Sivilizasiyalar Alyansının Bakı Forumu vətəndaş cəmiyyəti və özəl sektor arasında əlaqələrin inkişafına töhfə verəcək

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu qurumun fəaliyyət sahəsinin genişlənməsinə, vətəndaş cəmiyyəti və özəl sektor arasında əlaqələrin inkişafına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 26-da Bakıda öz işinə başlayan BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində “Vətəndaş cəmiyyəti və biznes: Sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət” mövzusunda keçirilən bölmə iclasında səsləndirilib.

İclasın moderatoru Davamlı İnkişaf Naminə İnsan Hüquqları üzrə vəkil və BAIGO-nun vitse-prezidenti Fransios Loryot deyib ki, vətəndaş cəmiyyəti ilə biznes arasındakı əlaqələr BMT üçün yeni və çox mühüm məsələlərdən biridir. Burada ən vacib məqam isə böyük korporativ şirkətlərə əlçatanlığı təmin etməkdir. 

“BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu qurumun fəaliyyət sahəsinin genişlənməsində, vətəndaş cəmiyyəti və özəl sektor arasında əlaqələrin inkişafında müstəsna rol oynayacaq. Düşünürəm ki, bu iclas da məsələnin mahiyyətinin dərindən araşdırılması və fikir mübadiləsi üçün əhəmiyyətli platforma olacaq”, - deyə F.Loryot qeyd edib.

Qlobal Dialoq Fondunun icraçı direktoru Piter Gorgiyevski bildirib ki, qloballaşan dünyada vətəndaş cəmiyyəti və özəl sektor arasında dialoqun qurulması mühüm rol oynayır. Ən vacib məsələnin özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrini bir masa ətrafına toplayaraq fikir mübadiləsi aparmaq olduğunu söyləyən P.Gorgiyevski deyib: “Məncə, orta və kiçik müəssisələr birgə fəaliyyət qurmalıdırlar. Bu fəaliyyətin əsas aktorları isə vətəndaş cəmiyyəti və QHT-lər olmalıdır”.

Azərbaycanın tarixən neft-qaz diyarı olduğunu deyən SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov qeyd edib ki, ölkəmiz keçmiş sovet məkanının neftə olan tələbatının 80 faizini təmin edirdi. “Hazırda Azərbaycan nəinki neft diyarı, o cümlədən də təbii qaz ölkəsi kimi dünyada nüfuz qazanıb. ”Cənub Qaz Dəhlizi" layihəsi ilə Azərbaycan öz təbii qazını Türkiyəyə və bu ölkədən Avropaya nəql etməyə hazırlaşır. Bu layihə həm Azərbaycanın maraqlarına xidmət edir, həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına, resursların şaxələndirilməsinə və ən əsası isə yeni mənbədən qaz idxalına imkan yaradır", - deyə SOCAR-ın vitse-prezidenti vurğulayıb.

E.Nəsirov məlumat verib ki, SOCAR vətəndaş cəmiyyətinə açıq sosialyönümlü və transmilli şirkətdir. Şirkətin Avropanın müxtəlif ölkələrində nümayəndəlikləri var və SOCAR həmin ölkələrdə iri layihələr reallaşdırır.

BMT-nin Beynəlxalq Ticarət Palatasının daimi nümayəndəsi xanım Lousye Kantrov qeyd edib ki, biznes ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlıq böyük rola malik olacaq və uğurlu siyasətin davamına töhfə verəcək. “Düşünürəm ki, BMT davamlı inkişaf və davamlı dünya üçün olduqca vacib məsələləri müzakirə edir və insanları bir araya toplayır. BMT öz məqsədinə çatmaq üçün böyük cəhd göstərir. Lakin əlavə dialoqlar qurulmalı, ən əsası isə bu fikir mübadiləsi faydalı olmalıdır və həmin hədəflərə çatmaq üçün inamlı olmaq lazımdır. Gələcəyin yol xəritəsi isə məhz belə cızılmalıdır”, - deyə L.Kantrov bildirib.

BMT və Beynəlxalq İşlər üzrə Dini QHT-lər Komitəsinin sədri Liberato Bautista qeyd edib ki, hazırkı dövrdə vətəndaş cəmiyyəti və QHT-lər birgə fəaliyyət qurmalı və proqramlar həyata keçirməlidirlər. Çünki birgə fəaliyyət olmadan hər hansı bir nəticənin hasil edilməsi çətindir. Qarşıdakı 15 ildə vətəndaş cəmiyyətinin rolunun möhkəmlənməsi üçün buraya investisiya qoyuluşu həyata keçirilməlidir.

“Global Compact” təşkilatının idarəçilik və sosial məsələlər üzrə sədri xanım Ursula Vayhoven deyib ki, son 15 ildə korporativ davamlılıq sahəsinə diqqət artırılıb. “Bu gün inklüziv biznes modeli var. Məhz bu model ilə vətəndaş cəmiyyəti və özəl sektor arasında birgə fəaliyyəti təmin etmək mümkündür”, - deyə U.Vayhoven  əlavə edib. 

Müstəqil Maliyyə Konvensiyası Məsləhətçilərinin (CIFA) baş katibi Jan Piyer Diserens və BMT-nin İnkişaf Proqramının idarəçilik və sülh quruculuğu üzrə qrup direktoru və regional qrup rəhbəri Ozonnia Ojielo isə çıxışlarında vətəndaş cəmiyyəti və biznes arasında inkişafı təmin etmək üçün inklüzivliyin və müxtəlifliyin dəstəklənməsinin vacib olduğunu vurğulayıblar. Bildirilib ki, birgə dəstək olmadan səmərəli əməkdaşlıq qurmaq çətindir.

Bölmə iclasında müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məqamlar nəzərdən keçirilib, suallar cavablandırılıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında