Milli Ordunun düşmənə sarsıdıcı zərbəsi böyük Qələbəyə qapı açdı

Azərbaycan bir çox həyati əhəmiyyət kəsb edən siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən təbii bir məkandır. İki qitənin qovşağında və mühüm strateji əhəmiyyətli ərazidə yerləşən respublikamızda dünyanın nəhəng dövlətlərinin mənafeləri toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi gedir.

Ölkəmiz 150 ildən çox bir müddət ərzində Rusiya və sovet imperiyalarının tərkibində olmuş və onların qanunları əsasında yaşamışdır. SSRİ-nin süqutu və Azərbaycanda milli dövlətçiliyin bərpası xalqımızın sosial-iqtisadi tərəqqisi, sivil dünya toplumuna bərabərhüquqlu üzv kimi daxil olması və qlobal üfüqlərə doğru irəliləməsi üçün yol açmışdır. 150 ildən çox bir müddətdə öz zəngin təbii sərvətləri üzərində qərar vermək hüququnu itirmiş xalqımız yenidən bu hüquqlara sahib çıxmışdır. 

Respublikamız 25 illlik qısa tarixi dövrdə müstəqillik yolunda böyük nailiyyətlərə imza atmış, keçid iqtisadiyyatı kimi xarakterizə edilən bir ölkədən inkişaf etmiş dövlət statusuna doğru irəliləyir. Dünyanın nəhəng dövlətlərinin mənafelərinin toqquşduğu, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi getdiyi bir şəraitdə respublikamızın nailiyyətləri bir sıra qlobal gücləri qıcıqlandırır və bu nailiyyətlərə mane olmaq üçün onlar “erməni amili”ni həmişə olduğu kimi, yenə də təcavüzkarlaşdırmağa çalışırlar.

Lakin zaman ötmüş, Azərbaycan da dəyişmişdir. Ölkəmiz artıq 90-cı illərin əvvəllərindəki başıbəlalı, köksüyaralı, Azərbaycan deyildir. Ümummilli lider Heydər Əliyevin və onun layiqli varisi Prezident İlham Əliyevin başçılığı ilə ölkəmiz dünya düzənində və çağdaş tarixin səhnəsində özünə layiqli yer tutmuşdur.

İşğalçı Ermənistan isə havadarlarının köməyi ilə tarixin təkərini geri çevirmək istəyir, Azərbaycanın əzəli torpaqları Qarabağı öz nəzarəti altında saxlamağa çalışır. Bunun üçün düşmən saysız- hesabsız təxribatlar törədir. Təcavüzkar erməni rejimi sülhdən boyun qaçırır, işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, heç bir nəticə vermədən mənasız yerə uzanıb gedir. Ötən illərdə həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atır. Təmas xəttində daim gərginlik yaradılır. Düşmənin bugünkü məğlubiyyəti məhz bu fitnəkar siyasətinin nəticəsidir.

Lakin bu siyasət sonsuzadək davam edə bilməzdi. Azərbaycan Ordusu onların başını əzmək istəyəndə isə onlar dünyaya hay-haray çəkirlər ki, Azərbaycan atəşkəsi pozur. Prezident İlham Əliyev dəfələrlə vurğulayır: “Biz atəşkəsi pozmamışıq, biz sadəcə olaraq təxribata layiqli cavab vermişik. Nə qədər ki, Ermənistan bu təxribatçı əməllərdən əl çəkməyəcək, Azərbaycan Ordusu onları bundan sonra da cəzalandıracaq”. Status-kvonun dəyişdirilməsi o deməkdir ki, silahlı quldurlar işğal edilmiş torpaqlardan çıxmalıdır. Ermənistan rəhbərliyi danışıqları uzatmaqla məhz bunu istəmir. Əsas məsələ bundan ibarətdir. Onlar istəyirlər ki, bu, sonu olmayan prosesə çevrilsin. İstəyirlər ki, danışıqlar bundan sonra da boş- boşuna davam etsin.

Azərbaycan isə artıq buna dözmək istəmir: ölkəmizin ərazi bütövlüyü təmin olunmalıdır! İlk irimiqyaslı toqquşmada Ermənistan ordusu çox böyük zərbə aldı. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu. Bunun günahkarı isə Ermənistanın hərbi-terror çu rejiminin Qarabağda əli qana batmış rəhbərləridir. Onlar çalışırlar ki, ictimai rəyi çaşdırsınlar, itkiləri gizlətsinlər. Bu gün Ermənistan tərəfi bütün imkanlardan – diaspor təşkilatlarından, müxtəlif ölkələrdəki agentlərindən, korrupsiyaya uğramış siyasətçilərdən istifadə edir ki, bütün təqsiri Azərbaycanın boynuna qoysun.

Azərbaycan lideri İlham Əliyev bütün dünyaya bəyan edir: “Bizim heç bir günahımız yoxdur. Biz sadəcə olaraq bu təxribata cavab vermişik. Düz də etmişik. Bizə qarşı yenə təxribat törədilərsə onlar yenə də öz cəzalarını alacaqlar. Bu, bir. İkincisi, biz öz torpağımızda vuruşuruq. Biz Ermənistan torpağını işğal etməmişik. Biz öz torpağımızda vuruşuruq. Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm”.

Azərbaycan dövləti yeritdiyi təmkinli və müdrik siyasətlə sübut edir ki, Ermənistan bütün beynəlxalq normaları ardıcıl olaraq pozur. İşğalçı rejim BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, digər təşkilatların qərar və qətnamələrini saya salmır. Qarabağda bizim məscidlərimiz, qəbirlərimiz, tarixi abidələrimiz, binalarımız, muzeylərimiz dağıdılıb, varidatımız talan edilib. Bu, misli görünməmiş vəhşilikdir. Prezident İlham Əliyev qətiyyətlə tələb edir: “Bu gün İrəvanda ən yüksək kabinetlərdə oturan cəlladlar vəhşicəsinə Xocalı soyqırımını törətmişlər. Onlar bunun cavabını verməlidirlər, yoxsa yox?!”

Ölkəmiz 20 ildən artıqdır atəşkəs rejimində yaşasa da, bütün dünyaya sübut etmişdir ki, biz səbr, dözümlülük, konstruktivlik göstəririk. Yenə də çalışırıq ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Beynəlxalq aləm açıq- aydın görür ki, dövlət başçımızın dediyi kimi: “Biz müharibə istəmirik. Biz istəmirik ki, qan tökülsün. İstəmirik ki, gənc insanlar həlak olsunlar. Biz istəmirik ki, anaların göz yaşları  tökülsün. Azərbaycan, Ermənistan analarının göz yaşları tökülməsin. Ancaq biz öz haqqımızı tələb edirik”.

Prezident İlham Əliyev xalqımızın tələbini qəti şəkildə bəyan edir: “Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır. Bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır. Ermənistanda hökm sürən kriminal diktatura rejimi öz ölkəsini uçuruma aparır. Ermənistanda demoqrafik vəziyyət kritik həddə çatıbdır. İqtisadiyyat dağılıb, bütün azadlıqlar tapdalanır, diktatura hökm sürür. Kriminal rejim, ilk növbədə, erməni xalqının qənimidir. Ona görə onların gələcəyi yalnız qonşu ölkələrlə normal münasibətlərdən keçir. Ancaq hansı normal münasibətlərdən söhbət gedə bilər ki, XXI əsrdə qonşu ölkənin torpaqlarının 20 faizini işğal edəsən, soyqırımı törədəsən, sonra isə soyqırımına məruz qalan xalqı günahlandırasan ki, atəşkəsi pozur”.

Tarixi qələbənin mühüm beynəlxalq bazası müdrik dövlət siyasəti ilə dünya ictimai fikrində Azərbaycanın apardığı mübarizənin haqq işi olaraq qəbul edilməsidir. İsrail XİN- in keçmiş başçısı “İsrail bizim evimizdir” partiyasının sədri Aviqdor Liberman “Trend ”agentliyinə müsahibəsində demişdir ki, Azərbaycan qəbul edilmiş ümumi normalar daxilində özünü kifayət qədər məsuliyyətli aparır. Regionun tarixini az-çox bilənlərə yaxşı məlumdur ki, Ermənistan–Azərbaycan arasında gedən Dağlıq Qarabağ münaqişəsində Azərbaycan  tamamilə haqlıdır, tarixi, coğrafi və demoqrafik faktlara tam uygundur. O qeyd etmişdir ki, qoşunların təmas xəttində ermənilərin törətdikləri təxribatlar isə beynəlxalq normalara və razılaşmalara ziddir.

Liberman ümidvar olduğunu bildirmişdir ki, ermənilər baş verənlərin nə qədər ciddi olduğunu başa düşəcək, özünü hüquq normalarına uyğun aparacaqlar. O, beynəlxalq ictimaiyəti, hər şeydən əvvəl ATƏT- in Minsk qrupunu obyektiv olmağa, özlərinin dar, birtərəfli maraqlarına deyil, faktlara əsaslanmağa çağırmışdır. O, sözlərini yekunlaşdıraraq demişdir ki, Azərbaycan rəhbərliyi özünü təmkinli aparır, təəssüf ki, qarşı tərəf belə etmir.

ABŞ kəşfiyyatının son hesabatında göstərilir ki, Ermənistan uğursuzluğa düçar olub: “Azərbaycan və Ermənistan aprelin 2-də Dağlıq Qarabağda şiddətli toqquşdu. Aprelin 3-də Azərbaycan tərəfi birtərəfli atəşkəs elan edərək, vəziyyəti sakitləşdirməyə cəhd etdi. Ermənistan isə atəşkəsə əməl etmədi”. Bu barədə ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi son günlər cəbhədə baş verənlər haqda təhlilində yazıb.

Mərkəz toqquşma gedən günlərdə qeyd edirdi ki, hər iki tərəfdən itkilər var: “Amma Ermənistanın itkiləri daha böyükdür. Rəsmi məlumatda 18 nəfərin öldüyü, 37 nəfərin yaralandığı deyilir. Yerli media isə yüzlərlə itki haqda məlumatlar verir. Azərbaycan ordusu döyüşlərdə irəliləyərək, Talış və Seysulan kəndlərini, həmçinin, “Lələtəpə” yüksəkliyini tutub. Bu təpənin strateji önəmi var. Döyüşlər hələ də Dağlıq Qarabağın müəyyən hissəsində davam edir. Ötənilki məhdud atışmalardan fərqli olaraq bu dəfə daha çox strateji hücum planı əsasında döyüşlər aparılır. Azərbaycan üstünlüyü ələ alıb”.

“Stratfor” qeyd edir ki, hazırda Ermənistan daha az itki vermək uğrunda döyüşür: “Azərbaycan isə ötən onilliklər ərzində öz ordusunu müasir səviyyədə gücləndirib. Onun hərbi üstünlüyü maksimal həddədir. “Stratfor” Rusiyanın bölgədə tammiqyaslı müharibə olmasını istəmədiyinə diqqət çəkir: “Çünki Rusiya Ermənistana dəstək verərsə, Türkiyə açıq şəkildə Azərbaycan tərəfindən çıxış edəcək. Əgər Türkiyə və Rusiya ortaq məxrəcə gələrək, müzakirə masasında əyləşərsə, bu Bakının maraqları baxımından yaxşı olacaq. Azərbaycan sülh tərəfdarı olduğunu bəyan edir və daha çox diplomatik manevrlərə üstünlük verir.”  Belə bir məqamda haqq səsimizi xarici KİV-lərdə duyurmaq böyük əhəmiyyət kəsb edir. Xüsusən də, hadisələrin qızğın vaxtında xarici mediada mütəxəssislərimizin, şərhçilərimizin çıxışlarına  böyük ehtiyac var. Bu sahədə ciddi addımların atılması qaçılmazdır. Yumşaq gücün (soft power) mühüm bir hissəsi olan kütləvi informasiya vasitələrindən XX əsrdə dünya ictimaiyyətini yönləndirmə vasitəsi kimi geniş şəkildə istifadə edilir. Bu bir silah kimi sərt gücdən heç də geri qalmır.

Məlum olduğu kimi, XXI əsrdə daha çox sosial media vasitələrindən istifadə geniş vüsət almışdır. Təsadüfi deyil ki, dünyanın bir sıra ölkələrində “sosial media ordusu” formalaşdırılır. Bunların gördüyü işlər praktikada ordudan, siyasətçilərdən, diplomatlardan daha verimli, daha uzunmüddətli nəticələr doğurur. Ölkələrdə, dövlətlərdə fikir formalaşdırmaq, onlara istiqamət vermək “sosial media ordusu”nun əsas vəzifələrindəndir. Bu mənada, haqq səsimizi, dərdimizi dünyaya çatdırmaq, dünya ictimaiyyəti nəzdində fikir formalaşdırmaq üçün sosial şəbəkələrdən mütəşəkkil, professional şəkildə istifadə etmək qaçılmazdır.

Azərbaycanın tarixi qələbəsini göstərən məsələlərdən biri də, ordumuzun Ermənistanı küncə sıxışdırması, erməni ictimaiyyətinə başa salmasıdır ki, bu müharibə onlara heç bir fayda gətirmir. Nəticədə, Ermənistanın bütün ərazisində xalq matəmə batmış, çaşqınlıq girdabındadır. Son hadisələr xalqımızın mətanətini, dəyanətini, milli və mənəvi ruhunun yüksəkliyini, birlik və bərabərliyini göstərməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xalqın ruh yüksəkliyi, ordumuzun hazırlıq səviyyəsi, dövlətimizin qətiyyəti hamının sevinc və qürur mənbəyi oldu. Bütün əhalidə, xüsusən, gənclərdə döyüş ruhu olduqca yüksəkdir.

Qələbə və müharibələr tarixi şəxsiyyətlər və liderlər tarixidir. Hər bir əzəmətli qələbənin arxasında müdrik, qətiyyətli şəxsiyyət dayanır. Bu qələbələr həmin şəxsiyyətin, liderin adını ölkə tarixinə qızıl hərflərlə yazır. Qarabağ münaqişəsini təmkinlə, müdrikliklə, ədalətlə həll etməkdə böyük qətiyyət və mətanət göstərən İlham Əliyev şəxsiyyəti Azərbaycan tarixinə qızıl hərflərlə yazılır. Bugünlərdə onun komandanlığı ilə Milli Ordunun düşmənə sarsıdıcı zərbə vurması böyük Qələbəyə qapı açdı.

Dünyamalı VƏLİYEV,
iqtisad elmləri doktoru,
AMEA Şərqşünaslıq İnstitutunun
Şərq-Qərb şöbəsinin müdiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında