QARABAĞ: Arxa cəbhə də, ön cəbhə də etibarlı əllərdədir

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfinin təxribatı nəticəsində başlamış  əməliyyatlar davam edir. Ordumuz əsl döyüş rəşadəti göstərir. İtirilmiş ərazilərimizin bütövlüyünün bərpası üçün Silahlı Qüvvələrimiz düşməni susdurmağa qadir olduğunu sübuta yetirir. Bunu elə son günlər Ermənistan ordusunun verdiyi ağır itkilər və Milli Ordumuzun geri aldığı strateji ərazilər də sübut edir.

Son hadisələr göstərir ki, ərazilərimizin geri qaytarılması üçün əsl xalq və ordu birliyi nümayiş etdirilir. Bütün bunların arxasında isə güclü liderlik və idarəçilik qabiliyyətlərinə malik möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin yürütdüyü  vətənpərvərlik siyasəti durur. Xalq dövlət başçısına güvənir. Hər kəs yaxşı bilir ki, 90-cı illərdəki özbaşınalıq və xaos çoxdan geridə qalıb. İndi Azərbaycanın istənilən an düşmənə layiqli cavab verə biləcək güclü, nizami ordusu var. Bir sözlə, arxayınlıqla deyə bilərik ki, Qarabağda – arxa cəbhə də, ön cəbhə də, etibarlı əllərdədir. Cəbhə xəttinin ön sıralarında yerləşən rayon sakinləri ilə söhbətimiz zamanı da bunun şahidi olduq.

 

FÜZULİ

 

Cəbhə xəttinin ön sıralarında olan Füzuli rayon sakini Tehran Hacıyev söhbət zamanı bildirdi ki, rayon mütəmadi olaraq erməni silahlı birləşmələri tərəfindən atəşə tutulur. Ermənilər verdiyi canlı itkinin əvəzini dinc əhalidən çıxmaq istəyirlər. Reallıqda isə Azərbaycan Ordusunun döyüş qabiliyyəti ilə müqayisədə düşmənin hərbi gücü çox zəifdir. Məhz elə bunun nəticəsidir ki, artıq Füzuli ərazisində yerləşən “Lələ təpə” adlı strateji yüksəklik ordumuz tərəfindən geri alınıb. Düşmənə ağır zərbə vurulub. Rayon sakini onu da qeyd etdi ki, bəzi ermənipərəst qüvvələr yalan məlumatlar yayırlar ki, guya füzulililər kəndləri boş qoyub yurd-yuvalarını tərk edirlər. Lakin həqiqət tam əksinədir. Fizuli sakinləri nəinki bir kəndi, qəsəbəni hətta bir evi belə sahibsiz buraxmayıblar. Müsahibimiz, həmçinin qeyd etdi ki, düşmən itirilmiş mövqelərin geri alınmasına çalışsa da, bunun mümkün olmadığını anlamağa başlayıb. Məhz bunun üçün də itkilərin əvəzini çıxmaq üçün dinc əhali, mülki obyektlər və məktəblər intensiv atəşə məruz qalır.

 

GORANBOY

 

Düşmənin təmas xəttində yerləşən Goranboy rayonunun sakini Səfər Səfərov isə qeyd etdi ki, bir neçə gündür davam edən hərbi əməliyyatlarda ordumuzun qazandığı uğurlar düşmən tərəfindən həzm edilə bilmir. Onlar cəbhədə düçar olduqları uğursuzluqların əvəzini təmas xəttində yerləşən kəndlərimizi atəşə tutmaqda görürlər. Hətta yanlış məlumatlar yayırlar ki, guya Azərbaycan Ordusu döyüşlərdə çoxsaylı itkilər verib və sakinlər ev-eşiklərini tərk edirlər. Bunlar tam yanlış məlumatlardır. Düşmənin açdığı atəş nəticəsində kənddə evlər, mülki obyektlər, məktəblər yararsız hala düşüb. Mənim yaşadığım mənzilə də mərmi düşdüyündən hazırda ev yararsız vəziyyətdədir. Ancaq biz öz doğma yurd-yuvamızı tərk etməmişik və etmərik də. Çünki hər birimiz yaxşı bilirik ki, düşmənə layiqli cavab verə biləcək ordumuz var. Hazırda rəşadətli  Azərbaycan Ordusunun döyüş ruhu olduqca yüksəkdir. Goranboy sakinləri adından deyə bilərəm ki, biz qələbənin uzaqda olmadığına tam inanırıq.

 

TƏRTƏR

 

Cəbhənin ön xəttində yerləşən digər rayonumuz olan Tərtərdə də əhalinin vətənpərvərlik ruhu olduqca yüksəkdir. Müsahibimiz Etibar Rəfiyev bildirdi ki, Tərtərin düşmənlə üzbəüz yerləşən kəndləri erməni hərbi birləşmələri tərəfindən mütəmadi olaraq atəşə tutulur. Bunun səbəbi isə məhz bu istiqamətdə aprelin ikisi gecə saatlarında baş vermiş qızğın döyüşlərdə çoxsaylı erməni hərbi qulluqçularının ordumuz tərəfindən məhv edilməsidir. Etibar Rəfiyev onu da qeyd etdi ki, cənab Ali Baş Komandan İlham Əliyev  əmr versə, bütün Tərtər sakinləri ərazi bütölüyümüzün bərpası üçün canlarından keçməyə, Vətənin müdafiəsinə hazırdırlar. Müsahibimiz onu da qeyd etdi ki, rayonda vəziyyət sabitdir, hər şey nəzarət altındadır. 

 

NAFTALAN

 

Təmas xəttinin ön sıralarında yerləşən Naftalanda həyat öz axarı ilə davam edir. Narahatlığa heç bir əsas yoxdur. Naftalan şəhər sakini Möhübbət Bədəlov  bildirdi ki, Azərbaycan Silahlı Qüvələrinin düşmənə qarşı bir-birinin ardınca həyata keçirdiyi uğurlu döyüş əmliyyatları bütün naftalanlıları sevindirir. Düzdür, ordumuz da şəhid verir. Biz bunu bilirik, eyni zamanda, başa düşürük ki, müharibə olan yerdə itki də olur. Naftalanın düşmən tərəfindən atəşə tutulmasına gəldikdə isə, deyə bilərəm ki, erməni hərbi birləşmələri bunu şüurlu və məqsədli şəkildə edirlər. Onlar Naftalanın turizm üçün əlverişli təbii-coğrafi şəraitə malik olduğunu yaxşı bilirlər. Buna görə də quduz düşmən itkilərin əvəzini çıxmaq üçün bütün variantlara əl atır. Məhz rayonun turizm təsərrüfatına zərər vurmaqla bu itkilərin əvəzini çıxacaqlarını düşünürlər. Elə qonşu rayonlarda da təmas xəttində yerləşən kəndlilərin mal-qara sürülərinə atəş açmaları bunu sübuta yetirir. 

 

AĞDAM

 

Ağdam rayonu cəbhənin düşmənlə üzbəüz yerləşən istehkam rayonlarından biridir. Ağdamlılar hər zaman öz mübariz ruhu ilə seçiliblər. Rayon əhalisi də düşmənin gecə-gündüz təmas xəttindəki kəndlərə məqsədli şəkildə atəş açmalarına və dəfələrlə dinc sakinlərə, onların təsərrüfatlarına zərər yetirmələrinə baxmayaraq, səngərdə əsl əsgər kimi dayanıb. Təmas xəttində yerləşən bütün rayonlarımız kimi, Ağdamda da mübarizlik, ruh yüksəkliyi hökm sürür. Rayon sakini Yaşar Ağayevlə söhbətimiz zamanı da bunun şahidi olduq. Müsahibimiz bildirdi ki, son günlər ordumuz düşmənin təxribatlarına layiqli cavab verib. Erməni hərbi birləşmələrinin xeyli canlı qüvvəsi və hərbi texnikası məhv edilib. Bu, Azərbaycan Ordusunun düşmənlə müqayisədə daha güclü və qüdrətli olmasının bariz nümunəsidir. Yaşar Ağayev onu da qeyd etdi ki, son günlər ciddi itki verən düşmən Ağdamın kəndlərini intensiv atəşə tuturdu. Hətta ermənilər Ağdam-Ağcabədi-Qaradolaq yolunu atəş altında saxlayaraq, təchizata mane olmaq istəyirdilər. Lakin ermənilərin arzusu ürəyində qaldı. Silahlı Qüvvələrimizin layiqli cavabı sayəsində mənfur  düşmən susduruldu. Rayon ərazisində elektrik enerjisinin verilişində problemlər yaratmaq üçün yarımstansiyaya açılan atəş nəticəsində dəymiş zərər tez bir zamanda  aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldı. Hazırda elektrik enerjisinin verilişində heç bir problem yoxdur. Bütün cəbhəboyu döyüşlər getməsinə baxmayaraq, rayonda həyat öz axarı ilə davam edir.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında