Bu günlərdə keçirilən XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi – “AITF-2016” Xəzəryanı regionda turizm sənayesi üzrə tədbirlərin mühüm təşkilatçısı olduğunu bir daha sübut etdi. Yeni tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin açıqlandığı bu sərgi turizmin ölkəmizin qeyri-neft sektorunun perspektivli sahələrindən birinə çevrildiyini də dünyaya nümayiş etdirdi.
Ölkəmizdə beynəlxalq sərgilər təşkilatçısı olan “İteka Caspian” şirkətinə sərginin keçirilməsində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Dünya Turizm Təşkilatı və Asiya – Sakit Okean Turizm Assosiasiyası fəal dəstək verib. Şirkətdən verilən məlumatda bildirilir ki, 2002-ci ildə keçirilən ilk sərgidə 5 ölkədən 26 şirkət iştirak edirdisə, sonrakı illərdə müsbət dinamika əldə olunub. Bu, hər şeydən əvvəl, ölkədəki sürətli inkişaf və dövlətin turizm sahəsinə dəstəyi ilə bağlıdır. Builki sərgidə 40 ölkədən 200-dən artıq şirkət iştirak edir. “AITF-2016” sərgisi regionda iştirakçı ölkə, şirkət və turizm marşrutlarının sayına görə digər turizm sərgiləri arasında birinci yeri tutur.
“Şərq ilə Qərb mədəniyyətləri arasında bir körpü olan
Anadolunu sərgi iştirakçılarına tanıtmağa çalışdıq”
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma müşaviri Murad Qaraçanta qardaş ölkənin sərgidə fəal təmsil olunması, burada ölkələrimizin tuizm sahəsində əməkdaşlığına geniş meydan açılması barədə fərəhlə söz açdı:
– Dünyanın ən məşhur və tanınmış turizm məkanlarından olan Türkiyənin potensialının təqdim olunması baxımından bu sərgi bizə əla fürsət verdi. Sərgidə çoxlu xarici şirkətin iştirakı diqqət çəkirdi. Müxtəlif xarici ölkələrə məxsus pavilyonlarda ölkələrin ecazkar təbiəti, zəngin mədəniyyət nümunələri möhtəşəm səyahət məkanları kimi təqdim olunurdu. 30-a qədər agentlik, turizm nümayəndəliyi, İzmir, Konya kimi şəhərlərin böyükşəhər bələdiyyələrinin təmsilçiləri Şərq ilə Qərb mədəniyyətləri arasında bir körpü olan Anadolunu sərgi iştirakçılarına hərtərəfli tanıtmağa çalışdılar. Fəxrlə deyə bilərəm ki, bizim pavilyon sərginin ən gur, şən və böyük maraq doğuran bir hissəsi idi. Tərtibatına görə də stendimiz sərginin bir nömrəli diplomuna layiq görüldü.
Günəş və qum istəyən turistlər üçün bir cənnət olan Türkiyənin Bodrum, Antalya kimi cənub sahilləri, qış turizmi istəyənlər üçün Uludağ, Qartalqaya kimi xizək mərkəzləri və təbii gözəllikləri ilə əfsanəyə bənzəyən Qara dəniz yaylaları haqqında sərgilənənlər hər kəsi valeh edirdi. Böyük konqreslər və işgüzar görüşlər üçün hər cür imkanı olan İstanbul, eləcə də bir inci sayılan İzmir və onlarca digər cənnətmisal bölgə Türkiyəni turizm sahəsində önə çıxmış bir ölkəyə çevirmişdir. Ölkəmizin turizm şirkətlərinin yüksək xidmət göstərməsi son dərəcə sevindiricidir. Bu gün ölkəmizdə olan beynəlxalq və yerli otellər, səyahət agentlikləri və restoranlar yüksək səviyyədə xidmət təqdim edirlər.
Sərgidə keçirilən görüşlərdə termal, sağlamlıq, qış, qolf, atçılıq, idman, çimərlik, gənclik, ekoloji, alış-veriş və digər turizm sahələrinin dinamik inkişafının və mütəmadi olaraq tanıdılmasının vacibliyi qeyd edildi. Sosial şəbəkələrdə ölkələrimizin turizm potensialının təbliğ edilməsi və bundan yararlanma, həftəlik səyahət paketlərinin qiymətlərində endirimlərin reallaşdırılması kimi məsələlər də diqqət mərkəzində oldu və bu sahədə yeni addımlar atıldı. AZAL və Türk Hava Yollarının turizm şirkətlərinin danışıqlara qatılması isə 2016-cı ilin turizm mövsümü üçün yeni layihələrin reallaşdırılmasına ümidləri artırmaqdadır.
“Bakı haqqında təəssüratlarım
həyatımın yeni bir səhifəsi oldu”
Qardaş Türkiyənin Trabzon, Konya, Marmaris, Quşadası, Bodrum, Antalya və digər bölgələrindən turizm şirkətləri və otelləri də sərgiyə qatılıb. Egey bölgəsi də builki sərginin iştirakçıları sırasındadır. Türkiyənin üçüncü böyük şəhəri olan İzmirin Mədəniyyət və Turizm İdarəsinin rəisi Abduləziz Edizin də qatıldığı sərgidə bölgənin turizm potensialı barədə geniş informasiya çatdırılır. Məqsəd bölgəyə gəlmək istəyən turistlərin təəssüratlarını zənginləşdirmək və ölkədə turizmin davamlı inkişafını təmin etməkdir.
Abduləziz Ediz qəzetimiz üçün açıqlamasında bildirdi:
– Onlarca beynəlxalq sərginin iştirakçısı olsam da, Bakı haqqında təəssüratlarım həyatımın yeni bir səhifəsi oldu. Uzun illərdən bəri eşitdiyim və televiziya ekranlarından izlədiyim qardaş ölkə ilə tanışlıq, xüsusən də Bakının əsrarəngiz gözəlliyi məni heyran etdi. Görüşdüyüm insanlar, onların doğma münasibətləri, sözün həqiqi mənasında, çox xoş idi. Sərgi mənə Azərbaycanı əyani tanıtdı. Bir sıra yeni əlaqələrin qurulmasına da sərgi önəmli töhfə verdi.
Sərgidə tibbi və sağlamlıq turizmi istiqamətlərini təmsil edən iştirakçıların sayı kifayət qədər çox idi. Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin şirkətləri, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyaları müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim edirlər. Sərginin davam etdiyi günlərdə bu şirkətlərin nümayəndələri ilə keçirdiyimiz görüşlər turizm əlaqələrinin inkişafı baxımından çox əhəmiyyətli oldu.
Yeri gəlmişkən qeyd edim ki, ölkəmizin sağlamlıq və termal sular turizmi son illərdə inkişaf yolundadır. Biz Avropada təbii qaynaq potensialı baxımından birinci, termal kurort baxımından isə üçüncü sıradayıq. Egey bölgəsində isə bu sahə daha çox inkişafdadır.
İzmir Mədəniyyət və Turizm İdarəsinin rəisi daha sonra qeyd etdi ki, sərgidə Azərbaycanda turizmin inkişaf perspektivləri də maraq doğurdu. Yaxşı haldır ki, hazırda paytaxtla yanaşı, bölgələrdə də geniş turizm şəbəkəsinin yaradılmasına diqqət yönəldilib. Naxçıvan Muxtar Respublikası da daxil olmaqla ölkənizin təbii gözəlliklərini, ecazkar təbiətini və digər istiqamətləri nümayiş etdirmək baxımından sərgi bir çox özəllikləri ilə seçilir.
İran İslam Respublikasının milli pavilyonunda isə bu ölkənin müxtəlif turizm istiqamətləri barədə geniş məlumat aldıq. Burada qonşu ölkənin turizm şəbəkəsinin potensialı qonaqlara əhatəli təqdim edildi. Biz görüşlərimizdə Azərbaycan və İran turizm şirkətləri ilə əlaqələr yaradılması üçün aparılan danışıqların bəhrə verəcəyinə ümidlə yanaşırıq. Azərbaycan Prezidenti İlham Əliyevin “AITF-2016”– XV Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisini ziyarət etməsi qardaş Azərbaycanda turizmin inkişafına dövlətin verdiyi önəm və dəstəyin parlaq ifadəsidir.
Göründüyü kimi, hər bir sərgi yeni aviareys və hava xətlərinin elan edildiyi, memorandum və beynəlxalq müqavilələrin imzalandığı, sənayedəki yeni məhsul və nailiyyətlər barədə hesabatların səsləndirildiyi platformadır. Bu baxımdan regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan “AITF-2016" sərgisi də Azərbaycanın zəngin turizm potensialını xarici iştirakçılara yüksək səviyyədə təqdim edə bildi.
Namiq ƏHMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.