Laçına qayıdacağımız gün uzaqda deyil

Azərbaycanın Qarabağ bölgəsinin dilbər guşələrindən olan Laçının işğalından 24 il ötür. Rayon icra hakimiyyətinin və aidiyyəti qurumların təşkilatçılığı ilə laçınlı məcburi köçkün ailələrinin yığcam məskunlaşdıqları Taxtakörpü qəsəbəsində bu münasibətlə anım mərasimi keçirildi.

Laçın rayon ictimaiyyətinin nümayəndələri əvvəlcə qəsəbədə şəhidlərin şərəfinə ucaldılmış xatirə kompleksinin önünə toplaşaraq torpaqlarmızın bütövlüyü uğrunda canlarından keçmiş igid oğullarmızın əziz xatirəsini dərin ehtiramla yad etdilər. 

Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini müvəqqəti icra edən Aqil Nəzərli bizimlə söhbətində bildirdi ki, 1992- ci ilin yazında ölkədə yaranmış xaotik vəziyyət, hakimiyyətsizlik və gündən -günə artan hərc-mərclik dövründə fürsətcil və mənfur Ermənistan silahlı birləşmələri öz havadarlarına arxalanaraq Laçını işğal edib.  Yerli özünümüdafiə qüvvələrinin şücaəti sayəsində 5 illik müdafiədən sonra, Laçın rayonu köməksiz qalıb mayın 17-18-də süqut etdi. Erməni hərbi birləşmələri Laçını – mühüm strateji əhəmiyyətə malik bu dəhlizi ələ keçirməklə Dağlıq Qarabağla Ermənistan arasında bütün maneələr aradan qalxdı. Bölgəyə nəzarət tamamilə işğalçı qüvvələrin  əlinə keçdi.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən tərəfindən viran qoyuldu. 64 min dinc sakin məcburi köçkünə çevrildi. 8950 bina, o cümlədən 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarixi abidə işğal altında qalaraq qarət və talan edildi.  

Aqil Nəzərli qeyd etdi ki, Laçın uğrunda döyüşlərdə 264 rayon sakini şəhid olub. 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Hərbi əməliyyatlar zamanı 18 uşaq şəhid, 225 azyaşlı əlil olub, 31 uşaq hər iki valideynini itirib. Laçın uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə 5 nəfər laçınlı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.  A. Nəzərli bildirdi ki, bu gün hər bir rayon sakini möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Qarabağın düşmən tapdağından azad olacağına möhkəm inanır. Xüsusilə ordumuzun aprel döyüşləri zamanı göstərdiyi şücaətdən və bir həmlə ilə bir neçə strateji məntəqəni ələ keçirmələrindən sonra laçınlılar inanırlar ki, doğma yurda, el-obaya qayıdacaqları gün uzaqda deyil.

Mərasimdə iştirak edən Milli Məclisin deputatı Mahir Abbaszadə sakinlərlə söhbətində bildirdi ki, işğalçı Ermənistan dövləti beynəlxalq hüquq normalarına hörmət etmir. İşğal olunmuş Azərbaycan ərazisindən Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrinə məhəl qoymur. Ermənistan tərəfi işğaçılıq siyasətini davam etdirməyə və status-kvonu öz xeyrinə saxlamağa çalışır. Lakin artıq Azərbaycan qarşı tərəfə güzəştə getmir. Lələtəpə və Talış yüksəkliklərinin azad edilməsi və ordumuzun 4 günlük müharibədə əsl vətənpərvərlik şücaəti göstərməsi deyilənlərə bariz nümunədir.

Tədbirdə iştirak edən rayon ictimaiyyətinin nümayəndələri  düşmənin təxribatı nəticəsində aprel ayının 2-dən 4-nə kimi Ağdam, Füzuli, Tərtər, Goranboy rayonları istiqamətində baş vermiş döyüşlər zamanı Vətənin bütövlüyü uğrunda canından keçmiş laçınlı şəhid əsgər Ülvin Məmmədovun məzarını ziyarət etdilər. Şəhidin məzarı başına toplaşan laçınlılar qüdrətli Azərbaycan Ordusunun istənilən an torpaqlarmızı düşmən tapdağından azad edəcəyinə əminliklərini ifadə etdilər.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında