Kiber-ekstremizmə qarşı fəaliyyət: sosial media, kommunikasiya sistemləri, videooyunlar

Aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Tətbiqi proqramlar və videooyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri” mövzusunda bölmə iclası keçirilib.

İclasın moderatoru “Peace Geeks”in prezidenti xanım Rene Blək bildirib ki, texnologiyaların müasir inkişafı bu mövzunun aktuallığını labüd edir və ekstremizmlə mübarizədə internetdən istifadə olunması məsələləri diqqət mərkəzindədir.

Hindistan Texnologiya Universitetinin tədqiqatçısı Aditeşvar Set kommunikasiya sistemlərinin daha geniş ərazilərdə yayılmasının vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, Hindistanda internet şəbəkəsinin bütün ölkəni əhatə etməsi üçün tədbirlər həyata keçirilir. O, çıxışında əməkdaşı olduğu universitet tərəfindən hazırlanan kommunikasiya sistemini təqdim edib. Aditeşvar Set bu sistemin insanların dövlət qurumları və digər strukturlarla əlaqə qurmasını asanlaşdırdığını söyləyib.

“Peace TechLab” təşkilatının direktoru Timoti Resiver texnologiyalar və media alətlərdən istifadə etməklə sülh və sabitliyin təmin edilməsindən danışıb. O, qeyd edib ki, təşkilat bu məqsədlə mühəndisləri, texnoloqları və alimləri öz ətrafında birləşdirərək layihələr hazırlayır və müxtəlif dövlətlərlə əməkdaşlıq edir. Timoti Resiver son dövrlərdə əsas diqqətin onlayn ekstremizmin qarşısının alınmasına yönəldiyini deyib.

Sosial şəbəkələr vasitəsilə ekstremist qrupların müəyyən edilməsi Strateji Dialoq İnstitutunun diqqətindədir. İnstitutun Zorakı Ekstremizm Əleyhinə Proqramın koordinatoru Tanya Silverman fəaliyyətlərini əsasən sosial şəbəkələrlə birgə qurduqlarını bildirib. O deyib ki, məqsəd Facebook-da ekstremizmə meyilli insanları tapmaqdır. “Biz ekstremist kontenti, məsələn, İŞİD kimi terrorçu qrupların  simvollarından istifadə edənləri tapıb onlarla dialoq qururuq. Radikallaşma riski altında olan belə insanlara mesaj göndərilir və dialoq başlayır. Onların əksəriyyəti əsasən gənclərdir. Çox yaxşı haldır ki, onların böyük hissəsi dialoqa gedir və bizə müsbət yanaşırlar”, – deyə T.Silverman vurğulayıb.

“Sülh Naminə Oyunlar” qrupunun təsisçisi Hans Şakur virtual oyunlar vasitəsilə gənclərdə sülhə və quruculuğa həvəs yaratmağa çalışdıqlarını bildirib. O qeyd edib ki, eksperiment qruplarına əsasən müharibə zonasından olan yeniyetmələr cəlb edilir. “Hətta iki rəqib ölkənin yeniyetmələri onlayn rejimdə eyni oyunu oynayaraq virtual quruculuq işləri həyata keçirir, birgə yaşayışın mümkünlüyünü, sülhün zəruri olduğunu anlamağa başlayırlar”, – deyə o, bildirib.

Simon Feyser Universitetinin professoru Adel İskandar terrorizm və ekstremizmlə mübarizədə adi insanların hansı üsullardan istifadə etdiklərinə diqqət çəkib. O qeyd edib ki, ekstremizmə qarşı çıxan gənclər sosial şəbəkələrdə özləri hazırladıqları karikatura və mətnli şəkillər hazırlayıb yayırlar. İŞİD və digər ekstremist qruplara qarşı bir çox fotoşəkillər hazırlanıb ki, bunlar da həmin zülmkarların həqiqi üzünü göstərməyə imkan verir, insanların baxışını dəyişə bilir.

İclasda mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında