Ay nəğməkar bəstəkar!.. Ramiz Mirişlinin xatirəsinə

Azərbaycan bəstəkarları arasında Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngizdi, həyatsevərliklə doludu, ana laylasıdı, bayatıdı, oxşamadır. Onun musiqi inciləri dağlarımız qədər qürurludu, müdrikdi. Bulaqlarımızın zümzüməsidir, nəğməsidir. Gözəllərimiz tək həyalıdı, kövrəkdi. Güclü təsirə malik, çalarlı, çeşidli musiqi gözəgörünməyən parıltıyla doludu, nurdu, işıqdı. Gül-çiçək ətirlidi, təravətlidi. Ruhi qidadı, cana məlhəmdi, xəstəyə şəfa paylayandı.

Artıq bir ildir ki, Ramiz Mirişli haqq dünyasına qovuşub. Ancaq o, dodaqlarda dolaşan mahnılarında, canlı musiqisində yaşayır. Ustad musiqiçinin yaradıcılığı ölməzdir, çünki o, sevginin dilində, ruhunda musiqi yaradan, sevgini dilləndirən bəstəkardır. Onun əsərləri sevginin dilində yaşayır. Sevgi isə daim gəncdir, həmişəyaşardır. Onun mahnıları dillərdə əzbərdir, ürəklərin, sevgilərin pıçıltısıdır, qulaqların xoş ahəngidir.  Ramiz Mirişlinin musiqi dünyasını hərtərəfli, tamam-kamal təhlil və şərh etmək çətindi. O, bir sirli-sehrli aləmdi. Həqiqətdir ki, bəstəkarın musiqisinin bünövrəsi, mayası, rişəsi başdan-binadan, əsildən-kökdən gəlir.

Gələcəyin bəstəkarı 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Taleyi onda üzünə gülüb ki, Naxçıvanda nəsli- nəcabəti sayılan- seçilən, ehtirama layiq olub. Qədir bilib, qədrini biliblər. Adıyla fəxr ediblər, əməlinə seviniblər. Bəlkə, ona görədir ki, bəstəkarın ibrətamizliklə dolu musiqisi əsl tərbiyə məktəbi, gör-götür, öyrən- öyrət dünyasına, könüllər mülkünün sultanına çevrilib. Bu təmkinli, iradəli, əqidəli, inamlı musiqi ata-baba kökü üstə köklənib, o bulaqdan su içib.

Ramiz Mirişli orijinallığı, təkrarsızlığı, məqsəd-məramlılığı ilə insanı valeh edən çoxsaylı musiqi əsərlərinin yaradıcısıdır. Bəstəkara şöhrət gətirən onun çoxsaylı musiqi inciləridir. İki musiqili komediya, kamera orkestri üçün simfoniya, “Şəhidlər” simfoniyası, üç simfonik poema, dörd simfonik suita, tar ilə simfonik orkestr üçün konsert, simfonik orkestr və xor üçün dörd suita, üç kantata, xalq çalğı alətləri üçün iki konsert, on iki suita, miniatürlər, üvertüralar, fortepiano triosu, fortepiano üçün prelüdlər məcmuəsi, romanslar onun zəngin yaradıcılığının bəhrəsidir.

Bəstəkar həm də altmışdan çox teatr tamaşasına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Bu əsərlərdə bəstəkarın ürəyi döyünür, qəlbi sevinir, “xalqıma xidmətdəyəm” deyir. Düşünürsən, bu zəhmətsevər insanda, böyük sənətkarda nə qədər enerji, fantaziya, iradə, əzm var. Bu boyda hünər, belə bir sənət zəfəri üçün nə qədər cəfa çəkmək, ömür- gün  xərcləmək olarmış?!  Ramiz Mirişlinin əsərləri milli olduğu qədər də bəşəridir. İllah da, başının tacı, döyünən ürəyi, vuran qəlbi olan, qəlbləri riqqətə gətirən ecazi mahnıları. Onun bu sahədəki xidməti əvəzsiz, bənzərsizdir. Təkcə sayla deyil, sambalı baxımdan da qibtəyə layiqdir. Nəğməkar insan beş yüzdən artıq mahnının müəllifidir.

Mahir bəstəkarın çoxşaxəli yaradıcılığında lirik mahnılar öz təsir gücü, siqləti və məna çalarları baxımından daha populyardır, daha qəlb oxşayandır. Gözləri yaşlı qoyanı da var, şadlıq-sevinc bəxş edəni də. Bəstəkarın bulaq tək qaynayan, tükənmək bilməyən mahnıları təkcə Qafqazda deyil, ərəb ölkələrində, İranda, Türkiyədə, Orta Asiyada və s. səslənir, könüllərə axır, qəlbləri riqqətə gətirir.

Sevimli bəstəkarımız ürəyinə yatan, qəlbinə hakim kəsilən, sehrə salan, fikirlərini qanadlandıran şeir nümunələrini sevib, seçib. Poetik nümunələri varlığına köçürüb, xəyalında canlandırıb, zümzümələyib. Düzüb-qoşub, musiqi lisanına çevirib. Lirik mətnləri dindirib, dilləndirib, qanadlandırıb, dillər əzbərinə çevirib. Nadir istedad sahibi bu münasibətlə görkəmli söz sərrafları və nəğməkar şairlərlə təmas qurub, dostluq edib. Onlarla birlikdə  işləyib, mahnı mətni yazdırıb, melodiya, ahəng yaradıb.

Bəstəçi müğənni seçimində də ciddi və tələbkar idi. Hər yetənə könül verməz, hər yetənlə iş qurmaz, mətləb yazmazdı. Yüz ölçər, bir biçərdi. “Zər qədrini zərgər bilər” inamı ilə işləməkdən zövq alar, dinclik tapardı. Onun mahnılarının ifaçıları da xalq tərəfindən qəbul edilən, sevilənlərdi. Belə meyl- maraq dərin müşahidəyə, güclü məntiqə və ciddi baxışa əsaslanır.

Ramiz Mirişlinin musiqi inciləri müğənnilərə, xanəndələrə həyat olub, qol-qanad verib. Onun həzin sevgi mahnılarını müğənnilər oxuyublar, özləri şöhrətləniblər, bəstəkarın mahnılarını isə dillər əzbərinə çeviriblər.

Ramiz Mirişli çoxlarının musiqi yollarına işıq yandırıb, sənətə yeni gələnləri tanıtdırıb, məhşurlaşdırıb. Artıq yarım əsrdən çoxdur ki, neçə-neçə musiqiçilər bu böyükürəkli  bəstəkarın, musiqi sərrafının qədrini bilirlər, onu qəlbdən sevirlər. Bu da bir etiraf, bir xoşbəxtlikdir.

Ramiz Mirişlinin amalı – aydın, məqsədi, məramı – xalqa xidmət, torpağa məhəbbət idi. O, şırıltılı-gurultulu, haylı-küylü, çığırtılı-bağırtılı musiqidən uzaq idi. Əgər belə demək mümkünsə, onlara düşmən, yad idi. Əsl musiqiçi olduğuna, xalqdan qaynaqlandığına görə xalqın da qəlbində yuva qura bilirdi.

Son illərdə musiqimizdə hərc-mərclik baş alıb gedir. Notu bilməyən, işarələrdən xəbəri olmayan “bəstəçilər” peyda olublar. Bir də görürsən, kimsə musiqiyə şeir söylədiyini də özü yazır, melodiya deyiləni də özü qoşur, müğənniliyi də özü edir. Heç bir musiqi təhsili olmayan, bu sənətin sirlərindən xəbərsizlər nəsli yetişib. Çox da iddialıdırlar: “Burda mənəm, Bağdadda kor xəlifə”. Ramiz müəllim belələrinə qarşı barışmaz, amansız idi, musiqinin saflığını qoruyan idi.  Ramiz Mirişli son dərəcə təvazökar insan idi. Məclislərdə küncə-bucağa çəkilər, pünhanlanardı. Dinib-danışmaz, ağır oturar, batman gələrdi, dərya tək hər şeydən bulanmazdı, hər şeyə məhəl qoymazdı. Yaxşılıqdan rahatlıq tapar, haqqı-ədaləti unutmazdı. Diz çökməkdənsə, ayaq üstə diri-gözlü ölməyi üstün tutardı. Hörmət edər, minnət qoymazdı. Sızıldamağı, vay-şivəni, ah-ufu sevməzdi.

Sevimli bəstəkar cazibəli, mətləb qanan, canıyanandı. Sadə, səmimi, istiqanlı, qohumcanlı idi. Vətən onun səcdəgahı, xalq qibləgahı idi. Özü isə özünün ağası, sözünün qulu idi. Sözü də bütöv, özü də bütöv idi. Heç vaxt döşünə döyməz, mənəm-mənəm deməzdi. Etibar, ilqar sahibi idi. O, əməli ilə, xalqına xidməti ilə, hörmət-izzəti ilə qibtəyə layiqdi.

Bir neçə il əvvəl “Kaspi” qəzeti musiqimizin bu günü, sabahı ilə bağlı təşkil etdiyi məclisə məşhur musiqiçiləri dəvət etmişdi. Məni də musiqi tarixi ilə məşğul olan alim kimi çağırmışdılar. Hamı musiqimizin inkişafından, gələcəyindən söhbət açdı, gərəkli mətləblər söylədi. Bu sahədə baş verən nöqsanlardan da ürək ağrısı ilə danışdıq, çıxış yollarını axtardıq.

Söhbətin gedişində məşhur tarzənimiz Ramiz Quliyev Ramiz Mirişliyə “böyük sənətkarımız” – deyə müraciət etdi. Mirişli Ramiz bu təşbehdən qızardı, narahat oldu.Və özünəməxsus mehribanlıqla “Tanrını sevərsiniz, mənə böyük bəstəkar deməyin. Mən hara, böyük hara. Böyüyümüz də, böyük bəstəkarımız da Üzeyir bəydi”.

Söhbətə qarışdım, bildirdim: “Dostlar, gəlin həqiqəti mübahisəyə çevirməyək. Ramiz Mirişlinin qədir-qiymətini böyük öndərimiz Heydər Əliyev verib. Ulu öndər Ramiz Mirişlinin yaradıcılığından bəhs edərkən onu Azərbaycanın böyük bəstəkarı adlandırıb”.

Ramiz Mirişli musiqi müəllimi, uzun illərin pedaqoqu idi. O, Bakı Musiqi Akademiyasının müəllimi, dosenti və professoru, Azərbaycan Milli Konservatoriyasının professoru kimi çalışıb, gənc musiqiçilər nəslinin yetişdirilməsi üçün böyük işlər görüb.

Ustad sənətkarımız öz zamanının, xüsusən, müstəqillik dövrümüzün bəstəçisi idi. Dünənin, bu günün, xoş gələcəyin nəğməkarı idi. Sazlı-sözlü, min bir avazlı xalqımızın mənəvi aləminin tərcümanı idi. Zaman keçdikcə, dövran ötdükcə onun musiqiləri sərhədlər aşaraq daha da məşhurlaşacaq, əsrləri əsrlərə, nəsilləri nəsillərə qovuşduracaq. Ölməz bəstəkar Ramiz Mirişlinin yaradıcılığı ehtiramla yad ediləcək, qiymətləndiriləcək, musiqiləri dillərdə, dodaqlarda səslənəcək...

Aprelin 16-sı Ramiz Mirişlinin doğum günü idi, aprelin 17-si vəfat günü. Həmin gün Ramiz Mirişlinin ruhu bir daha ömrünü həsr etdiyi musiqisinə qovuşdu.

Ruhun şad olsun, ustad! Qəbrin nurla dolsun!

Teymur BÜNYADOV,
akademik


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında