Dünyanın əksər ölkələri və xalqları miqrasiya problemi ilə üz-üzədirlər. Problemi yaradan əsas məsələlərdən biri yaşayış səviyyəsinin aşağı olmasıdır. İnsanlar yaxşı iş və təhsil, səhiyyə xidməti üçün şəhərlərə axın edirlər. Bu da şəhərlərdə əlavə problemlərə səbəb olur. Lakin bununla yanaşı, şəhərlərin inkişafında miqrantların xüsusi rolu var. Onlar köçdükləri şəhərlərə iqtisadi və mədəni töhfələr verirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakıda öz işini uğurla davam etdirən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Qlobal miqrasiya prosesində şəhərlərin rolu” mövzusunda keçirilən bölmə iclasında səsləndirilib.
İclasa moderatorluq edən “Salon” xəbər saytının müxbiri Daniel Denvir mövzunun aktuallığını diqqətə çatdırıb, belə bir tədbirin Bakıda yüksək səviyyədə keçirilməsinə görə Azərbaycan dövlətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, son illər Avropada bu məsələ ilə bağlı kifayət qədər problemlər yarandığını vurğulayaraq deyib: “Biz birgə çalışmalıyıq ki, bu məsələlərdə insanlıq amilini ön plana çıxaraq və problemin həllinə nail olaq. Təəssüf ki, Avropa ölkələri hazırda bu problemin həllində çətinlik çəkirlər. Bu gün bir sıra Avropa ölkələri qaçqın problemini həll edə bilmir”.
D.Denvir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunub. Qeyd edib ki, münaqişə nəticəsində Azərbaycan bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşib. Amma Azərbaycanda onlar üçün hər cür şərait yaradılıb.
Çikaqonun qlobal işlər üzrə konsulu, Qlobal Şəhərlər və İmmiqrasiyanın direktoru xanım Juliana Kerr şəhərlərin iqtisadi və mədəni inkişafında miqrantların rolunu vurğulayıb. O bildirib ki, ABŞ-ın böyük şəhərlərinin 23 faizini mühacirlər təşkil edir və onlar bu şəhərlərdə özlərini rahat hiss edirlər, yerli əhali ilə qaynayıb-qarışıblar. Bu gün Çikaqo mühacirləri qəbul edən ən xoşniyyətli şəhərdir. Çikaqonu mühacirlər qlobal şəhərə çeviriblər. “Çalışmalıyıq ki, miqrantlara iş verək, onları liderliyə, sosial layihələrə cəlb edək”,- deyə Çikaqonun qlobal işlər üzrə konsulu əlavə edib.
Birmingham Universitetinin Müxtəlifliyi Araşdırma İnstitutunun direktoru, professor xanım Jenny Phillimore isə miqrantlarla yerli əhali arasında problemlərin olduğunu diqqətə çatdırıb. O, bu məsələyə həssaslıqla yanaşmanın vacibliyini vurğulayaraq deyib: “Mühacirlərin gedəcəyi yer yoxdur. Ölkələrində olan çətinliklər, toqquşmalar onları başqa yerə köçməyə vadar edib. Ona görə də böyük şəhərlərin rəhbərləri onları qəbul etməyə hazır olmalıdırlar. Şəhər merləri elə düşünməsinlər ki, bu insanların yeni dostlara ehtiyacı yoxdur”.
Brukings Metropolitan Siyasət Proqramının baş elmi işçisi xanım Audrey Singer ABŞ-da miqrasiya tarixi ilə bağlı apardığı tədqiqatlardan danışıb. Qeyd edib ki, ABŞ-a gələn miqrantların 90 faizi bu ölkənin ən iri şəhərlərində yaşayırlar.
Kanadada miqrantlarla bağlı tədqiqatlar apardığını deyən Ryerson Universitetinin Qlobal Müxtəliflik Mübadiləsi Proqramı üzrə baş elmi işçisi xanım Dana Vagner Toronto şəhərində əhalinin 50 faizini miqrantların təşkil etdiyini bildirib. Vurğulayıb ki, şəhərlərdə idarəetmə işlərində miqrantlardan istifadə olunmalıdır.
London Universitetinin Şərq və Afrika elmləri fakültəsinin siyasət üzrə professor köməkçisi xanım Kristin Surak miqrantlarla bağlı Şərqi Asiyada apardığı tədqiqatlardan bəhs edərək diqqətə çatdırıb ki, bu regionun bəzi ölkələrində multikultural siyasət düzgün qurulmayıb. Həmin ölkələrdə əhalinin cəmi 1,5 milyonunu miqrantlar təşkil edir. O, qaçqınlarla bağlı böhranın bütün ölkələr üçün də başlıca çağırışlardan biri olduğunu söyləyib.
İclas mövzu ətrafında müzakirələrlə davam edib. Müzakirələr zamanı qeyd olunub ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri birgə yaşaya bilərlər. Bunun üçün ilk növbədə insanların qlobal və yerli vətəndaş anlayışını birləşdirmək və vahid konsepsiya ortaya qoymaq lazımdır.
Məlumat verilib ki, əgər XX əsrin əvvəllərində dünya üzrə 173 milyon miqrant var idisə, indi bu rəqəm 224 milyon təşkil edir. Növbəti 20 ildə isə miqrantların sayının 300 milyon nəfərə çatacağı gözlənilir. Bildirilib ki, problemin həlli üçün ilk növbədə onu yaradan amillər aradan qaldırılmalıdır. Bunun üçün birlikdə səy göstərmək vacibdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.