Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir.
Heydər ƏLİYEV
Ümummilli lider
Ulu öndər Heydər Əliyev milli şüurun formalaşdırılması, gənclərin intellektual səviyyəsinin, vətənpərvərlik duyğularının yetərincə olması üçün bu sahəyə xüsusi diqqət yetirilməsinə hər zaman mühüm önəm verirdi, özünün ideoloji fəaliyyətinin başlıca istiqaməti sayırdı. Dahi şəxsiyyət müstəqillik uğrunda mübarizə günlərini xatırlayaraq demişdir: “O vaxt Azərbaycan gəncləri, vətənpərvərlik hissi ilə yaşayan insanlar respublikamıza qarşı ədalətsizliyə etiraz əlaməti olaraq meydanlara çıxdılar, böyük mitinqlər keçirildi. 20 Yanvar hadisələri Azərbaycan xalqının milli şüurunun daha da yüksəldiyini göstərdi. Eyni zamanda, bu hadisələr milli hərəkatın, milli şüurun imperiya qüvvələri tərəfindən boğulduğunu üzə çıxardı. Ancaq Azərbaycan xalqı sübut etdi ki, onun mənliyi var, milli qüruru, vətənpərvərliyi var”.
Ümummilli liderimizin milli vətənpərvərlik ideyalarında ən önəmli yerlərdən birini müasir nəsli milli vətənpərvərlik ruhunda tərbiyə etmək məsələsi tuturdu. Dahi öndərin fikrincə, gənclərimiz Azərbaycan tarixini hərtərəfli öyrənməli, keçmişi dərindən mənimsəməli, dilimizi yaxşı bilməlidirlər. Milli dəyərlərimizə, ənənələrimizə sadiq qalmayan gənc vətənpərvər ola bilməz. Hər bir gənc yüksək vətənpərvərlik ruhu ilə yaşamalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, eyni zamanda, Vətəni dərin məhəbbətlə sevməkdir. Torpağa, yurda bağlı olmaqdır.
Ulu öndər vurğulayırdı ki, dövlətçiliyimizin möhkəmlənməsi gənclərin bir şəxsiyyət kimi formalaşmasından, onların milli ruhda tərbiyəsindən çox asılıdır. Milli ruh, hər şeydən öncə vətənpərvərlik ruhudur: “Hər bir vətəndaş vətənpərvər olmalıdır. Əgər öz vətənini, torpağını, yurdunu, xalqını sevməsən, öz xalqının mənəvi dəyərlərinə sadiq olmasan, şübhəsiz ki, başqa şeyləri də qiymətləndirə bilməzsən. İndi bizim əsas vəzifəmiz gənclərdə vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ruhunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır”.
Ümummilli liderimiz gənclərin milli vətənpərvərlik, hərbi vətənpərvərlik problemlərini daim diqqətdə saxlayırdı. Hərbi vətənpərvərliyi milli vətənpərvərliyin zirvəsi sayan ulu öndər gəncləri hərbi xidmətə hazırlamağa, orduda qulluq edən gənclərə qayğı göstərməyə, onların fiziki və mənəvi, hərbi-texniki hazırlığını yüksəltməyə xüsusi önəm verirdi. Dahi şəxsiyyət gənclər qarşısında çıxışlarının birində qeyd edirdi: “Azərbaycanın suverenliyi hər bir azərbaycanlı vətəndaş üçün ən müqəddəs məqsəddir, ən müqəddəs vəzifədir. Belə olan halda biz öz taleyimizin sahibi kimi vətənimizi, torpaqlarımızı öz gücümüzlə qorumalıyıq. Bunu xalq, bizim gənclər, ordu sıralarındakı vətən oğulları etməlidirlər. Ona görə orta məktəblərdə bir tərəfdən hərbi tədrisə, gənclərin fiziki hazırlığına ciddi fikir verilməlidir, digər tərəfdən isə gənclərdə vətənpərvərlik hissini yüksəltmək, gəncləri Vətəni qorumağa hazır olmaq ruhunda tərbiyə etmək lazımdır”.
Yeri gəlmişkən, 1969-cu ildə ulu öndər respublikaya rəhbər təyin olunandan sonra Moskvanın milli siyasətinin təsiri get-gedə zərərsizləşdirildi. Milli ruhda gənclər yetişdirmək prosesinə start verildi. Gələcəyin peşəkar azərbaycançılıq ruhunda tərbiyə alan hərbçilərini yetişdirmək məqsədi ilə 1972-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Lisey açıldı. Hər il 8-9 azərbaycanlı gənc SSRİ-nin ali hərbi məktəblərinə göndərildi.
Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıdandan sonra da gəncliyin vətənpərvərlik tərbiyəsinə xüsusi önəm verdi. O, Ali Sovetin sədri seçiləndən sonra ilk görüşünü, 1993-cü il sentyabrın 22-də məhz gənclərlə keçirdi. Gənclərə vətənpərvərlik ruhunun aşılanması yönündə öz konsepsiyasını irəli sürdü.
Ümumiyyətlə, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi illər ərzində gənclərin vətənpərvərlik tərbiyəsinə böyük həssaslıqla yanaşmışdır. Onların dünya sivilizasiyasının tərkib hissəsinə çevrilməsi üçün mühüm tədbirlər həyata keçirmişdir. Dahi öndər hər zaman müasirliyin tərəfdarı olmuşdur. Lakin dahi öndərin əqidəsinə, düşüncəsinə görə, müasirləşmə milli soy-kökə əsaslanmalıdır.
Ümummilli liderin rəhbərliyi ilə o dövrdə gənclər siyasətinin geniş miqyasda həyata keçirilməsi üçün bir sıra strukturlar təsis edildi. Gənclər və İdman Nazirliyi yaradıldı. Mütəmadi olaraq gənclər forumları keçirildi. Fevralın 2-si Gənclər Günü elan olundu. Gənclərin təşkilatlanmasına, vətənpərvərlik hisslərinin gücləndirilməsinə həyati əhəmiyyətli məsələ kimi kimi yanaşıldı. Bu, təsadüfi deyildi. Çünki Azərbaycan müharibəyə cəlb olunmuşdu. Heydər Əliyev məktəbi keçmiş cənab İlham Əliyev də 2003-cü ildə prezident seçildikdən sonra həmin kursu davam etdirdi. “Azərbaycan gəncliyi 2005-2009-cu illərdə”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” adlı dövlət proqramları hazırlanıb tətbiq olundu. Bu proqramların əsasında gənclərin vətənpərvərlik təbliğatının gücləndirilməsi mühüm yer tutur. Hazırda ölkə başçısı tərəfindən rayon və şəhərlərimizdə 20-dən çox gənclər mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə milli vətənpərvərliklə bağlı xüsusi klublar və guşələr yaradılıb. Bundan başqa, 2011-ci ildə Azərbaycanda Gənclər Fondunun yaradılması, 2012-ci ildə isə həmin fondun statusunun artırılaraq Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi fəaliyyət göstərməsi heç də təsadüfi deyil. Artıq Gənclər Fondu tərəfindən dəstək verilən layihələr getdikcə artır.
Ötən müddət ərzində Azərbaycan gəncləri vətənpərvər ruhda yetişiblər. Əvvəllər bu işi yalnız dövlət görürdüsə, artıq hazırda Azərbaycan gəncləri özləri vətənpərvərliklə bağlı layihələri könüllü şəkildə həyata keçirirlər. Gənclərimiz bu gün ulu öndərin ideyalarını birbaşa həyata keçirən cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Bu gün Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da ölkəmizin təbliğini uğurla aparırlar. Gənclərimizin səsi bir çox tanınmış ali məktəblərdən, elmi-tədqiqat mərkəzlərindən gəlir. Ölkə hüdudlarından kənarda olsalar da, ürəkləri daim Azərbaycanla döyünür.
Burada mövzu ilə bağlı mühüm önəm daşıyan və uğurla həyata keçirilən ordu quruculuğu işindən də danışmaq yerinə düşər. Bu gün heç kəsə sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, ərazi bütövlüyünün təmin olunması üçün güclü ordu ilə yanaşı, həm də milli ruhlu gənclərə ehtiyac var. Azərbaycan Ordusu hazırda regionun ən güclü ordusudur. Azərbaycanın Silahlı Qüvvələri erməni işğalçıları tərəfindən zəbt olunmuş torpaqlarımızı qısa müddət ərzində işğaldan azad etməyə qadirdir. Buna həm ordumuzdakı güclü nizam-intizam, həm hərbi gücümüz, həm də əsgərlərimizin milli ruhu, vətənpərvərliyi imkan verir.
Hazırda ölkə gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilir. Torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ardıcıl və qətiyyətli iş aparılır. Azərbaycanın güclü ordusunun yaradılması, müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, veteranlara qayğı məhz bu fəaliyyətin məntiqi nəticəsidir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-baba ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyati əhəmiyyətli məsələ kimi baxmışdır. Bu da bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir.
Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Və bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir. Artıq inamla deyə bilərik ki, erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi aparılan hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçmişdir.
Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət – gənclər siyasətinin ən mühüm istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən işlər çoxşaxəlidir. Ümumtəhsil məktəblərində həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir. Ümummilli liderimiz müəllimlərə tövsiyə xarakterli tarixi çıxışlarında bildirirdi ki, müəllimlər bütün qüvvə və bacarıqlarını doğma vətənə sədaqətli, hərtərəfli inkişaf edən, müstəqilliyimizi və dövlətçiliyimizi göz bəbəyi kimi qorumağa hazır olan nəslin yetişdirilməsinə sərf etməlidirlər.
Artıq ümumtəhsil məktəblərinin X-XI siniflərində “Gənclərin çağırışaqədərki hazırlığı”, 8-ci sinifdə isə “Qarabağ tarixi” fənni tədris olunur. Bu fənlərin tədrisi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinə, hərbi-idman oyunlarının kütləviliyinin artırılmasına müsbət təsir göstərir.
Bütün bunlarla yanaşı, bu, bir reallıqdır ki, hazırda vətənpərvərlik hissinin aşılanması təkcə həmin fənlərin tədrisi və ya hərbi-idman yarışlarının keçirilməsi ilə məhdudlaşmır. Ziyalıların, siyasi-ictimai təşkilatların iştirakı ilə reallaşan tədbirlərdə, “dəyirmi masa”larda vətənpərvərlik hissinin gənclərə çatdırılması, maarifləndirmə işlərinin aparılması əsas fəaliyyət istiqamətlərindən biri kimi diqqət çəkir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində demişdir: “Bu gün qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılarına qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik tərbiyəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq, doğma respublikamızın ərazi bütövlüyünü qoruyub saxlamaq üçün öz canlarını qurban verirlər. Azərbaycan torpaqları işğalçı qüvvələrdən azad olunacaq, bizim soydaşlarımız öz doğma torpaqlarına qayıdacaqlar”.
Ölkəmizdə yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Son illər rayonlarımızda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda layihələrin gerçəkləşdirilməsi də bunun bariz ifadəsidir. Tariximizin və ölkəmizlə bağlı həqiqətlərin gənclərə öyrədilməsi baxımından belə tədbirlərin mühüm əhəmiyyəti var.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.