Su ilahi nemətdir, həyat qədər dəyərlidir. Əslində, su həyatın özüdür. Bu, sadə və böyük həqiqəti hər kəs dərk edir. Nə yaxşı ki, ana təbiət su sarıdan məmləkətimizi, halal və yurdsevər xalqımızı darda qoymayıb. Bizim də bol sulu çaylarımız, göllərimiz var, min dərdə dərman, buz bulaqlarımız daim çağlayır.
Azərbaycanın ərazisində şirin su ehtiyatları qeyri-bərabər paylansa da, hələ ki, kifayət qədərdir. Lakin əhalinin sayı çoxaldıqca, təbii ki, içməli suya tələbat da artır. Elə buna görədir ki, son illər dövlətimiz, müvafiq qurumlar bu sahədə planlı, perspektivə hesablanmış işlər görür. Bunlar həm əhalinin sağlamlığı, həm də iqtisadiyyatımızın davamlı inkişafı üçün vacibdir.
Qala kəndinin su həsrəti bitdi...
Bir neçə gün əvvəlin söhbətidir. Sinni səksəni haqlamış Əmrah kişi məni Qala kəndindəki evinə dəvət etdi. Məqsədi ilk sözündən agah oldu. Bu qədim kəndin tarixində ilk dəfə olaraq bura içməli su xətti çəkilmişdi...
Telefonda ərklə dedi ki, Qalanın min illik su həsrəti bitib. Niyə jurnalistlər bu barədə yazmırlar?. “Doğru sözə nə deyəsən”, — deyib yolumu ora saldım.
Mərdəkana gedən yoldan Zirə istiqamətində sağa dönəndən bir neçə kilometr sonra Qala kəndi başlayır. Əmrah kişi kəndin girəcəyində məni gözləyirdi. Onu çoxdan tanıyıram. Bir vaxtlar qabaqcıl neftçi kimi haqqında oçerk də yazmışdım. Çox səmimi və mehriban adamdır. Bu dəfə məni əvvəllər olduğundan da mehriban qarşıladı. Həyətindəki yeni su kranını göstərib dedi:
– Oğuz-Qəbələ-Bakı kəmərinin suyudur. Dağların büllur kimi suyundan bizə də pay düşdü. “Azərsu” ASC-nin mühəndisi dedi ki, tezliklə kənddəki bütün evlərə su çəkiləcək.
Ailə üzvləri mənə nəql etdilər ki, Əmrah kişi su çəkilən gün onlara belə deyib:
– Övladlarım, mən sizə həmişə deyirdim ki, möhtərəm Prezidentimiz İlham Əliyev, sevimli deputatımız Mehriban xanım Əliyeva vədlərini həmişə yerinə yetiriblər. Bu dəfə də belə oldu! Görürsünüzmü, Abşeronun çox yerinə, indi bizim Qalaya da bulaq suyu gəlir...
Əmrah kişinin həyat yoldaşı əlindəki bardağı su ilə doldurub qəlbindən dilinə axan bu sözləri dedi:
– Bu xeyirxah işi görənlərin ömürləri su qədər uzun olsun!
Əmrah kişinin atası, ulu babaları da bu kənddə yaşayıb, bağ-bostan becərib, davar saxlayıblar. Bu kənd çoxlu alim, elm-sənət adamı yetirib. Son illər Qala kəndi çox böyüyüb. Burada Laçından, Kəlbəcərdən çox sayda məcburi köçkün ailəsi də yerləşib. Nə gizlədək, son günlərədək həm yerli sakinlərin, həm də burada müvəqqəti məskən salan məcburi köçkün soydaşlarımızın içməli su sarıdan çətinlikləri çox idi.
O gün ağsaqqalla xeyli söhbət etdik. Ürəyi dolu idi. Dedi ki, Abşeron toponimi “Şor su” mənasını verir, yarımsəhra iqlimə malik olan Abşerona, eləcə də Qalaya su çəkilməsi bu kəndin tarixinə yazılan əlamətdar hadisə kimi düşəcək...
Yeni Günəşlidə mənzillərə su indi fasiləsiz verilir...
Son aylar Bakının ən böyük yaşayış massivlərindən biri olan Yeni Günəşli qəsəbəsində mənzillərə içməli suyun daimi verilməsi üçün gərgin iş gedir. “Azərsu” ASC-nin sifarişi və nəzarəti əsasında bu layihəni podratçı təşkilat – “Hidro-inşaat-servis” MMC-nin kollektivi icra edir.
Günəşlinin artıq xeyli hissəsi fasiləsiz içməli su ilə təmin edilib. Qəsəbədəki “V” sahəsində 19 saylı binanın 9-cu mərtəbəsində yaşayan tarix müəllimi Vaqif Rüstəmov fəxrlə dedi ki, onun mənzilində də indi daimi su var. Sonra ötən ilədək qəsəbənin əksər sakinləri üçün tanış olan mənzərəni xatırladı:
– Əvvəllər bizdə içməli suyu gündə üç saat verirdilər. İndi əvvəlki kimi su haqlarını yığan adamın qapı-qapı düşüb su pulu toplamasına ehtiyac qalmayıb. Kartına pul vurursan, suyun gəlir. Əvvəllər bəzi sakinlərdə psixoloji narahatlıq da vardı. Əksər ailələr qrafiklə verildiyi üçün suyu çənlərə yığıb saxlayırdılar. İndi sakinlərin bu sıxıntısı da aradan qalxıb.
Səməndər Xalıqov isə Yeni Günəşli qəsəbəsindəki “AB” yaşayış sahəsindəki 131 saylı binada yaşayır. Hamı kimi, o da mənzilinə suyun daimi verilməsindən çox razıdır:
– İlk vaxtlar bəziləri deyirdilər ki, suyu yüksək təzyiqlə vuracaqlar ki, çox yazsın. Sonradan hamı gördü ki, “Azərsu” ASC-nin heç kimi “aldatmaq fikri” yoxdur.
Səməndər əvvəllər həmin binada sakinlərin kanalizasiya xətlərinin tez-tez sıradan çıxması ilə bağlı problemləri olduğunu da yada saldı:
– İşimiz-gücümüz Mənzil-İstismar İdarəsinə şikayət etmək olurdu. Onlar isə təmir işlərini ya vaxtında etmir, ya da yarıtmaz görürdülər. Artıq bir neçə ildir ki, kanalizasiya xətləri “Azərsu” ASC-nin balansına verilib. İşə münasibət də, işin nəticəsi də köklü surətdə dəyişib, – dedi S.Xalıqov.
Zəng mərkəzi eşidir...
Suraxanı Rayon Sukanal İdarəsinin yeni inzibati binası bir neçə il əvvəl Yeni Günəşli qəsəbəsində istifadəyə verilib. Bu günlərdə idarənin Zəng mərkəzinə gəldim. 30-35 yaşlarında bir gənc telefon zənginə cavab verməyə hazırlaşırdı. Başının hərəkəti ilə mənə nəzakətlə əyləşmək üçün yer göstərib telefonda kiməsə dedi:
– Zəng mərkəzindən Bəhram Əhmədov sizi eşidir...
Zəng edən Bakının Bülbülə qəsəbəsinin Mövsüm Bəydəmirov küçəsində yaşayan Sahib adlı sakin idi. Yaşadığı küçədəki mənzillərdə içməli suyun kəsildiyi barədə məlumat verdi.
Bəhram vətəndaşın əlaqə telefonunu götürüb vəziyyəti araşdırandan sonra onunla mütləq əlaqə saxlayacağını dedi. Dərhal Suraxanı Su Anbarları İdarəsinin rəisinə zəng vurdu. Məlum oldu ki, həmin ərazidəki su kəmərlərində suyun təzyiqi həqiqətən zəifdir. Lakin rəis problemin yaxın iki saatdan gec olmayaraq aradan qaldırılacağını bildirdi.
Bəhram, öz növbəsində bu barədə vətəndaşa məlumat verdi. O, bu məsələni diqqətdə saxlayacağını da vəd etdi.
B.Əhmədov macal tapıb mənim də suallarıma cavab verirdi. Öyrəndim ki, gün ərzində sakinlərdən Zəng mərkəzinə daxil olan müraciətlər əsasən içməli suyun təchizatındakı problemlərlə bağlı olur.
Bəhram dedi ki, müraciətlərin böyük qismi operativ şəkildə həll edilir. Axı, idarənin kifayət qədər təcrübəli usta və mühəndisi var. Mal-material cəhətdən də korluq çəkmirik. Çalışırıq ki, əhali narazı qalmasın.
Zəng mərkəzinin fəaliyyəti ilə bağlı kiçik şifahi sorğu apardım. Sakinlərin çoxu mərkəzin işindən razı qaldığını söylədi.
Görüləsi işlər hələ çoxdur
Son illər Azərbaycanda əhalinin içməli su təminatı xeyli yaxşılaşıb. Bu sahədə uğurlu struktur islahatları aparılıb, bu işə məsul olan “Azərsu” ASC-nin fəaliyyət dairəsi genişlənib, maliyyə və texniki təchizatı güclənib. Təkcə son bir neçə ildə ölkəmizdə 500 min nəfər içməli su ilə təmin olunub, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alır.
İki il əvvəl Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin açılışı olub. Bu kəmər Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verib.
Düşmən mövqelərindən bir neçə yüz metr məsafədə yerləşən Tovuzun Əlibəyli, Goranboyun Tapqaraqoyunlu kəndlərinin içməli su problemi öz həllini tapıb. Eyni zamanda, Ağdam, Tərtər, Füzuli, Xocavənd rayonlarının 8 sərhəd yaşayış məntəqəsinə, həmçinin Ağcabədidə Laçın rayonundan olan məcburi köçkünlərin yaşadıqları ərazilərə su xətləri çəkilib.
Son vaxtlar Balakən, Zaqatala, Qazax, Ağsu, İsmayıllı, Qobustan, Yardımlı, Biləsuvar, Salyan, Saatlı rayonlarının kənd və qəsəbələrində də işlər görülərək 35 min nəfərin su təminatı yaxşılaşıb. Görünən budur ki, içməli su təminatı ilə bağlı indi ölkəmizin, demək olar ki, hər yerində – böyük şəhərlərdən tutmuş ucqar kəndlərə qədər uğurlu layihələr icra olunur.
“Azərsu” ASC-nin rəhbərliyi hesab edir ki, əldə olunan uğurlara baxmayaraq, qarşıda duran vəzifələr, görüləsi işlər hələ çoxdur. Hədəf ən yaxın gələcəkdə ölkəmizin hər bir yaşayış məntəqəsinin sakinlərini fasiləsiz, yüksək keyfiyyətli içməli su ilə təmin etməkdir.
Məcburi köçkün arzu edir ki...
Xudafərin körpülərini ilk dəfə 1980-ci illərin ortalarında Cəbrayılda ezamiyyətdə olarkən görmüşəm. Hazırda məcburi köçkün olan Arif Məhidovla da o zaman görüşüb tanış olmuşam. O zaman rayon icraiyyə komitəsində çalışırdı, plan şöbəsinin müdiri idi.
Yadımdadır, isti bir yay günü idi. Çalışdığım rusdilli qəzetin oxucuları üçün kəhrizlər barədə yazı hazırlamaq arzusunda idim. İxtisasca mühəndis olan Arif müəllim fikrimi alqışladı və bu işdə mənə kömək edəcəyini bildirdi. Əvvəlcə məni Araz çayının üzərindəki Xudafərin körpülərinə apardı, sonra rayon mərkəzindəki çox hündür, qollu- budaqlı, məşhur “Xan çinar”ın yanına gətirdi. Burada sərin və dupduru kəhriz suyu axırdı...
O illərdə Cəbrayılda yüzə qədər kəhriz vardı. Orada təmir-tikinti işləri aparmaq üçün Ağdam rayonundan dəvət olunmuş kankanlar briqadası çalışırdı. Rayonun Dağ Xələfli kəndi tərəfdən girəcəyindəki kəhrizin başına gəlib nərdivanla 4-5 metr aşağı endik. Gördüklərim məni heyrətə gətirmişdi. Təsəvvür edin ki, sanki metroya düşmüşdüm, sadəcə buradakı tunellərdə hərəkət edən qatarların yerinə daşlardan səliqə ilə hörülmüş iri arxlardan tərtəmiz, sərin su axırdı...Kəhrizlərin suyundan əkin-biçin üçün də istifadə edirdilər.
Arif müəllimlə yenə ara-sıra görüşürük. Tez-tez Cəbrayıldakı Xan çinarı, buradakı dadlı kəhriz suyunu xatırlayır, kankanların fədakar işlərindən söz açırıq. Hər dəfə də qəlbimizdən belə bir nida qopur: Görəsən, erməni barbarlar o kəhrizləri dağıtmayıblar ki?
Son dəfə Arif Məhidovla görüşəndə onun gözlərini daha işıqlı, çöhrəsini daha ümidli gördüm. Qarabağ cəbhəsində Milli Ordumuzun aprelin əvvəllərində həyata keçirdiyi uğurlu döyüşlər hamı kimi, onda da qələbəmizin yaxın olduğuna dərin inam yaradıb:
– Biz mütləq o doğma torpaqlara qayıdacaq, orada bağ-bağat quracaq, o kəhrizləri yenidən bərpa edəcəyik.
A.Məhidov sonra bir qədər düşünüb belə bir təklif səsləndirdi: – Kaş Cəbrayıl azad olunanda kəhrizlərin bərpasını “Azərsu” ASC-nin fəhlə və mühəndislərinə həvalə etsinlər. Axı, onlar hər bir işi yüksək zövq, səriştə ilə görürlər!
P.S. Su paklıq, ruzi, bərəkət rəmzidir. Su ilə bağlı hər şey insanda isti duyğu, xoş ovqat yaradır. Xalqımız elinə, obasına, məmləkətinə su çəkənə hər zaman böyük dəyər verib. Böyük xeyiryyəçi Hacı Zeynalabdin Tağıyevin, ulu öndər Heydər Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin bu sahədə müxtəlif zamanlarda gördükləri böyük, tarixi işlər heç vaxt unudulmur, hər zaman qədirbilənliklə xatırlanır.
Unutmayaq ki, bu çox qiymətli nemət böyük vəsait və zəhmət hesabına başa gəlir. Onu hər zaman qənaətlə istifadə etmək lazımdır. Haqlı olaraq deyirlər ki, sudan düzgün istifadə edilməsi artıq hər bir xalqın yüksək mədəniyyətinin göstəricisidir.
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”
Məqalə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.