Burada ən mühüm element beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası mexanizmidir. Bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün, hətta bir neçə saat ərzində həyata keçirilir. Bizə gəldikdə isə, artıq 20 ildən çox keçir və münaqişə həll olunmamış qalır. ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı da Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən bənzər qətnamə və qərarlar qəbul etmişlər. Ermənistan isə bunlara məhəl qoymur və işğalçını beynəlxalq hüququn normalarına əməl etməyə məcbur edəcək beynəlxalq təzyiq isə göstərilmir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Dövlət başçımız bu fikirləri BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun rəsmi açılış mərasimindəki nitqində söylədi. Dünyanın 140-dan artıq ölkəsinin nümayəndələrinin iştirak etdiyi həmin tədbirin ilk günündən etibarən işğalçı Ermənistanın silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələri ilə təmas xətti boyu atəşkəsi növbəti dəfə pozaraq dünyadakı işğalçı imiclərini bir daha təsdiqlədilər.
Beynəlxalq təcrübədən hamıya məlumdur ki, münaqişədə olan tərəflər istənilən sülməramlı tədbir zamanı – hətta bu, münaqişə bölgəsindən çox-çox uzaqda olsa belə – sülhə, əmin-amanlığa ehtiram mənasında hərbi əməliyyatları dayandırırlar. Ermənilər isə bilavasitə torpaqlarının 20 faizini işğal etdikləri ölkədə – BMT kimi nüfuzlu beynəlxalq təşkilatın xətti ilə keçirilən sülhməramlı, bəşəri məzmunlu tədbirin getdiyi dəqiqələrdə bütün təmas xətti boyu ağır döyüş silahlarından istifadə edərək atəşkəsin pozulması rəzalətinə əl atdılar.
Forum iştirakçıları dünyanın daha əmin-amanlıqlı günləri üçün müzakirələr apardıqları anlarda Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatını da eşitdilər: “Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yaylım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır”.
Müdafiə Nazirliyinin bu rəsmi məlumatındakı iki məqamı xüsusilə yada salmaq zərurəti var. Birinci məqam ondan ibarətdir ki, siyasət qulduru, uşaq qatili Serj Sarkisyanın rəhbərlik etdiyi erməni ordusu məktəb, uşaq bağçası, mülki idarələr, sakinlərin şəxsi evləri, əmlakları daxil olmaqla təmas xəttinin Azərbaycan tərəfindəki bütün obyektləri dağıdıcı silahlarla atəşə tutmasına baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirir. Bu fakt dünya ictimaiyyətinin nəzərindən yayınmamalıdır və yayınmır.
Xatırladılmalı ikinci məqam isə Ermənistan rəhbərliyi ilə yanaşı, dünya ictimaiyyətinə də ünvanlanan mesajdır. Belə ki, həm dövlət başçımız, həm müdafiə nazirimiz, həm də istənilən hərbi və ya mülki vətəndaşımızın qətiyyəti belədir ki, Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq istəyənlərə belə imkan verilməyəcək. Üstəlik işğalçının bütün hərbi əməliyyatları adekvat olaraq cavablandırılacaq. Yəni ermənilər ayın əvvəlində olduğu kimi yenə də çoxsaylı itkilərlə üzləşə bilərlər. Ona görə də “Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır”.
Öz himayədarlarının və beynəlxalq aləmdə at oynadan ikili siyasət icraçılarının dəstəyi ilə 20 ildən artıq müddətə Azərbaycanın min illərdən bəri region xalqlarının, 1992-ci ildən sonra isə BMT-nin tanıdığı əzəli torpaqlarını işğal altında saxlayan ermənilər bu ayın əvvəlində layiq olduqları cavabı almışdılar. İndi ölməkdə olan hərbi imiclərini bərpa etmək üçün növbət təxribata hazırlaşırlar. Guya qan töküb aprelin 5-də itirdikləri mövqelərinə qayıdacaqlar. Təbii ki, Azərbaycan Ordusu nəinki buna imkan verməyəcək, hətta işğalçı istənilən təxribat nəticəsində daha böyük itkilər verərək geri oturdulacaq. Ona görə də ekspertlər yazırlar ki, Azərbaycan belə bir məcburiyyətlə üzləşəcəyi təqdirdə atacağı addımlar barədə beynəlxalq aləmi əvvəlcədən məlumatlandırıb. Özü də necə?
Bu sualın cavabını da Müdafiə Nazirliyinin rəsmi məlumatından oxuyuruq: “Aprelin 26-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin Bakı şəhərindəki assosiasiyasının növbəti toplantısı keçirilib. Toplantıda Assosiasiyanın daxili məsələləri müzakirə olunub və bir sıra qərarlar qəbul edilib. Bundan əlavə, assosiasiya üzvlərinə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki cari vəziyyət barədə danışılıb, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin aramsız pozulmasını əks etdirən materiallar, eləcə də məsələyə dair Azərbaycan hökumətinin rəsmi mövqeyi və Müdafiə Nazirliyinin məlumatı təqdim olunub. Müdafiə nazirinin təsdiq etdiyi Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşelərinin 2016-cı il üçün Tədbirlər Planına əsasən, növbəti fəaliyyətlərin həyata keçirilməsinin gedişi müzakirə edilib”. Yəni, işğalçı yenə də həddini aşarsa, ona həddi göstəriləcək.
Təbii ki, Ermənistanın kriminal siyasi rəhbərliyinin ( erməni mətbuatı yazır ki, təmas xəttindəki aprel insidentləri hərbi rəhbərliyin deyil, ölkənin siyasi rəhbərliyinin istəyi əsasında baş vermişdir) aprelin sonunda da hərbi təxribatlarla ara qarışdırmaq cəhdi səbəbsiz deyil. Çünki Sarkisyanla eyni cəbhədə, eyni günlərdə Azərbaycan şəhərlərini, kəndlərini viran qoymuş, Xocalı soyqırımı kimi faciəmizə imza atmış hərbçilər sonradan bütün imtiyazlardan məhrum edildiklərinə, ölkə iqtisadiyyatının başdan-başa Sarkisyanın əlində cəmləşdiyinə görə qatil prezidentə qarşı düşmən mövqeyində dayanıblar. Hətta, həmin zabitlərdən biri mətbuata verdiyi müsahibədə demişdi ki, Sarkisyanın türklər ( azərbaycanlılar - red.) tərəfindən öldürülməsini arzulamazdım. Çünki onun başına gülləni özüm çaxmaq istəyirəm. Yəni, bütövlükdə ordu, ordudan kənarlaşdırılmış keçmiş hərbçilər, parlamentin gülləbaran edilməsindən sonra Koçaryan-Sarkisyan tandeminə nifrət edən siyasətçilərin böyük əksəriyyəti, çoxminli əsgər anaları, bu ölkəyə göndərilmiş yüz milyonlarla vəsaitin hara xərcləndiyini öyrənmək istəyərkən cavabsız qalan diaspor təşkilatları, ümumiyyətlə, milliyyəti erməni olanların 70-80 faizi indiki qatil prezidentə nəinki müxalifət, hətta düşmən mövqeyindədir.
Müqayisə qətiyyən yerinə düşməsə də fakta istinad etmək məqsədilə yada salaq ki, düşmən ölkədən fərqli olaraq Azərbaycanda vəziyyət tamamilə başqadır. Belə ki, “Rəy” Monitorinq Mərkəzinin aprelin 18-19-da Bakı şəhərində 800 respondent arasında keçirdiyi sorğunun nəticələrinə görə Azərbaycan əhalisinin 97 faizi Prezident İlham Əliyevə tam etibar etdiyini bildirib. Nəticələrdə qeyd olunur ki, Azərbaycanda prezident seçkiləri qarşıdan gələn bazar günü keçirilsəydi, Bakı şəhərində rəyi soruşulanların mütləq əksəriyyəti - 86, 2 faizi bu seçkilərə qatılardı. Respondentlərin 68,1 faizi birmənalı olaraq “səsvermədə iştirak edərdim”, 18,1 faizi isə “yəqin ki, iştirak edərdim” cavab variantlarını seçib. Məlum olub ki, paytaxt əhalisinin böyük əksəriyyəti - 92,8 faizi öz səsini İlham Əliyevə verərdi. Rəyi soruşulanların 97 faizi İlham Əliyevə tam etibar etdiyini, 89 faizə yaxını İlham Əliyevin onlar kimi insanların maraqlarına cavab verdiyini qeyd edib.
Bundan başqa, işğalçı dövlətin həm rəsmiləri, həm də ali rütbəli hərbçiləri istənilən hərbi insident zamanı yarasa kimi günəşdən gizlənirlər. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov isə növbəti erməni təxribatı başlanan kimi nazirliyin digər rəhbər heyəti ilə birlikdə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.
Ön xətdə, işğaldan yeni azad edilmiş ərazilərdə düşmənlə üz-üzə səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazir müdafiənin dayanıqlığı, hərbi qulluqçuların döyüş, mənəvi–psixoloji hazırlığı və sosial-məişət şəraiti ilə tanış olub. Düşmənlə təmas xəttində yerləşən bölmələrdən birində qarşı tərəfi müşahidə edən nazirə ərazidəki əməliyyat şəraiti və müdafiə zolağında görülən işlər barədə məruzə edilib.
Sonda daha mühüm faktlardan birini də yada salaq. Müdafiə nazirinin cəbhə bölgəsinə səfəri zamanı səngərlərdə döyüş növbəsi çəkən şəxsi heyət Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etdiklərini və Ali Baş Komandanın əmri ilə ölkəmizin ərazi bütövlüyünün təmin olunması, işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olduqlarını bildiriblər.
Azərbaycan və Ermənistan həqiqətləri bu mühüm faktlardan ibarətdir. Məhz bu faktları yaxşı bilən bəzi siyasi dairələr Ermənistanı qorumaq üçün onun Azərbaycanla hərbi qarşıdurmaya girməsini istəmirlər. Xırda təxribatlar isə Sarkisyan iqtidarının ölməkdə olan imicinin bərpası üçün edilən cəhdlərdən başqa bir şey deyil.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.