Milli Ordumuzun rəşadəti cənub bölgəsində böyük ruh yüksəkliyi yaradıb

Lənkəran

 

Aprelin ilk günlərində işğal olunmuş ərazilərdə erməni silahlı birləşmələrinin törətdiyi təxribat əməllərinə Azərbaycan Ordusunun layiqli cavab verməsi, düşmənin xeyli canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi, yaşayış məntəqələrinin və strateji yüsəkliklərin alınması respublikamızın hər yerində olduğu kimi Lənkəranda da böyük sevinc və coşqu ilə qarşılanıb.

Bu münasibətlə Lənkəran Şəhər Mədəniyyət Mərkəzində keçirilmiş ümumrayon toplantısında icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, ermənilərin atəşkəs rejimini pozmasına, dinc əhalinin yaşadığı məntəqələri hədəf götürməsinə Milli Ordumuz  güclü zərbələrlə cavab verərək düşməni sarsıdıcı məğlubiyyətə uğratmışdır. Keçirilən uğurlu əməliyyatlar nəticəsində işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilmiş, düşmənin yüzdən artıq canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Qarı düşmən Silahlı Qüvvələrimizin nəyə qadir olduğunu bir daha görmüş və mövqelərini qoyub qaçmağa üz tutmuşdur.

Toplantı iştirakçıları Vətən yolunda həlak olmuş igidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. İcra başçısı Azərbaycan Ordusunun qəhrəmanlığını, qazandığı qələbəni Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təntənəsi kimi dəyərləndirərək xalq-dövlət birliyinin gücü,  ordumuzun rəşadəti sayəsində torpaqlarımızın tezliklə düşmən işğalından azad ediləcəyinə, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdacaqlarına inam ifadə edib.   

Toplantıda YAP Lənkəran Şəhər Təşkilatının sədri İlqar Dadaşov, Milli Qəhrəman atası Ələkbər Əliyev, Qarabağ müharibəsi veteranları Əbülfət Əliyev və Zaur Əhmədov, gənclərdən Araz Məmmədov, Mehman Əliyev çıxış edərək əsgərlərimizin rəşadətindən qürur duyduqlarını,  vətənin çağırışına, eləcə də, torpaqlarımızın azadlığı üçün son damla qanlarınadək vuruşmağa hər an hazır olduqlarını söyləyiblər.

 

Astara

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, strateji əhəmiyyətli yaşayış məntəqələri və yüksəklikləri azad etməsi barədə söylədiyi dəyərli fikirlər Astara rayon ictimaiyyətində böyük ruh yüksəkliyi yaradıb. 

 Burada keçirilmiş ümumrayon toplantısında iştirak edən insanların çöhrəsində tükənməz inam və qürur hiss olunurdu.  İştirakçılar əvvəlcə şəhid olmuş bütün Azərbaycan oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki,  erməni silahlılarının təmas xəttində atəşkəsi pozaraq  sərhədyanı yaşayış məntəqələrimizi müxtəlif silahlardan atəşə tutmaları cavabsız qalmamış, rəşadətli Azərbaycan ordusu düşmən mövqelərinə sarsıdıcı zərbələr endirməklə xeyli sayda hərbi texnika və canlı qüvvəsini məhv etmişdir. Bütün cəbhə boyu Azərbaycanın üstünlüyü daha da möhkəmlənmişdir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Silahlı Qüvvələrimizin bu uğurunun xalqda böyük ruh yüksəkliyi yaratdığını vurğulayan icra başçısı bundan sonra da düşmənin hər bir təxribatına layiqli cavab veriləcəyini diqqətə çatdırıb.  

Rayon Ağsaqqallar şurasının sədri Hamlet Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara Rayon Şöbəsinin rəisi Məcid Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin sədri Bayraməli Qasımov, Astara Pedaqoji Kollecinin tələbəsi, Ağdam rayonunun Quzanlı kənd sakini Ülviyyə Rüstəmova, Qarabağ Müharibəsi əlili Atakişi Mirzəyev, YAP rayon təşkilatının sədri Firudin Əhmədov ürək sözlərini söyləyib  və torpaqlarımızın azadlığı naminə əllərindən gələni etməyə hər an hazır olduqlarını bildiriblər. 

 

Cəlilabad

 

Milli Ordumuzun uğurlarını cəlilabadlılar da böyük coşğu ilə qarşılayıblar. Bu münasibətlə rayonda  700 nəfərin iştirakı ilə ümumrayon toplantısı keçirilib. RİH başçısı Əziz Əzizov bildirib ki, hazırda ölkədə müasir hərbi-sənaye kompleksi yaradılıb, Silahlı Qüvvələr üçün kadr hazırlığı təkmilləşdirilib, ordumuz beynəxalq standartlar əsasında döyüş qabiliyyətini durmadan artırır. Bu, bizə  imkan verir ki, istənilən anda torpaqlarımızı son qarışınadək işğaldan azad edək. Son günlər cəbhə xəttində  işğalçı ermənilərin diz çökdürülməsi, Azərbaycan Ordusunun düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməsi və bir neçə strateji yüksəkliyi  azad etməsi dünya birliyi tərəfindən də anlayışla qarşılanıb. Deməli, Azərbaycan  düzgün və uğurlu xarici siyasət aparır. Düşmənlə informasiya müharibəsində də üstünlüyümüz aşkardır. 

Tədbirdə YAP rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı ,YAP rayon gənclər  təşkilatının sədri Vüsal Kazımov, Qarabağ qazisi Maşallah Əliyev, şəhid atası Mirəzbər Mürsəlov və başqaları çıxış edərək  cəlilabadlıların arzu və istəklərini ifadə ediblər.   

Həmin gün Cəlilabadda gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi də böyük təntənə ilə keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik Rasim Şirinov, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimov, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı, valideynlər və çağırışçılar vətənpərvərlik ruhunda çıxışları ilə hər kəsin qəlbini riqqətə gətiriblər.  

Sonra çağırışçı gənclər Azərbaycan bayrağı və müqəddəs Qurani-Kərimin altından keçərək avtobuslarla  hərbi hissələrə yola düşüblər.

 

Lerik

 

Dağlar diyarı, qəhrəmanlar yurdu Lerikdə də camaat hamılıqla Azərbaycan əsgərinin zəfər yürüşündən hədsiz razılıq və əminlik duyur. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsini əziz tutan rayon ictimaiyyəti “Təki vətən yaşasın!” amalı ilə keçirilən toplantıya qatılıb. Leriklilər son günlər döyüş bölgələrində baş verənlərin gənclərin vətənpərvərlik ruhunun daha da artması baxımından böyük önəm daşıdığını yüksək dəyərləndiriblər.

Rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tükənməz fərəhlə son günlər cəbhə bölgəsində baş verənlərə münasibət bildirib. O deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin işğal altında olan ərazilərimizin azad edilməsi yönündəki  gərgin və səmərəli fəaliyyəti artıq öz bəhrəsini verməkdədir və bütün xalqımız dövlət başçısının bu səylərini can-başla dəstəkləyir. Bu gün ölkəmizdə ordu quruculuğu prosesi uğurla davam etdirilir və Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələrin öhdəsindən gəlməyə qadir bir ordudur.   

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev, ağsaqqallar şurasının sədri Həmzə Vəliməmmədov, Qarabağ müharibəsi əlili Cəlal Məmiyev, YAP rayon təşkilatının sədri Elxan Qənbərov, veteranlar təşkilatının sədri Hidayət Bəşirov, Böyük Vətən müharibəsi iştirakçısı Söhbət Fərziyev, gənclər adından Qasım Mustafayev və başqaları duyğu və düşüncələrini dilə gətiriblər.  

Böyük izdihamla keçən tədbirdə şanlı Azərbaycan Ordusu, Ali Baş Komandan və Qarabağla bağlı şüarlar səsləndirilib. Sonda toplantı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında