Barlı-bərəkətli Muğan torpağının bir parçası olan Saatlı rayonu torpağa qəlbən bağlılığı, dövlətçiliyimizə sonsuz sədaqəti, sadə, zəhmətsevər adamları ilə şöhrət qazanıb. Azərbaycan Prezidenti İlham Əliyevin sürətli tərəqqiyə xidmət edən məqsədyönlü siyasəti sayəsində ölkənin bütün bölgələri kimi, bu rayon da son illər sosial-iqtisadi inkişaf istiqamətində böyük uğurlar qazanıb. Hazırda düzgün müəyyənləşdirilmiş səmərəli idarəetmə təcrübəsi və yerli sakinlərin özlərinin zəhmətsevərliyi nəticəsində rayonda böyük tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, aqrar sahə və infrastruktur dinamik inkişaf etməkdədir.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin nitqində ötən bir il ərzində qazanılmış nailiyyətlər geniş təhlil olunmuş, inkişafın yeni istiqamətləri müəyyən edilmişdir. Arxada qalan illər istər ölkəmizin paytaxtı Bakı şəhəri, istərsə də ayrı-ayrı regionlar üçün dinamik və şaxələndirilmiş inkişafın mühüm və son dərəcə uğurlu mərhələsi kimi tarixə çevrilmişdir.
Bölgələrin tərəqqi və yüksəlişində, respublikamızın iqtisadi qüdrətinin artmasında Saatlı rayonunun da zəhmət payı az olmamışdır. Muğan düzünün bərəkətli bölgələrindən olan Saatlıda son illər, demək olar ki, yaxşılığa doğru hər gün uğurlu addımlar atılmış, rayon mərkəzinin, kəndlərin siması sürətlə dəyişmiş, yeni iş yerlərinin açılması, əhalinin həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bütün bunlar Saatlını respublikamızın geridə qalanlar sırasından inkişaf etmiş rayonlar sırasına qaldırmışdır.
Ərazisi Araz çayının sağ və sol sahillərində yerləşən Saatlıya 1943-cü il may ayının 25-də rayon statusu verilmışdır. İyirmi il müstəqil inzibati ərazi kimi fəaliyyət göstərdikdən sonra 1963-cü ildə ləğv edilərək, qonşu Sabirabad rayonunun tərkibinə qatılmışdır. İki il sonra – 1965-ci ildən yenidən müstəqil rayon kimi fəaliyyətini davam etdirmişdir. Hazırda rayonda 100 minə yaxın əhali yaşayır.
Saatlı qədim tarixə malikdir. Bunu rayon ərazisində qədim dövrə aid yaşayış məntəqələrinin olduğu da təsdiqləyir. Rayonun Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində eramızdan əvvəl III-II minilliklərə aid tarixi abidələr və arxeoloqlar tərəfindən tapılmış, hazırda rayon Tarix-Diyarşünaslıq Muzeyində saxlanılan saxsı qablar mövcuddur. Rayon ərazisində regionun tarix və mədəniyyətinə aid 9371 eksponat vardır. Bu eksponatlardan 55-i nəqqaşlıq, 127-si tətbiqi incəsənət nümunələri, 1890-ı arxeoloji qazıntılar zamanı tapılmış əşyalar, 531-i məişət və etnoqrafiya əşyaları, 2279-u müxtəlif fotoşəkillər, 4077-si isə digər sənədlərdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş 9 arxeoloji abidə mühafizə olunur.
Rayon əhalisi Vətənin müdafiəsində, ərazi bütövlüyümüzün, dövlətçiliyimizin qorunub saxlanılmasında və daha da möhkəmləndirilməsində, Qarabağ döyüşlərində həmişə öndə getmiş, bu yolda canlarından da keçməyə hazır olduqlarını sübut etmişlər. Saatlının təşkil edilməsi 1941-1945-ci illər-Böyük Vətən müharibəsi dövrünə düşmüşdür. Həmin illərdə bu rayondan 1600 nəfər cəbhəyə getmiş və 77-ci, 223-cü, 402-ci, və 416-cı diviziyaların tərkibində şərəflə döyüşmüşdür. Onlardan 533 nəfəri həlak olmuşdur.
Böyük Vətən müharibəsi illərində şücaət göstərmiş babalarının yolunu müstəqillik dövründə davam etdirən gənc saatlılılar Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə sinələrini düşmən gülləsinə sipər etmiş və Vətən torpağı uğrunda mərdliklə vuruşmuşlar. Bu şərəfli yolda 116 nəfər gənc şəhid olmuşdur. 1995-ci ilin mart hadisələrində isə dövlət çevrilişinə cəhd etmək istəyən qeyri-qanuni silahlı birləşmələrə qarşı mübarizədə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu igidliyinə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Milli Qəhrəman Elşən Hüseynovun rayon Mərkəzi Xəstəxanasının həyətində qoyulmuş büstü gənc nəsil üçün vətənpərvərlik, mərdlik simvoluna çevrilib.
Azərbaycan Respublikasının digər bölgələri kimi, Saatlı rayonunun da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanmışdır. Rayonun əsas iqtisadiyyatını taxılçılıq, pambıqçılıq və heyvandarlıq təşkil etmişdir. Ümummilli lider Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə – 1974, 1976 və 1980-ci illərdə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olmuş, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini vermişdir. Məhz bunun nəticəsi olaraq, XX əsrin 70-80-ci illərində Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq Mərkəzi Xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisə, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisə üçün yeni inzibati binalar, pambıqtəmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılmışdır. Bütün bunlar rayonda yeni iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin getdikcə yaxşılaşdırılmasında böyük rol oynamışdır. Ona görə də tarixi şəxsiyyətin hər dəfə Saatlıya gəlişi rayon əhalisi üçün əsl toy-bayram olmuşdur.
Saatlı Vətənin ən ağır günlərində qoynunu geniş açaraq, öz doğma ata-baba yurdlarından didərgin salınmış soydaşlarımıza hayan olmuşdur. Yerli əhali hələ 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsini, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisini öz doğmaları kimi qarşılamış, onların dərdlərinə şərik olmuş, bir ailənin üzvü kimi həyət-baca qurmalarına kömək etmişdir. O dövrdə erməni vəhşiliyinin qurbanı olmuş azərbaycanlılardan 9 minə yaxını və 1948-1953-cü illərdə repressiyaya məruz qalmış 15 mindən çox Axıska türkü Saatlı rayonuna pənah gətirmişdir. 1989-cu ildə Özbəkistanın Fərqanə bölgəsində gözlənilmədən baş vermiş, sonralar “Fərqanə hadisələri” kimi adlandırılan etnik qarşıdurma Axıska türklərinə ikinci sürgün həyatını yaşatmışdır. Həmin hadisələr zamanı Saatlıya pənah gətirən Axıska türkləri üçün hər cür şəraiti olan “Günəşli” qəsəbəsi salınmışdır. O hadisələrdən 27 il keçsə də, bu gün də həmin qəsəbənin sakinləri yerli əhali ilə bir ailənin üzvü kimi mehriban yaşayırlar. Hazırda rayonun Smadakənd, Nəsimikənd, Fətəlikənd, Varxankənd, Şirinbəy kəndlərində məskunlaşmış Axıska türkləri özlərinə rahat həyət-baca qurmuşlar və artıq buranı öz Vətəni hesab edirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlandığı ilk illərdə xain qonşumuzun işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan – dədə-baba torpaqlarından, həmçinin, bu gün də işğal altında olan Dağlıq Qarabağ və ona bitişik 7 rayondan didərgin salınmış soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşmışdır. Yerli əhali hər şeyini itirmiş qardaş və bacılarımıza öz evlərində, həyətlərində yer ayıraraq, onların rahat yaşamaları üçün bütün imkanlarını ortaya qoymuşdur.
Saatlı rayonunun iqtisadiyyatının əsasını kənd təəsərrüfatı təşkil edir. Araz çayının bol suyu bu ərazidə taxılçılıq, pambıqçılıq, bostançılıq, meyvəçilik və heyvandarlığın inkişafı üçün əlverişli şərait yaratmışdır. Hazırda əhali bu imkanlardan istifadə edərək, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına öz töhfələrini verir. Son illər Saatlı rayonunda görülmüş işlərin təhlili və statistik məlumatlar da göstərir ki, nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və uğurlu nəticələr əldə olunmuşdur. Təkcə 2015-ci ildəki sosial-iqtisadi göstəricilər də bunu təsdiqləyir. Rayonun ümumi məhsul istehsalının həcmi 2,8 faiz artmış, ümumi məhsul istehsalının həcmində qeyri-dövlət sektorunun xüsusi çəkisi 84 faiz təşkil etmişdir. Məhsul buraxılışının həcmində kənd təsərrüfatı 6 faiz, rabitə üzrə 7 faiz, ticarət üzrə 9,2 faiz, nəqliyyat üzrə 4,3 faiz artım qeydə alınmışdır.
Son illər rayonda aparılan abadlıq və quruculuq işləri, sosial infrastruktur sahəsində həyata keçirilən tikintilər dövlət başçısının sərəncam və göstərişləri ilə ayrılmış vəsaitlər hesabına yerinə yetirilmiş, eyni zamanda, daxili imkanlardan, yerli resurslardan maksimum istifadə edilməsinə diqqət artırılmışdır. Təkcə 2008-ci ildən ötən dövr ərzində 2372 şagird yerlik olmaqla 12 məktəb, 235 yerlik olmaqla 3 uşaq bağçası-körpələr evi üçün yeni binalar inşa edilmiş, 6114 yerlik 8 məktəb, 112 yerlik və 75 yerlik olan 2 bağça əsaslı təmir olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyev son 7 ildə 6 dəfə Saatlıya səfər edərək, görülən işlərlə yaxından tanış olmuş, əhali ilə görüşmüş və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasının şahidi olaraq, əlavə tədbirlər haqqında sərəncamlar imzalamış, rayonda görülən işlərin sürətləndirilməsi üçün Prezidentin Ehtiyat Fondundan vəsait ayırmışdır. Dövlət başçısının rayona səfəri hər dəfə yeni obyektlərin, yenidən qurulmuş yol infrastrukturlarının açılışı ilə yaddaşlara həkk olunmuşdur.
Azərbaycan Prezidenti müxtəlif vaxtlarda Saatlıya səfəri zamanı Heydər Əliyev Mərkəzinin, subasmaya məruz qalmış Novruzlu kənd sakinləri üçün yeni salınmış Novruzlu qəsəbəsinin, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Saatlı filialının, Yeni Azərbaycan Partiyası Saatlı rayon təşkilatının inzibati binasının, Gənclər Mərkəzi, Tarix-Diyarşünaslıq Muzeyi, Şahmat Məktəbi, Rəsm Qalereyası və əsaslı şəkildə yenidən qurulan, beynəlxalq standartlara cavab verən Saatlı Mərkəzi Rayon Xəstəxanasının və Olimpiya İdman Kompleksinin açılışlarında iştirak etmişdir.
Şəhərin giriş hissəsində yerləşən Bayraq Meydanı kompleksi respublikada ən baxımlı guşələrdəndir. Açılışında dövlət başçısının da iştirak etdiyi bu kompleks Saatlı rayonundan olan şəhidlərin barelyeflərini
əks etdirən “Şəhidlər” və “31 Mart – Azərbaycanlıların Soyqırımı” abidələrinin ərazisi ilə birləşdirilərək, iki hektar sahəni əhatə edir.
Azərbaycan Prezidenti rayonun yenidən qurulmuş avtomobil yollarının açılışında da iştirak etmişdir. Onu da qeyd edək ki, Saatlı respublikada yeganə rayondur ki, bütün kəndlərin yolu müasir tələblər səviyyəsində qurulmuş və asfaltlaşdırılmışdır. Təəccüblü olsa da, bütün bu işlər son 8 ildə həyata keçirilmişdir.
Bu gün Saatlı rayonu barəsində ölkə rəhbərliyi və yerli əhali yalnız xoş təəssüratlara malikdir. Təbii ki, bu təəssüratları son illər həyata keçirilən uğurlu işlər yaradıb.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
Məqalə Azərbaycan Mətbuat Şurasının və Saatlı Rayon İcra Hakimiyyətinin “Muğanımız – tariximiz, sərvətimiz” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.