Dövlət Miqrasiya Xidməti Ağcabədidə səyyar xidmət göstərib

Yevlax regional miqrasiya idarəsinin xidmət ərazisinə aid olan Ağcabədidə əvvəlcə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, vətəndaşların, aidiyyəti dövlət qurumları nümayəndələrinin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.  Ağcabədi rayon Mədəniyyət Mərkəzində baş tutan görüşdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkəmizdə müvəqqəti olma, yaşama, daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması üçün prosedurlar, qanunvericiliyin pozulmasına görə məsuliyyət şərh olunub.

DMX-dən verilən məlumatda bildirilir ki, regional idarənin və Xidmət aparatının məsul əməkdaşları dünyada baş verən miqrasiya prosesləri və Azərbaycan dövlətinin miqrasiya siyasəti, respublikamızda vətəndaşsızlıq hallarının aradan qaldırılması haqqında ətraflı açıqlama veriblər.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızda təhlükəsizliyin, sabitliyin yüksək səviyyədə qorunmasının, qeyri-neft sektorununun inkişafının, iqtisadi sahədə uğurlu islahatların, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələrin davam etdirilməsinin, tolerantlığın dünya üçün nümunə olduğuna diqqət çəkilib. Qeyd olunub ki, bütün bu məqamlar Azərbaycanı əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün cəlbedici edib. Ölkəmizdə isə miqrasiya sahəsində vaxtında həm mükəmməl qanunvericilik bazasının yaradıldığı, həm də dövlət başçısının diqqət və qayğısı nəticəsində DMX aparatının və 8 regional miqrasiya idarəsinin, Bakı şəhərində və Yevlaxda  müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyətinin təmin olunduğu vurğulanıb. İnformasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanlar sayəsində DMX tərəfindən 11 xidmət növü üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinin artıq həm də elektron qaydada qəbul edildiyi bildirilib.

Tədbirdə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.

Qeyd olunub ki, əvvəllər işəgötürənlər əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri haqqı ödənilən əmək fəaliyyətinə cəlb edərkən iş icazəsinin verilməsinə görə dövlət rüsumunun məbləği müddətdən asılı olmayaraq 1000 manat olduğu halda, dəyişikliyə əsasən 3 ay, 6 ay və 1 il müddətinə verilən iş icazələrinə görə müvafiq olaraq 350, 600 və 1000 manat məbləğində dövlət rüsumu ödənilir.

Həmçinin, təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin tezləşdirilməsi üçün kömək göstərsinlər. Görüşdə bu il martın 1-dən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbləri geniş izah olunub. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyat prosedurları, olduğu yeri dəyişdikdə, Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalı olduğunun vacibliyi iştirakçıların nəzərlərinə çatdırılıb. 

Sonda suallar cavablandırılıb.

Daha sonra səyyar xidmət həyata keçirilib. Səyyar xidmətin imkanlarından müraciət edən 124 şəxs  istifadə edib. Onlardan 94 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 3  nəfərdən müvəqqəti, 2 şəxsdən daimi yaşama icazələrinin verilməsi, 1 şəxsdən vətəndaşlıq məsələsi ilə bağlı sənədlər qəbul olunub. 4 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 2 nəfərə vətəndaşlıq mənsubiyyətinin  müəyyən olunması ilə bağlı arayış verilib. 18 şəxsə isə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, müvəqqəti, həmçinin daimi yaşama, o cümlədən iş icazələrinin alınması ilə bağlı müraciət etmək üçün sənədlərin siyahısı təqdim olunub.

 İştirakçılar səyyar xidmətin və maarifləndirmə işinin təşkilindən razı qaldıqlarını bildiriblər.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında