2016-cı ildə biz bütün maliyyə-iqtisadi sistemimizi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən təşkil etməliyik. Burada əlbəttə ki, uçot və statistika xüsusi yer tutur. Bizim statistikamız da aparıcı ölkələrin statistikasına xas olan bütün əlamətləri özündə ehtiva etməlidir. Çünki əsas budur, məlumatdır. Biz dəqiq bilməliyik harada nə işlər görülür, hansı məhsullar istehsal olunur. Əgər belə olmasa, gələcək fəaliyyətimizi planlaşdırmaq çətin olacaqdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hazırda dünya ölkələrində ərzaq təhlükəsizliyinin təmin olunması xüsusi aktuallıq kəsb edir. Bu baxımdan əhalinin etibarlı və dayanıqlı ərzaq malları ilə təminatı məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalının və ehtiyatlarının artırılması, mövcud resurslardan səmərəli istifadə olunması mühüm əhəmiyyət daşıyır.
Dünya əhalisinin hər altı nəfərindən birinin aclıqdan əziyyət çəkdiyi və onların sayının ilbəil artdığı bir zamanda ərzaq təhlükəsizliyi iqtisadi siyasətin prioritetlərindən biri hesab olunur. Əkin sahələrinin azaldığı, əhalinin sayının və tələbatının isə artması fonunda mövcud vəsaitlərdən səmərəli istifadə etməklə məhsuldarlığın artırılması, intensiv inkişafa nail olunması prioritet vəzifələrdən birinə çevrilib. Bu isə onu deməyə əsas verir ki, ixracatçı ölkələr istehsal etdikləri kənd təsərrüfatı məhsullarını tədricən daxili tələbatın ödənilməsinə yönəltməyə məcbur olacaqlar. Bütün bunlar ökəmizdə də müvafiq qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirib, bu sahə bilavasitə ölkə rəhbərliyinin diqqətində olub.
Azərbaycanda kənd təsərrüfatının inkişafının ilkin mərhələsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikamıza rəhbərlik etdiyi ilk dövrdə iqtisadiyyatın başqa sahələrində olduğu kimi, kənd təsərrüfatında da yaranmış vəziyyət ciddi təhlil edilmiş, kompleks tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Məhz Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda çoxsaylı qərarlar qəbul edilmiş, aqrar sahənin inkişafı istiqamətində əməli işlər görülmüşdür. Həyata keçirilmiş tədbirlər öz bəhrəsini vermiş, 1969-1982-ci illərdə respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı 2,5 dəfə artmışdır.
Lakin müstəqilliyin ilk illərində postsovet respublikalarında olduğu kimi, Azərbaycanda da iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatında da ciddi tənəzzül baş verdi. Təkcə onu qeyd etmək kifayətdir ki, ötən əsrin 90-cı illərinin ilk üç ilində respublikamızda kənd təsərrüfatı məhsulunun istehsalı 32,3 faiz azalmış, əhalinin ərzaq məhsulları ilə təminatında ciddi problemlər yaranmışdı. Yalnız 1993-cü ilin yayında ümummilli lider Heydər Əliyevin xalqın təkidli xahişindən sonra respublika rəhbərliyinə qayıdışı ilə kənd təsərrüfatı sahəsi yenidən dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət MDB məkanında ilk dəfə olaraq torpaq üzərində xüsusi mülkiyyət münasibətlərinin formalaşması ilə başlanmış, ötən illər ərzində aqrar sahənin inkişafı yönümündə ciddi islahatlar həyata keçirilmişdir. Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı məqsədilə verilmiş qərarlar öz müsbət təsirini göstərmiş, əhalinin əkin-biçinə marağı yüksəlmiş, əkin sahələri artırılmış, mal-qaranın sayı çoxalmışdır. 1993-cü illə müqayisədə 2003-cü ildə taxıl istehsalı 1,8 dəfə, tərəvəz istehsalı 2,1 dəfə, meyvə və giləmeyvə istehsalı 1,7 dəfə, bostan məhsulları istehsalı 7,6 dəfə, şəkər çuğunduru istehsalı 8,9 dəfə, ət istehsalı 56,9 faiz, süd istehsalı 46,2 faiz, yumurta istehsalı isə 16,7 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirir. Təkcə onu qeyd etmək kifayətdir ki, son 10 ildə ölkə Prezidenti tərəfindən kənd təsərrüfatı ilə bağlı 80 fərman və sərəncam imzalanıb, Milli Məclis tərəfindən 8 qanun, Nazirlər Kabineti tərəfindən isə 100-dən çox qərar qəbul edilib. Ölkədə həyata keçirilən institusional islahatlar çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin 60 rayon (şəhər) idarəsi, 11 regional aqrokimya laboratoriyası yaradılıb, əhəmiyyətini itirmiş qurumlar ləğv edilib və ya yenidən təşkil edilib. Kənd təsərrüfatı üzrə maddi-texniki bazanın yaradılması, sahibkarları lizinq qaydası ilə texnika, mineral gübrə, damazlıq heyvanlar, texnoloji avadanlıqlar, suvarma sistemləri ilə təchiz etmək, istehsalçılara aşağı qiymətlərlə aqroservis xidmətlərini göstərmək üçün “Aqrolizinq” ASC yaradılıb. Kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad edilib, son beş ildə onlara dövlət büdcəsindən 549 milyon manat subsidiya, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli şərtlərlə 642,2 milyon manat, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olan istehsalçılara isə 111,9 milyon manat kredit verilib.
Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları çərçivəsində görülmüş işlər bu prosesləri daha da sürətləndirib. Ölkənin qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə olan aqrar bölmənin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatlar kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin daha da artırılmasına müsbət təsir göstərib. Belə ki, 2005-2015-ci illərdə ölkəmizdə kənd təsərrüfatının ümumi məhsulu 38,4 faiz, o cümlədən taxıl istehsalı 41 faiz, tərəvəz istehsalı 13,1 faiz, meyvə və giləmeyvə istehsalı 42 faiz, bostan məhsulları istehsalı 33,2 faiz, üzüm istehsalı 97,1 faiz, şəkər çuğunduru istehsalı 5 dəfə, ət istehsalı 50,8 faiz, süd istehsalı 53,7 faiz, yumurta istehsalı 77,6 faiz artıb. Ötən il Azərbaycanda 3 milyon ton taxıl, 35,2 min ton pambıq, 839,8 min ton kartof, 1 milyon 275,3 min ton tərəvəz, 484,5 min ton bostan məhsulları, 888,4 min ton meyvə və 157,1 min ton üzüm məhsulu toplanıb. Əvvəlki illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunun 6,6 faiz, o cümlədən bitkiçilik məhsullarının 11,3 faiz, heyvandarlıq məhsullarının 2,5 faiz artması təmin olunub.
Əldə olunmuş nailiyyətlərə baxmayaraq, hazırda daha mühüm qərarların verilməsi, bu sahənin potensialının düzgün qiymətləndirilməsi və daha yüksək nəticələr əldə etmək üçün kənd təsərrüfatına dair təqdim olunan statistik məlumatların keyfiyyəti qənaətbəxş deyil. Xatırladaq ki, Prezident İlham Əliyev 2016-cı il yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-
iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatı statistikasının təkmilləşdirilməsi ilə bağlı ciddi tapşırıqlar verib, bu sahədə dəqiq uçotun aparılması üçün təxirəsalınmaz tədbirlərin görülməsini tapşırıb. Statistika işinin aparıcı ölkələrin statistika sisteminə uyğun qurulmasını, məlumatların dəqiq müəyyən edilməsini əsas vəzifə kimi qarşıya qoyan dövlət başçısı yerli icra hakimiyyətlərinin fəaliyyətinə regionlara yönəldilmiş investisiyalara, açılmış iş yerlərinə və digər statistik məlumatlara görə qiymət veriləcəyini diqqətə çatdırıb, torpaq fondunun və torpaqdan istifadənin uçotunun düzgün aparılmasını, ilkin məlumatların keyfiyyətinin yüksəldilməsini, mühüm dövlət qərarlarının qəbulu üçün ətraflı məlumatların hazırlanmasını, regional səviyyədə kənd təsərrüfatına dair daha detallı məlumatların hazırlanmasını qarşıya konkret vəzifə kimi qoyub.
Ölkə Prezidentinin verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası istiqamətində Dövlət Statistika Komitəsi tərəfindən zəruri islahatlar həyata keçirilir, beynəlxalq təcrübə öyrənilərək statistika sisteminin inkişafı üçün müvafiq tədbirlər görülür. Bu istiqamətdə aparılan irihəcmli işlərdən biri də kənd təsərrüfatı statistikasının təşkili üçün mühüm informasiya mənbəyi olan və kənd yaşayış məntəqələri üzrə hər bir təsərrüfat haqqında geniş məlumat almaq imkanı verən təsərrüfatbaşına uçot sənədlərinin təkmilləşdirilməsi olub. Yeri gəlmişkən, Azərbaycanda təsərrüfatbaşına uçot sənədləri 1934-cü ildən tətbiq olunur. Məhz həmin sənədlərin tətbiqi ilə kənd təsərrüfatında daimi ilkin uçot təşkil edilmiş, əhalinin təhsili, həyat səviyyəsi, təsərrüfatlar üzrə mal-qaranın, quşların və s. haqqında məlumatlar toplanmağa başlanmışdır. Bununla belə, Dövlət Statistika Komitəsi tərəfindən aparılmış son araşdırmalar nəticəsində məlum olub ki, uzun illər ərzində bir neçə kənd inzibati ərazi dairəsi üzrə təsərrüfatbaşına uçot sənədlərinin doldurulmasına lazımi diqqət göstərilməmiş, həm statistika orqanları, həm də kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən təsərrüfatbaşına kitabların tətbiqinə məsuliyyətlə yanaşılmamışdır. Belə ki, əksər hallarda müasir dövrün tələbləri nəzərə alınmamış, uçot sənədlərində aktual olmayan göstəricilər saxlanılmış, metodoloji göstərişlər mükəmməl hazırlanmamışdır ki, bu da statistik nöqsan kimi qiymətləndirilməlidir. Bununla yanaşı, yerli icra nümayəndəliklərində uçot sənədləri tam doldurulmamış, metodoloji göstərişə əməl olunmamış, sənədlərə çoxsaylı düzəlişlər edilmişdir. Belə hallar isə statistika işinə çox ciddi mənfi təsir göstərmiş, uçot sənədləri yerli və mərkəzi icra hakimiyyəti orqanları, xüsusilə ölkə rəhbərliyi tərəfindən adekvat qərarların qəbul edilməsi üçün etibarlı məlumat mənbəyinə çevrilə bilməmişdir.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 2015-ci il avqust 28-də qərar “Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2016-2020-ci illər üçün açılması haqqında” qərar qəbul edib. Həmin qərarın icrası olaraq Dövlət Statistika Komitəsi tərəfindən 1 nömrəli “Təsərrüfatbaşına kitab”, 2 nömrəli “Müvəqqəti yaşayan şəxslərin siyahısı”, 3 nömrəli “Təsərrüfatların əlifba kitabı” formaları və “Kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş” beynəlxalq təcrübə və müasir tələblər nəzərə alınaraq yenidən işlənib. Yeni kitab hazırlanarkən göstəricilər sistemləşdirilib, bir çox uyğunsuzluqlar aradan qaldırılıb, eyni zamanda, əhalinin ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyəti olan məhsullara dair yeni məlumatların əldə olunması zərurəti nəzərə alınıb. Cari uçot sənədinə təsərrüfatın mülkiyyətində və istifadəsində olan kənd təsərrüfatı texnikası ilə bağlı yeni bölmə, mal-qara və quşların bölgüsünə yeni göstəricilər əlavə edilib ki, bu da əvvəllər seçmə statistika müşahidələri əsasında toplanan, region və ölkə səviyyəsində müxtəlif metodlarla qiymətləndirilən məlumatların artıq bütün təsərrüfatlar üzrə ilkin mənbədən əldə edilməsinə imkan verəcək. Ən əsası isə torpaqların suvarılmasında istifadə olunan mənbələr, əkin üçün nəzərdə tutulmuş torpaqların bitkiçilik məhsulları üzrə bölgüsü haqqında ilkin uçotun aparılması vəzifəsi qarşıya qoyulub. Bu da torpaqlardan istifadə və məhsul yığımı ilə bağlı daha dəqiq məlumatların əldə edilərək rəhbər orqanlara və digər istifadəçilərə təqdim edilməsi məqsədini daşıyır.
Təsərrüfatbaşına uçot sənədlərinin vaxtında və yüksək keyfiyyətlə tətbiq edilməsi kənd təsərrüfatının və ölkə iqtisadiyyatının inkişafına dair qərarların qəbulu üçün dəqiq məlumatların hazırlanmasına imkan verəcək, hər bir təsərrüfat üzrə məlumatların toplanması dövlət dəstəyinin daha ünvanlı şəkildə göstərilməsinə yardım edəcək, məlumatların birbaşa mənbədən əldə edilməsi ölkə əhalisinin ərzaq məhsulları ilə təminat səviyyəsinin daha ətraflı öyrənilməsinə xidmət edəcək, rəqabət qabiliyyətli məhsulların müəyyən olunmasına, ölkənin ixracat potensialının qiymətləndirilməsinə nail olunacaq. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının maya dəyərinə suvarılma və texnika ilə bağlı xərclərin təsirini qiymətləndirmək də mümkün olacaq, torpaqdan istifadənin səmərəliliyi ilə bağlı yeni məlumatlar əldə ediləcək, strateji bitkiçilik məhsullarının istehsalı və torpaqlardan istifadə ilə bağlı vəziyyəti hər ilin əvvəlində qiymətləndirmək və ölkə rəhbərliyini öncədən məlumatlandırmaq mümkün olacaq. Kənd əhalisinin demoqrafik vəziyyəti, miqrasiyası öyrəniləcək, kənd əhalisinin mənzil-məişət şəraiti qiymətləndiriləcək. Eyni zamanda, uçot sənədlərinin tətbiqi ilə kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin üzərinə düşən statistik yük azaldılacaq. Ən əsası isə təsərrüfatbaşına kitablardan seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcəkdir.
Dövlət Statistika Komitəsi tərəfindən təsərrüfatbaşına uçot sənədləri ilə bağlı növbəti mərhələdə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Həmin tədbirlərə uçot sənədlərinin elektronlaşdırılması, hər bir təsərrüfat üzrə məlumat bazasının yaradılması, sənədlərdə baş verən düzəlişlərin elektron qeydiyyatının və avtomatik rejimdə regionlararası müqayisələrin aparılması daxildir. Bununla yanaşı, uçot sənədlərinin məlumatları statistika orqanlarında və digər aidiyyəti dövlət qurumlarında mövcud olan məlumat bazalarına inteqrasiya olunacaq, statistika orqanlarına təqdim edilmiş müxtəlif statistika hesabatlarının məlumatlarının dürüstlüyünün yoxlanılmasında istifadə olunacaq. Bu məlumatlardan kənd təsərrüfatı və əhali siyahıyaalınmalarında, eləcə də seçici siyahılarının dəqiqləşdirilməsində istifadə ediləcək, torpaqlardan səmərəli istifadə, məhsuldarlığın qiymətləndirilməsi və digər məlumatlar torpaq sahələrinə dair peyk məlumatları ilə uzlaşdırılacaq.
Yeri gəlmişkən, mayın 12-19-da Dövlət Statistika Komitəsi və Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin birgə təşkilatçılığı Xırdalan, Lənkəran, Salyan, Şamaxı, Qəbələ, Şəmkir, Göygöl, Şəki, Bərdə, Yevlax və İmişlidə kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin tətbiqinə dair zona müşavirələri keçirilib. Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqi və aparılması ilə bağlı məsul şəxslərin təlimatlandırılması məqsədilə keçirilən tədbirlərdə kənd təsərrüfatının prioritet təşkil etdiyi bütün rayonlar əhatə olunub.
Mirbağır YAQUBZADƏ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.