmiləri, pambıq, bağ-bostan sahələri insan nəfəsi ilə isinir, cana gəlir.

Bir sözlə, hər şey bolluqdan, bərəkətdən xəbər verir. Axşamlar da ana Kür bir tərəfi Şirvana, bir tərəfi Qarabağa söykənən bu yerlərə həzin bir layla çalır. Kim bilir, bəlkə, məhəbbət və gözəllik şairimiz Vaqif bu məşhur misraları elə ilin bu çağlarında qələmə almışdı: “Kür qırağının əcəb seyrangahı var...”.

Zərdaba sonuncu səfərimiz də elə ötən ilin bu vaxtında - axarlı-baxarlı may günlərində oldu. Redaksiyadan aldığım tapşırıq lap yerinə düşmüşdü: “Kənd təsərrüfatı işlərinin gedişindən yazı hazırla”. Gəlişimizin məramı, xüsusi ilə yazımızın mövzusu, Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin də ürəyincə oldu. Qarşısındakı kağızları, rəqəm və göstəriciləri diqqətlə nəzərdən keçirdikdən sonra söhbətə başladı:

– Zərdab tarixən kənd təsərrüfatı rayonudur. Əkinçilik və heyvandarlıq bu bölgənin iqtisadiyyatında əsas yer tutur. Son illərin iqtisadi göstəriciləri, əldə edilmiş uğurlar, fakt və rəqəmlərin müqayisəli təhlili bir daha göstərir ki,  bazar iqtisadiyyatı, azad sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı öz müsbət nəticələrini verir. Prezident İlham Əliyevin ölkənin kənd təsərrüfatının, xüsusilə taxılçılığın inkişafı ilə bağlı imzaladığı fərman və sərəncamlar, yerlərdə iri fermer təsərrüfatlarının yaradılması istiqamətində verdiyi tapşırıqlar, göstərdiyi gündəlik diqqət, məsləhət və tövsiyələri fəaliyyətimizin əsas istiqamətini təşkil edir.

Tərəddüdsüz deyə bilərəm ki, builki göstəricilərimiz daha yüksək olacaqdır. Üstəlik, rayonumuz üçün xarakterik olan, ancaq nədənsə unudulmuş sahələrdə - pambıqçılıqda, baramaçılıqda yeni hədəflər müəyyən olunmuşdur.  Axı, bu ənənəvi sahələr əvvəllər bizdə yüksək inkişaf etmişdi, adamlarımızda tarixən həm pambıqçılığa, həm də baramaçılığa böyük həvəs və maraq olub və indi də var.

Kəndlərdə olduq, ayrı-ayrı təsərrüfat sahələrinə baş çəkdik, fermerlərlə, sahibkarlarla iş üstündə görüşdük, söhbətlər etdik. Gördüklərimizə, müşahidə etdiklərimizə əsasən deyə bilərik ki, bu ilin baharı Zərdab əməkçiləri üçün barlı-bərəkətli sabahın müjdəsini verir.

Bütün bunlarla yanaşı, Zərdabda yaxın keçmişin ənənəvi sahələrindən olan pambıqçılığa və baramaçılığa olan münasibətin hazırda köklü şəkildə dəyişdiyini ayrıca qeyd etmək istərdim. Məsələn, cari ildə rayon üzrə 854 hektar sahədə pambıq əkilmişdir. Mütəxəssislər hər yerdə ilk çıxışın yaxşı olduğunu söyləyirlər. Dəkkəoba kəndində olarkən biz də bunun şahidi olduq.

Fermer Elxan Məmmədovla görüşüb işlərin vəziyyəti ilə maraqlanırıq. O, durna qatarını xatırladan cərgələrə baxa-baxa həvəslə söhbətə başlayır:

– Vaxt vardı Kürə qədər uzanan bu sahələrin hamısında pambıq əkirdik. Yaxşı yadımdadır, 1982-ci ildə bizim rayonda 32 min ton pambıq istehsal olunmuşdu. Bilirsinizmi, bu, nə demək idi? Bax, bu gördüyünüz evlərin çoxu o illərdə tikilmişdi. Məhsulu yığıb-yığışdırmaq olmurdu. Deməli, gəlirmiz, qazancımız da çox idi. Təəssüf ki, 80-ci illəri axırlarında bütün sahələrə olduğu kimi, pambıqçılığa da münasibət dəyişdi. Daha doğrusu, hazır məhsulu alan olmadı. Alan da pulunu vermədi. Beləcə, qiymətli, sərfəli bir sahə unuduldu. Təsəvvür edin ki, ötən il bizim rayonda cəmi 5-10 hektar pambıq əkilmişdi. İndi isə vəziyyət başqadır. Görürük ki, dövlət başçısı diqqət yetirən kimi, bu sahəyə münasibət dəyişib, məhsulu alan var. İndi bizdə elə bir kənd yoxdur ki, orada pambıq əkilməsin. Mən özüm 55 hektarda pambıq əkmişəm. Sağlıq olsun, məhsul yığımında görüşərik.

Yolumuz Qoşaoba kəndinədir. Burada da son illər  ilk dəfə pambıq əkini aparılıb. Öyrəndik ki, Namiq Aslanov qabaqcıl fermerlərdən biridir. Ən çox pambıq da elə onun sahəsində əkilmişdir. Tanış oluruq. Sevincini gizlədə bilmir.

– Gözümüzü açandan bu sahələrdə pambıq əkilib becərildiyini görmüşük. Bu qiymətli məhsulun, necə deyərlər, dilini yaxşı bilirik, bol məhsul yetişdirməyin sirlərinə bələdik. Ona görə də eşidəndə ki, pambıqçılığa münasibət dəyişib, dərhal qərarımızı verdik. Pambıq zavodu ilə 40 hektara müqavilə bağlamışıq. Səpini də vaxtında və keyfiyyətlə aparmışıq. Yaxşı çıxış alınıb. Artıq ilk becərmə tədbirlərinə başlamışıq. Texnika, gübrə sarıdan da çətinliyimiz yoxdur. Deməli, bol məhsul götürmək üçün hər cür imkanımız var.

Biz rayonun Körpükənd, Nəzəralılı, Şıxbağlı, Məlikli, Birinci Alıcanlı kəndlərində də olduq. Bir tərəfdən pambıq əkilmiş sahələr, digər tərəfdən artıq saralmaqda olan taxıl zəmiləri göz oxşayır. Hamı tarlada, iş üstündədir. Kənd adamı yaxşı bilir ki, son nəticə bu gün aparılan becərmə işlərinin keyfiyyətindən çox asılıdır. Bol məhsulun isə bol gəlir və firavan həyat demək olduğunu kim bilmir ki?

Zərdab rayonu ötən əsrin 70-80-ci illərində respublika üzrə həm də ən çox barama istehsal edən rayonlardan biri olmuşdur. Maraqlıdır ki, bu ənənəvi sahə də unuduldu. Emal müəssisələri işini dayandırdı. Hazır məhsula sahib çıxan olmadı.

Bu gün tam başqa bir mənzərənin şahidiyik. Bizi ən çox toxum götürən baramaçılarla tanış etdilər. Məlum olur ki, əvvəllər də rayonun qabaqcıl kümçülərindən hesab olunan Dəkkəoba kəndindən Əliyusif Əliyev 100 qram toxum götürüb. Onu tanıyanlar deyirlər ki, o biləndə rayonda barama toxumu paylayırlar, tərəddüd etmədən müqavilə bağladı, həvəslə işə başladı. Bizimlə görüşündə sabaha daxilən böyük bir əminlik duyulurdu söhbətində:

– Hər sahədə olduğu kimi, baramaçılıqda da əsas məsələ bol yem bazasıdır. Əvvəllər həyətyanı sahələrdə,  yol kənarlarında tut bağları vardı. Sonralar baramaçılığa münasibət dəyişdi. Tut bağları da çox yerdə sıradan çıxdı. Ancaq bağları qoruyub saxlayanlar da oldu. Məsələn, bizim kənddə bu sahədə heç bir çətinlik yoxdur.

Bizə məlumat verdilər ki, Körpükənd rayon üzrə ən çox barama toxumu götürən kəndlərdən biridir. Kümçü Abdulla Həsənovla söhbətdən də aydın oldu ki, burada baramaçılığa maraq çox güclüdür:

– Baramaçılıq təsərrüfatın ən gəlirli sahələrindən biridir. Belə ki, cəmi bir ay-ayyarım zəhmət çəkirsən, amma  az qala bir ailəyə illik bəs edə biləcək qazanc götürə bilirsən. Bundan asan, bundan sərfəli nə ola bilər? Ancaq təəssüf ki, belə bir sərfəli sahə yaddan çıxdı, bazarı bağlandı. Buna baxmayaraq, baramaçılığa olan həvəs və maraq ölmədi. Mən özüm bu il 60 qram barama toxumu götürmüşəm. Yem bazasından da çətinliyimiz yoxdur. Yaxşıdır ki, tut bağlarını qoruyub saxlaya bilmişik.

Biz rayonda zəhmətkeşlərin ənənəvi pambıqçılığa və baramaçılığa qayıdışı səbəbindən, bu sahələrdəki vəziyyətə, işlərin gedişinə daha çox diqqət çəkdik. Ancaq kənd təsərrüfatının digər sahələrinə münasibət heç də arxa plana keçməyib və gerçək vəziyyət dərin razılıq doğurur. Vaxtında həyata keçirilən mövsümi tədbirlər yüksək məhsuldarlığın olacağından xəbər verir. Digər tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişaf etdirilməsi, bu kimi sahələrə sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Zərdab Rayon İcra Hakimiyyəti başçısının 4 fevral 2016-cı il tarixli sərəncamı ilə xüsusi qərargah yaradılmışdır.

Xüsusi qərargahın həftədə bir dəfədən az olmayaraq, keçirilən iclaslarında görülən işlər təhil olunur, növbəti mərhələdə həllivacib olan məsələlər, yeni vəzifələr konkretləşdirilir, görüləcək işlər müəyyənləşdirilir. İndiyə kimi rayonun Çalı, Gödəkqobu, Əlvənd, Məlikli, Dəkkəoba, Şıxbağı, Kəndəbil, Ağabağı, Nəzəralılı, Qaravəlli, Birinci Alıcanlı, İkinci Alıcanlı kəndlərində kənd təsərrüfatı məhsulları istehsalçıları və MKT İK MMC-nin MKT Ucar filialının nümayəndələri ilə görüşlər keçirilmiş, məhsul istehsalının artırılması istiqamətində görülən işlər təhlil olunmuş, bu işin səmərəliliyinin daha da artırılması üçün tədbirlər müəyyənləşdirilmiş, fermerlərin qaldırdıqları məsələlərin həlli üçün əlaqədar təşkilatlara konkret tapşırıqlar verilmişdir.

Həyata keçirilən tədbirlər nəticəsində rayonda 906,6 hektarda təzə yonca, 195,1 hektarda kartof, 178,9 hektarda bostan, 51,5 hektarda çəltik, 151,5 hektarda tərəvəz, 20 hektarda yazlıq arpa, 31 hektarda günəbaxan, 267 hektarda qarğıdalı və s. yetişdirilmişdir. Ümumiyyətlə, yazlıq əkinlərin aparılması üçün 2667,7 hektarda şum aparılmışdır. 2016-cı ildə pambıq emalı müəssisələri, o cümlədən CTZ-Aqro MMC, MKT İK MMC, “Zərdab pambıq” ATSC ilə istehsalçılar arasında ümumilikdə 854,9 hektar pambıq əkini üzrə müqavilə bağlanmışdır.

Qərargah tərəfindən rayonda balıqçılığın inkişaf etdirilməsi imkanları da təhlil edilmiş, bu sahədə böyük perspektivlərin olduğu nəzərə alınaraq rayon ərazisində 20-dən çox balıq yetişdiriləcək gölün yaradılması istiqamətində işlərə başlanmışdır. Artıq ümumi sahəsi 19,8 hektar olan 3 balıq gölü yaradılmışdır. Hazırda həmin göllərdə balıq yetişdirilir.

Azərbaycanda qədim ənənələrə malik olan ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrasının təmin edilməsi məqsədi ilə rayonda barama qurdunun bəslənilməsi üçün tut ağaclarının əkin sahəsi dəqiqləşdirilmiş, ayrı-ayrı inzibati ərazilərdə bəldiyyə mülkiyyətində, vətəndaşlara məxsus pay və icarə torpaqlarının kənarlarında, həyətyanı sahələrdə yerləşməklə 18 hektara yaxın ərazidə 16 min 322 tut ağacının olduğu müəyyənləşdirilmişdir.  Rayon üzrə 20 qutu nəzərdə tutulduğu halda, kümçülərin müraciətini nəzərə alaraq Qax Damazlıq İpəkçilik Stansiyasından 150 qutu inkubasiya olunmuş barama qurdu toxumu gətirilərək paylanmış, kümçülərlə “Şəki-İpək” ASC arasında müqavilələr bağlanmışdır. Bu sahənin fəaliyyətə başlaması ilə ilkin olaraq 225 yeni iş yeri yaradılmışdır.

Onu da əlavə edək ki, qərargah tərəfindən yerlərdə aparılmış araşdırmalar nəticəsində müxtəlif sahələrdə istifadə edilməyən min hektarlarla torpaq sahəsi müəyyənləşdirilmiş və həmin sahələrin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlərə başlanmışdır.

Respublika Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə yaradılmış işçi qrupunun rəhbəri Azər Əmiraslanov və qrupun üzvləri rayonda kənd təsərrüfatı sahəsində aparılan işlərin gedişi ilə yerlərdə yaxından tanış olmuşlar. Sonra işçi qrupun üzvləri ilə Heydər Əliyev Mərkəzində kənd təsərrüfatı məhsulları istehsalçıları, yerli icra və bələdiyyə orqanlarının rəhbərləri arasında da görüş keçirilmişdir. Açıq diskussiya şəraitində keçən görüşdə sahibkarların, fermer təsərrüfatların rəhbərlərinin təklifləri dinlənilmiş və sualları cavablandırılmışdır.

... “Baharın səxavəti payızın barında bilinər” deyiblər. Zərdaba gəldiyimiz gün bu elin çölündə-çəmənində, zəmisində-tarlasında, bağında-bostanında  baharın səxavətini gördük və bərəkətdən soraq verən əhvalına sevindik. Kəndlərdə olduq, işlərin gedişi ilə maraqlandıq, taxılçılarla, pambıqçılarla, baramaçılarla görüşdük. Hamıda bu bahar səxavətinin bərəkətinə böyük inamın və sevincin şahidi olduq. Ayrılarkən içimizdən bir alqış keçdi bu bahara da, bu insanlara da. Anamız torpaqdan səxavəti, onu əlinin halal zəhmətilə əkib-becərən insanlardan bərəkəti əskik olmasın baharın, dedik ...

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında