Cəbhə bölgəsinin sakinləri: Ali Baş Komandana və Azərbaycan Ordusuna güvənirik

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə xəttində yerləşən kəndlərdə sakinlərlə görüşü düşmənlə üz-üzə yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradıb. Onlar Azərbaycan Ordusunun gücünə, Ali Baş Komandana və dövlətimizə güvənirlər. Bunun nəticəsidir ki, insanlar gündəlik qayğıları ilə məşğuldurlar.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhəboyu zonanın ön xəttinə səfər edərək sakinlərlə, hərbi qulluqçularla görüşü bir daha sübut etdi ki, dövlətimizin başçısı həmişə olduğu kimi, ən çətin məqamda da ön xətdə xidmət edən əsgər və zabitlərin, təmas xəttinə yaxın ərazilərdə yaşayan əhalinin yanındadır. Bu səfər Azərbaycan Prezidentinin bütün məsələləri daim nəzarətində saxladığını, bilavasitə yerlərə səfər edərək vəziyyəti ətraflı qiymətləndirdiyini və lazımi qərarlar qəbul edərək vacib tapşırıqlar verdiyini bir daha göstərdi. Həmçinin sübut etdi ki, Azərbaycan Ordusunun hazırlığı ən yüksək səviyyədədir və Silahlı Qüvvələrimiz torpaqlarımızın işğaldan azad olunması uğrunda Ali Baş Komandanın döyüş əmrinə hər an hazırdır.

Dövlətimizin başçısının daim diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən Ağdam rayonunun cəbhəyanı kəndlərinin sakinləri Ali Baş Komandanın təmas xəttində yerləşən yaşayış məntəqələrinə getməsini, çətin vaxtda onların yanında olmasını yüksək qiymətləndirirlər.

Rayonun Evoğlu kənd sakini Eldar Kərimov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib: “Düşmənin bir neçə kilometrliyində, atəş altında yaşamağımıza baxmayaraq Prezidentimizə, ordumuza güvənir, işğal altındakı torpaqlarımızın azad ediləcəyinə inanırıq. Ali Baş Komandanın cəbhə bölgəsinə bu səfəri tezliklə qələbə qazanacağımıza inamımızı daha da artırdı”.

Qaradağlı kənd sakini Rəşad Əliyev: “Aprelin 27-dən 28-nə keçən gecə ermənilərin atdığı mərmilərdən biri evimin qarşısına düşüb. Lakin buna baxmayaraq, bir gün də olsun evimi, kəndimi tərk etməmişəm. Bunun səbəbi isə Vətənə məhəbbətim, Prezidentimə və ordumuza güvənimdir. Televiziya ilə Prezidentin cəbhə bölgəsinə səfərini, sakinlərlə görüşüb söhbət etməsini izlədim. Əminəm ki, işğal altındakı torpaqlarımızı azad edəcəyik. Bir ağdamlı gənc olaraq hər zaman Ali Baş Komandanın əmri ilə düşmən tapdağında olan ərazilərimizin azadlığı uğrunda döyüşə getməyə hazıram”.

Qaradağlı kəndinin digər sakini Rizvan Zeynalov fikirlərini belə ifadə edib: “Prezident İlham Əliyevin düşmənlə təmas xəttində yerləşən kəndlərə gəlməsi camaatımızda böyük ruh yüksəkliyi yaradıb. Qələbəyə inamı artırıb. Dövlətimizin başçısının apardığı daxili və xarici siyasəti dəstəkləyirəm və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin beynəlxalq müstəvidə, xalqımızın mənafeyinə uyğun həllinə inanıram. Məsələ sülh yolu ilə həll olunmasa, yenə də qələbənin bizimlə olacağına şübhəm yoxdur. Biz Prezidentimizə və ordumuza arxayınıq”.

Rzalar kənd sakini Azilə Quliyeva isə bildirib: “Biz burada atəş altında yaşayırıq. Xain düşmənin kəndi atəşə tutması həyatımızı çətinləşdirib. Lakin arxayınıq. Bilirik ki, Prezidentimizin qətiyyəti, Ordumuzun qüdrəti sayəsində qalib gələcəyik. Dövlətimizin başçısının xanımı ilə birlikdə cəbhə bölgəsinə səfərini eşidəndə, bu arxayınlığımız daha da artdı. İnşallah şanlı bayrağımız tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacaq”.

Azərbaycan Prezidenti İlham Əliyevin cəbhə bölgəsindəki Tərtər, Ağdam və Bərdə rayonlarına səfəri zamanı qəhrəman Azərbaycan əsgərinin əlini sıxması, onun döyüş meydanında göstərdiyi şücaəti şəxsən qiymətləndirməsi həm Ordumuzun, həm də cəbhəboyu zonada yaşayan əhalinin ruh yüksəkliyini xeyli artırdı. Bu, həm də hərbi-siyasi arenada məğlub olan və çıxılmaz vəziyyətə düşən Ermənistanın kriminal rejiminə, “müharibə partiyası”na, o cümlədən beynəlxalq birliyə də mühüm bir ismarıc idi.

Hərbi ekspert, “Azeri Defence” jurnalının bas redaktoru Rəşad Süleymanov deyib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cəbhə bölgəsinə tez-tez səfərlər edir, ön xətdə hərbçilərlə görüşür. Dövlətimizin başçısı bununla Ali Baş Komandan kimi zabit və əsgərlər ilə bir yerdə olduğunu göstərir. Digər tərəfdən bu, şəxsi heyətin ruh yüksəkliyini artırır.

Ekspert bildirib ki, düşmənin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriya atəşinə tutduğu yaşayış məntəqələrinin sakinləri və ön xətdə xidmət edən hərbçilər ilə görüşən, aprel döyüşlərində fərqlənən hərbçiləri şəxsən təbrik edən Ali Baş Komandan bununla həmişə Azərbaycan əsgərinin yanında olduğunu, eyni zamanda, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək əzmini bütün dünyaya göstərdi.

R.Süleymanov Prezident İlham Əliyevin Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılmasına, maddi-texniki bazasının gücləndirilməsinə, habelə hərbçilərin sosial şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini vurğulayıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında