Mirzənağılıdan Lələtəpəyə uzağı 5-10 dəqiqəlik yoldur. Əvvəllər bu geniş, asfalt yolla Cəbrayıla, Zəngilana, Qubadlıya, oradan da Həkəri boyunca Laçına gedərdik. İndi isə ancaq Lələtəpəyə qədər gəlib çıxa bildik. Lələtəpəyə də cəsur əsgərlərimizin uğurlu aprel döyüşlərindən sonra gəlmək mümkün oldu. Hərbi qüvvələrimiz böyük strateji əhəmiyyətə malik olan bu yüksəkliyi, o cümlədən ətraf əraziləri düşməndən azad etməklə bu ətrafda yaşayan insanları namərd düşmən gülləsinə hədəf olmaqdan xilas ediblər...
Dağıdılmış yollara, səngərlərə, yol kənarlarında vurulub qalmış müxtəlif döyüş texnikası bu yerlərdə ağır döyüşlərin getdiyinə şahidlik edir. Həm də bir dəfə yox, düz üç dəfə. Birinci dəfə Ermənistanın silahlı qüvvələri Cəbrayılı, Qubadlını, Zəngilanı işğal edəndən sonra Füzuli rayonu da düşmən caynağına keçdi. Lakin 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun güclü əks-hücumu nəticəsində Horadiz qəsəbəsi, o cümlədən 22 yaşayış məntəqəsi erməni işğalçılarından azad edildi. Ancaq Lələtəpə və mühüm strateji əhəmiyyətə malik bir çox yüksəkliklər yenə də erməni qüvvələrinin işğalı altında qaldı. 22 ildən artıq davam edən bu vəziyyətə isə, nəhayət, bu ilin aprel ayında son qoyuldu. Lələtəpə və ətraf ərazilər silahlı qüvvələrimizin bir həmləsi ilə öz əzəli və əbədi sahiblərinə qaytarıldı.
Qazaxlar, Mirzənağılı, Əhmədalılar kəndləri Lələtəpəyə gedən yolların üstündə yerləşir. Bir az o tərəfdə isə Cəbrayıl rayonunun Cocuq–Mərcanlı kəndi görünür. Düzdür, indi orda yaşayış yoxdur. Amansız düşmən bütün evləri viran qoymuş, yandırmış, yollar, körpülər dağıdılmışdır. Qazaxlar, Mirzənağılı, Əhmədalılar kəndlərində isə yerli əhali demək olar ki, tamamilə öz yurd-yuvalarına qayıtmış, bu ərazilərdə mühüm infrastruktur layihələr uğurla həyata keçirilmişdir. Bütün bunlar isə böyük vaxt və vəsait hesabına başa gəlmişdir.
Ordumuzun son zəfər həmləsindən qürurunu gizlədə bilməyən Füzuli Rayon İcra Hakimiyyəti başçısnın Əhmədalılar kənd icra nümayəndəsi Vüqar Sərkərli onun necə mühüm əhəmiyyəti daşıdığını göstərmək məramı ilə deyir:
- Lələtəpədən baxanda nəinki bizim kəndlər, hətta bütün Füzuli ərazisi ovuc içi kimi görünür. Məsafə, gördüyünüz kimi, çox yaxındır. Ona görə də erməni hərbçiləri ötən 22 il ərzində Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərini demək olar ki, daim atəş altında saxlayırdılar. Əkin-biçin işlərini məcbur olub gecələr aparırdıq. Bu illər ərzində erməni gülləsindən ölənlər, yaralananlar da olub. Ancaq bir addım da olsun geri çəkilməmişik. Əksinə, kəndlərimiz bir az da böyüyüb, yeni fərdi və ictimai binalar tikilib.
Demək istəyirəm ki, Lələtəpə yüksəkliyinin erməni quldurlarından təmizlənməsi olduqca böyük strateji əhəmiyyətə malikdir. İndi bizim hərbçilərimiz məhz bu yüksəklikdən bütün Füzuli ərazisini nəzarət altında saxlaya bilir.
Mirzənağılı kənd sakini Zaman Mahmudov söhbətə qoşulur:
- Aprel döyüşləri zamanı düşmən mərmilərinin biri də mənim həyətimə düşdü. Ev-eşiyimə, həyət-bacama xeyli ziyan dəydi. Xoşbəxtlikdən ailə üzvlərimdən xəsarət alan olmadı. Dediyim odur ki, belə namərd hücumlar hər gün baş verirdi. Ancaq biz ikinci dəfə köçkün həyatı yaşamaq istəmirik. Ona görə də ayağımızı doğulub böyüdüyümüz dədə-baba yurd yerlərinə daha möhkəm dirəyirk, başqa yerə köçmək barədə düşünmür, əkir-becərir, yeni evlər tikirdik.
Aprel döyüşlərindən sonra isə belə hücum və basqınlara son qoyuldu. İndi biz əkin-biçin sahələrini xeyli genişləndirmişik. Şəxsən mən öz təsərrüfatımda taxıl da, pambıq da, bostan-tərəvəz də yetişdirir, mal-qara da saxlayıram.
Sonra da dərindən köks ötürüb əlavə edir:
– Ən böyük arzumuz isə odur ki, belə qələbə soraqlarını Şuşadan, Ağdamdan, Laçından eşidək.
– O günə çox az qalıb, - deyə Qazaxlar kənd sakini Amil İsmayılov qonşusunun ümidinə sankı bir əminlik gətirir. –Aprel döyüşlərinə qədər əkin-biçin sahələrimizin, örüş yerlərimizin, demək olar ki, yarısı nəzarətsiz qalmışdı. Amansız düşmən tərəf həmin əraziləri daim atəş altında saxladığından, oralarda əkin-biçin aparmaq son dərəcə təhlükəli idi. İndi isə bir qarış da olsun boş yer qalmayıb. Artıq heç nədən qorxumuz yoxdur. Çünki erməni quldurlarının bir -iki ay əvvəl alınmaz istehkama çevrdikləri– Lələtəpə artıq bizim rəşadətli əsgərlərimizin əlindədir.
Kənd adamının həyatı, yaşayışı bu torpaqla bağlıdır. Həyat şəraitimiz, ailəmizin dolanışığı, gəlirimiz burda əkib-becərdiyimiz məhsuldan asılıdr. Kim necə istəyirsə, elə də yaşayır. Qənd-çaydan, pal-paltardan başqa bazara – dükana üz tutmuruq. Ətdən-yağdan tutmuş, taxıla-meyvəyədək hər şeyi özümüz istehsal edirik. Qarabağın torpaqları isə qızıldır. Nə əkirsən, birə beş qazanc götürürsən. Builki məhsulumuz gözlədiyimizdən də çox olacaq.
Qazaxlar bələdiyyəsinin sədri Nurəddin Bayramov qısa arayış verərək deyir:
– Hazırda Qazaxlar kəndində 120 ailə, 980 nəfər, Mirzənağılı kəndində isə 45 ailə, 305 nəfər yaşayır. İşğal zamanı gördüyünüz bu evlərin hamısı yandırılmışdı. Üstəlik, su, qaz, elektrik xətləri də yandırılmışdı. Biz bura qayıdanda ilk aylar hətta çadırlarda yaşamalı olduq. Təsəllimiz isə o idi ki, Vətənimizdə qaçqına, didərginə çevrilmədik, öz dədə-baba torpaqlarımıza, öz yurd yerlərimizə sığındıq.
Dövlət isə diqqət və qayğısını əsirgəmədi. Bərpa işləri, o cümlədən yeni tikililər qısa müddətdə, yüksək kefiyyətlə başa çatdırıldı. Qaz, su, elektrik xətləri yenidən çəkildi, asfalt yol salındı. İndi heç nədən çətinliyimiz yoxdur. Yeganə təhlükə Lələtəpə tərəfdən atılan namərd düşmən atəşləri idi. Ona da Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatı, əsgər və zabitlərimizin yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində son qoyuldu. İndi işğal altında olan tarixi yurd yerlərimizin tezliklə düşmən tapdağından azad ediləcəyinə daha böyük inamla yaşayırıq.
Ordumuzun rəşadət səhifəsinə çevrilmiş Lələtəpə döyüşü bu ətrafda yaşayan bütün insanlarda böyük bir coşquya səbəb olub. Kimi dindirsən, nəfəs dərmədən əsgərlərimizin rəşadətindən danışır. Qazaxlar kənd orta məktəbinin direktoru Təranə Cəfərova qələbə həsrətimizə son qoyan ordumuzun məharətini belə çatdırır:
- Qarabağ müharibəsinin bütün mərhələləri gözlərimin qarşısındadır. Ancaq qətiyyətlə deyə bilərəm ki, heç vaxt indiki kimi böyük ruh yüksəkliyini və qələbə əzmini görməmişəm. Bu günlər ordu ilə arxa cəbhənin sıx birliyi və həmrəyliyinin zirvəsinə çevrilmişdi. Sankı hamı “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” deyirdi. Əsgər də, zabit də, qoca da, cavan da bu şüarla, bu istək və arzu ilə yaşayırdı. Cəbhə xəttində əldə edilmiş uğurlu döyüş əməliyyatlarında bu birlik çox böyük rol oynadı.
Müstəsna dərəcədə daha vacib məqamlardan biri dövlət başçısının göstərdiyi qətiyyət idi. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin heç kimdən və heç nədən çəkinmədən cəbhə xəttinin ən təhlükəli nöqtələrinə gedərək səngərlərdə əsgər və zabitlərlə görüşdü, ordu hissələrində böyük inam və ümid yaratdı, ürəyimizi qürur və fərəh hissiylə doldurdu. İndi əhalidə elə bir ənənəvi-psixoloji əhval-ruhiyyə və həvəs var ki, böyüklü-kiçikli hamı əlinə silah alıb döyüşə getməyə hazırdır.
Son illər kəndlərimizin sosial siması əsaslı şəkildə dəyişmiş, daha abad və yaraşıqlı olmuşdur. 180 yerlik müasir tipli məktəb binası, uşaq bağçası, həkim məntəqəsi, rabitə sahəsi tikilib istifadəyə verilmişdir. Horadiz şəhərindən kəndlərimizə rahat asfalt yol çəkilmişdir. Demək istəyirəm ki, heç nədən çətinliyimiz yoxdur. Cəbhə xəttində yerləşən bu kəndlərdə bizi yaşadan dövlətin və hökumətin diqqət və qayğısıdır. Bütün bunlara görə biz Prezident İlham Əliyevə hədsiz təşəkkür və minnətdarlığımızı bildiririk. Dövlətimizin və xalqımızın daha xoşbəxt gələcəyi naminə yorulmaz və dinamik fəaliyyətində ona daha böyük uğurlar və möhkəm cansağlığı arzulayırıq.
Biz Füzuliyə növbəti səfərimiz zamanı Mirzənağılı, Qazaxlar, Əhmədalılar kəndləri ilə yanaşı, cəbhə xəttində yerləşən Alıxanlı, Şükürbəyli, 3-cü və 4-cü Zobucuq qəsəbələrində də olduq. Hər yerdə də eyni əhval-ruhiyyənin, ordu ilə xalqın sıx birliyinin, sabaha dərin inam və ümidinin şahidi olduq. Həyat öz axarı ilə davam edir. Hamı iş üstündə, tarlada, əkində-biçindədir. Bu sakitliyi, bu rahatlığı, inam və ümidi onlara verən isə ölkə Prezidentinin qətiyyətli və uzaqgörən daxili və xarici siyasət xətti, bir də qalib, qəhrəman Azərbaycan Ordusudur.
İstənilən zəngin bir ölkədə inkişaf və tərəqqi gerçək bir təzahürdür. Ancaq müharibə şəraitində olan bir ölkədə, hətta onun cəbhə xəttində yerləşən rayonlarında eyni dərəcədə inkişaf və tərəqqinin olması artıq hünər və qətiyyətdir deyərdim. Bu rayonlardan biri də Füzulidir. Son illər yalnız səngərlərlə təmas xəttindən ayrılan bu rayonda həyatın bütün sahələrində əsaslı yüksəlişin, iqtisadi, sosial və mədəni sahələrin dinamik inkişaf şahidiyik. Fikrimizin təsdiqi üçün bəzi fakt və rəqəmlərə diqqət yetirək.
Təkcə 2016-cı ilin ötən ayları ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 19 milyon 148,7 min manat olmuşdur ki, bu da əvvəlki 2015-ci ilin analoji dövrü ilə müqayisədə 41,49 faiz çoxdur. Ümumi məhsul buraxılışının əsasını sənaye, kənd təsərrüfatı məhsulları və xidmətlər təşkil etmişdir.
Son illər rayonda strateji sahə olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, artıq beşinci ildir Füzuli taxıl istehsalına görə respublikanın 100 min tonçu rayonları sırasındadır. Ötən ilin nəticələri də ürəkaçan olmuşdur. 32,8 min hektar sahədən 111,2 min tondan çox taxıl əldə edilmişdir. Məhsuldarlıq hər hektardan 34 sentnerə yaxın olmuşdur. Buğda istehsalında isə hər hektardan 36 sentner məhsul götürülmüşdür.
Rayon iqtisadiyyatının aparıcı sahələrindən olan kənd təsərrüfatında real vəziyyət hazırda belədir: 36 min hektar sahədə taxıl səpini aparılıb. Bunun 23 min 895 hektarı buğda, 11min 923 hektarı isə arpadır. 141 hektar sahədə kartof, 400 hektarda bostan-tərəvəz məhsulları yetişdirilir.
Heyvandarlığın inkişaf etdirilməsinə və bu sahədə məhsul istehsalına da xüsusi diqqət ayrılır. Hazırda 35 min başdan çox iribuynuzlu qaramal, 142 min 166 baş qoyun-keçi var. 2016-cı ilin son dörd ayında rayonda 539 ton ət, 5 min 714 ton süd istehsal edilmişdir ki, bütün bunlar isə 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
Rayonun heyvandarlıq və bostan-tərəvəz məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi əlamətdar faktlardan hesab edilməlidir. Bu da ondan irəli gəlir ki, son illər sahibkarlığın, xüsusilə özəl bölmənin inkişafına ciddi fikir verilir. Bu gün, sözün həqiqi mənasında, iqtisadiyyatının əsas yükünü üstünə çəkən sahibkarlara göstərilən diqqət və qayğı, təkcə ümumi inkişafa deyil, xüsusilə ərzaq bazarında qiymətlərinin qiymətlərin sabit qalmasında və bəzi məhsulların qiymətlərinin aşağa düşməsinə öz təsirini göstərir. İqtisadi həyatda öz fəaliyyətlərinin rolunu görən insanlar rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələrini işə salır, sahibkarlıq fəaliyyətini genişləndirir və məhsul bolluğu yaratmaqla əhalinin rifah halının yüksəlməsinə öz töhvələrini verirlər.
Dövlət Proqramına uyğun olaraq hazırda Qarabağ kəndində 500 baş cins mal, sutkada 10 ton süd emal edan heyvandarlıq kompleksi tikilərək istifadəyə verilmişdir. 200 hektar sahədə toxumçuluq təsərrüfatı yaradılmışdır. Horadiz şəhərində yaradılmış “Qarabağ qaçqın fermer təsərrüfatı”nda hazırda 10 nəfər işləyir. Yaxın vaxtlarda isə işçilərin sayının 100 nəfərə çatdırılması planlaşdırılıb. “Mil-Aqromis” MMC süd emalı müəssisəsinin gündəlik emal gücü 1460 ton, işçilərin sayı isə 15 nəfər, “ASA” LTD pendir emalı müəssisəsinin gündəlik emal gücü 73 ton, işçilərin sayı isə 10 nəfərdir. Kənd təsərrüfatının inkişafı məqsədilə 3 istiqamətdə toxum satış mağazaları yaradılmış, Dördüncü Zobucuq qəsəbəsinin ərazisində məhsul satış mərkəzinin tikintisinə başlanılmışdır. Mərkəzdə kənd təsərrüfatı məhsullarının satış məntəqələri və saxlanc kameralarının tikintisi nəzərdə tutulmuşdur.
Buna baxmayaraq, qarşıdakı illərdə yeni-yeni fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulmuşdur. Bu gün 1000 hetar ərazisi olan, 40 nəfərin işləyəcəyi taxılçılıq fermer təsərrüfatı və 500 hektar ərazisi olan 100 nəfərin işləməsi nəzərdə tutulan iri meyvəçilik təsərrüfatının yaradılması barədə təkliflər hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim olunmuşdur.
Dövlət başçısının regionlarda sənayenin inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Horadiz şəhərində sənaye məhəlləsinin yaradılması üçün 14 hektar torpaq sahəsi müəyyən edilmiş və hazırda bu istiqamətdə də fəal iş aparılır.
Rayonun ötən əsrdəki pambıqçılıq şöhrətini qaytarmaq üçün bu il 1000 hektar sahədə pambıq əkilmişdır. Barama istehsalı ilə bağlı hazırlıq işlərinə başlanmış və 2016-cı ildə ilkin mərhələdə 2 ton barama istehsalı nəzərdə tutulmuşdur.
Dövlət Proqramına uyğun olaraq rayonun içməli və suvarma suyuna ehtiyacı olan yaşayış məntəqələrində 71 artezian quyusunun qazılması planlaşdırılmışdır. Bu proqramın qəbul olunmasından keçən 2 il ərzində 30 artezian quyusu qazılaraq istifadəyə verilmişdir.
Mavi yanacaqla təminat sahəsində isə elə bir problem yaşanmır. Çünki Füzuli respublikada tam qazlaşdırılmış rayonlar sırasındadır. Bu gün rayonun 39 yaşayış məntəqəsinin hər birində əhali təbii qazdan istifadə edir.
Dövlət Proqramında nəzərdə tutulan əsas vəzifələr sırasında məktəb və məktəbəqədər müəssisələrin, mədəni obyektlərin tikintisi də xüsusi yer tutur. 2014-2015-ci illərdə Horadiz şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq bağçaları, Qazaxlar kəndində 120 şagird yerlik məktəb binası, Horadiz şəhərində Tarix-Diyarşunaslıq Muzeyi tikilib istifadəyə verilmişdir. Buna qədər isə, yəni 2012-ci ildə Horadiz şəhərində 240 yerlik məktəb binası tikilib istifadəyə verilmişdi. Mədəniyyət müəssisələrinin bərpası və yenilərinin tikintisi bu gün də diqqət mərkəzindədir. Babı kəndində yerləşən Şeyx Babı türbəsinin, Əhmədalılar kəndindəki Arğalı türbəsinin əsaslı bərpa olunması üçün Mədəniyyət və Turizm Nazirliyinin qarşısında məsələ qaldırılmışdır.
Rayonda yolların tikintisi də xüsusi diqqətdə saxlanılır. Son illərdə ümumilikdə müxtəlif istiqamətlərdə 60 kilometrlik yolun bərpası başa çatdırılmışdır. Hazırda 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik yolun tikintisi sürətlə davam etdirilir.
Bütün bunlara baxmayaraq, əsas diqqət namərd düşmənin vaxtlı-vaxtsız müxtəlif atıcı silahlardan açdığı atəşlərdən qorxmayıb, dədə-baba yurdundan perik düşməyən mərd insanların oz ocaqlarının olmasıdır. Onlardan bir çoxları hazırda ailələri ilə birlikdə rayon ərazisindəki Finn evlərində tam şəraitsiz vəziyyətdə yaşayır. Amma nə dövlət, nə də ölkə Prezidenti onları unutmur. Artıq aylardır ki, məhz bu insanlar üçün 400 evdən ibarət yeni qəsəbənin salınmasına başlanmışdır. 2016-cı ilin sonuna kimi həmin ailələr də müasir tələblərə cavab verən daş evlərə köçürüləcəkdir.
Ordumuzun düşmənə ölümcül aprel həmləsi, Lələtəpəyə gedən yol boyu yurd yerlərində çatılan ocaqlar, əkilib-biçilən taxıl zəmiləri, Füzuli rayonunun son illər sürətli inkişafı, Horadiz şəhərinin, eləcə də digər yaşayış məntəqələrinin simasının əsaslı şəkildə dəyişməsi sübut edir ki, Azərbaycan xalqı öz əzəli torpaqlarını mənfur düşmənin caynağından lap yaxın vaxtlarda azad edəcək. Buna şübhə yox, hamımızda böyük və qəti inam var. 2016-cı ilin bərəkətli baharı da çox şey vəd edir–bolluq, bərəkət, bir də qələbə...
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.