BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” mövzusunda bölmə iclası keçirilib.
İslam tarixi, incəsənəti və mədəniyyəti üzrə elmi-tədqiqat Mərkəzinin (İRCİCA) baş direktoru Halit Eren ekstremizm və terrorizmlə mübarizə aparmağın hazırkı dövrdə ölkələr qarşısında prioritet məsələ olduğunu qeyd edib. O bildirib ki, xüsusən bu bəlalardan müsəlman ölkələri çox əziyyət çəkir. Baş direktor Azərbaycanın da ekstremizmlə qarşılaşdığını, ölkədə miltikulturalizmin inkişafına böyük diqqət yetirildiyini bildirib. H.Eren bəşəriyyəti narahat edən bu bəlaların müzakirə olunduğu VII Qlobal Foruma ev sahibliyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O deyib ki, hansı dinə mənsubluğundan asılı olmayaraq insanlar arasında ümumi dəyərlərin təbliği dünyada ayrı-seçkiliyin qarşısının alınmasına, plüral cəmiyyətin formalaşmasına kömək edə bilər.
İrqçilik, ksenofobiya və digər dözülməzlik formaları ilə əlaqədar BMT-nin xüsusi məruzəçisi Dodu Dien müasir cəmiyyətlərin bir çox paradiqmaların - dini, mədəni və digər dəyərlərin dəyişdiyi bir dövrü yaşadığını bildirib. Hazırda milli identifikasiya böhranının yaşandığını vurğulayan D.Dien deyib ki, bu, qloballaşma prosesi ilə sıx bağlıdır. O, inklüziv cəmiyyətlərdə müxtəlif xalqların nümayəndələrinin etik, estetik və mənəvi inteqrasiyasının vacibliyini qeyd edərək deyib: “Avropada miqrantlara imkan daxilində iqtisadi şərait yaradılır, onlar evlə, işlə təmin edilir. Amma onların mənəvi inteqrasiyasına diqqət yetirilmir. Multikulturalizm yalnız bu amil nəzərə alındıqda tam mənada mövcud olmuş olar”.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu təşkilatda müxtəlif dinlərə sitayiş edən türk xalqlarını birləşdirdiklərini, onların mədəniyyətlərini təbliğ etdiklərini bildirib. O, Fondun bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etdiyini, türkdilli xalqların mədəniyyətinin qorunması üçün təşəbbüslər həyata keçirdiklərini diqqətə çatdırıb.
Günay Əfəndiyeva qeyd edib ki, Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi təsadüfi deyil. Çünki multikulturalizm Azərbaycan cəmiyyətində həyat tərzidir. “Azərbaycan çoxmillətli ölkədir. Onların hamısı Azərbaycan cəmiyyətinin bir parçasıdır. Ölkəmizdə pravoslav kilsəsi, sinaqoq, alman kilsəsi, katolik məbədi var”, - deyə o bildirib.
G.Əfəndiyeva Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayan münaqişə nəticəsində azərbaycanlıların Ermənistandan tamamilə çıxarıldığını, ölkəmizin 20 faiz ərazisinin işğal edildiyini, lakin buna baxmayaraq, Azərbaycanda hazırda 30 min erməninin yaşadığını iştirakçıların diqqətinə çatdırıb. O vurğulayıb ki, ermənilər Azərbaycanın işğal olunmuş torpaqlarında mədəni və tarixi abidələri dağıtdıqları halda, Bakının mərkəzində erməni kilsəsi indi də qorunub saxlanıb. Bu, Azərbaycanın multikultural dəyərlərə verdiyi qiymətin göstəricisidir.
O bildirib ki, Azərbaycanda yaşayan xalqlar öz dillərini və mədəniyyətlərini inkişaf etdirirlər, dövlətimizin başçısı onların nümayəndələri ilə mütəmadi görüşlər keçirir.
Prezident İlham Əliyev tərəfindən Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını bildirən G.Əfəndiyeva artıq dünyanın bir sıra universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğunu diqqətə çatdırıb. O, Azərbaycan multikulturalizm modelinin digər ölkələr üçün örnək olduğunu vurğulayıb.
KAİCİİD Dialoq Mərkəzinin baş katibinin ali müşaviri, professor Məhəmməd Abu Nimer İslam dininin fundamental sülh və birgəyaşayış dəyərlərinin mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, İslam daim sülh və bərabərlik anlayışları ilə birgə təsəvvür edilib. M.A.Nimer Mərkəzin təşkil etdiyi təlimlərin məqsədləri və istifadə etdiyi metodlar haqqında danışıb.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali VII Forumun zəngin multikultural dəyərlərə malik olan Azərbaycanda keçirilməsinin böyük simvolik məna kəsb etdiyini bildirib. Çıxışında o, qədim İslam mədəniyyətinin dünya mədəniyyətinə təsir etdiyini, Şərq ədəbiyyatında çoxmədəniyyətlilik və insana sevginin tərənnüm edildiyini vurğulayıb.
Bölmə iclası işini maraqlı müzakirələrlə davam etdirib.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.