Mayın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda konfrans keçirilib.
Konfransı açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva ölkəmizdə mövcud olan multikultural dəyərlərin geniş miqyasda təbliğ olunmasının önəmini vurğulayıb. O deyib ki, bu cür tədbirlərin keçirilməsi dövlətimizin, xalqımızın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir. Mədəniyyətin özü də bu dəyərlərə daxildir. Azərbaycanın musiqisi, muğamı bütün dünyada təbliğ olunur. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu istiqamətdə mühüm işlər görür.
YAP Qadınlar Şurasının sədri bildirib ki, şuranın tədbirlər planına uyğun olaraq “Multikultural dəyərlər və azərbaycançılıq ideologiyası” mövzusunda tədbirlər bütün respublika ərazisində keçiriləcək.
Diqqətə çatdırılıb ki, azərbaycançılıq ideologiyası ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra yaranıb. Əsası ümummilli lider tərəfindən qoyulan bu ideologiya sayəsində bütün dünya Azərbaycanı, xalqımızı tanıdı. Bu gün bu dəyərlərin üzərinə multikultural dəyərlər də əlavə edilir.
Multikultural dəyərlərin geniş mahiyyətə malik olduğunu dilə gətirən N.Əliyeva qeyd edib ki, multikulturalizm terrorun, müharibənin qarşısının alınmasında böyük əhəmiyyətə malikdir: “Hər bir millət firavan, rahat, sülh şəraitində yaşamaq istəyir. Bu istiqamətdə biz qadınların üzərinə də böyük məsuliyyət düşür. Belə ki, biz qadınlar bu cür dəyərləri daha geniş şəkildə təbliğ etməli, işlədiyimiz, olduğumuz yerlərdə multikultural dəyərlərin vacibliyini qeyd etməliyik”.
YAP Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamella Şahbazova, Səbail rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə Kərimova, Qaradağ rayon təşkilatının Qadınlar Şurasının sədri Təranə İsmayılova bildiriblər ki, Azərbaycanda hər zaman multikulturalizm mövcud olub. Bütün xalqların nümayəndələri ölkəmizdə daim tolerantlıq mühitində yaşayıblar.
Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bu gün iftixarla deyə bilərik ki, multikultural nəzəriyyənin əsasında ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası dayanır. Bu dəyərlər dünyada ölkəmizin nüfuzunu daha da artırır. Azərbaycan dünyada təkcə neft, qaz deyil, həm də multikultural dəyərlər ixrac edən ölkə kimi tanınır. Ölkəmizdəki tolerant və multikultural dəyərlər etnik mənsubiyyətindən asılı olmayaraq bütün insanların birləşməsinə səbəb olub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə Məmmədova bildirib ki, bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə və təqdirlə qarşılanır. Multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan nümunəsi öyrənilir. Ölkəmizdə multikulturalizm bir kampaniya deyil, Azərbaycan dövlətinin milli mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən siyasi kursu davamlı və ardıcıldır.
Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Bahar Muradova konfransda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin qədim tarixi köklərə malik olduğunu söyləyib. Bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub. Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, çoxkonfessiyalılıq, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətləridir. Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi dövlətimizin başçısının dediyi kimi, bir daha sübut edir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir.
Bahar Muradova qeyd edib ki, Azərbaycan tolerant dövlətdir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerant və multikultural ölkə kimi tanınır. Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olub.
Diqqətə çatdırılıb ki, multikulturalizm dəyərləri olmayan məkanda, ayrı-seçkilik, islamofobiya, ksenofobiya, antisemitizm kimi təhlükəli amillər meydana çıxır. Bu da bəşər tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub. Ümummilli lider Heydər Əliyevin atdığı düşünülmüş və qətiyyətli addımlar, milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı Azərbaycanda tolerantlığın və multikulturalizm ənənələrinin yenidən bərpa olunmasına, onun daha da inkişaf etdirilməsinə gətirib çıxardı. Biz bunu çox yüksək qiymətləndiririk və daim qoruyub saxlamalıyıq.
YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov ulu öndərin haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyini söyləyib. O, ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyinin olduğunu vurğulayıb. Bildirib ki, bu gün Heydər Əliyev Fondu Azərbaycanın multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəlifliyi şəraitində fəaliyyət göstərməsini reallaşdırır.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.