... Buraya gələrkən çox təəccüb edirdim ki, mən indi İmişlidəyəm, yoxsa hansısa başqa şəhərdəyəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçısı İlham Əliyev İmişli ilə bağlı təəssüratını rayona səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə bölüşmüşdü. Həmin görüşdə ölkə rəhbəri rayona yeni başçı təyin edən zaman ona İmişlinin sürətli inkişafı barədə xüsusi tapşırıq və tövsiyələr verdiyini bildirmiş, rayona səfəri zamanı isə nəticələrdən razılığını belə ifadə etmişdi: “Son bir neçə ay ərzində İmişli rayonunun inkişafı üçün çox böyük, tarixi işlər görülmüşdür”.
Prezident bu fikirləri 2012-ci il oktyabr ayının 28-də rayonda olarkən bildirmişdi və həmin il aprelin 14-də rayona yeni başçı təyin etməsindən cəmi-cümlətanı 6 ay 14 gün keçirdi. 2012-ci ilin 14 apreli imişlililərin yaddaşında təkcə Vilyam Hacıyevin rayon icra hakimiyyətinin başçısı təyin olunduğu gün kimi deyil, eyni zamanda, rayonun sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı olan bir tarix kimi də qalacaq. İndi bu mərhələnin başlanğıcından bizi 4 illik zaman məsafəsi ayırır. Bu müddətdə İmişlidə, sözün bütün mənalarında, genişmiqyaslı işlər görülmüş, sürətli inkişaf baxımından mühüm məsafələr qət edilmişdir. Hər halda, dörd il də dörd ildir. Arada dönüb keçənləri xatırlamaq da faydasız olmazdı...
Abadlıq-quruculuq
işləri şəhərə yeni görkəm verib
Hər şeydən öncə ondan başlayaq ki, illərlə başdansovdu yanaşıldığından rayonda daha çox ehtiyac duyulan abadlıq-quruculuq işlərinin aparılması idi ki, digər rayonlarla müqayisədə İmişlidə dərhal hiss olunan kəskin fərq aradan götürülsün. Əlbəttə, bu, o qədər də asan olmadı. Çox gərgin zəhmət bahasına olsa da, qarşıya qoyulmuş məqsədə doğru inamlı addımlar atıldı. Qısa zaman kəsiyində heyrət doğuran nəticələr qazanıldı. Bir az da dəqiqləşdirsək, 2012-ci ilin aprel ayından başlanan abadlıq və quruculuq işləri nəticəsində rayonun, xüsusilə də İmişli şəhərinin siması tamamilə dəyişdi və son dərəcə müasirləşdi. Şəhərin Heydər Əliyev prospektində, 20 Yanvar, M.Əzizbəyov, H.Aslanov və S.Ağamalıoğlu küçələrində yenidənqurma işləri davam etdirildi, prospektin hər iki tərəfində 3 metr hündürlüyündə divarlar hörüldü. Həmin divarlar aqlay daşlarla üzləndi və işıqlandırma sistemi quraşdırıldı. Şərq istiqamətində Şəkər zavodu və qərb istiqamətində Rəsullu kəndi yaxınlığında şəhərin “giriş qapısı” tikildi, prospektdə, M.Əzizbəyov və 20 Yanvar küçələrində müasir tipli elektrik dirəkləri və işıqforlar quraşdırıldı.
Heydər Əliyev prospektində səkilərə plitələr döşəndi, fərdi evlərin müxtəlif tipli qapıları eyni formalı darvazalarla əvəz olundu. Həmçinin Heydər Əliyev prospekti, 20 Yanvar, M.Əzizbəyov və H.Aslanov küçələrindəki bütün yaşayış və inzibati binaların, ticarət obyektlərinin dam örtüklərü dəyişdirildi, fasad hissələrinə aqlay üzlük daşlar qoyuldu, qapı və pəncərələr yeniləri ilə əvəz olundu. Bundan əlavə, Heydər Əliyev prospektindəki magistral qaz xətti polietilen borularla əvəz olundu, qaz, telefon və elektrik xətlərinin yeraltı çəkilişi davam etdirildi.
“Vağzal meydanı”nda inşa olunan, sahəsi 8300 kvadratmetr, hündürlüyü 100 metr olan bayraq meydanının tikintisi tamamlandı, dəmiryol vağzalının inzibati binası yenidən quruldu və “Vağzal meydanı”nda daş hasarlar ağlay üzlük daşları ilə üzləndi və yeni, müasir işıqlandırma sistemi quraşdırıldı. Sabir və Nizami adına parklarda da yenidənqurma və abadlıq işləri nəticəsində istismara yararsız çayxanalar sökülərək müasir tələblərə cavab verən yeni obyektlər tikildi. Nizami parkında yerləşən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və şəhər bələdiyyəsinin inzibati binası və digər tikililər aqlay üzlük daşlarla üzləndi. 6 hektar ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işlərinin davamı olaraq parkın ərazisindəki ictimai və inzibati binalar aqlay üzlük daşlarla üzləndi, dam örtükləri dəyişdirildi, müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırıldı, yaşıllıqlar salındı, regionda analoqu olmayan musiqili fantan istifadəyə verildi. Parkın ərazisində müasir üslubda Heydər Əliyev Mərkəzi və Gənclər Mərkəzi tikildi.
2012-ci ildə rayon ərazisindəki magistral avtomobil yollarının ətrafına 36,3 min ədəd müxtəlif növ ağaclar əkildi, şəhərin 14 küçəsində 41900 kvadratmetr həcmində 711,6 min manatlıq əsaslı təmir, “Soyqırımı” və “20 Yanvar” abidə komplekslərində isə 579,7 min manat məbləğində abadlıq işləri görüldü, hər iki meydan tamamilə yenidən quruldu.
İmişli rayonunun sosial-iqtisadi inkişafını daha da sürətləndirmək məqsədilə 2012-ci il noyabr ayının 2-də Prezidentin Ehtiyat Fondundan 2 milyon manat məbləğində vəsait ayrıldı. 2013-cü ildə şəhərdə “Araz” ticarət, uşaq əyləncə mərkəzləri istifadəyə verildi, regional ədliyyə şöbəsinin dördmərtəbəli inzibati binasının tikintisi başa çatdırıldı, rayon məhkəməsinin inzibati binasının təməli qoyuldu, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ərazi sınaq və sertifikatlaşdırma şöbəsi əsaslı təmir edildi.
23 kilometrlik Sarıxanlı–Boşçalılar–Cəfərli–Əliqulular–Muradxanlı, 12 kilometrlik Sarıxanlı–Boşçalılar yollarının təmiri başa çatdırıldı. 2014-cü ildə Sarıxanlı–Boşçalılar, Cəfərli–Əliqulular–Muradxanlı kəndlərini birləşdirən 23 kilometrlik asfalt-beton yol əsaslı və 19 kilometrlik Xoşçobanlı–Murğuzalılı, Xəlfəli–Qulubəyli–Qızılkənd–Aranlı avtomobil yolu təmir olunaraq istifadəyə verildi. 2015-ci ildə P.Həsənov, L.Vəliyev və H.Aslanov küçələrinə asfalt örtüyü döşəndi, 20 Yanvar küçəsində səkilər təmir olunmaqla yanaşı, agac və gül kolları əkildi. Ağsu–Bəhrəmtəpə dolayı yolunda 8 kilometr avtomobil yolunun alt qatına asfalt-beton qoyuldu və avtomobil yolunun 106-113-cü kilometrləri cari təmir olundu. İmişliyə giriş yolunun 7 kilometr sahəsinə asfalt-beton döşəndi, 23 kilometrlik Sarıxanlı–Boşçalılar–Cəfərli–Əliqulular aftomobil yolu əsaslı təmirdən sonra istifadəyə verildi. Bu illərdə, həmçinin rayon məhkəməsinin və Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binalarının tikintisi başa çatdırıldı. Qeyd etmək lazımdır ki. 2012-ci ilin aprelindən geniş vüsət götürmüş abadlıq-quruculuq işləri 2016-cı ildə eyni sürətlə davam etdirilir. İlin birinci rübündə M.Müşfiq və Q.İsmayılzadə küçələrinə asfalt örtüyü döşənib, şəhər ərazisində 3 ədəd ikimərtəbəli və 3 ədəd beşmərtəbəli yaşayış binalarında təmir işlərinə başlanılıb. Avtomobil yollarının saxlanmasına və cari təmirinə ümumilikdə 190 min manat sərf olunub. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli binanın tikintisi tamamlanmaq üzrədir. Həmçinin rayonda bu təbəqədən olan insanlar üçün ikinci 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasının tikintisi də nəzərdə tutulmuşdur.
Torpağa yeni nəfəs gəlir
İmişli heyvandarlıq rayonudur və son illər burada heyvandarlığın inkişafı diqqət mərkəzində saxlanılan əsas məsələlərdən olub. Bunu rəqəmlərin müqayisəsindən də aşkar görmək mümkündür. Belə ki, 2012-ci ildə rayonda mal-qaranın sayı 89 255 baş olduğu halda, 2015-ci ildə 93 930 başa (4675 baş çox) çatmışdır. Qoyunların sayı isə 13 320 baş artaraq 253 062 baş olmuşdur. Quşların sayı 2012-ci ildə 1 340 961 baş, 2015-cı ildə 1 515 691 baş (174 730 baş çox) olmuşdur. Rayonda ət istehsalı 2 662,9 ton artımla 15 423,9 ton, süd istehsalı 3 301 ton artımla 49 020 ton, yun istehsalı 15,8 ton artımla 369,8 ton, yumurta istehsalı isə 7 179 ədəd artımla 87 156 min ədəd olmuşdur.
2015-ci ildə 2012-ci ildəkindən 6 236 hektar çox olmaqla 17 552 hektar sahədə buğda, 1 531 hektar çox olmaqla 6 343 hektarda arpa, 122 hektar çox olmaqla 2 551 hektarda pambıq, 146 hektar çox olmaqla 396 hektarda şəkər çuğunduru əkilmişdir. Pambıqdan söz düşmüşkən, qeyd etmək lazımdır ki, bu yaxınlarda ölkə başçısı pambıqçılığın inkişafına xüsusi diqqət yetiriləcəyini, bu sahənin dirçəldilməsinin vacibliyini bildirmişdi. Bu işdə İmişlinin də öhdəsinə, şübhəsiz ki, mühüm işlər düşür. Məlumat üçün deyək ki, cari ildə 5 051 hektar sahədə pambıq əkilməsi üçün müqavilə bağlanmış, sahələr şumlanmışdır. 3000 hektardan çox sahədə səpin aparılmış, səpinin vaxtında tamamlanması üçün qüvvələr səfərbər edilmişdir. Bütün bunlar 736 nəfərin işlə təmin olunmasına imkan yaratmışdır.
Yeri gəlmişkən, bu il rayon üzrə 8 ton barama məhsulunun istehsalı da nəzərdə tutulmuşdur. Bu məqsədlə 39 istehsalçıya 3 041 kiloqram barama qurdu paylanmış, bu sahədə işlərə 470 nəfər işçi cəlb olunmuşdur. Eyni zamanda 100 hektarda tütün əkilməsi nəzərdə tutulmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Təhsil prioritet sahədir
Rayonda təhsil sahəsinin inkişafı xüsusi prioritet təşkil edir. Bu məqsədlə, ilk növbədə, yeni məktəb binalarının da tikintisinə xüsusi diqqət yetirilib. Dövlət büdcəsinin vəsaiti hesabına inşa olunmuş 220 şagird yerlik Çaxırlı, 180 şagird yerlik Ağaməmmədli, 360 şagird yerlik Bəcirəvan, 220 şagird yerlik Qaragüvəndikli kənd tam orta məktəbləri üçün yeni binalar tikilərək şagirdlərin istifadəsinə verilib. Həmçinin İmişli şəhər 4 saylı uşaq bağçası əsaslı təmir edilmiş, 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni binanın tikintisi davam etdirilmiş, 180 şagird yerlik Xoşçobanlı kənd tam orta məktəbində bərpa-gücləndirmə və əlavə sinif otaqlarının tikinti işlərinə başlanmış, 2 yeni korpusun tikintisi başa çatdırılmışdır. Ağamalılar kənd tam orta məktəbinin binası təmir edilmiş, Rayon Təhsil şöbəsinin inzibati binasının dam örtüyü dəyişdirilmiş, binanın fasad hissəsi aqlay üzlük daşları ilə üzlənmişdir. Artıq şahmat məktəbi üçün yeni binanın tikintisi də başa çatmışdır. Hazırda sahəsi 570 kvadratmetr olan 1 zal 7 otaqdan ibarət məktəbdə 18 qrup fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 oktyabr 2012-ci ildə İmişli rayonunda olarkən yenidən qurulmuş Heydər Əliyev parkının, yeni inşa olunmuş Heydər Əliyev Mərkəzinin və Şahmat məktəbinin açılışında iştirak etmişdir.
2013-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına inşa olunmuş 180 şagird yerlik Hacıbabalı kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilmiş, Xoşçobanlı kənd tam orta məktəbi üçün yeni korpus tikilmişdir. Rayonun Cavadxanlı, Buludlu kənd tam orta, Cəfərli 1 saylı tam orta məktəblərində bərpa-gücləndirmə, həmçinin Sarıxanlı 1 saylı kənd tam orta məktəbində bərpa-gücləndirmə və əlavə sinif otaqlarının tikintisi sona çatdırılmışdır. 960 şagird yerlik şəhər 5 saylı məktəb-liseyin əsaslı təmiri başa çatdırılaraq şagirdlərin və pedaqoji kollektivin istifadəsinə verilmişdir. İl ərzində 120 şagird yerlik Cəfərli kənd 2 saylı tam orta məktəbi üçün yeni bina inşa edilərək istifadəyə verilmişdir.
2014-cü ildə 180 şagird yerlik Ölcələr kənd tam orta məktəbinin və 40 yerlik Məzrəli kənd uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Bundan əlavə, Xəlfəli, Hacırüstəmli, Məzrəli, Qaraqaşlı kənd, şəhər 1, 6 və 8 saylı tam orta məktəblərində təmir işləri görülmüşdür.
Rayonun Məzrəli kənd tam orta məktəbinin əsaslı təmir olunması işlərinə ilkin olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 300 min manat vəsait ayrılmışdır. 2015-ci ildə isə Qızılkənd, Qaradonlu kənd tam orta məktəblərinin binaları əsaslı, şəhər
4 saylı və Nurulu kənd orta məktəblərinin binaları isə cari təmir edilmişdir. 55 yerlik Əliqulular kənd uşaq bağçası-körpələr evinin tikintisi başa çatdırılaraq kənd əhalisinin istifadəsinə verilmişdir. Bundan əlavə, 2016-cı ildə Qızılkənd kənd tam orta məktəb binasının tikintisi nəzərdə tutulmuşdur. Bütün bu tədbirlər son nəticədə rayonda təhsilin inkişafına, uşaq və gənclərin təlim-tərbiyəsinin güclənməsinə gətirib çıxarır.
Səhiyyə sistemi müasirləşdirilib
Əhalinin sağlamlığının qorunması da rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin 30 mart 2010-cu il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına Rayon Mərkəzi Xəstəxanasının əsaslı təmiri başa çatmış, xəstəxana müasir tipli avadanlıqlarla təchiz olunmuşdur. Prezident İlham Əliyev 28 oktyabr 2012-ci ildə İmişli rayonunda olarkən rayon mərkəzi xəstəxanasının açılışında iştirak etmişdir.
Əsaslı təmir olunmuş 135 çarpayılıq rayon mərkəzi xəstəxanasında 28 mart 2013-cü ildən fəaliyyətə başlayan dializ şöbəsi İmişli və ətraf rayonların əhalisinə xidmət göstərməkdədir. Hazırda şöbədə növbəli iş rejimində hər gün 15 xəstə dializ olunur. 20 sentyabr 2013-cü ildə Axıcanlı həkim məntəqəsi üçün yeni bina inşa edilmiş və müasir inventar-avadanlıqlarla təchiz olunaraq əhalinin istifadəsinə verilmişdir.
2014-cü ildə Muradxanlı kənd xəstəxanası və Qaragüvəndikli kənd tibb məntəqəsi təmir olunmuşdur. Bununla yanaşı, Ağaməmmədli və Oruclu kəndlərində yeni tibb məntəqələri tikilərək əhalinin istifadəsinə verilmişdir.
2015-cü ildə Muradxanlı kənd xəstəxanasının əsaslı təmiri, Göbəktala, Ağaməmmədli və Əlyetməzli kənd tibb məntəqələrinin isə tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilmişdir. 2016-cı ilin birinci rübü ərzində Qaragüvəndikli kənd tibb məntəqəsinin tikintisi davam etdirilmişdir.
Mədəniyyət
müəssisələrinə qayğı
Əsaslı və cari təmir-tikinti işləri İmişlidəki mədəniyyət ocaqlarını da əhatə etmişdir. 2012-ci ildə rayon Tarix-Diyarşünaslıq muzeyi və Mərkəzi Kitabxanada əsaslı təmir işləri görülmüş, muzeyin dam örtüyü dəyişdirilmiş, hər iki bina aqlayla üzlənmişdir. Müasir üslubda tikilmiş 2 mərtəbəli Heydər Əliyev Mərkəzində tikinti işləri başa çatmış, mərkəzdə konfrans zalı, elektron kitabxana, dərnəklər, internet klublar, xarici dil kursları və s. fəaliyyətə başlamışdır. Heydər Əliyev adına istirahət parkının ərazisi genişləndirilmiş, parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılmış, yaşıllıqlar salınmışdır.
Rayon Tarix-Diyarşünasliq muzeyinin yenidən qurulmasından əlavə, 200 kvadratmetrlik sahədən, 2 zaldan ibarət olan muzeyin daxili tərtibatı da yenidən qurulmuş, eksponatların sayı 4 min ədədə çatdırılmışdır. İl ərzində Mərkəzi Kitabxanada, Mədəniyyət Sarayında, Mərkəzi Mühasibatlıqda və Uşaq İncəsənət məktəbində cari təmir işləri aparılmışdır. Mərkəzləşdirilmiş kitabxana sisteminə 8 ədəd yeni kompüter dəsti alınaraq internetə çıxışlar təchiz olunmuş, kitabxanada web-saytın fəaliyyət göstərməsi təmin olunmuşdur. Həmçinin mədəniyyət müəssisələrinə stol, stul, kitab rəfləri və digər inventar avadanlıqlar alınmışdır.
2014-cü ildə rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və təmiri diqqət mərkəzində saxlanılmış, mədəniyyət müəssisələrində cari təmir işləri aparılmışdır. Bundan əlavə, Aranlı kənd mədəniyyət evində də təmir işləri aparılmışdır.
Rayondakı mədəniyyət müəssisələrinə qayğı və diqqət 2015-ci il ərzində də davam etdirilmiş, nəticədə mədəniyyət müəssisələrində cari təmir işləri aparılmışdır. 2016-cı ilin birinci rübü ərzində də rayonun mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yüksəldilməsi və binaların təmiri diqqət mərkəzində saxlanılmış, lazımi sahələrdə cari təmir işləri aparılması nəzərdə tutulmuşdur.
Gənclər üçün
hər cür şərait yaradılıb
Rayonda gənclərin tərbiyəsi, asudə vaxtlarının təşkili məsələləri ilə ciddi məşğul olunur. Bunun üçün müvafiq infrastrukturun yaradılması da diqqətdən yayınmır. İmişlidə Olimpiya İdman Kompleksinin tikintisi 5 may 2011-ci ildə başa çatmışdır. Kompleksin nəzdində üzgüçülük hovuzu, trenajor, əl oyunları, güləş, boks, bilyard və tennis zalları fəaliyyət göstərir. İmişli şəhərində fəaliyyətə başlayan Gənclər Mərkəzində konfrans zalı, kinoklub, kitabxana, şahmat dərnəyi, idman zalı, kafe, stolüstü oyunlar və digər xidmət növləri fəaliyyət göstərir. Şəhər 2 saylı tam orta məktəbində hərbi idman oyunlarının keçirilməsi üçün idman qurğusu inşa olunmuşdur. Rayonda yeni, ikinci divizionda çıxış edən “Mil-Muğan” futbol klubu da yaradılmışdır.
Bütün bunlar son 4 ildə İmişlidə yaradılmış sosial-iqtisadi və mədəni-kütləvi tərəqqinin heç də tam siyahısı deyil. Amma həyata keçirilmiş tədbirlərdən də göründüyü kimi, rayonda inkişaf meylləri kifayət qədər güclüdür və əksər işlər əhalinin güzəranının yaxşılaşmasına, insanların işlə təmin edilməsinə, sağlamlığının qorunmasına, gənc nəslin müasir tələblər səviyyəsində yetişməsinə xidmət edir. Şübhəsiz ki, qarşıdakı illərdə rayon daha böyük uğurlara imza atacaq. Buna İmişlinin maddi-texniki və insan potensialı da imkan verir. Rayon rəhbərliyi də məhz bu potensialın əməli işlərdə ifadə olunmasına çalışır. Bunlar isə son nəticədə rayonda inkişafı şərtləndirən amillərdir.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.