Cənab Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Vətən uğrunda döyüşlərdə tariximizin ən şərəfli səhifələri yazılır

Azərbaycan dövlətinin qüdrəti və Prezidentimizin qətiyyəti milyonların dəstəyini qazanır

 Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına uğurlu səfərindən və son günlərdə Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdiyi çoxsaylı təxribatlara Azərbaycan Ordusunun layiqli cavab verməsindən ruhlanan yüz minlərlə insan dövlət başçımızın elektron ünvanına müraciət edərək onun bütün fəaliyyətini yüksək səviyyədə dəstəklədiklərini bildirirlər. Aprelin 5-də dövlət başçımızın ünvanına gələn məktublardan bəzi məqamları oxucularımıza təqdim edirik!

 

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Sizin qarşınızda baş əyirəm, Sizinlə fəxr edirəm. Bu gün Azərbaycanın güclü və qüdrətli ordusu var. Azərbaycanımızın Sizin kimi Prezidenti var. Cənab Prezident mən Laçın rayon sakini və ehtiyatda olan əsgər Elxan Əhməd oğlu Aslanov 1978-ci ildə Laçın rayonunda dünyaya gəlmişəm. 1992-ci ildən məcburi köçkünəm. 1998-ci ildə Naxçıvan şəhərindəki hərbi hissədə xidmət etmişəm. 2000-ci ildən ehtiyata buraxılmışam. Ehtiyatdakı əsgər kimi Sizin əmrinizi gözləyirəm. Hər an Vətənim Azərbaycanım, Ali Baş Komandanım, xalqım üçün döyüşməyə hazıram. Bu gün iradəli Ali Baş Komandanımız və güclü ordumuz var. Yaşasın Azərbaycan. Bu məsuliyyətli və ağır işdə Sizə uğurlar arzulayıram. Allah cənab Prezidentimizi, xalqımızı və ordumuzu qorusun!

Hörmətlə,
Aslanov Elxan ƏHMƏD oğlu,
ehtiyatda olan hərbçi

 

*   *   *

 

Hörmətli cənab Prezident! Sizin apardığınız siyasəti dəstəkləyirik və ön cəbhəyə döyüşlərə getmək üçün Sizin əmrinizi gözləyirik. Bu qətiyyətlə, bu inamla biz qalib gələcəyik. Ulu Tanrı köməyiniz olsun!

Hörmətlə,
Hüseynov Qəhrəman MƏHƏMMƏD oğlu,
Füzuli rayonu, Qoçəhmədli kəndi

 

*   *   *

 

Cənab Ali Baş Komandan! Mən Almaniyada yaşayıram və ölkədə gedən prosesləri izləyirəm. Hərbi xidmətimi 2010-cu ildə xüsusi təyinatlı batalyonda başa vurmuşam. Sizin qorxmazlığınız və mərdliyiniz bizə ruh verir, əgər lazım olarsa, Sizin komandanlığınız altında döyüşə qatılmağa hazıram. Allah Sizi qorusun. Sizin bir əmriniz yetər gənclərin silaha sarılması üçün.

Hörmətlə,
Zeynalov Fərrux CALAL oğlu,
elmi işçi, Almaniyanın
Lauingen şəhəri

 

*   *   *

 

Cənab Ali Baş Komandan! Əvvəla Sizi və xalqımı bəzi kəndlərimizin işğaldan azad olunması münasibəti ilə təbrik edirəm. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Şəhidlərimizin ailələrinə Allahdan səbir diləyirəm. Bir şeyi unutmayaq. Torpaq əgər uğrunda ölən varsa Vətəndir. Mən çox istərəm şəhid qardaşlarımızın qanı yerdə qalmasın. Torpaqlarımız erməni işğalından təmizlənsin. Bütün dünya şahiddir ki, Azərbaycan məsələnin sülh yolu ilə həlli üçün əlindən gələni etmişdir və etməkdədir. Cənab Ali Baş Komandan! Əmrinizi gözləyirəm.

Hörmətlə,
Əzimov Anar SƏXAVƏT oğlu,
Rusiya Federasiyası,
Kemerovo vilayəti,
Novokuznetsk şəhəri

 

*   *   *

 

 Cənab Ali Baş Komandan! Öncə Sizə öz minnətdarlığımı bildirirəm. Ehtiyatda olan döyüşçü kimi Qarabağda gedən bugünkü döyüşlərdə Azərbaycan Ordusunun ürək açan uğuruna sevinirəm və ordumuzun qələbəsinə inanıram. Cənab Ali Baş Komandan, mən də öz növbəmdə bir azərbaycanlı və bir qarabağlı kimi, döyüşə tam hazır vəziyyətdə Sizin əmrinizi gözləyirəm. 1993-cü ildə Ağdamda gedən döyüşlərdə könüllü vuruşmuşam və yenə də döyüşə, Vətən yolunda canımdan keçməyə hazıram. Cənab Ali Baş Komandan, yaxşı ki, varsınız və Siz ordumuza ruh yüksəkliyi verirsiz. İnsallah Azərbaycan bayrağı Qarabağda - Ağdam, Şuşa, Xankəndi və digər rayonlarımızda dalğalanar. Mən fəxr edirəm ki, belə gözəl Vətənimin belə gözəl əsgəri və əsgərimin başında belə qeyrətli Ali Baş Komandan var.

Hörmətlə,
Bəhramov Eldar HAQVERDİ oğlu,
ehtiyatda olan hərbçi,
Ağdam rayonu

 

*   *   *

 

Hörmətli cənab Prezident! Neçə gündür döyüşlər gedir. Mən də könüllü olaraq torpaqlarımız uğrunda döyüşə getməyə, Vətən uğrunda vuruşmağa, düşməndən qisas almağa hazıram. Bu amal hər bir vətənpərvər insan üçün bu gün əsas olmalıdır. Əmrinizi gözləyirəm.

Hörmətlə,
Allahverdiyev İlqar AĞƏLİ oğlu,
Şamaxı rayonu

 

*   *   *

 

Hörmətli cənab Prezident! Döyüşə getməyimə və Vətənimə qulluq edib onun uğrunda döyüşməyimə, yeri gəlsə, canımı verməyə hazır olduğumu bildirirəm. Vətən bizim üçün müqəddəsdir. Onu qorumaq və uğrunda vuruşmaq yüksək bir hissdir. Biz Sizə – Ali Baş Komandanımıza güvənir və Sizin komandanlığınız altında torpaqlarımızı azad edəcəyimizə inanırıq.

Hörmətlə,
Məmmədov Sahib EYVAZ oğlu,
Ağcabədi rayonu

 

*   *   *

 

Cənab AliBaş Komandan! Qarabağ münaqişəsinin iştirakçısıyam. Bilavasitə Azərbaycan Tibb Universitetinin auditoriyasından cəbhəyə getdim, bir ilə qədər döyüş bölgələrində könüllü xidmət etdim, gənc cərrah kimi yaralı əsgərlərimizin sağlamlığının keşiyində durdum. Milli Ordumuzun, şanlı Silahlı Qüvvələrimizin qüvvətlənməsi, nizamlı, qüdrətli strukturlara, ən yeni hərbi-texnoloji silah-sursatlara, modern hərbi vasitələrə malik olacağını arzulamış və gözləmişəm. Həmin gün artıq yetişmişdir. Ən əsası nizamlı Milli Ordumuz Sizin birbaşa və məqsədyönlü siyasətiniz hesabına həmin səviyyəyə çatmış, inkişaf etmiş və aparıcı ölkələrin silahlı qüvvələri ilə yanaşı durmaq qüdrətinə yüksəlmişdir. Belə ordunun tərkibində olmaq, cərrahi təcrübəmi hərbi hospitallarda tətbiq etmək üçün Ali Baş Komandanımızın əmrini gözləyirəm.

Hörmətlə,
Rüstəm Ədalət MƏHƏMMƏDƏLİ oğlu
Şahbuz rayonu

 

*   *   *

 

Hörmətli cənab Ali Baş Komandan! Keçmiş Qarabağ döyüşçüsü, ikinci qrup Qarabağ qazisi olaraq Qarabağda gedən döyüşlərdə iştirak etmək üçün yenidən orduya getməyə, işğal altındakı torpaqlarımızın uğrunda hər zaman vuruşmağa, canımı bu Vətənə qurban etməyə hazıram! Yağı düşmən çoxdan başa düşməli idi ki, bu torpaqları gec-tez Azərbaycan Ordusu azad edəcəkdir!

Hörmətlə,
Hacıyev Zabit MÜRŞÜD oğlu,
Ağstafa rayonu

 

*   *   *

 

Hörmətli cənab Prezident! Mən də bir əsgər kimi Vətənim üçün savaşmaq arzusu ilə alışıb yanıram. Hər an bu Vətənin, torpağın, dövlətin uğrunda canımla və qanımla döyüşməyə hazıram.

Hörmətlə,
İsayev Elnur ƏLİRZA oğlu,
Bakı şəhəri, Binəqədi rayonu

 

*   *   *

 

 Hörmətli cənab Prezident! Cəbhədəki uğurlu addımlara görə Sizi və xalqımı təbrik edirəm! Mən Rusiyada Qarabağ döyüşlərinin hər anını izləyir və ordumuza dua edirəm. Sankt-Peterburqda yaşayan həmvətənlərim adından səfərbərlik elan etməyinizi, Vətənimiz, üçrəngli bayrağımız üçün son damla qanımıza qədər vuruşmaq istədiyimizi bildiririk. Bu həmrəyliyin qarşısında düşmən dayana bilməz.

Hörmətlə,
Nəsirli Cavid RACİ oğlu,
Rusiya Federasiyası,
Sankt-Peterburq şəhəri

 

*   *   *

 

Hörmətli cənab Prezident! Mən ikinci qrup Qarabağ əlili olmağıma baxmayaraq, Ali Baş Komandanımızın əmrini gözləyirəm ki, Qarabağ döyüşlərində təkrar xidmət göstərim, dədə-baba torpaqlarımızın, o gözəl Qarabağımızın azad edilməsində iştirak edim. Xalqımızda böyük inam var. Bu inamla döyüşən xalq və ordu mütləq qalib gələcək!

Hörmətlə,

Əmirov Ehtiyat ƏLİ oğlu,
Bakı şəhəri, Qaradağ rayonu

 

*   *   *

 

Hörmətli cənab Prezident, Mən Türkiyədə yaşayıram. Adım Fatih Tümay. Mən azəri qardaşlarımı çox sevirəm. Allah Sizə güc-qüvvət versin. Şəhadətimizi qəbul etsin. Ermənilərə qarşı mən də Sizinlə bir olub, işğal olunmuş torpaqları azad etmək istərdim. Biz türk birliyinə inanırıq. Azərbaycana gəlib Sizləri ziyarət etmək, Mübariz İbrahimovun qəbrinə dualar oxumaq istəyirəm. Allah bizi bir dövlət, bir millət kimi qorusun. Sizlər üçün canımı verməyə hazıram.

Tümay Fatih ÖMƏR oğlu,
Türkiyə, Şanlıurfa şəhəri

 

*   *   *

 

Cənab Prezident, Ali Baş Komandanımız! Sizdən bir vətəndaş, sonra da əsgər kimi xahiş edirəm, səfərbərlik elan edin, Vətənimiz uğrunda canla-başla döyüşməyə gedək. Bilin ki, bütün gənclik Sizin arxanızdadır və Sizin əmrinizi yerinə yetirmək üçün canımızdan keçməyə hazırıq. Torpaqlarımızı qanımız, canımız bahasına olsa da, geri qaytarmalıyıq.

Ağayarov Araz AZƏR oğlu,
Bakı şəhəri, Binəqədi rayonu

 

*   *   *

 

Hörmətli Ali Baş Komandan! Hörmətli cənab Prezident! Bu məktubu yazaraq bildirmək istəyirəm ki, dövlətimizin müdafiə qüdrətinin möhkəmlənməsi, millətimizin firavanlığı, gənclərimizin respublikada və xaricdə yüksək səviyyədə təhsil alıb xoşbəxt həyat sürməsi naminə çalışmaq asan deyil. Bunun öhdəsindən Siz bacarıqla gəlirsiniz. Bir döyüşçü kimi təkbaşına bu vəzifənin öhdəsindən gəlməyin nə qədər çətin olduğunu çox gözəl anlayıram. Sizin rəhbərliyiniz altında ordumuzun uğurlarına ürəkdən sevinirik.

Hörmətlə,
Bağışov Namiq SƏDAQƏT oğlu,
müharibə veteranı, şəhid ailəsi, Lerik rayonu

 

*   *   *

 

Hörmətli cənab Prezident! Öncə Sizi qələbə münasibəti ilə təbrik edirəm. Ümidvaram bu gedişlə tarixi qələbəmizin çox yaxınlığındayıq. Şəhid olan qardaşlarımızın qarşısında baş əyirəm, ruhları şad olsun, yerləri cənnət olsun. Möhtərəm cənab Prezident! Hazırda cəbhə xəttində gedən qızğın döyüşlərdə könüllü olaraq iştirak etməyə və lazım gələrsə Vətən yolunda canımızdan keçməyə də hazırıq. Yetər ki, Vətən sağ olsun, yetər ki, millətimiz sağ olsun!

Hörmətlə,
Haqverdiyev Elgün ELDAR oğlu,
ehtiyatda olan hərbçi,
Neftçala rayonu

 

*   *   *

 

Möhtərəm Ali Baş Komandan! Yüksək döyüş hazırlığımı nəzərə alıb ordu sıralarına qəbul olunmağımı xahiş edirəm. Döyüş cəbhəsində düşmənə zərbə vurmağa hazıram.

Bayramov Nəhmət RƏFİ oğlu,
Qubadlıdan məcburi köçkün,
Sumqayıt şəhəri

 

*   *   *

 

Cənab Ali Baş Komandan! Öncə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, ümid edirəm ki, onların qanı yerdə qalmayacaq! Mən könüllü olaraq Vətənim və xalqım üçün döyüşməyə və torpaqlarımızı azad etməyə hazıram!

Rəhimov Aydın ALLAHVERDİ oğlu,
Bakı şəhəri, Xəzər rayonu,
Binə qəsəbəsi

 

*   *   *

 

Cənab Prezident və Ali Baş Komandan! Sizdən xahiş edirəm ölkəmizin, Vətənimizin bu günündə biz gəncləri könüllü olaraq öz istəyimizlə ordu sıralarına cəlb edəsiniz. Cəbhədə gedən döyüşlərdə vuruşan əsgər qardaşlarımızla bərabər döyüşmək, müqəddəs Vətənə olan borcumuzu yerinə yetirmək istəyirik.

Hörmətlə,
Sizin əmrinizi gözləyən,
Vətən üçün canından keçməyə hazır olan
Həsənov İlqar MEHDİ oğlu,
Yardımlı rayonu, Ostair kəndi

 

*   *   *

 

Hörmətli Prezident, cənab Ali Baş Komandan! Ulu öndərin davamçısı kimi, gördüyünüz işlər, yürütdüyünüz siyasət, apardığınız islahatlar sübut edir ki, Siz hər zaman millətin yanındasınız və bizim qeydimizə qalırsınız. Mən Sizinlə qürur duyuram və sevinirəm ki, nə yaxşı ki, Siz varsınız, nə yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Cənab Ali Baş Komandan, xahiş edirəm məni ordu sıralarına daxil edəsiniz və mən də Vətənimin müdafiəsinə kömək edim, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüm. Mən buna çox şad olaram. İnanıram ki, Siz mənim xahişimi qəbul edəcəksiniz.

Hüseynov Nicat NİZAMİ oğlu,
ehtiyatda olan hərbçi,
Bakı şəhəri, Sabunçu rayonu

 

*   *   *

 

Hörmətli Prezident, cənab Ali Baş Komandan! Bu haqq işinizdə Allah Sizə kömək olsun. Eşq olsun Prezidentimizə, eşq olsun Milli Ordumuza. Erməni işğalçıları və onların havadarları bilməlidirlər ki, Azərbaycanın öz torpağını qorumaq haqqı var.

Hörmətlə,
Cəfərova Zəminə İXTİYAR qızı,
təqaüdçü, Sumqayıt şəhəri

 

*   *   *

 

Hörmətli cənab Prezident! Mən könüllü olaraq Vətənimizin müdafiəsinə getmək istəyirəm. Xahiş edirəm mənim istəyimi qəbul edəsiniz. Dünya şahiddir ki, Azərbaycan Prezidenti hər zaman sülh istədi. Ancaq ermənilər bunu başa düşmədi, bunu istəmədi. Atəşkəsi pozdu və cavabını aldı. Biz gənclər Sizin əmrinizə müntəzirik! Düşmənə aman verməyəcəyik, torpaqlarımızı son qarışına qədər azad edəcəyik!

Hörmətlə,
Axundov Şəhriyar ELDAR oğlu,
tələbə, Bakı şəhəri, Xətai rayonu

 

*   *   *

 

Yüzlərlə məktub içərisindən cəmi bir neçəsini seçsək də, əminik ki, həmin məktublarda ölkə əhalisinin hamısının ürək sözləri vardır. Ona da əminik ki, digər məktub sahiblərinin adını çəkmədiyimizə görə heç kəs bizdən inciməyəcək. Bütün soydaşlarımızın, vətəndaşlarımızın və xaricdəki saf ruhlu dostlarımızın Azərbaycan sevgisini böyük hörmət və ehtiramla qarşılayırıq. Ruhu sağlam olan insanların canı da sağ olar. Eşq olsun Azərbaycan əsgərinə və o əsgərə ruh verən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevə!

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında