Atəşkəsi pozan da Ermənistandır, ağır itkilər verən də

2016-cı il aprelin əvvəllərində cəmi 4 günlük döyüşlərdə erməni tərəfi ciddi itkiyə məruz qaldı. Külli miqdarda texnika və canlı qüvvəsinin itkisi ilə rastlaşandan sonra beynəlxalq təşkilatlara və bir sıra dövlətlərə üz tutan işğalçı dövlətin prezidentinin aldığı cavablar ona tərs sillə kimi dəydi. Serj Sarkisyana bildirdilər ki, Ermənistan işğal etdiyi torpaqlardan qoşunlarını çıxarmalıdır.

Qısa vaxt ərzində ciddi itkilərə məruz qalan Ermənistan tərəfi gələcək ikitərəfli görüşlərdə “münaqişəni sülh yolu ilə həll etməyə cəhdlər göstərməyə” başlayıb. Digət tərəfdən isə  növbəti səhv addımlar atır, aprel “dərsindən”  heç bir nəticə çıxarmayaraq, diversiya və təxribat cəhdlərini davam etdirir. Təbii ki,  Azərbaycan Ordusunun növbəti əks-zərbələri nəticəsində yenə də çoxsaylı itkilərə məruz qalırlar. Erməni ekspertlər artıq etiraf edirlər ki, Sarkisyan hakimiyyəti  qısa müddətdə Qarabağı və işğal etdikləri digər əraziləri tam şəkildə itirəcək.

Son iki gündə düşmən tərəfi  mütəmadi olaraq, atəşkəsi pozmuşdur. Yenə də atəşkəsi pozan da, ağır itki verən də Ermənistan tərəfi olmuşdur. Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 128 dəfə pozub.

Son iki gün ərzində cəbhəboyu ərazilərdə ermənilərin atəşkəsi pozması nəticəsində Ağdam rayonunda ümumilikdə 76 evə ziyan dəyib. Həmin evlərdən 14-ü tam yararsız vəziyyətə düşmüş, 1 ev yanmış, həmçinin 2 mağaza dağılmışdır. Bundan başqa, vətəndaşa məxsus 1 maşın, 1 baş at, 13 baş iribuynuzlu mal-qara tələf olmuş, 19 baş heyvan isə yaralanmışdır. Dinc sakinlərindən 2 nəfər dünyasını dəyişmiş, 7 nəfər isə yaralanmışdır.

Mülki əhalinin atəşə tutulması nəticəsində Tərtər rayonunda ümumilikdə 58 evə ziyan dəyib. Bundan başqa 2 orta məktəb yararsız hala düşmüşdür. Təbii ki, bütün bunlara görə düşmən tərəfi layiqli cavabını almışdır.

Cəbhədə bir-birinin ardınca  sarsıdıcı zərbələr  alan  düşmən tərəfi vəziyyətin getdikcə onlar üçün ağırlaşdığını duymuş və çıxış yolunu  münaqişənin dinc yolla həll olunmasında görmüşdur. Bu istiqamətdə ayrı yolun olmadığını görən Sarkisyan 3 şərt irəli sürmüşdür. Onun irəli sürdüyü şərtlər isə öz hakimiyyətini qoruyub saxlamaqdan başqa bir şey deyil. İndi Sarkisyan özü də çox yaxşı bilir ki, aprelin əvvəlində Azərbaycan Ordusundan aldığı layiqli zərbə onun hakimiyyətini elə laxladıb ki, çətin bir də özünə gələ və əvvəlki səviyyəsinə qayıda.

Ermənistan rəhbərliyinin çaşqınlığı, ilk baxışdan məntiqsiz görünən sonuncu şərtlərin də   hakimiyyətin xilasına yönəldiyindən xəbər verir. Sarkisyan rejiminin yumşalmaq və uzun illərdir ki, davam edən Qarabağ münaqişəsində daha konstruktiv mövqe tutmaq əvəzinə, Azərbaycana qarşı təzə və absurd şərtlər irəli sürməsi ikrah hissi doğurur. Bunu irəli sürülən şərtlər də təsdiqləyir: “Təmas xəttindəki insidentlərin araşdırılması üçün mexanizmin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı yeni təcavüzə və terrora getməyəcəyinə dair təminat”.

Göründüyü kimi, şərtlərin hər üçü işğalçının Azərbaycan torpaqlarında özünü rahat və təhlükəsiz hiss etməsinə, əvvəlki status-kvonun saxlanmasının təmin olunmasına yönəlib. O status-kvo ki, ermənilərə hələ uzun illər boyu Azərbaycanın bir qarış torpağını da qaytarmadan ərazilərimizdə öz hökmranlığını davam etdirməyə imkan verir.

Azərbaycan Ordusu qarşısında davam gətirə bilməyən erməni silahlı birləşmələri gecələr  mülki əhalini  ağır artilleriyadan atəşə tutmağa başlayıblar.

Dinc əhaliyə atəş açıb kimlərisə yaralamaq və qətlə yetirmək erməni barbarlığını nümayiş etdirən faktdır. Biz belə faktlarla uzun illərdir ki, qarşılaşırıq. Artıq  Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi barədə birmənalı şəkildə tapşırıq verilib: düşmənin atəş nöqtələri susdurulsun. Həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daha bir  tapşırıq da verilib ki, Azərbaycan silahlı bölmələri işğal altında olan ərazilərdə məskunlaşmış dinc əhaliyə atəş açmasın. Əsas hədəf düşmənin atəş nöqtələridir. Bu da düşmənin atəşini susdurmaq məqsədi daşıyır.

Ermənistan dövləti uzun illərdir ki, beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə hörmətsizlik edir. Son vaxtlar cəbhəboyu ərazilərdə yaşayan dinc əhaliyə qadağan olunmuş silahlardan atəş açmaqla, beynəlxalq konvensiyalara qarşı da saymazlıq özünü büruzə vermişdir. Faşistlərdən də qəddar olan ermənilər qadağan olunmuş silahlardan istifadə etməklə əhali arasında çoxsaylı itki olmasına çalışırlar.

Artıq beynəlxalq birlik Ermənistanın bu qəddarlığından məlumatlıdır. Ölkəmizdə akkreditasiyadan keçmiş xarici ölkələrin 45 media nümayəndəsi cəbhə bölgəsinə gedərək, erməni vəhşiliyi ilə yerində tanış olmuş, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaralanan mülki vətəndaşlara baş çəkilmişlər. Onlara bir daha bəlli olmuşdur ki, Ermənistan dövləti insan hüquq və azadlıqlarının qorunmasından bəhs edən beynəlxalq konvensiyaları saya salmır, hüquq normalarına hörmətsizlik edirlər.

Ermənistan tərəfinin atəşkəsi mütəmadi olaraq pozmasına baxmayaraq, artıq məğlub olduqlarını çox yaxşı bilirlər. İşğalçı ölkənin müdafiə nazirinin eks-müavini Andranik Köçəryan yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində də bunu etiraf edib. O deyib ki, “Biz hər gün bir az da zəifləyirik. Artıq Azərbaycan bizim zəif olan bir neçə yerimizi tapıb”.

Ermənistan parlamentinin sədr müavini Ermine Nağdalyanın Yerevanda səsləndirdyi fikir isə ölkədə böyük əks-səda yaradıb. Parlamentin sədr müavini açıq etiraf edib ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin ərazilərin onlara aid hüququ yoxdur. Bu bəyanat erməni ictimaiyyətində etiraz dalğasına səbəb olub, Qarabağ separatçıları isə sədr müavinini “məğlubiyyətçilik”də ittiham ediblər. Bundan əlavə, Ermənistanın siyasi xadimləri Ermine Nağdalyanın tutduğu vəzifəyə uyğunluq məsələsinə baxmağı tələb edirlər.

Belə faktlar bir daha təsdiqləyir ki, artıq Ermənistanın dövlət rəsmiləri də Sarkisyan hakimiyətinin işğalçılıq siyasətindən, qəddarlığından, müharıbə hərisliyindən cana doyublar. Çünki  bütün bunların öz başlarında çatlayacağını aydın görürlər. Son hadisələr də göstərdi ki, Ermənistan silahlı birləşmələri Azərbaycan Ordusu qarşısında çox gücsüzdür. Bunu düşmən tərəfinin ağır itkilər verməsi də təsdiqləyir.

Ermənistanın cəbhəboyu ərazilərdə yaşayan dinc əhalini ağır artilleriyadan atəşə tutması beynəlxalq birliyi hərəkətə gətirib. ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilir ki, ABŞ Dağlıq Qarabağda təmas xəttində baş verən hər hansı zorakılığı qəti şəkildə pisləyir və tərəfləri gərginliyin aradan qaldırılmasına və sülh prosesinə qayıtmağa çağırır.

Azərbaycan Ordusu tərəfindən layiqli cavab alan Ermənistanın atəşkəsi mütəmadi pozması işğalçı dövlətin özünü pis vəziyyətə qoyub. Çünki ən çox itki verən elə  onların özüdür.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında