Cəbhədə son durum: Ermənilər yeni təxribatlara əl atıblar

Hədəf sərhədyanı kəndlərimizin dinc sakinləridir

Bu il aprelin əvvəlində Azərbaycan Ordusunun Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Dağlıq Qarabağda və işğal olunmuş ətraf rayonlarda uğurlu hərbi əməliyyatlar həyata keçirməsi erməniləri və onların havadarlarını bərk təşvişə salıb. Milli Ordumuzun aşkar üstünlüyünü ortaya qoyan həmin əməliyyatlar Ermənistan iqtidarının ölkə ictimaiyyətinə təlqin etdiyi erməni ordusunun məğlubedilməzliyi barədə mifi alt-üst edib.

 Ermənistan hökuməti ölkə daxilində iqtidara qarşı yaranan kəskin etirazın qarşısını almaq üçün Qarabağ cəbhəsində növbəti saxta qələbə eyforiyası yaratmaq niyyətinə düşüb. Lakin hər dəfə olduğu kimi, bu dəfə də ermənilər cəbhədə öz xislətlərinə uyğun hərəkət edirlər. Onlar Azərbaycan Ordusu ilə birbaşa döyüşə girməkdən ehtiyat edərək sərhəd rayonlarında yerləşən dinc əhalini hədəfə alırlar.

Dünən ermənilər Tərtər rayonunun yaşayış məntəqələrini iriçaplı pulemyot və minaatanlardan aramsız atəşə tutublar. Belə ki, aprelin 26-sı gecə saat 1.05-dən başlayaraq saat 4.25-dək erməni silahlı bölmələri tərəfindən Tərtər şəhəri və rayonun ərazisi, eləcə də Qapanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub. Ermənilərin zərbələri nəticəsindəTərtərdə 20 evə ziyan dəyib, bir ev isə qəzalı vəziyyətə düşüb.

Tərtər Rayon İcra Hakimiyyəti ictimai, siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elvin Umudov mətbuata açıqlamasında bildirib ki, hazırda yerli icra nümayəndələri kəndlərə dəyən ziyanı araşdırırlar. Onu deyə bilərəm ki, ağır artilleriya atəşləri nəticəsində ən çox zərər Həsənqaya, Qapanlı, Qazyan və Qaynaq kəndlərinə dəyib.

Elvin Umudovun sözlərinə görə  xoşbəxtlikdən dinc sakinlərdən  xəsarət alan olmayıb. Ən son məlumatlara görə, Qapanlı, Qaradağlı kəndlərinin və Təzəkənd qəsəbəsinin sakinləri evlərini tərk etməyiblər, əvvəlcədən hazırlanmış yeraltı bunkerlərdə qorunublar.

 

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq, düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endiriblər. Müdafiə Nazirliyi bildirib ki, bundan sonra cəbhə xəttində baş verəcək hər hansı hadisəyə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyacaq.

Dünən müdafiə naziri, general-polkovnik Zakir Həsənov Tərtər rayonunda olub. Nazir  sakinlərlə görüşüb, ziyan dəymiş evlərə baxıb. O, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla da görüşüb. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tərtər rayonunun sakinlərinə məxsus ziyan dəyən evlərə baxış keçirib.

Müdafiə naziri rayondakı vəziyyətlə bağlı tapşırıqlarını verib. Z.Həsənov cəbhə xəttində baş verənlərə də toxunub. O deyib ki, cəbhədə ermənilərin növbəti təxribatlarının qarşısı alınıb.

Yeri gəlmişkən, dünən ermənilər Ağdam və Füzuli  rayonlarının yaşayış məntəqələrini də atəşə tutublar. Bu barədə həmin rayonların icra hakimiyyətlərindən məlumat verilib.

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 113 dəfə pozublar.

Ermənilərin atəşkəs rejimini pozması və ordumuzun qarşı tərəfin səngərlərinə endirdiyi cavab zərbələri nəticəsində Ermənistan ordusunun iki hərbçisi ölüb. Bu barədə qondarma DQR-in “müdafiə nazirliyi” məlumat yayıb. Bildirilir  ki, Azərbaycan Silahlı Qüvvələrinin endirdiyi cavab zərbələri nəticəsində qarşı tərəfin hərbçiləri – 1992-ci il təvəllüdlü Tiqran Poqosyan və 1972-ci il təvəllüdlü Aram Aruşanyan ölüblər.

 Azərbaycan Ordusu təcili surətdə bu gözlənilməz artilleriya hücumuna qarşı tədbirlər görərək, Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinə zərbələr endirib. Ermənistan ordusunun bir sıra atəş nöqtələri məhv edilib. Lakin yeni istiqamətlərdən atəş bərpa olunur və onlara qarşı əks-hücumlar həyata keçirilir.

Nəzərə çatdırmaq istəyirik ki, bu il aprelin 5-də Moskvada Azərbaycan və Ermənistan qərargah rəhbərləri arasında əldə olunan atəşkəs razılaşmasını ermənilərin kobud surətdə pozması məhz Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu keçirilən günlərə təsadüf edir. Bu hadisələr mənfur erməni xislətini bir daha bütün dünyaya açıb göstərir.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında