Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. İ. Averbax adına mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 93-cü ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, Azərbaycan tibb ictimaiyyəti, hər il olduğu kimi, bu il də dünya şöhrətli alimin doğum gününü geniş qeyd edir.
Görkəmli ictimai xadim və alim Z.Ə.Əliyeva tarixin yaddaşına qızıl hərflərlə həkk olunan şərəfli və mənalı bir ömür yaşamışdır. 1923-cü il aprel ayının 28-də Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açan Zərifə Əliyevanın ailəsi elə həmin ilin may ayında Bakıya köçüb. Onların Bakıya gəlişi ailənin gələcək nailiyyətlərinin təməl daşına çevrilib. Belə ki, hər şeydən əvvəl, Zərifə xanımın atası — gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1918-ci ildə erməni daşnaklarının onun doğma Vətənində — qədim Azərbaycan torpaqları olan İrəvanda azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər, qırğınlar, deportasiya aktları nəticəsində Sankt-Peterburqdakı Hərbi-Tibb Akademiyasında yarımçıq qoyulan təhsilini Bakı Dövlət Universitetinin tibb fakültəsində davam etdirməyə başlayıb. Bununla da gələcəyin görkəmli ictimai xadimi, məşhur alim-oftalmoloq Z. Ə. Əliyeva parlaq yaradıcılığının əsas hissəsini Bakıda həyata keçirmiş, müəyyən bir hissəsini isə Moskvada davam etdirmişdir. Orta məktəbi 1942-ci ildə Bakıda əla qiymətlərlə bitirən Zərifə Əliyeva atasının tutduğu yolla gedərək, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1947-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək, tibbin ən maraqlı, eyni zamanda, çətin sahələrindən sayılan həkim-oftalmoloq ixtisasını seçib. Zərifə xanım institutu bitirdikdən sonra diplomdansonrakı təhsilini davam etdirmək məqsədilə Moskvadakı Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ikiillik ixtisaslaşma kursu keçib. Həmin institutda indiki rezidenturaya bənzər ixtisaslaşma kursunu müvəffəqiyyətlə bitirdikdən sonra yetkin mütəxəssis kimi Vətənə qayıdıb.
Gənc həkim-oftalmoloq əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində başlayıb. Onun ölkə səhiyyəsində nəzər-diqqətini ən çox cəlb edən sahələrdən biri o zamanlar çox geniş yayılmış traxomaya tutulmuş xəstələrin gözlərinə nur vermək istəyi olub. Traxoma xəstəliyi müharibədən sonrakı illərdə ölkə daxilində çox böyük bir bəlaya çevrilmiş ağır infeksion göz xəstəliklərindən biri hesab edilirdi. Bu üzücü xəstəlikdən əziyyət çəkən xəstələrin böyük əksəriyyəti tədricən görmə qabiliyyətini itirir, əlilliyə düçar olur, uzunmüddətli yataq xəstələrinə çevrilir, faydalı əməkdən kənarda qalırdı.
Böyük həvəslə, daxildən gələn entuziazmla həkimlik fəaliyyətinə başlayan Zərifə Əliyeva istedadının gücünə, qüdrətinə, daxili mənəviyyat və mədəniyyət aləminin səliqə-sahmanına arxalanaraq, bu yolda mövcud olan heç bir çətinlikdən çəkinmədi, cəsarətlə Azərbaycanın traxoma xəstəliyi ocaqları aşkar edilən bütün rayonlarına gedərək, bu dəhşətli göz xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə geniş tədbirlər planı hazırladı. Onun ölkə daxilində ardıcıl olaraq planlı şəkildə apardığı uzunmüddətli müalicə-profilaktika tədbirləri, traxoma əleyhinə tətbiq etdiyi orijinal üsullar sonda öz bəhrəsini verdi. Bununla da fədakar mütəxəssisin həyata keçirdiyi misilsiz xidmətlər sayəsində Azərbaycanda traxoma xəstəliyinin epidemiya şəklində yayılmasının qarşısı alındı.
Bacarıqlı və şəfqətli həkimin ölkə əhalisinin sağlamlığının etibarlı şəkildə qorunması naminə həyata keçirdiyi genişmiqyaslı diaqnostika, müalicə-profilaktika, reabilitasiya işləri onun namizədlik dissertasiyasının əsas elmi istiqamətini, məğzini təşkil etdi. Nəhayət, fitri istedada, dərin zəkaya, fenomen yaddaşa, bilik və bacarığa, yüksək erudisiyaya malik olan gənc mütəxəssis Zərifə Əliyeva yerinə yetirdiyi elmi-tədqiqat işlərini yekunlaşdıraraq, 1959-cu ildə böyük müvəffəqiyyətlə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda dissertasiya müdafiə etdi və tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. Gənc alim bu yolla, həm də bir növ, hələ müharibədən əvvəl atasının başladığı xeyirxah işi tamamladı və traxoma xəstəliyi epidemiyasının qarşısının alınması məsələsinə birdəfəlik son qoymuş oldu. Bu, gənc alim, həkim və mütəxəssis üçün ən böyük şücaət, şərəf və fəxarət idi. Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışaraq, elmi-tədqiqat işlərini yeni istiqamətdə davam etdirib. O, eyni zamanda, həmin institutda oftalmologiya elminin bütün sahələrinin inkişafına yaxından kömək göstərir, gənc kadrların hazırlanmasına geniş imkanlar yaradırdı. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən Z.Ə.Əliyevanın oftalmologiya ixtisası üzrə “böyük elmi işçi” elmi adı təsdiq olunmuş və o, 1967-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) göz xəstəlikləri kafedrasında işə qəbul edilmişdir.
Zərifə xanımın həm elmi, həm də pedaqoji fəaliyyəti bir-birinə paralel istiqamətdə gedir, biri digərini tamamlayırdı. Görkəmli alim rəsmi sənədlərə görə tədris işləri ilə 1967-cı ildən etibarən məşğul olmağa başlasa da, o, həmin tarixə qədər də bir pedaqoq kimi məşhurlaşmışdı. Pedaqoqluq məharəti, təlim-tərbiyə məsələləri, maariflənmə, eləcə də maarifləndirəbilmə məfkurələri, yüksək və dolğun potensiala malikolma xəzinəsi alimin daimi müşayiətçiləri olubdur. Bununla belə, Z.Əliyevanın Əziz Əliyev adına ADHTİ-nin göz xəstəlikləri kafedrasında işə başlaması onun qarşısında yeni üfüqlər açdı və çeşidli planlar diapazonunu daha da genişləndirdi. Bir tərəfdən, uzun illər atasının rəhbərlik etdiyi, sonra isə onun adını daşıyan institutda işləmək məsuliyyəti, digər tərəfdən 20 il öncə ilk addımlarını atdığı Moskva Elmi-Tədqiqat Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna bənzər bir institutda — ADHTİ-də bu yolda ilk addımlarını atmağa başlayan gənclərin diplomdansonrakı təhsili ilə məşğul olması ondan ikiqat güc, qüvvə, enerji və ən başlıcası da böyük məsuliyyət tələb edirdi. Təbii ki, elmə olan tükənməz həvəsi, müsbət enerjisi və həddən artıq məsuliyyətliliyi Zərifə xanım Əliyevada kifayət qədər idi. Ona görə də o, yeni işinin də öhdəsindən bacarıqla gələ bildi. Onun ADHTİ-nin göz xəstəlikləri kafedrasında hər mühazirəsi, hər təcrübə dərsi böyük maraqla dinlənilirdi.
Keçən əsrin 60-cı illəri mənim və mənimlə bir qrupda təhsil alan tələbələrin yaddaşına əbədi həkk olunub və biz akademik Zərifə Əliyeva fenomeninin virtuoz həkimlik incəsənətinin canlı şahidləri olmuşuq. O dövrün yaddaşımda daimi yer tutan ən kədərli hadisələrindən biri 1962-ci ildə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin qəflətən dünyasını dəyişməsi xəbəri olmuşdusa, digər hadisə nikbinliklə xatırlanan və xoş əhval-ruhiyyə ilə yada düşən bir müəllim-tələbə ünsiyyəti vasitəsi idi ki, bu da böyük səhiyyə təşkilatçısı və qurucusu, Əməkdar həkim, professor Əziz Məmmədkərim oğlu Əliyevin göz həkimi peşəsini seçmiş övladları ilə bizim qrupun tələbələri arasında yaranan tanışlıq ünsiyyəti idi. Belə ki, 1964–1965-ci tədris ilində qrupumuzda göz xəstəlikləri üzrə təcrübə dərslərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun göz xəstəlikləri kafedrasının büllur qəlbli dosenti, tibb elmləri namizədi Ləzifə Əziz qızı Əliyeva aparırdı. O vaxtlar ATİ-nin göz xəstəlikləri kafedrasının məşğələləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun bazasında aparılırdı və bu baza indiki İncəsənət Muzeyinin və Dövlət Filarmoniyasının yaxınlığında yerləşirdi. Ləzifə xanım dərs deməklə yanaşı, həm də bizimlə çox mehriban rəftarı ilə seçilirdi. O, bizi tez-tez palatalara aparır, əyani olaraq xəstələri nümayiş etdirirdi. Bizim ən çox təcrübə məşğələsi keçdiyimiz palatalardan biri həmin institutda böyük elmi işçi vəzifəsində çalışan Zərifə xanım Əliyevanın palatası olurdu və bizi tez-tez o palataya aparan təbii ki, Ləzifə xanım Əliyeva idi. Elə o vaxtlar öyrəndik ki, Zərifə xanımla Ləzifə xanım bacıdırlar və məşhur alim, dövlət və elm xadimi Əziz Əliyevin övladlarıdır. Tələbəlik illərimizin həmin dövrlərini xatırlayaraq, bu günlərimizdə də Ləzifə xanımın ruhu qarşısında baş əyirəm ki, o, bizə əsl müəllimin nə demək olduğunu anlatmaqla yanaşı, həm də dünya şöhrətli alim Zərifə xanım Əliyevanın xəstələri müayinə və müalicəetmə üsullarının müəyyən ştrixlərini, onlardan anamnez toplama anlarını, xəstəliklərin diferensial diaqnostikasının şərhi və təhlilini görməyimizə, eşitməyimizə, dərk etməyimizə münasib imkanlar yaratmışdı. Biz sonralar başa düşdük ki, Ləzifə xanımın köməyi ilə o vaxtlar dünyanın ən məşhur oftalmoloqlarından birini — akademik Zərifə xanım Əliyevanı lap yaxından görmüş, onun səsini eşitmiş, onunla tələbə-müəllim ünsiyyətində ola bilmişik. Tələbə üçün bu, böyük xoşbəxtlikdir.
Mən hesab edirəm ki, 60-cı illərin xatirimdə qalan müqəddəs izləri bu gün dahi alimin möhtəşəm həyat və yaradıcılığı haqqında saf duyğularımı bildirmək risqinə imkan verdi. Həkim-oftalmoloq olmasam da, bizim qrupun bütün tələbələri kimi, mən də özümü dünya şöhrətli alimin mənəvi tələbəsi hesab edirəm. Zərifə xanımın həkimlik deontologiyasına həsr etdiyi “Yüksək etimad” kitabının təsiri altında boy atıb böyümüş minlərlə tibb işçisi kimi, biz də həmin kitabın deontoloji təsir qüvvəsini öz mənəvi aləmimizdə dərindən hiss etmişdik və bu kitabın ecazkar məziyyətləri indi də əlimizdən tutur, bizə həkimliyin düzgün, rəvan yollarını göstərir.
Akademik Z.Ə.Əliyeva irsinin, onun alim böyüklüyünün, müəllim qayğıkeşliyinin, həkimliyin etik normaları təcəssümçülüyünün pərəstişkarlarının sırasının XXI əsrdə durmadan artması hamımızda səmimi məmnunluq hissləri oyadır.
Zərifə xanım Əliyeva çoxsahəli və çoxşaxəli göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikasını ölkə miqyasında yüksək səviyyədə düzgün təşkil etməklə bərabər, həm də müasir tipli laboratoriyalar yaradılmasına, insanların sağlam həyat tərzinin mühafizə olunmasına xüsusi diqqət yetirirdi. Görkəmli alim təkcə Bakı şəhərində deyil, eləcə də ölkəmizin digər şəhərlərində və rayon mərkəzlərində insan orqanizmi üçün zərərli olan bir sıra peşələrin təsirindən yaranan göz xəstəliklərini üzə çıxarır, onların müalicə və profilaktika üsullarını göstərirdi. Görkəmli oftalmoloqun bu istiqamətdə göstərdiyi ən mühüm xidmətlərdən biri də ondan ibarət oldu ki, o, peşə amillərinin törətdikləri göz xəstəliklərini müayinə və müalicə etməklə kifayətlənmirdi. O, orqanizmi tam şəkildə, vahid şəkildə qəbul edərək, peşə patologiyalarının təkcə göz xəstəlikləri ilə məhdudlaşmadığını və onun digər orqanlarda da ciddi dəyişikliklər törətdiyinə görə ayrıca bir orqanı yox, bütöv orqanizmi müalicə etməyə diqqət yetirir, buna üstünlük verirdi.
Keçmiş SSRİ-nin paytaxtı Moskva şəhəri də daxil olmaqla, onun ayrı-ayrı respublikalarının oftalmoloq alimləri arasında görmə orqanının peşə patologiyasının öyrənilməsinə dair əsərlər içərisində ən yüksək qiymət, ən böyük dəyər akademik Z.Ə.Əliyevanın uzun illər boyunca apardığı sanballı və dərin məzmunlu elmi-tədqiqat işinin nəticələrinə əsaslanan fundamental və orijinal dissertasiya əsərinə verilmişdi. SSRİ miqyasında bu tərtibdə, bu diapazonda ikinci bir əsər tapmaq mümkün deyildi.
Görkəmli alimin bu istiqamətdə yerinə yetirdiyi doktorluq dissertasiyası işi müvəffəqiyyətlə başa çatdıqdan sonra, o, 1976-cı il may ayının 27-də M.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın bəzi kimya sənayesi müəssisələri işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və tibb elmləri doktoru dərəcəsinə layiq görüldü.
Bundan sonra alim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasının professoru vəzifəsinə seçildi və onun professor elmi adı təsdiq olundu.
1977-ci ildə görkəmli alim, bacarıqlı təşkilatçı, akademik Z.Ə.Əliyevanın səyi nəticəsində Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumunun keçirilməsi ölkəmizdə, yaxşı mənada, geniş rezonansa səbəb oldu. Bakıda oftalmologiya sahəsi üzrə ilk dəfə təşkil edilən Ümumittifaq miqyaslı belə bir elmi forum Azərbaycanda oftalmologiya elminin inkişafına və alimlər arasında inteqrativ elmi əlaqələrin möhkəmləndirilməsinə əlverişli zəmin yaratdı. Plenumda, həmçinin Zərifə xanım Əliyeva Azərbaycanda gözün peşə patologiyasının tədqiqi üzrə elmi-tədqiqat laboratoriyasının yaradılması təklifini irəli sürdü və tədbir iştirakçıları bu təklifə tərəfdar oldular. Zərifə xanım Əliyeva 1979-cu ildə Bakı məişət kondisionerləri zavodu nəzdində Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun “Görmə orqanının fiziologiyası və peşə patologiyası” adlı laboratoriyanın həm təşkilatçısı, həm də rəhbəri oldu.
Akademik Z.Ə. Əliyevanın görmə orqanının peşə patologiyaları ilə əlaqədar apardığı tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiayası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmopatologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı monoqrafiyalarda ətraflı şərh olunubdur.
Azərbaycanın dünya şöhrətli alimi, akademik Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə patologiyası üzrə yerinə yetirdiyi qlobal işlərinə görə 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Azərbaycan aliminin keçmiş Sovetlər İttifaqında akademik M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın oftalmoloq-alim olması Azərbaycan elmini şərəfləndirən və ona ucalıq gətirən ən dəyərli mükafatlardan olmuşdur.
Akademik Zərifə xanım Əliyevanın 1982-ci ildə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kafedra müdiri vəzifəsinə seçilməsi göz xəstəlikləri fənninin diplomdansonrakı tədrisinin yeni layihələr əsasında beynəlxalq standartlara müvafiq səviyyədə aparılmasına geniş imkanlar yaratdı. O vaxtlar keçmiş SSRİ-nin əksər respublikalarından bu kafedrada təkmilləşmə kursu keçməyə gəlir və burada əldə etdikləri təcrübi vərdişlərdən məmnun qaldıqlarını minnətdarlıq və təşəkkür hissləri ilə söyləyirdilər.
Zərifə xanım Əliyeva oftalmologiya sahəsi üzrə dünya elminə verdiyi dəyərli töhfələrə, yüksəkixtisaslı tibb kadrlarının yetişdirilməsi yolunda göstərdiyi misilsiz xidmətlərinə görə 1983-cü ildə ölkəmizdə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş ilk oftalmoloq-alim olmuşdur.
İnamla demək olar ki, akademik Z.Ə.Əliyevanın elmi-tədqiqat işləri oftalmologiyanın bütün sahələrini əhatə edir. Alimin “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, “Gözün əlaqədar dəyişiklikləri və görmə-sinir yolları”, “Göz sulanmasının fiziologyiası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi”, “Terapevtik oftalmologiya”, “Oftalmologiyanın aktual məsələləri”, “İridodiaqnostikanın əsasları” və digər kitabları onun geniş spektrli yaradıcılığının rəngarənglik çalarlarını təsdiqləyir. Bu kitablar bütün dövrlər üçün yazılmış kitablardır və onlar öz aktuallığını heç vaxt itirmir.
Akademik Zərifə Əliyeva görkəmli ictimai xadim kimi keçmiş Sovetlər İttifaqının Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini vəzifələrini böyük məsuliyyətlə yerinə yetirmişdir. O, beynəlxalq aləmdə Azərbaycanın sülhsevər ölkə kimi tanıdılmasında mühüm rol oynayır, tərəqqipərvər insanları Yer kürəsinin bütün nöqtələrində sülhün bərqərar olmasına səsləyirdi. Görkəmli alim, həmçinin Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, Moskvada çap olunan “Oftalmologiya Xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olub.
Akademik Z.Ə.Əliyevanın yerinə yetirdiyi elmi-tədqiqat işləri, yazdığı fundamental əsərlər, yetişdirdiyi çoxsaylı tibb kadrları onun ölməzliyinin, əbədiyaşarlığının təminatçılarıdır.
Alim haqqında cild-cild əsərlərin, məqalə və xatirələrin, müxtəlif məzmunlu və müxtəlif aspektli kitabların yazılması ona olan el məhəbbətinin sevgi dolu təcəssümünün nümunələrindəndir. Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin nümayəndələri də bu baxımdan akademik Zərifə Əliyeva haqqında çoxsaylı xatirələr söyləyib, məqalələr çap etdiriblər. Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının əməkdaşları özlərini akademik Z.Ə.Əliyeva elmi məktəbinin yetirmələri və davamçıları hesab edirlər. Azərbaycan Tibb Universiteti rəhbərliyi bu ali tibb məktəbinin unudulmaz məzunu akademik Zərifə xanım Əliyevanın yubileylərini daim yüksək səviyyədə qeyd edir, onun xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar keçirir, belə konfransların materiallarını nəfis şəkildə çap etdirir. Ölkəmizin akademik Zərifə xanım Əliyevanın adı ilə bağlı olan digər səhiyyə müəssisələrində olduğu kimi, ATU-nun da tədris binalarında, kitabxanasında alimin həyat və yaradıcılığını əks etdirən fotostendlər, guşələr yaradılmışdır.
Bu il aprel ayının 26-da Azərbaycan Tibb Universitetinin inzibati binasında akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü geniş qeyd edildi. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli akademik Z.Ə.Əliyevanın zəngin yaradıcılıq irsinin və mənalı ömür yolunun ayrı-ayrı mərhələlərindən danışdı, görkəmli oftalmoloq, Azərbaycan Tibb Universitetinin dünya şöhrətli məzunu haqqında səmimi ürək sözlərini söylədi. Tədbirdə ATU-nun oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinurun, kafedranın dosenti Solmaz Əliyevanın xatirələri, II müalicə-profilaktika fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Xatın Məmmədovanın çıxışı dinlənildi.
Qeyd edildi ki, Azərbaycan Tibb Universitetinin dünyada tanınan və ehtiramla yad edilən məzunu, akademik Zərifə xanım Əliyevanın keçdiyi şərəfli ömür yolu, zəngin yaradıcılıq irsi nəsillərə örnək və ən dəyərli nümunədir.
Mübarız ALLAHVERDİYEV,
ATU-nun insan anatomiyası
kafedrasının professoru,
Əməkdar müəllim
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.