O gün hamı Gəncə deyir, Gəncə eşidirdi“

Bu şəhər ki, nağıl imiş, heç bilməmişik...”

Ulu Gəncə! Tarix boyu sinəndə boy atanlar da, adını eşidib üzünü görməyənlər də səndən danışıb, səni anıb, başqa şəhərlərlə müqayisə ediblər. Fəxr olunası şəhərsən. Çünki qəhrəman  övladların, Nizami, Məhsəti kimi şairlərin, Cavadxan kimi rəhbərin olub. İgidliyin, gözəlliyin, mərdliyin, ürəyigenişliyin daim qoşa addımlayıb. Təbiətin –  başının üstündəki Göygölün, Maralgölün,  Kəpəzin görəni heyran edib. Adını eşidib, səni görmək  istəyənlərin sayı ilbəil artıb, minləri, milyonları keçib. Vaxt olub ki, elə bu may günlərinin birində,  daha dəqiq desək, mayın 28-də Azərbaycanın paytaxtına çevrilmisən. Neçə gün, neçə ay bu adı  daşımısan, dəxli yoxdur, şərəflə daşımısan. İndi, aradan 98 il keçəndən sonra yenidən bu ada qovuşmusan – “Avropanın Gənclər Paytaxtı” adına. Bu dəfə  təkcə  Azərbaycanın  deyil,  bütün Avropanın sayıb seçdiyi şəhər olmusan! Avropa gəncləri səni öz paytaxtı bilib, göz oxşayan  park  və xiyabanlarına axışıb, genişlənən, gözəlləşən prospektlərini və küçələrini gəzib, “ikinci həyat” verilən tarixi abidələrinə  baxıb, şəhər əhalisinin təxminən 30 faizini təşkil edən gənclərinlə görüşüb.

Gəncə, sən  bu gün bizim fəxr-fəxarət ünvanımız,  qürur mənbəyimizsən. Bu günlərdə qonağın olan yüzlərlə əcnəbi gənc sənə  baxıb heyranlığını gizlədə bilmir, hüsnünə valeh olur...

... Yəqin xatırlayırsınız. “Avropa Gənclər Paytaxtı 2016" layihəsinin açılışı ərəfəsində bu tarixi hadisə ilə əlaqədar Gəncə şəhərinə bir səhifə yazı həsr etmişdik. Səhifənin başlığı da belə idi: “Gəncə ona görə Avropanın gənclər paytaxtıdır ki...” Yəni bu qədim şəhər təsadüfən gənclərin paytaxtı seçilməyib. İstər gənclərlə aparılan iş təcrübəsi, istərsə də Gəncənin Avropada ən sürətlə inkişaf edən şəhərlərdən biri olması bunu cəsarətlə deməyə əsas verirdi ki, bəli, ulu Nizami yurdı belə bir titula, belə bir ada layiqdir! Layihənin açılışı ilə bağlı Gəncəyə gələn saysız- hesabsız qonağın şəhərlə bağlı söylədikləri fikirlər bir daha göstərdi ki, biz yanılmamışıq.

Tamas Szaba( Rumıniya) :

– Bu şəhər ki, nağıl imiş, heç bilməmişik. O qədər zəngin təəssüratım var ki, sözlə ifadə edə bilmirəm. Hər bir ölkə istəyər ki, belə bir tədbir keçirə bilsin. Könüllü gənclərin işgüzarlığı, böyük həvəslə layihəyə qoşulması məni heyran etdi. Diqqətimi bir də bu cəlb etdi ki, burada ölkə Prezidentinə, şəhər merinə, bütövlükdə ağsaqqallara necə böyük hörmət- izzət var. Çoxlu suvenir almışam. Onların əksəriyyətində “Gəncə 2016 Avropa Gənclər Paytaxtı” rəmzləri əks olunub. Düşünürəm ki, onlara baxanda və Gəncədə gördüyüm diqqət, qonaqpərvərlik yadıma düşəndə Azərbaycan qəlbimdə bir daha yaşayacaqdır.

Mariya Katarina (Portuqaliya):

– Bu şəhərin gözəl ab-havası, əvəzolunmaz mənzərələri var. Hər səhər günəş şəfəqləri insanın üzünə açılır. Təbiəti kimi insanları da çox səmimi və gülərüzlüdürlər. Heç bu şəhərdən ayrılmaq istəmirsən. Burada tarixiliklə müasirlik necə də həmahəngdir! Burada keçirilən tədbirlər, konsert proqramları, teatrlaşdırılmış səhnələr çox xoşuma gəldi. Çoxlu şəkil çəkmişəm. Yəqin ki, onların bəzilərini mətbuatda dərc etdirəcəyəm. Qoy bilsinlər ki, Azərbaycanın Gəncə kimi necə möhtəşəm bir şəhəri var. Əgər bir şəhərin ki, 850-900 il qabaq Nizami Gəncəvi kimi dahi bir şairi olubsa, görün onun necə qədim tarixi, zəngin mədəniyyəti var.

Lora Todorova, Avropa Gənclər Forumunun təmsilçisi:

– Gəncəyə ilk dəfədir gəlirəm. Şəhəriniz çox gözəldir. Tarixi qədim olsa da, müasir tikililəri ilə gözəl bir ahəng yaradıb. İxtisasca siyasi şərhçiyəm. Ümüdvaram ki, yaddaşıma yazdıqlarım, eləcə də gördüklərim məni bir daha bu şəhərə qayıtmağa sövq edəcək.

Karolina Dodon, Moldova Gənclər Şurasının təmsilçisi:

— Bu şəhərin çox qədim tarixə malik olması haqqında məlumatım var. Məni təəccübləndirən isə belə bir qədim şəhərin əhalisinin əksəriyyətinin gənclərdən ibarət olmasıdır. Yəni gördüklərim mənə bu fikirləri söyləməyə əsas verir. Gənclik böyük qüvvədir. Gəncləri xoşbəxt olan dövlət qüdrətli dövlət sayıla bilər.

 

MDB məkanında ilk şəhər

 

Şəhərə gələn qonaqlar belə bir faktı da dönə- dönə təkrarlayırdılar ki, sən demə, bu Gəncə keçmiş Sovetlər Birliyinin və Avropa İttifaqına daxil olmayan ölkələr içərisində “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk şəhərdir. Bir dəfə qeyd etmişdim. Bizim bir sıra KİV nümayəndələri Gəncənin hələ də necə möhtəşəm yarışmada qalib adını qazanmasını lazımınca dərk etmir və işıqlandırmırlar. Bir fikir verin. Təkcə Rusiya Fedarasiyasının 1100- dən çox şəhəri var. Onların 169- u əhalisinin sayı 100 min nəfəri keçən şəhərlərdir. Ukraynada, Belarusda, qonşu respublikalarda yüzlərlə şəhər var. Onlardan hər hansı birini niyə seçməyiblər?!  Layihənin açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov çox düzgün qeyd etdi ki, bunun başlıca səbəbi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin hərtərəfli inkişafına, onların potensialının aşkar edilməsinə və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına şərait yaradılmasıdır.

Azərbaycan Respublikası Prezidentinin ictimai- siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov elə həmin açılışda bildirdi ki, Azərbaycanda dünyaya nümunə ola biləcək gənclər siyasəti reallaşıb. Maraqlıdır ki, dünyada 14- 29 yaşlı gənclərin dünya əhalisinin 28 faizini təşkil etdiyi halda, Avropada bu göstərici 21 faiz, Azərbaycanda 29 faizdir. Müvafiq göstərici Gəncədə 29,8 faiz təşkil etdiyi üçün bu şəhər Avropa gənclər paytaxtı seçildi.

Ölkə Prezidentinin birbaşa diqqəti və qayğısı sayəsində Gəncənin öz görkəmini tamamilə dəyişməsi və burada gənclər üçün hərtərəfli şəraitin yaradılması məhz bu şəhərin, yuxarıda qeyd etdiyimiz kimi, Avropada diqqət mərkəzində olmasına bilavasitə şərait yaratmışdır.

Başqa bir məqamı da xüsusi vurğulamaq istərdik ki, bu da şəhər rəhbərliyinun gənclərə münasibəti ilə bağlıdır. Yadıma gəlmir ki, hansısa bir şəhər tədbirində gənclərə söz verilməsin, onların adları çəkilməsin, yaxşı işləri qeyd olunmasın, təriflənməsin. Dəfələrlə şahidi olmuşam ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev özü məktəblərdə, institut və texnikumlarda olur, yeniyetmə və gənclərin təhsili, məişət şəraiti ilə maraqlanır, bir çoxuna elə həmin andaca kömək edir, onların gələcəyini nəzarətdə saxlayır, bəzilərini müvafiq işlərə dəvət edir. Bu isə istər- istəməz gənclər arasında şəhər rəhbərliyinə, bütövlükdə dövlətə və dövlətçiliyə inam hissini gücləndirir.

İki il əvvəl Gənclər evinin tikintisinə yenicə başlanan vaxt burada olduğunu  bildirən Avropa Gənclər paytaxtları şəbəkəsinin rəhbəri Andras Farkaş indi möhtəşəm bir obyektin açılışında olmasından xüsusi bir zövq aldığını dilə gətirdi. Qeyd edək ki, açılışda iştirak edən yerli və xarici qonaqlar Heydər Əliyev parkında yerləşən Gənclər evinin qarşısında cəngi sədaları altında idmançıların çıxışlarını maraqla izləmişlər. Bu tikili 975 kvadratmetr ərazidə inşa olunub. Binada müxtəlif təyinatlı 50 otaq var. Elektron kitabxana, toplantı və iclas zalları, müxtəlif dərnək və məşğələ otaqları, peşəyönümlü mərkəzlər, klublar var.

 

Gənclər nümunə göstərdilər...

 

Şəhərdə tədbirlər, görüşlər hədindən çox idi. Qonaqlar üçün o qədər maraqlı idi ki, onlar günlərin belə tez gəlib keçdiyindən əməlli-başlı təəssüfləndiklərini etiraf edirdilər. Braqa şəhərinin vitse-meri Maria Spedro deyirdi ki, layihədə Gəncə şəhəri ən yaxşı müttəfiqdir. Bu layihə ölkələrin biri digərinin mədəniyyətini, adət-ənənəsini öyrənməsi üçün əvəzolunmaz bir fürsətdir.  Təəssüf edirəm ki, buranı tezliklə tərk edəcəyəm. Heç bilirsiniz, Gəncədə nə qədər dost qazanmışam?!

Əskişəhər valisi Əzim Tunar Güngör bildirirdi ki, ortaq mədəniyyətimizi Avropaya yaxşı tanıdaraq uğur əldə edəcəksiniz. Gəncəyə hər zaman dəstək ola biləcəklərini qeyd edən Ə.T.Güngör fəxrlə deyirdi ki, Gəncə 12 şəhər sırasından seçilmiş 5 şəhərlə final mərhələsində mübarizə apararaq müsabiqənin qalibi olub. Əzim Tunar Güngör Nizami Gəncəvinin yurdunda olmasından məmnunluğunu dilə gətirdi və dedi ki, gəncəli gənclər nümunə göstərirlər.

... Qonaqlar əvvəlcə “Qədim Gəncə” adlı sərgi ilə tanış oldular. Mərasim iştirakçıları Azərbaycan xalqının əsrlər boyu qoruyub-saxladığı mənəvi dəyərləri ifadə edən güşələrə, milli mətbəximizin və geyimlərimizin, xalq yaradıcılığının, el sənətkarlığının ən gözəl nümunələrinə tamaşa etdilər. Şəhərin rəqs kollektivlərinin rəngarəng çıxışları, peşəkar musiqiçilərin Azərbaycan xalqının ən qədim musiqi alətlərində ifası şənlik iştirakçıları tərəfindən maraqla qarşılandı.

Məhsəti Gəncəvinin  adını daşıyan mərkəzin önündə qonaqlar maraqlı proqramla qarşılandılar. Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Ansamblı və  Gəncə Dövlət Kamera Orkestrı solistlərinin ifaları, milli rəqs nömrələri qonaqlar tərəfindən alqışlarla qarşılandı. Daha sonra mərasim iştirakçılarını rəmzi olaraq Nizami Gəncəvi obrazı qarşıladı. Dahi söz ustadı, böyük alim və filosof  Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalardan parçalar nümayiş etdirildi.

“Gəncə Avropa Gənclər Paytaxtı- 2016 ”  İctimai Birliyi ofisinin rəsmi açılış mərasimi 2016 şarın və 216 göyərçinin  havaya buraxılması ilə başladı. Mərasim iştirakçıları ofisdə yaradılan şəraitlə tanış oldular. Ofisin gələcək fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verildi. İctimai Birliyin sədri Elmir Vəliyevin gələcək planlarından həvəslə danışması qonaqlarda Azərbaycan gənclərinin necə təşəbbüskar, vətənpərvər və tolerant olmaları barədə xoş təsəvvür yaratdı.

Gəncəçay Park-Bulvar Kompleksində tədbir iştirakçıları  cizgi filmlərinin qəhrəmanlarının rəqsinə tamaşa etdilər. Uşaq bağçalarının kollektivləri onlar üçün ayrılmış güşədə maraqlı rəqs nömrələri ilə qonaqları salamladılar. Onlar təsviri sənət əsərlərindən ibarət sərgi ilə tanış oldular.  Xor kollektivlərinin ifaları tədbirə xüsusi rəng qatdı.Qonaqlar tədbirdə Azərbaycan plovlarının da dadına baxdılar.

“Gəncəçay” Park-Bulvar Kompleksindən sonra mərasim iştirakçıları əllərində Azərbaycanın üçrəngli bayrağını tutan əsgərlərin və atlıların müşayiəti ilə “Gəncə Avropa Gənclər Paytaxtı- 2016 ” parkına gəldiilər. Parkda  gənclərin əyləncəli çıxışları, avropasayağı rəqsləri, eyni zamanda hərbçilərin vətənpərvərlik ruhunda çıxışları alqışlarla qarşılandı. Sonda qonaqlar və gənclər xatirə şəkilləri çəkdirdilər.

Tədbir axşam saatlarında Heydər Əliyev adına meydanda böyük konsert proqramı ilə davam etdi.Sonda möhtəşəm atəşfəşanlıq oldu.

 

Təşkilatçılıq yüksək səviyyədə idi...

 

Gəncə artıq bir neçə ildir ki, ən müxtəlif tədbirlərə, o cümlədən beynəlxalq tədbirlərə ev sahibliyi edir.Cəsarətlə demək lazımdır ki, bu tədbirlər həmişə səviyyəsi və təşkilatçılığı ilə yadda qalıb. Qonaqların qarşılanmasından, yerləşdirilməsindən, gəzintisindən tutmuş digər məsələlərə kimi, o qədər dəqiqliklə ölçülüb- biçilir ki, “əladır” deməkdən başqa bir söz tapa bilmirsən. Salonlarda, otaqlarda keçirilən tədbirlərdən fərqli olaraq meydanlarda, küçələrdə, hər hansı bir tikilinin qarşısında keçirilən kütləvi tədbirlər, atəşfəşanlıqlar daha çətin və böyük məsuliyyət tələb edən işdir. Son 4-5 ildə bu cür tədbirlərin sayı-hesabı yoxdur. Hamısı da yaddaqalan, məzmunlu, baxımlı, səliqə-sahmanlıdır. Bütün bunlar Gəncədə hər bir işə məsuliyyətli yanaşmanın nəticəsidir, başqa sözlə bəhrəsidir. Tədbirlərə əvvəlcədən hazırlıq gedir, bununla bağlı məsul şəxslərin hesabatları dinlənilir və sair. Bu dəfə də belə oldu. Qonaqlar Gəncədən o qədər razılıqla, böyük təəssüratla ayrıldılar ki, bunları sözlə ifadə etmək çətindir. Əslində, bu da bir məktəbdir. Tədbirdə istər 50 adam iştirak etsin, istərsə də 50 min, dəxli yoxdur, o yüksək səviyyədə olmalıdır. Elə əsl mədəniyyət, əsl ideoloji iş budur, buradan qaynaqlanır. Nizami poeziya günləri, şərab festivalları, beynəlxalq simpoziumlar, Novruz, Yeni il şənlikləri, müxtəlif tarixi günlər və digər tədbirlər məhz buna görə uzun müddət insanların xatirəsindən çıxmır, onlarda xoş ovqat, əhval-ruhiyyə yaradır.

Beləcə Gəncə daha bir möhtəşəm tədbirə ev sahibliyi etdi, adına, görkəminə layiq iş gördü. Bu yalnız adını çəkdiyimiz layihənin açılışı idi. Qarşıda hələ çox işlər var. Avropadan, dünyanın müxtəlif yerlərindən qonaqlar hələ bundan sonra gələcək. Bu il Azərbaycanda gerçəkləşəcək layihələrin 90- dan çoxu Gəncədə reallaşacaq. Hamı Gəncə deyir, Gəncə eşidir. Çünki burada əsl iş var. Elə  hamı da məhz o işin işığına toplaşır. Belə yerdə istər- istəməz qəlbindən keçən bu sözləri dilə gətirməli olursan: Afərin, Gəncə!

Hamlet QASIMOV,
“Xalq qəzeti” nin bölgə müxbiri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında