Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə ölkəmizdə acınacaqlı vəziyyət hökm sürürdü. Cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələr, cinayətkar dəstələrin fitnələri və xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-təxribat fəaliyyəti ordu quruculuğu prosesinə dağıdıcı təsir göstərirdi. Belə bir şərait isə 1993-cü ilin ortalarında artıq ordunu məhv olmaq təhlükəsi qarşısında qoymuşdu. Bunun nəticəsində erməni silahlı qüvvələri Azərbaycan torpaqlarının 20 faizini zəbt etmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurdlarından didərgin salmış, on minlərlə insanı məhv etmişdi. Bu cür şərait ölkə əhalisində ruh düşkünlüyü, vahimə və qorxu, dövlətə və orduya, sabahkı günə inamsızlıq hissləri yaratmışdı. Məhz belə bir ağır böhranlı zamanda Azərbaycan xalqı öz müstəqil dövlətinin məhv edilməsi təhlükəsi qarşısında üzünü Naxçıvana, ümummilli liderimiz Heydər Əliyevə tutaraq onu hakimiyyətə gətirdi.
Yalnız dahi öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi, respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verdi, cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan Ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah- sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Ötən əsrin doxsanıncı illərinin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarmışdır. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində 1994 - cü ilin əvvəllərində Azərbaycan NATO - nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996 - cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuş, 2008-ci ilin sonundan isə bu əməliyyat planının ikinci mərhələsi başlanmışdır. Bununla da Azərbaycan hərbçilərinin NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirakı, ən son hərb yeniliklərini mənimsəmələri reallaşmışdır. Yeri gəlmişkən, 1997 - ci ildən Azərbaycanın hərbi təhsil müəssisələri NATO standartlarına keçmiş, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı bölük, daha sonra isə sülhməramlı tabor NATO xətti ilə həyata keçirilən hərbi - humanitar aksiyalarda fəal iştirak etmiş, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına əsgəri dəstək vermişlər və bu, hazırda da uğurla davam etdirilir. Azərbaycan Ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordusu ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir.
Bu gün inamla deyə bilərik ki, ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində öz səylərini daha da artıran ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, məişət problemlərinin həllinə, maaşlarının artırılmasına, hərbi infrastrukturun yaradılmasına ciddi əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordusu ilə fəxr edir.
Dövlət müstəqilliyimizin, milli təhlükəsizliyimizin, xalqın əmin-amanlıq içərisində yaşamasının təminatçısı olan ordumuz son illərdə daha da möhkəmlənmiş, qüdrətlənmiş, mütəşəkkil hərbi qüvvəyə çevrilmişdir. Azərbaycan Ordusu regionun ən güclü ordusudur və istənilən təcavüzün qarşısını almağa, hücum tapşırığını yerinə yetirməyə qadirdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətində ordu quruculuğu prioritet məsələlərdən biridir. Silahlı Qüvvələrə, onun şəxsi heyətinə ölkə rəhbərliyi tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Ordunun maddi-texniki bazası hər gün möhkəmlənir, müasir döyüş texnikaları, silah-sursat alınır. Keçirilən irimiqyaslı təlimlər göstərir ki, Azərbaycan Ordusu quruda, dənizdə və havada istənilən iqlim şəraitində qarşısına qoyulmuş hər hansı bir vəzifəni yerinə yetirməyə hər an hazırdır.
Erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət və hökumət, eyni zamanda, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir. Ona görə də bu istiqamətdə səylər daim davam etdirilməlidir. Bu isə Azərbaycan Silahlı Qüvvələrinin öz doğma torpaqlarımızı işğalçı qüvvələrdən hərbi yolla azad etməsi üçün ən başlıca şərtdir.
Ordumuzun gücünü artıran, hərbçilərimizin döyüş əhval-ruhiyyəsini yüksəldən əsas amillərdən biri də ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə, xüsusən cəbhə xəttinə ardıcıl səfərlər etməsidir. Ön xətdə xidmət göstərən əsgər və zabitlərimizlə hər görüşündə onlara sonsuz mübarizə əzmi aşılayan Ali Baş Komandan bununla da orduya diqqət və qayğısını əyani şəkildə nümayiş etdirir.
Sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğu müasir Azərbaycanı xarakterizə edən əsas cəhətlərdən biridir. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaratmışdır. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açmışdır. Digər tərəfdən, Azərbaycanda hərbi-sənaye potensialının gücləndirilməsi ilə bağlı görülən işlər nəticə etibarilə orduda aparılan geniş quruculuq işlərinin nəticəsidir. İnamla deyə bilərik ki, hazırda Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur.
Burada bir məqama da diqqət yetirmək istərdik. Dövlət başçısının tapşırığına əsasən Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi, komandir heyəti də tez-tez cəbhə xəttində şəxsi heyətlə görüşlər keçirirlər. Burada əsas məqsəd əsgər və zabitlərimizin ümumi vəziyyəti, hərbi hissələrin döyüş hazırlığının səviyyəsi ilə maraqlanmaq, müvafiq tapşırıq və tövsiyələri çatdırmaqdır.
Artıq heç kəsə sirr deyil ki, bu gün Azərbaycan öz iqtisadiyyatı, büdcəsi, demoqrafik vəziyyəti, hərbi gücü və bir sıra digər parametrlərinə görə hər cəhətdən tənəzzülə uğrayan düşməndən qat-qat üstündür. Bunu artıq Ermənistanın siyasi rəhbərliyi də etiraf edir. Bütün bunlar Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin məntiqi nəticəsidir. Ordumuza göstərilən diqqət sayəsində Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemlərinin keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır.
Aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimizin və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələrimizin iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulmasına Azərbaycan Ordusu biganə qalmadı. Erməni işğalçıları, necə deyərlər, layiqli cavablarını aldılar. O da faktdır ki, düşmənə vurulan zərbələrdən sonra Ermənistanın hərbi-siyasi rəhbərliyi qorxu və vahimə içindədir.
Bu gün səbri tükənən xalqımız, eləcə də öz doğma yurdlarından didərgin salınan insanlarımız Azərbaycan Ordusunun bu qətiyyətli hərəkətindən sonra sabaha inamla baxırlar. Tarix boyu Azərbaycana qarşı düşmənçilik mövqeyində olan işğalçıların torpaqlarımızdan qovulacağı günün çox da uzaqda olmadığına əmindirlər.
Xalqımız onu da yaxşı bilir ki, döyüş ruhlu Azərbaycan əsgəri ölkəmizi Şuşasız, Laçınsız, Kəlbəcərsiz, işğal olunmuş digər şəhər və kəndlərsiz təsəvvür etmir. Silahlı Qüvvələrin bütün şəxsi heyəti qisas və qələbə hissi ilə yaşayır, torpaqlarımızı işğaldan azad etmək uğrunda müqəddəs borcunu yerinə yetirməyə hazırdır və qadirdir. Azərbaycan əsgəri yalnız öz gücü və qüvvəsinə güvənərək düşməni işğal olunmuş torpaqlardan qovmaqla ərazi bütövlüyümüzü bərpa edəcəkdir. Buna heç kimin şübhəsi yoxdur.
Bu gün xalqımız ordumuza arxalanır, ona güvənir. Ordumuzun qüdrəti isə mənsub olduğu ən yeni texnikaların: təyyarələrin, gəmilərin, tankların, artilleriya qurğularının, hava hücumundan müdafiə komplekslərinin və s. çoxluğu, müasirliyi, səmərəliliyi ilə yanaşı, həm də şəxsi heyətin peşəkarlığında, vətənpərvərliyində, mənəvi-psixoloji, siyasi, fiziki hazırlığının gücündədir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.