Prezident İlham Əliyevə ünvanlanan bu məzmunlu məktubların coğrafiyası genişlənir

Müdrik insanların dəfələrlə söylədiyi  “Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur” —ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır.

Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Xarici  siyasətimizin beynəlxalq aləmdə təqdir olunması, Siahlı Qüvvələrimizin Ali Baş Komandanının ölkənin ərazi bütövlüyünün bərpası istiqamətində nümayiş etdirdiyi qətiyyət, Milli Ordumuzun işğalçı dövlətin təxribatlarına tutarlı cavab verərək düşmənin geri çəkilməsinə nail olması və bu kimi bir sıra başqa amillər həm ölkə əhalisi, həm də dünya ictimaiyyəti tərəfindən böyük hörmət və ehtiramla qarşılanır. Bu arqumenti Prezident İlham Əliyevin elektron poçtuna gələn çoxsaylı məktublar da təsdiq edir.

“Biz əcdadlarımızın yadigarı olan Vətənimizin bir qarışını  belə düşmənə verməyəcəyik!”, “Mən öz döyüş təcrübəmə arxayın olduğuma görə bu gün də cəbhəyə getməyə hazıram!”, “Biz veteranlar Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsində iştirakımızı özümüz üçün şərəf və qürur sayacağıq!” - kimi qətiyyətli ifadələrlə dolu olan həmin məktubların hamısı Azərbaycana, dövlət siyasətimizə və Milli Ordumuza tükənməz məhəbbət və ehtiramla doludur. Bir, iki, on və hətta yüzlərlə insanın imzası ilə gələn məktublara nəzər saldıqca, xalqımızın və beynəlxalq aləmdəki dostlarımızın sədaqətinə “Əhsən!”- deməkdən başqa söz tapılmır.

Son günlər   Prezident İlham Əliyevə ünvanlanan  məktublar arasında  imza baxımından ən böyük auditoriyanı əhatə edəni də, ən əhatəlisi və geniş məzmunlusu da  İsmayıllı rayon ictimaiyyəti adından gələn məktubdur.  Aprelin 4-də keçirilmiş  rayon ictimaiyyəti nümayəndələrinin toplantısının iştirakçıları adından gələn həmin məktub cəmi bir abzasını xatırlatmaqla kifayətlənirik:

“Möhtərəm Prezident, bütün xalqımız kimi, biz ismayıllılılar da Sizinlə - milli təhlükəsizliyimizin qarantı ilə, rəşadətli Ordumuzla, Vətənin mənafeyini hər şeydən üstün tutan əsgərlərimizlə fəxr edirik. Təhlükəsizlik Şurasının iclasındakı nitqinizi dinlədikcə, xalqımıza müraciətinizdə dediklərinizi dərindən dərk etdikcə, xoşbəxt sabahımıza inamımız daha da artır. Bu gün keçirdiyimiz toplantıda Qarabağ müharibəsi əlilləri və veteranları, İkinci Dünya müharibəsi iştirakçıları, hüquq -mühafizə orqanlarının əməkdaşları və veteranları, çoxsaylı gənclər iştirak edirlər. Dövlətimizin və Sizin qarşınızdakı məsuliyyətimizi, Vətənimizin bütövlüyü naminə cavabdehliyimizi dərindən dərk etdiyimizi hamılıqla, yekdilliklə bəyan edirik. Bildiririk ki, yaşından, sosial statusundan, milli və dini mənsubiyyətindən asılı olmayaraq, ilkin gənclik yaşından yuxarı hər bir İsmayıllı sakini özünü ön cəbhədə, ordu sıralarında görür, ölkə Prezidenti və Ali Baş Komandan kimi hər bir sərəncam və əmrinizi icra etməyə hazırdır!”.

Yada salmaq istədiyimiz ikinci məktub qardaş Türkiyənin Mersin şəhərindən — Vahid Volkan Sevinc adlı qardaşımızdandır.

“Mən Türkiyədən bir qardaşınız olaraq, Azərbaycanın işğal altındakı torpaqlarının geri qaytarılmasında, Ermənistan hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatlarda iştirak etmək üçün hazır olduğumu bildirmək istəyirəm” - ifadəsi  ilə başlanan məktub “Canımız Qarabağa fəda olsun. Biz türklər canımızdan keçər, ancaq əcdadlarımızın yadigarı olan Vətənimizin bir qarışını düşmənə vermərik!”-qətiyyəti ilə tamamlanır.

 

*   *   *

 

Rusiya Federasiyasının Samara şəhərində yaşayan soydaşımız Namiq Cəfərov yazır:

“Hörmətli cənab Prezident! Siz belə çətin günlərdə Azərbaycanımızın ayaq üstə durması üçün əlinizdən gələni əsirgəmirsiniz. Vətənimizin çiçəklənməsi üçün mən də öz köməyimi göstərməyə hazıram. Son günlər cəbhədə baş verənlər barədə  məlumatlıyam. Ordumuzun qüdrəti başımızı ucaldır. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Cənab Ali Baş Komandan, tam əminik ki, ordumuz zəfər çalacaq. Biz Rusiyada yaşasaq da əmrinizlə döyüşə getməyi səbirsizliklə gözləyirik!”.

 

*   *   *

 

İsrailin Bat Yam şəhərində yaşayan soydaşımız Eyyub Eyyubovun məktubundan görünür ki, onun da ürəyi hər an Azərbaycandadır:

“Mən İsraildə yaşamağıma baxmayaraq, Azərbaycanda baş verənləri mətbuat vasitəsilə diqqətlə izləyirəm. Bir azərbaycanlı kimi, Vətəni qorumaq, Dağlıq Qarabağımızı işğaldan azad etmək mənim borcumdur. Özüm İsraildə olsam da, ürəyim Azərbaycandadır. Möhtərəm Prezident, inanırıq ki, Sizin rəhbərliyinizlə ölkəmiz bu müharibədən qalib kimi ayrılacaq və bayrağımız daim yüksəklərdə dalğalanacaq. Allah Sizi və xalqımızı qorusun!”.

 

*   *   *

 

Qardaş Türkiyənin Ərdahan şəhərində  təhsil alan gənc soydaşlarımızın məktubu isə daha qətiyyətlidir: 

“ Hörmətli cənab Prezident! Allah Sizə və əsgərlərimizə kömək olsun! Azərbaycan Ordusunun cəbhədəki uğurları bizi çox sevindirir. Biz Türkiyədə təhsil alan tələbələr olaraq səfərbərlik əmrinizi gözləyirik. Böyük həvəslə cəbhədə gedən döyüşlərdə iştirak etməyə hazırıq. İnşallah, şanlı bayrağımızı Qarabağda dalğalandıracağıq! Hörmətlə, Maarif Nəsirli, Tural Xudaverdiyev, Qədir Alxasov, Emin Abdullayev, Elvin İsayev, Elçin Əmirli, Abbas Abbaszadə, Məhəmməd Nəbiyev və İsmayıl Nəsirov”.

 

*   *   *

 

Bakı sakini, Nəsimi rayonunda yaşayan  Tehrun Yəmən oğlu  Kərimlinin məktubu Ali Baş Komandana və Azərbaycan Ordusuna inamdan yaranıb:

“Hörmətli cənab Prezident! Ölkəmizin ordu quruculuğunda apardığınız islahatlara görə Sizə dərin minnətdarlığımızı bildiririk. Son günlər  erməni təxribatlarının qarşısının qüdrətli ordumuz tərəfindən qətiyyətlə alınması Sizin siyasətinizin uğurlu nəticələrindən xəbər verir. Biz Ali Baş Komandanımıza və ordumuza inanırıq. Möhtərəm cənab Prezident, biz Sizi daim dəstəkləyir və hər zaman yanınızdayıq!”.

 

*   *   *

 

Lerik rayonunda yaşayan Bəhruz Rzayev  öz vətəndaş borcunu könüllü olaraq cəbhəyə yollanmaqda görür:

 “Hörmətli Ali Baş Komandan! Bu günlər evdə televiziya və internet qarşısından məlumatlanmaq mənə çox ağır gəlir. Birbaşa cəbhədə gedən proseslərin içində olmaq istəyirəm. Mənfur düşmənlərimizə qarşı vuruşmağı özümə borc bilirəm. Bir Azərbaycan vətəndaşı kimi, könüllü surətdə cəbhə xəttinə yollanmaq fikrindəyəm. Əminəm ki, torpaqlarımızın düşmən tapdağı altında qalmasına tezliklə son qoyulacaq!”.

 

*   *   *

 

Abşeron rayon sakini Sənan Vəliyev yazır:

 “Hörmətli cənab Prezident! Biz hamımız Sizinlə qürur duyuruq. Allah Sizə cansağlığı, əlinizə-qolunuza güc-qüvvət versin. Bu gücünüzlə, müdrik və uzaqgörən siyasətinizlə, elinizlə birlikdə düşmənə qalib gələcəyinizə inanırıq. Siz xalqımıza, xalqımız da Sizə dayaqdır!”.

 

*   *   *

 

Biləsuvar rayonunda yaşayan Nəriman Cəfərov da hər an cəbhəyə yola düşməyə hazırdır:

“Hörmətli cənab Prezident! Cəbhədə əldə olunmuş qələbələrə görə Sizi və Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Düşmənə vurulan sarsıdıcı zərbələr hər bir azərbaycanlını ürəkdən sevindirir. Mən də öz növbəmdə hər an köməyimi göstərməyə hazıram. Allahdan Sizə möhkəm cansağlığı arzu edirəm!”.

 

*   *   *

 

Cəlilabad rayonu, Qarazəncir kəndinin sakini İlqar Xəlilov yazır:

“Hörmətli cənab Prezident! Mən hərbi xidmətə qayıtmaq istəyirəm. Vaxtilə, Tərtər rayonunun Qapanlı kəndində avtomatik minaatan batareyasında əsgər kimi xidmət etmişəm. İndi Tərtər rayonunda döyüş gedir və mən evdə qala bilmirəm və orada vuruşmaq istəyirəm. Sizin rəhbərliyinizlə bütün döyüşlərdən qalib çıxacağımıza əminik!”.

 

*   *   *

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin işçilərinin məktubuna nəzər salaq: 

“Cənab Ali Baş Komandanımız! Hər birimiz, bütün Azərbaycan vətəndaşları Sizin siyasətinizi ürəkdən dəstəkləyirik! Bu xoş günləri, ilk Qələbə sevincini bizə yaşatdığınıza görə çox sağ olun! Allah Sizi bu Vətən, bu millət üçün qorusun! Biz Sizinləyik və Sizin hər bir əmrinizə hazırıq! Yaşasın Azərbaycan!”

 

*   *   *

 

İşğal edilmiş torpaqlarımızdan olan  Kəlbəcərin sakinləri dövlət başçımıza daha çox müraciət edirlər. Həmin rayonun sakini Ramin Muradxanlının məktubunda oxuyuruq:

“Hörmətli cənab Prezident! Biz daim Sizinləyik, Sizə - Ali Baş Komandanımıza inanırıq!. Əminik ki, Sizin rəhbərliyinizlə qısa müddətdə torpaqlarımız işğaldan azad ediləcək. Cəbhədə baş verən son hadisələrlə bağlı onu bildirmək istəyirəm ki, Vətənimizin keşiyində durmağa, onun uğrunda canımı fəda etməyə həmişə haziram. Bunun üçün əmrinizi gözləyirik!”.

 

*   *   *

 

Tovuz rayonu, Aşağı Quşçu kəndinin sakini İlqar Mansırlının məktubunda düşməndən şəhidlərimizin qisasını almaq arzusu qabardılır:

“Cənab Ali Baş Komandan! Biz hər zaman hazırıq və Sizin əmrinizi gözləyirik ki, düşmənə daha ağır zərbələr endirək və şəhidlərimizin qisasını alaq. Düşmən özü də bizim gücümüzü yaxşı bilir və ilk zərbənin təsirində bunu bir daha hiss etmişdir. Elə buna görə də təşviş içindədirlər. Bizim gücümüz birliyimizdə və milli kökümüzə bağlılığımızdadır. Yaşasın Azərbaycan!”.

 

*   *   *

 

Bakı şəhəri, Nərimanov rayon sakini Heyran Kərimova Azərbaycan torpaqlarının işğalı ilə barışmayacağımızı vurğulayır:

“Hörmətli cənab Prezident! Qoy Ulu Tanrım Sizə - xalqımızın cəsur oğluna kömək olsun, qanadlarını üzərinizdən əskik etməsin! Bu ağır, çətin işdə yolunuzu nurlandırsın! Dualarımız həmişə Sizinlədir. Qarabağı geri qaytaracağınıza inanırıq. Bunu ilk növbədə sülh yolu ilə istəyirik. Bu işdə beynəlxalq birliklər və təşkilatlar da öz əməyini əsirgəməməlidir. Biz xalq olaraq öz torpaqlarımızın işğalı ilə barışa bilmərik!”.

 

*   *   *

 

Bakı sakini Nisə Hacıyeva  əsgərlərimizin son uğurlarından sevincini dilə gətirir və bütün xanımlarımızın Ali Baş Komandanın fəaliyyətini dəstəklədiyini yazır:

“Hörmətli cənab Prezident! Son illərdə Azərbaycanda baş verən hər uğura vətəndaş olaraq çox sevinir, Sizə təşəkkür edir, uğurlar diləyirəm. Bir neçə gündür  cəbhədə baş verənlər bizi də üzür. Siz sülh insanı olduğunuzu dəfələrlə göstərmisiniz, qarşı tərəf bunu anlamırsa, hücumlarının cavabını bizim ordu lazımınca verəcək. Xanım olmağıma baxmayaraq mən və mənim kimi kişili, qadınlı bütün xalq Sizinlədi, hər an cəbhədə olmağa hazırıq!”

 

*   *   *

 

Bakı şəhəri, Suraxanı rayon sakini Raya Əliyeva  isə  ordumuzun zəfərlərinin davamlı olmasını arzulayır:

“Hörmətli cənab Prezident!     Sizin uzaqgörən siyasətiniz nəticəsində bu xoş və gözəl günlər bizə nəsib olmuşdur. Ən xoş hisslərlə bu məktubu yazır, öz adımdan və ailəm adından Sizə dərin təşəkkürümü bildirirəm. Qarabağda aldığımız zəfərlərin davamlı olmasını, həmişə Sizinlə qələbələrə addımlamağı Allahdan arzu edirəm. Qoy göydə Allah, yer üzərində Sizin müdrik siyasətiniz ölkəmizə yardımçı olsun!”

 

*   *   *

 

Rusiya Federasiyasının Tolyatti şəhərində yaşayan soydaşımız Yaşar Məhərrəmov daim Azərbaycanla birlikdə olduğunu dilə gətirir:

“Hörmətli İlham Heydər oğlu! Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasına yönələn hərbi əməliyyatların başlanması ilə əlaqədar Sizə öz minnətdarlığımı bildirirəm. Milyonlarla həmvətənimiz bu qətiyyətli addımı gözləyirdi. Vətənimin müdafiəsində həm fiziki, həm də maddi cəhətdən fəal iştirak etməyə hazır olduğumu bildirirəm. Mən Sizinləyəm, mən Vətənimləyəm!”

 

*   *   *

 

Gəncə  sakini Kənan Əliyev Ali Baş Komandanı gənclərin mənəvi atası adlandırır və onun istənilən əmrinə müntəzir olduqlarını söyləyir:

“Hörmətli cənab Prezident! Son günlər cəbhədə Azərbaycanın mənfur düşməninin məhv edilməsi və ordumuzun bəzi yüksəklikləri işğaldan azad etməsi bizi sevindirir. Cənab Prezident, Gəncə şəhər gəncləri Sizi və Sizin siyasətinizi dəstəkləyir. Biz gənclər Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün böyük fəxr olar ki, “İlhamla irəli!” deyərək, düşmənlərimizi məhv edək, qələbə qazanaq. Mən atasız gəncəm, lakin özümü yetim hiss etmirəm. Ona görə ki, cənab Prezidentim mənim mənəvi atamdır. Allah Sizi bizim, Azərbaycan xalqının üstündən əksik etməsin. Azərbaycan Sizin düzgün, düşünülmüş, məqsədyönlü siyasətinizlə daha böyük uğur və qələbələr qazanacaq. Hər an Sizin əmrinizi gözləyirik!"

 

*   *   *

 

İstanbuldan, Mehmet Balioğlu adlı qardaşımızdan gələn məktubda qeyd edilir ki, Azərbaycanın apardığı mübarizə bütün Türkiyənin mübarizəsidir:

“Hörmətli Prezidentim İlham Əliyev! Cəbhəboyu zonada həyata keçirilən əməliyyatlar zamanı şəhid olan qardaşlarımızla əlaqədar Sizə və Azərbaycan xalqına başsağlığı verirəm. Çox xoşbəxtəm ki, İstanbulda mərhum atanız, ulu öndər Heydər Əliyevin əlini öpmək və Azərbaycana gəldiyim zaman məzarını ziyarət etmək mənə də nəsib olub. Sizin apardığınız mübarizə mənim, bütün Türkiyə vətəndaşlarının mübarizəsidir. Biz hər zaman yanınızdayıq və Azərbaycandan olan qardaşlarımızla çiyin-çiyinə döyüşmək üçün əmrinizi gözləyirik!”

 

*   *   *

 

Qardaş Türkiyənin paytaxtından, Ankaradan Azərbaycan Prezidentinə göndərilən məktubun müəllifi Əli İlhan Özdemir  erməni təxribatı zamanı bir neçə  əsgəri şəhid olmuş Ali Baş Komandanımıza başsağlığı verir:

“Hörmətli cənab Prezident! Təmas xəttində Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribatların qarşısının alınması zamanı Azərbaycan əsgərlərinin şəhid olması ilə əlaqədar Sizə, qardaş xalqımıza başsağlığı verirəm. Şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Bu çətin günlərdə bütün dualarımız sizinlədir!”

 

*   *   *

 

Qobustan rayon sakini Şair Əhmədov özü  və qardaşları adından dövlət başçımıza ünvanladığı məktubda yazır:

“Cənab Ali Baş Komandan, möhtərəm Prezident! Biz ailədə altı qardaşıq. Biz, bütün qardaşlar Sizin apardığınız siyasəti,   güclü iqtisadiyyatı, yüksək döyüş əhval-ruhiyyəsini hər zaman diqqətdə saxlayırıq. Biz, cənab Prezident, həmişə Sizin döyüş əmri verəcəyiniz günü gözləyirdik. Bu gün ermənilərin cəbhədəki təxribatlarını nəzərə alaraq Sizdən xahiş edirik ki, bizim hər birimizin cəbhə bölgəsində əsgərlərimizlə döyüşə qatılmağımıza icazə verəsiniz. Cənab Prezident, dövlətimiz, Vətənimiz, xalqımız üçün hər an döyüşməyə, canımızdan keçməyə hazırıq!”

 

*   *   *

 

Ankaradan gələn başqa bir məktubun müəllifi – Nalan Ongün də Ali Baş Komandanımıza şəhidlərimizlə bağlı başsağlığı verir:

“Hörmətli Prezidentimiz! Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısının alınması ilə bağlı aparılan əməliyyatlarda azərbaycanlı qardaşlarımızın şəhid olması xəbərini Ongün ailəsi olaraq dərin kədər hissi ilə aldıq. Qardaşlarımızın şəhid olmasından mütəəssir olduğumuzu və bu kədərinizə şərik olduğumuzu Sizə bildirmək istəyirəm. Şəhid qardaşlarımıza Allahdan rəhmət, Sizə və bütün Azərbaycan xalqına başsağlığı diləyirəm”.

 

*   *   *

 

Dövlət başçımızın ünvanına gələn məktublar əsasında hazırladığımız bu yığcam xülasəni Zəngilan rayonundan məcburi köçkün düşmüş, hazırda Şirvan şəhərində yaşayan Eldəniz Ələkbərovun qətiyyətli cümlələri ilə yekunlaşdırmaq istəyirik:

“Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan! Cəbhədə son günlər aparılan uğurlu döyüş əməliyyatları bizi sevindirir. Qələbə münasibətilə Sizi, xalqımızı təbrik edirəm. Möhtərəm Ali Baş Komandan, öz adımdan və dostlarım adından Sizdən xahiş edirəm ki, ümumi səfərbərlik elan edəsiniz və biz öz dədə-baba torpaqlarımızı Sizin rəhbərliyiniz altında geri qaytaraq. Mən özüm Zəngilan rayonundan məcburi köçkünəm, ən böyük arzum Qarabağımızın, Zəngilanımızın geri qaytarılmasıdır. Bu yolda canımdan keçməyə hazıram, yetər ki, Siz əmr verin. Möhtərəm cənab Ali Baş Komandan, döyüşə hazırıq və Sizi dəstəkləyirik!”

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında