Əslində, Gəncənin 2016- cı ildə Avropanın Gənclər Paytaxtı seçilməsi nəinki 4000 ildən çox yaşı olan bu qədim şəhərin, bütövlükdə respublikamızın həyatında çox mühüm bir hadisədir. Hələ Azərbaycanda elə bir şəhər və ya rayon olmayıb ki, belə bir şərəfli, iftixaredici titula layiq görülsün. Gəncə birincidir. Ümumiyyətlə, indiyədək keçmiş Sovetlər İttifaqından hələ heç bir şəhər Avropanın Gənclər Paytaxtı adını ala bilməyib. Hətta Gəncə Litvanın paytaxtı Vilnüs şəhərini də mübarizədən kənarlaşdırıb və final mərhələsində adıçəkilən şəhərdən başqa Badajoz (İspaniya), Qalvey (Şimali İrlandiya), Varna (Bolqarıstan), Laqina ( İspaniya) ilə yarışıb və qalib adını qazanıb. Məlumat üçün qeyd edək ki, qonşu Tbilisi və Batumi şəhərləri müsabiqəni vaxtından əvvəl tərk ediblər. İlk dəfə bu titulu qazanan isə Hollandiyanın Rotterdam şəhəri olub. İtaliyanın, Portuqaliyanın, Belçikanın, Sloveniyanın, Yunanıstanın ayrı- ayrı şəhərləri müxtəlif illərdə Avropanın Gənclər Paytaxtı kimi tarixə düşüblər.
Bu qısa məlumatı ona görə verdik ki, bəziləri Azərbaycanın ikinci şəhərinin belə mötəbər müsabiqədə qalib çıxmasını hələ lazımınca qiymətləndirə bilmir. Hətta bir çox kütləvi informasiya vasitələri bu tədbiri lazımınca işıqlandırmır, Gəncənin dünəni, bu günü və sabahı, gənclərlə aparılan iş təcrübəsi, saysız- hesabsız beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi ilə bağlı kifayət qədər verilişlər, yazılar vermirlər. Amma yenə gec deyil və qədim Nizami yurdu mötəbər tədbirin açılışına hazırlaşır. 2016- cı ildə şəhərə bununla əlaqədar 5 min nəfərədək qonağın gələcəyi gözlənilir.
Bəs necə oldu ki, Avropanın bir çox şəhərlərini məhz Gəncə üstələdi, qalib adını qazandı və gənclər paytaxtı seçildi?
Suala birbaşa cavab vermək üçün Gəncənin son 5- 6 ildə keçdiyi yola nəzər salmaq lazımdır. Qəzetimizin mart ayındakı nömrələrinin birində, qısaca da olsa, bu yola nəzər salmağa çalışmışdıq. Lakin qeyd etdiyimiz dövrdə Gəncədə elə qlobal işlər görülüb ki, onun bütün çalarları haqqında bir qəzet yazısında bəhs etmək mümkün deyil. Bu günlərdə şəhərin bütün tədbirlərində yaxından iştirak edən, sözün həqiqi mənasında, ağsaqqallıq funksiyasını şərəflə daşıyan akademik Fuad Əliyevlə Gəncənin keçmişi, bugünü, perspektivi haqqında söhbət edirdik. Dedi ki, bu şəhərdə doğulub boya-başa çatsa da, Gəncənin bu qədər gözəl, füsunkar olmasını heç vaxt hiss etməmişəm. Akademikin bir sözü ilə də razıyam ki, şəhərə gələn qonaqlara yalnız Göygölü , bir də ən yaxşı halda “butulkalı evi” göstərə bilirdik. Doğrudur, ötən əsrin 80-ci illərinin əvvəllərində ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə köməyilə şəhərdə yeni obyektlər salınmış, bir çox tarixi abidələr bərpa olunmuşdu. Lakin çox keçməmiş onlar da sıradan çıxmış, istifadəsiz qalmışdı.
...Gəncədə Avropadan gələcək qonaqların diqqətini cəlb edəcək ilk təəssürat, yəqin ki, tarixiliklə müasirliyin bu şəhərdə necə ustalıqla qovuşması və qorunması olacaq. Burada bir tərəfdən milli memarlıq ənənələri qorunub saxlanılır, digər tərəfdən yeni, müasir binalar inşa olunur, çoxmərtəbəli yaşayış evləri ucaldılır, məhəllələr salınır, idman qurğuları istifadəyə verilir, infrastruktur yenilənir. Mən ikinci bir şəhər tanımıram ki, 1000-ə yaxın ən müxtəlif mərtəbəli yaşayış və ya inzibati binanın dam örtüyü mansarda şəklində tamamilə yenidən qurulsun, fasadı aqlay daşla hörülsün, Gəncəyə xas qırmızı kərpicdən ustalıqla istifadə olunsun. Uzunluğu 7 kilometrə çatan Nizami Gəncəvi prospekti sanki başdan-başa bir sənət əsəridir. Cəmi iki ilə başa gələn Heydər Əliyev Park Kompleksinin tayı-bərabəri yoxdur. Ölkə rəhbərinin buranı “əsl möcüzə” adlandırması hər bir gəncəlinin qürur hissinə səbəb olmuşdur. İlin istənilən fəslində buraya minlərlə şəhər sakini gəlir, istirahət edir, idmanla məşğul olur. Burada keçirilən tədbirlər rəngarəngliyinə və səviyyəsinə görə seçilir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA- nın müxbir üzvü, professor İbrahim Cəfərov haqlı olaraq qeyd edir ki, son 5 ildə Gəncədə heç bir iş görülməsəydi belə, tək bu kompleksin istifadəyə verilməsi şəhər rəhbərliyinin çox işgüzar fəaliyyəti haqqında müsbət fikir yürütmək üçün kifayət edərdi.
Gəncədə irimiqyaslı elə işlər həyata keçirilib ki, illər ötəcək, onun səmərəsi, faydası bir daha sübut olunacaq. Diqqətçəkən məqam bir də ondadır ki, istənilən obyekt , ya yol, ya park olsun, hamısında keyfiyyət ön planda dayanır. Başqa sözlə, hər bir iş uzun illər üçün nəzərdə tutulur və ona görə də keyfiyyətə, davamlılıq məsələlərinə xüsusi diqqət yetirilir. Yadımdadır, təhsil idarəsi üçün yeni inzibati binanın tikilib istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə çıxış edən idarənin müdiri Zakir Hüseynov qeyd etdi ki, şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev burada hər sütunu və ya binanın başqa bir yerini dəfələrlə sökdürüb, yenidən tikdirib. Belə olmasaydı, bina bu qədər gözəl, keyfiyyətli alınmazdı.
İdarə müdirinin sözlərinə qüvvət, Elmar Vəliyevin zövqünə söz ola bilməz.Adi yol da, prospekt, küçə də geniş olmalıdır. Yaşayış binasıdırsa, xarici görünüşündən tutmuş, dam örtüyünə, həyət- bacasına kimi zövq oxşamalıdır. Yenicə tikilən hər hansı bir obyektdirsə, ən keyfiyyətli materiallardan olmalıdır. Hətta işıqlandırma dirəyidirsə, elə milli elementləri olmalıdır ki, zövq oxşasın. Bax, belədir şəhər rəhbərinin işə yanaşma tərzi. Bütün bunlar isə üst- üstə yığılaraq son anda Gəncəni bu cür füsunkar edib, 2016- cı il Avropanın Gənclər Paytaxtına çevirib.
Səmimi deyirəm, bu illərdə Elmar Vəliyev şəhərdə elə işlərin həyata keçirilməsinə nail olub ki, hətta hər hansı bir sahədə nöqsan olsa belə onları görmək olmur, başqa sözlə, görmək istəmirsən. Doğrudur, Elmar Vəliyevin özünün də dediyi kimi, Gəncə bugünkü səviyyəsinə, inkişafına görə ölkə Prezidenti cənab İlham Əliyevə borcludur, ona minnətdardır. “Mən yalnız icraçıyam, öz vəzifə borcumu yerinə yetirirəm” – deyə özü haqqında söylənən fikirlərə qəti etirazını bildirir. Əlbəttə, Elmar Vəliyev düz deyir. Ölkə Prezidenti Gəncə və gəncəlilərə daim diqqət və qayğı göstərir. Şəhərdə elə bir obyekt yoxdur ki, Prezidentimiz onun bünövrəsinin qoyuluşunda da, açılışında da iştirak etməsin. Amma bir var yaxşı, məsuliyyətli, zövqlü icraçı, bir də var pis icraçı. Nə yaxşı ki, Gəncənin, necə deyərlər, bəxtinə mahir icraçı düşüb.
Yuxarıda qeyd etdik ki, avropalı gənclərin Gəncədə olarkən gəzməli, görməli yerlərlə bağlı nə qədər desən gedəcəkləri obyektlər, tarixi abidələr, parklar var. Elə təkcə bu yaxınlarda açılışı olmuş Gəncə Park- Bulvar kompleksini gəzib axıradək dolaşmaq kifayətdir ki, şəhər haqqında mükəmməl təsəvvürə malik olasan. Gəncəçayın sahilində, 34 hektar sahəni əhatə edən bulvarda nələr yoxdur!.. Bayraq meydanı, “Əli və Nino” kompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, 3 ədəd 6 və 7 mərtəbəli yaşayış evi, 3 ədəd kafe, restoran və kinoteatr, 15 ədəd atraksion və neçə-neçə digər sosial obyekt. Bəzən şəhər sakinləri seçim qarşısında qalırlar: hansı bulvara, parka getməli? Onların sayı o qədər çoxalıb ki, bilmirsən hansına üstünlük verəsən. Çünki hamısı bir- birindən gözəldir, orijinaldır, istidir, doğmadır.
Şəhər gəncləri çox fəallaşıb. Onlar daha beş- on il əvvəlki gənclər deyil. Elə tədbirlər, müsabiqələr, yarışlar təşkil edirlər ki, bir çox xarici ölkələrin də gənclərinin marağına səbəb olur. Tədbirlərin səviyyəsi, məzmunu dəyişib, yeni çalarlar əlavə olunub. Müasir cəmiyyətdə baş verənlərə münasibət özünü çox gözlətməli olmur. “Gəncə Avropa Gənclər Paytaxtı 2016” layihəsi çərçivəsində Məhsəti Gəncəvi Mərkəzində “Gəncə avropalı gənclərin gözü ilə” adlı beynəlxalq foto-müsabiqə, “Gəncə avropalı gənc yazarların hekayələrində” adlı beynəlxalq layihə, eləcə də uşaq-yaradıcılıq mərkəzində “Avropada könüllü ol” mövzusunda seminar, “Gəncə dünəndən bu günə” və “KönüllüSƏN” layihələri uğurla həyata keçirilmişdir.
...Bu günlərdə Gəncə Şəhər İcra Hakimiyyətində 2016- cı ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.
Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hesabat məruzəsində bildirdi ki, əvvəllər olduğu kimi, 2016-cı ilin ilk 3 ayında da bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib.
Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasətinin düzgün və uğurla aparılması Azərbaycan iqtisadiyyatının potensial imkanlarının daha da yüksəlməsi ilə nəticələnib.
2016-cı ilin birinci rübü ərzində şəhər sənayesi tərəfindən 68 milyon 874 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,2 faizini təşkil edib. Ümumi istehsalın 91,2 faizi sənaye mallarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb.
Özəl sektorda ümumi daxili məhsul buraxılışının xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 34,8 faizədək yüksəlib. Sənaye məhsulunun 92,2 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunub. Emal sənayesində, kompüter, elektron və optik məhsulları, qida məhsulları, tikinti materialları, kağız və karton, nəzarət ölçü cihazları, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində və metallurgiya sənayesində artım müşahidə edilib.
Şəhərin nəqliyyat, rabitə və informasiya xidməti müəssisələrinin fəaliyyəti şəhər icra hakimiyyətinin daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə investisiyaların yönəldilməsi, avtomobil yollarının yenidən qurulması, genişləndirilməsi, təmir və bərpası istiqamətində mühüm işlərin görülməsi davam etdirilib. Dövlət başçısının tapşırığına əsasən 2015-ci ildə başlanılmış Zazalı-"İmamzadə" kompleksi-Gəncə avtomobil yolunun tikintisi cari ildə də davam etdiriləcək.
Bundan başqa, “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə paylayıcı şəbəkəsi şəhərin sosial-iqtisadi inkişafını nəzərə almaqla əhalinin və iqtisadiyyatın dayanıqlı, fasiləsiz, sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə hesabat dövrü ərzində mərhələli şəkildə müəyyən tədbirlər həyata keçirib. Gəncə qaz istismarı sahəsi 2016-cı ilin birinci rübü ərzində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qazla təchiz olunması, ayrı-ayrı ərazilərdə yeni inşa edilmiş evlərin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində müəyyən işlər görüb. Şəhərin 28 May, Təbriz, V.Xuluflu, Qızıl Hacılı və digər küçələrində, həmçinin Cavad xan qəsəbəsində əhalinin həyətyanı sahələrindən keçən qaz xətləri təhlükəsiz yerlərə çıxarılıb.
İnfrastrukturun vacib sahələrindən olan su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması dövlət qayğısı ilə əhatə olunub. Bu sahədə aparılan islahatların və müəyyən olunmuş proqramların reallaşmasına geniş imkan yaradılıb. Şəhərin suya olan tələbatının ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin perspektivə uyğun təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı hesabat dövründə də icra olunan layihə uğurla davam etdirilir.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda təhsil sisteminin milli dəyərləri saxlanılmaqla dünya təhsil sisteminin prinsiplərinə uyğunlaşdırılması, təhsil islahatlarının uğurla davam etdirilməsi müsbət nəticələrin əldə olunmasına geniş imkanlar yaratmışdır. Təhsilin məzmunca yeniləşməsi, məktəblərdə müasir tələblər səviyyəsində təhsil mühitinin formalaşması, şəhər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədris binalarının təmiri, yeni məktəb binalarının tikintisi Gəncə Şəhər İcra Hakimiyyətinin daim diqqət mərkəzində olmaqla bu sahədə davamlı işlər aparılır. Hesabat dövründə Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə yeni inşa edilmiş 1200 şagird yerlik əlavə tədris korpusu istifadəyə verilib.
Gəncə şəhərində səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığına etibarlı təminat verən müasir infrastrukturun yaradılması şəhər icra hakimiyyətinin xüsusi diqqət mərkəzindədir. Bu baxımdan A. Səhhət adına xəstəxana kompleksinin istifadəyə verilməsi Gəncənin həyatında mühüm hadisədir.
Ölkə Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, eləcə də “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının yeni qəbul edilmiş qanununu rəhbər tutaraq Gəncə Şəhər İcra Hakimiyyətində hər an vətəndaşlarla və sıravi insanlarla bilavasitə təmasda olan aparat əməkdaşlarından etik norma və qaydalara ciddi əməl etmək, vətəndaşların müraciətlərində qaldırılan məsələləri vaxtında öyrənmək, müvafiq tədbirlər görmək, bu sahədə fəaliyyəti daha da yaxşılaşdırmaq tələb olunmuşdur.
Daha sonra “Gəncə -2016 Avropa Gənclər Paytaxtı” layihəsinin təntənəli açılışı və açılışdan sonra həyata keçiriləcək tədbirlərlə bağlı yığıncaq iştirakçılarına məlumat verilmişdir.
... Gəncə ona görə Avropanın Gənclər Paytaxtı seçilib ki, bu şəhər son vaxtlar hamının gözü qarşısında hər gün, hər saat böyüyüb gözəlləşib, inkişaf edib. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışlarının birində belə bir cümlə işlətdi: Gəncə həm də ona görə gənclərin 2016-cı ildə Gənclər Paytaxtı seçildi ki, indi dünyanın, o cümlədən Avropanın hər yerində Azərbaycanla, onun Prezidenti ilə hesablaşırlar. Çünki biz inkişaf, tərəqqi yolundayıq, haqq yolundayıq.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.