Görkəmli oftalmoloq Zərifə Əliyevanın elmi tədqiqatları bu gün də öz aktuallığını saxlayır

Azərbaycan Tibb Universitetində görkəmli alim, Əməkdar elm xadimi, bacarıqlı oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 93-cü ildönümünə həsr olunmuş yığıncaq keçirilmişdir. Tədbiri açıq elan edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli görkəmli oftalmoloq Zərifə Əliyevanın Azərbaycan səhiyyəsində, ölkəmizin tibb elminin inkişafında, həmçinin ictimai həyatında dərin iz qoymuş bir insan olduğunu bildirmişdir.

G.Gəraybəyli akademik Zərifə Əliyevanın ictimai və peşəkar həyatının Tibb Universiteti ilə sıx əlaqədar olduğunu qeyd etmişdir. Rektor xatırlatmışdır ki, Zərifə Əliyeva 1942-ci ildə Tibb Universitetinə daxil olmuş və həyatının böyük hissəsini oftalmologiya elminin inkişafına həsr etmişdir. O, demişdir: “Akademik Zərifə Əliyevanın bir çox göz xəstəliklərinin diaqnostikası və müalicəsində misilsiz xidmətləri olmuşdur. Xüsusilə, traxoma infeksion xəstəliyinin müalicəsində və bu xəstəliyin Azərbaycanda yayılmasının qarşısının alınmasında böyük rolu olmuşdur. Zərifə Əliyeva təkcə oftalmoloq-alim kimi yox, həmçinin böyük ictimai və tibb xadimi kimi tanınmışdır. O, ölkəmizdə çoxsaylı oftalmoloji tədbirlərin keçirilməsinin təşəbbüskarı olmişdur”.

Görkəmli oftalmoloqun elmi və pedaqoji fəaliyyətindən söz açan rektor Gəray  Gəraybəyli bildirmişdir ki, Zərifə xanım bir çox nüfuzlu elmi  mükafatına layiq görülmüş, o cümlədən SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatını almış ilk azərbaycanlı olmuşdur.

ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur çıxışında Azərbaycanın ən gözəl simalarından biri olan Zərifə Əliyevanın doğum gününün tibb işçiləri üçün xüsusi əhəmiyyət kəsb etdiyini demişdir. Qeyd olunmuşdur ki, Zərifə Əliyevanın həyatı və elmi fəaliyyəti Elmi-Tədqiqat Oftalmologiya İnstitutu ilə bağlıdır. 1960 – 67-ci illərdə görkəmli alim məhz bu institutda fəaliyyət göstərmiş, sonradan isə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında elmin inkişafına öz töhfəsini vermişdir. Zərifə xanım Əliyevanın qaynar həyat və yaradıcılıq fəaliyyəti, həmçinin  Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu və Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutu ilə əlaqədar olmuşdur.

Daha sonra ATU-nun oftalmologiya kafedrasının dosenti Solmaz Əliyeva, II müalicə-profilaktika fakültəsinin tələbəsi Xatun Məmmədova akademik Zərifə Əliyevanın həyat və yaradıcılığı haqqında çıxış etmişlər.

Çıxışlar zamanı vurğulanmışdır ki, ATU öz layiqli məzunu ilə fəxr etməyə haqlıdır. Hazırda Tibb Universitetinin oftalmologiya kafedrası əməkdaşlarının əksəriyyəti Zərifə xanımın yetirmələridir. ATU dünya şöhrətli məzunu Z.Əliyevanın unudulmaz xatirəsini həmişə əziz tutur, bu qocaman təhsil ocağında onun xatirəsinə həsr olunmuş elmi-praktik konfranslar, yubiley gecələri keçirilir ki, bu da gənc nəslin vətənpərvərlik tərbiyəsində və elmə həvəsinin yaranmasında mühüm rol oynayır.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında