Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışı olub

Mayın 11-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışı olub.

Mərasimdə Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Mahaçqala şəhəri ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mahaçqalada Əziz Əliyevin adını daşıyan küçədə ucaldılan abidənin üzərindəki örtük tədbir iştirakçılarının alqış sədaları altında götürülüb.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov  mərasimdə çıxış edərək  Mahaçqalada böyük dövlət xadimi Əziz Əliyevin abidəsinin ucaldılması təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, abidənin yaradılmasında əməyi olan hər kəsə təşəkkür edərək vurğulayıb ki, çoxşaxəli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Əziz Əliyev Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrilib.         R.Abdulatipov Əziz Əliyevin Dağıstana başçılıq etdiyi çox mürəkkəb bir dövrdə – 1942-1948-ci illərdə respublikanın inkişafı üçün gördüyü böyük işlərdən söhbət açıb. O, Ə.Əliyevin Dağıstanda xalq sənətlərinin, teatrın inkişafı istiqamətində gördüyü işlərdən söhbət açaraq deyib: “Əziz Əliyev hətta ən ağır müharibə illərində həmişə Dağıstanın gələcəyi barədə düşünən nadir insan idi. Dağıstana doğma ölkəsi kimi yanaşırdı. O, dağıstanlılara doğma qardaşları kimi baxırdı. Əziz Əliyevin abidəsi burada çoxdan ucaldılmalı idi. O, buna layiqdir”. R.Abdulatipov vurğulayıb ki, abidənin ucaldılması Əziz Əliyevin xatirəsinə və Azərbaycana dərin ehtiramın daha bir təsdiqidir.

Azərbaycan Respublikasında ilk dəfə keçiriləcək Dağıstan Günlərində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Azərbaycana yola düşəcəyini diqqətə çatdıran R.Abdulatipov deyib: “Biz əlaqələrimizi möhkəmləndirmək, həm iqtisadi, həm də mədəni əməkdaşlığımızı inkişaf etdirmək üçün Azərbaycana gedirik. Azərbaycan müstəqillik illəri ərzində böyük uğurlar qazanıb. Qonşumuzdan çox şey öyrənə bilərik”. 

Ramazan Abdulatipov bildirib ki, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Dağıstan Respublikası qarşısında xidmətləri ilə bağlı “Doğma yurda məhəbbətə görə” fəxri nişanına layiq görülüb. O, incəsənət sahəsində xidmətlərinə və çoxillik yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadəyə və heykəltəraş, Azərbaycanın Xalq rəssamı Ömər Eldarova “Dağıstan Respublikasının Əməkdar rəssamı” fəxri adının verildiyini elan edib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan və Dağıstan arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə Dağıstan Respublikasının Fəxri fərmanı ilə mükafatlandırılıb.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov mükafatları təqdim edib.

Sonra Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, bu gün çox əlamətdar gündür. Azərbaycan ilə Dağıstan arasında sıx əlaqələr olduğunu xatırladan Y.Eyyubov deyib: “Bizi bütün həyatımız, əcdadlarımız, qanımız bağlayır”. O, əfsanəvi Əziz Əliyevin əməyinə verilən yüksək qiymətə görə Dağıstan Respublikasının rəhbərliyinə və Dağıstan xalqına təşəkkürünü bildirib.

Baş nazirin birinci müavini böyük dövlət xadimi Əziz Əliyevin Dağıstandakı fəaliyyətindən danışaraq vurğulayıb ki, o, Dağıstan xalqının rifahı naminə əlindən gələni edirdi. Y.Eyyubov vurğulayıb: “Biz və dağıstanlılar eyni adətlərə, eyni etiqada mənsub insanlarıq. Biz həmişə bir yerdə olmalıyıq. Bizim gücümüz bundadır. Dağıstan böyük Rusiya, rus xalqı ilə münasibətlərimizi əlaqələndirən, möhkəmləndirən körpüdür”.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev mərasimdə çıxış edərək Əziz Əliyevin abidəsinin açılmasını Dağıstan və Azərbaycan üçün vacib, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası üçün çox rəmzi hadisə kimi dəyərləndirib. O bildirib ki, Əziz Əliyev xalqlarımızın zamanın sınağından keçmiş dostluğunun rəmzidir. Ölkələrimiz arasında münasibətlərin hazırda yüksəliş dövrünü yaşadığını vurğulayan parlament komitəsinin sədri deyib: “Biz bu münasibətləri iki bərabərhüquqlu, suveren, bir-birinə hörmətlə yanaşan tərəfdaşın münasibətləri kimi inkişaf etdiririk”. O, RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını tədbir iştirakçılarına çatdıraraq əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasında ilk dəfə keçiriləcək Dağıstan Günləri təkcə regional deyil, həm də dövlətlərarası əhəmiyyət daşıyan hadisəyə çevriləcək.

Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərindən danışan natiqlər ümummilli lider Heydər Əliyevin bu sahədə xüsusi xidmətlərini qeyd ediblər. Vurğulanıb ki, xalqlarımızın qədim tarixə malik dostluq əlaqələri ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Görkəmli dövlət xadimi Əziz Əliyevin oğlu, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Mahaçqalada ucaldılmış bu abidənin qardaş xalqlarımız arasında dostluğun rəmzi olmasını vurğulayaraq bu işə töhfə vermiş hər kəsə, atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. O qeyd edib ki, Əziz Əliyev ömrü boyu Dağıstan haqqında xatirələrlə yaşayıb və bu diyara sevgi hissini özünün bütün doğmalarına və yaxınlarına təlqin edib.

Açılış mərasimində çıxış edən Xaçmaz Rayonu İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, Əziz Əliyevə abidə ucaldılması ilə yanaşı, Mahaçqalada onun adını daşıyan küçədə yerləşən 5 nömrəli uşaq incəsənət məktəbinin binası əsaslı təmir edilib.

Çıxışlarda vurğulanıb ki, Dağıstan Respublikasının görkəmli şəxsiyyətlərinə Azərbaycanda həmişə böyük hörmət bəslənilib. Xaçmaz şəhərində Xaçmaz-Dərbənd dostluq abidəsi və Xalqlar Dostluğu Muzeyi yaradılıb.

Görkəmli dövlət xadimi Əziz Əliyevə Mahaçqalada ucaldılmış abidənin müəllifi heykəltəraş Ömər Eldarovdur.

Abidənin açılışından sonra mərasim iştirakçıları 5 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin konsertini dinlədilər.

Sonra Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun  görüşü olub. Görüşdə Azərbaycan ilə Rusiya və onun subyektləri arasında əməkdaşlıq və dostluq əlaqələrinin inkişafından danışılıb.

Elxan YUSİFLİ,
AZƏRTAC-ın müxbiri

Mahaçqala


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında