Dağlıq Qarabağ münaqişəsi başlanandan bəri 250-dən çox azərbaycanlı uşaq və yeniyetmə öldürülüb

Bu faktın beynəlxalq ictimaiyyətə dəlil-sübutlarla çatdırılmasını təmin etməliyik

Serj Sarkisyanın və onun “rəhbərlik etdiyi” dövlətin işğalçı, terrorçu, təxribatçı siyasətini, dünya ictimaiyyətinə çatdırmağın ən münasib variantlarını ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev  dəfələrlə söyləmişlər. Həmin istiqamətlərdə həm dövlətimiz, həm də xalqımız tərəfindən kifayət qədər səmərəli tədbirlər həyata keçirilmişdir. Nəticə göz qabağındadır. Bu gün Ermənistan dünya miqyasında təklənir.

Bu “məzlum xalqın” dinc azərbaycanlılara qarşı törətdiyi son vəhşiliklərin, cəbhəboyu yaşayış məntəqələrimizdə sosial obyektlərin və yaşayış binalarının ardıcıl olaraq atəşə tutulmasını, mülki əhali arasında ölən və yaralananların olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün  məqbul  variantlardan birini isə Xarici İşlər Nazirliyimiz həyata keçirdi. Dünyanın ən nüfuzlu kütləvi informasiya vasitələrinin Azərbaycanda akkreditə olunmuş təmsilçilərinin Bərdə və Ağdam rayonuna  dəvət edilməsi, həlak olanların ailə üzvləri, yaralananların özləri ilə görüşlərin, sayı yüzlərlə olan dağılmış və yandırılmış evlərə baxışların  təşkil edilməsi müharibə vəziyyətində olan ölkə üçün çox vacib tədbirlərdən biri idi.

Ancaq müharibə vəziyyətində olan ölkənin təkcə dövləti və hökumət qurumları deyil, hər bir vətəndaşı erməni vəhşiliklərinin beynəlxalq aləmə çatdırılması istiqamətində əməli işlər görməlidir. Sevindirici haldır ki, bu istiqamətdə də qeyd edilməli faktlar istənilən qədərdir.  Elə yazının sərlövhəsinə çıxartdığımız faktın araşdırılmasını da, əslən Qarabağdan olan İlkin Şükürbəyli  (İlkin Faiq oğlu Qurbanov) adlı gənc soydaşımız təşkil etmişdir. Daha doğrusu, o,  bu araşdırmalara başlayanda hələ  cəmi 17 yaşı vardı və  Pirşağı qəsəbəsində məskunlaşmış  6 nömrəli Şuşa şəhər orta məktəbinin sonuncu sinifində oxuyurdu.  Bir neçə il əvvəl “Xalq qəzeti”ndə verilmiş “Ermənilər uşaqlarla da döyüşürlər” adlı məqalədə göstərilirdi ki, İlkin Şükürbəylinin tərtib etdiyi “Uşaqların günahı nə?” adlı kitabda  erməni terrorçuları və cəlladları  tərəfindən qətlə yetirilmiş 200-ə yaxın azərbaycanlı körpənin yarımçıq qalmış taleyi barədə məlumatlar toplanmışdır.

Bu günlərdə isə öyrəndik ki, İlkin Şükürbəyli ( indi onun 30 yaşı var) həmin kitabın daha müfəssəl və rayon icra hakimiyyətləri ilə dəqiqləşdirilmiş mükəmməl variantını tərtib  edib. İndi məlum olub ki, erməni terrorunun qurbanına çevrilmiş azərbaycanlı cocuqların sayı 250-dən çoxdur. Növbəti kitabın daha bir üstünlüyü də odur ki, burada həlak olmuş uşaqların təvəllüdləri və ölüm tarixləri, eləcə də hansı rayonda, hansı  hərbi əməliyyatda həlak olduqları dəqiq göstərilir. Kitabdakı faktlara diqqət yetirəndə istənilən insanın ürəyində  Serj Sarkisyana olan nifrət birə min qat artır. Çünki azərbaycanlı uşaqların ən çox həlak olduğu hərbi əməliyyat Xocalı faciəsidir. Həmin faciənin təşkilatçısı və icraçısı olan Serj Sarkisyanın əli ilə 65 nəfər azərbaycanlı uşaq qətlə yetirilib. Ümumiyyətlə,  hansı rayonda və əməliyyatda nə qədər azərbaycanlı uşağın qətlə yetirildiyi barədə  siyahının əvvəlini hörmətli oxuculara təqdim edək ki, onlar da bu məlumatları yeri gəldikcə, əcnəbi jurnalistlərə və QHT rəhbərlərinə çatdıra bilsinlər.

1. Xocalı faciəsi – 65 nəfər

2. Qərbi Azərbaycandan deportasiya prosesi - 28 nəfər

3. Ağdam  – 22 nəfər

4. Füzuli –  22 nəfər

5. Kəlbəcər – 17 nəfər

6. Tovuz – 14 nəfər

7. Xocavənd – 12 nəfər

8. Qazax – 9 nəfər

9. 20 Yanvar faciəsi – 8 nəfər

10. Laçın – 8 nəfər

11. Cəbrayıl – 8 nəfər

12. Şuşa – 7 nəfər

13. Gədəbəy – 6 nəfər

14. Qubadlı –  6 nəfər

15. Zəngilan – 4 nəfər.

Qeyd üçün bildirək ki, hərəsindən bir və ya iki uşağın qətlə yetirildiyi rayonların adı sadalanmır. Həlak olanların arasında ən azyaşlı uşaq Xocalı şəhidi Samir Taleh oğlu Quliyevdir  – 1990-1992 .

Bu siyahını təqdim edən müəllif göstərir ki, 1918-ci ildə Serj Sarkisyanın babaları təkcə Şirvanda 965 azərbaycanlı uşağı öldürmüşdülər.

Bütün bunlarla yanaşı, müxtəlif nazirlik, universitet və siyasi qurumlarda İlkin Şükürbəyliyə tövsiyə edilir ki, bu kitabın azərbaycancası ilə kifayətlənmək olmaz, mütləq başqa dillərə də tərcümə olunmalıdır ki, ermənilərə haqq qazandırmağa cəhd edən bəzi dairələr onların həqiqi sifətini tanısınlar. Əminik ki, hansısa xeyirxah soydaşımızın və ya xeyriyyə fondu olan qurumların dəstəyi ilə milli ağrımızın əsas ünvanlarından biri olan körpə şəhidlərimiz haqqında qələmə alınmış bu kitabın müxtəlif xarici dillərə tərcüməsi də təmin ediləcək. Azərbaycan Ordusunun son 20 ildə ermənilərə layiq olduğu yeri göstərdiyi günlərdə bu kitabın ingiliscəsinin ərsəyə gəlməsi düşmənə daha bir sarsıdıcı zərbə olacaq.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında