“Təki Vətən sağ olsun!”

Dünən Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı aprel döyüşlərində qəhrəmanlıqla həlak olmuş əsgər Rəşad Şakir oğlu Niftalılının yaşadığı evin həyəti yüzlərlə insanın toplaşdığı və üçrəngli bayraqlarımızın dalğalandığı möhtəşəm bir meydana çevrilmişdi.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Fuad Muradov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin nümayəndələri bu gün şəhidin 40 mərasiminə toplaşmışdılar.

 Müdafiə Nazirliyinin nümayəndəsi toplantı iştirakçıları qarşısında çıxış edərək bildirdi ki, Azərbaycan Ordusunun cəsur əsgərlərindən olan 1993-cü il təvəllüdlü Rəşad Şakir oğlu Niftalılı bu ilin aprelində Silahlı Qüvvələrimizin düşmənə əks həmlə endirərək işğal altındakı  bir sıra strateji məntəqələrimizi geri qaytararkən Selsulan ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olmuşdur. Onun döyüşlərdə göstərdiyi şücaət ordu komandanlığı tərəfindən yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikasının Prezidenti adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilmişdir.

Sonra Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov şəhid Rəşad Niftalılının layiq görüldüyü medalı, valideynlərinin iştirakı ilə onun qardaşı Tural Niftalılının döşünə taxdı və təltif kitabçasını ona təqdim etdi. Vətən uğrunda şəhid olmuş qəhrəmanın anası oğlunun layiq görüldüyü medalı öpərək kövrək səslə yalnız “Təki Vətən sağ olsun” sözlərini deyə bildi.

Toplantıda çıxış edən icra başçısı Razim Məmmədov qeyd etdi ki, ordumuzun Rəşad kimi mərd və cəsur əsgər və zabitləri aprel zəfəri ilə namərd erməni işğalçılarına göstərdilər ki, Azərbaycanın Silahlı Qüvvələri istənilən məqamda torpaqlarımızı mənfur düşməndən azad etməyə hazırdırlar. Adı dövlətçiliyimizin qorunması tarixinə düşən şəhidlərimizin döyüş yolu bu gün əsgər olmağa hazırlaşan minlərlə gəncə böyük örnəkdir.

Natiq çıxışının sonunda qeyd etdi ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi həmişə əziz tutulur, onların adları əbədiləşdirilir, şəhid ailələri isə daim ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub.

 Mərasimdə çıxış edən  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisin deputatları Hüseynbala Mirələmov, Hadi Rəcəbli, Fuad Muradov və başqaları bildirdilər ki, bu gün Azərbaycan əsgərinin nəyə qadir olduğunu Silahlı Qüvvələrimiz aprel döyüşlərində düşmənə vurduqları agır zərbələrlə tarixə yazdılar. Bu qələbə müstəqil dövlətçiliyimizin, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qələbəsi idi. Bu qələbəni yazan hər bir əsgərin tariximizin şanlı səhifəsində öz yeri olacaq. Ən yüksək yerdə isə torpaqlarımız naminə canından kemiş şəhidlərimiz olacaq.

Şəhidin atası Şakir Niftəliyev toplantıda çıxış edərək bildirdi ki, Rəşad qəlbinin və vicdanının səsi ilə orduya getdi. Torpaqlarımızın işğaldan azad olmasında iştirak etmək onun ən böyük arzusu idi. Mən elə bilirəm ki, oğlum öz arzusuna çatdı.

Şəhid atası çıxışını bu sözlərlə tamamladı: Torpaq uğrunda ölən varsa, Vətəndir. Vətən sağ olsun!

Mərasimin rəsmi hissəsi başa çatandan sonra 40 mərasimi başladı. Mərasimdə iştirak edən din xadimləri müqəddəs Qurandan surələr oxudular, ehsan süfrəsi açıldı.

İ.RÜSTƏMOV,
R.SALMANOV (foto),
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında