Müasir dünyada miqrantların hüquqlarının qorunması aktual problemlərdən biridir

Min illərdir insanlar daha yaxşı yaşamaq ümidi ilə miqrasiya edirlər. Bunların arasında daha çox sosial imkanlar əldə etmək, daha yaxşı şəraitdə, daha təmiz ekoloji yerdə yaşamaq, yaxud xaricdə yaşayan ailəsinə, dostlarına qovuşmaq arzusunda olanlar da tapılır. Lakin miqrantlar əsasən ölkələrində baş verən münaqişələr və təbii fəlakətlər ucbatından öz evlərini tərk etməyə məcbur olurlar.

Buna görə müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi, miqrantların hüquqlarının qorunması aktual problemlərdən biridir. Təsadüfi deyil ki, BMT tərəfindən dövlətlərə, həmçinin hökumət və qeyri-hökumət təşkilatlarına miqrantların əsas hüquq və azadlıqlarına dair məlumatların ictimaiyyətə çatdırılması, təcrübə mübadilələri vasitəsilə onların müdafiəsinin təmin edilməsi tövsiyə olunur.

Bu fikirlər aprelin 27-də Bakıda öz işini uğurla davam etdirən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Böhran dövründə hesabatvermə: Yaradıcı hekayələr vasitəsilə miqrant həyatından bəhs edən hadisələrin nəqli” mövzusunda keçirilən bölmə iclasında səsləndirilib.

İclasa moderatorluq edən “The Haitian Times” qəzetinin baş redaktoru xanım Vania Andre mövzunun aktuallığını diqqətə çatdıraraq vurğulayıb ki, miqrantlıq insan hüququdur. Onlara məskunlaşdıqları ölkələrin iqtisadi-mədəni həyatında fəal iştirak etmək imkanı yaradılmalıdır. O deyib ki, miqrantlara başlarına gələnləri ictimaiyyətə çatdırmaq üçün şərait yaradılmalıdır. Bunun üçün miqrantların acınacaqlı həyatından bəhs edən filmlərin çəkilməsi, əsərlərin yazılması, sərgilərin təşkili, eləcə də  hər bir miqrantın insanlar qarşısında danışması ən təsirli vasitədir. “Elə etmək lazımdır ki, miqrantlar öz hekayələrini çəkinmədən ürəkdən danışa bilsinlər. Məncə, bombanın dağıtdığı məktəbdən sağ çıxan və dostlarını itirən iraqlı qızın göz yaşlarına boğularaq hadisələri nəql etməsi hər bir insanın qəlbində mərhəmət duyğusu yarada bilər”, - deyə V.Andre bildirib.

İspaniyada nəşr olunan “Los-Angeles Times”ın rəqəmsal texnologiyalar üzrə direktoru xanım Claudia Nunez miqrantların həyatı haqqında məlumatlar topladığını bildirərək deyib ki, hər bir məlumatın arxasında insan taleyi dayanır. Məlumatlar isə heç vaxt yalan danışmır. Odur ki, şəhər rəhbərləri bu insanların taleyinə laqeyd münasibət göstərməməlidirlər. O, bir çox ölkələrdə miqrantların hüquqlarının pozulduğunu diqqətə çatdırıb. Bildirib ki, harada yaşamasından asılı olmayaraq, miqrantlara hörmət və diqqət göstərilməsi təmin edilməlidir.

“Cast From the Storm”un direktoru David Mason isə miqrant uşaqlarının həyatı haqqında çəkdiyi filmlərdən danışıb. Qeyd edib ki, bu uşaqların gələcəyini düşünmək lazımdır. Çünki onlar milyonlarla insanları təmsil edirlər.

Fotoqraf Colin Boyd Shafer Toronto şəhərində əhalinin 50 faizini miqrantların təşkil etdiyini bildirib və Kanadada onlar üçün yaradılan imkanlardan bəhs edib. Vurğulayıb ki, miqrantların həyatını əks etdirən filmlər və fotolar reallığa söykənməlidir.

“EXPO Collektive”nin qurucusu xanım Christina Elizabeth Rodriguez isə miqrant həyatından bəhs edən hadisələrin ictimaiyyətə çatdırılmasında sərgilərin əhəmiyyətini qeyd edib. O, Çikaqoda 20 belə sərginin artıq təşkil olunduğunu söyləyib.

Xanım rəssam Tania Bruguera miqrantların həyatı ilə 2000-ci ildən maraqlandığını və bu insanların həm öz ölkələrində, həm də getdikləri Avropa ölkələrində səsvermə hüquqlarının pozulduğunu bildirib. Qeyd edib ki, miqrantlar getdikləri ölkələrin siyasi həyatından təcrid olunublar. O, miqrantların siyasi hüquqlarının təmin edilməsinin vacibliyini söyləyib.

İclas mövzu ətrafında müzakirələrlə davam edib. Müzakirələr zamanı miqrantların əsas hüquq və azadlıqlarına hörmətlə yanaşmağın əhəmiyyəti vurğulanıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında