Vətəni müdafiə etmək hər birimizin müqəddəs borcudur!

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi başlayan vaxtlardan daim ön cəbhədə olmuşam və torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərin fəal  iştirakçılarından biriyəm. Bu müddət ərzində ermənilərin qorxaqlığının şahidi olmuşam. Hələ hadisələr başlayan vaxtdan  Ermənistan döyüşçülərinin əksəriyyətinin muzdlular olduğunu bilirdik. Elə indi də Ermənistan hərbiçiləri başqa ölkələrin köməyinə möhtacdırlar.

Bu gün dünyada baş alıb gedən ikili standartlar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsinə rəvac verir, qəsbkar dövlətin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini görməzliyə vurur. Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq atəşkəs rejimini pozmaları və cəbhədə müxtəlif təxribatlar törətmələrinin əsas səbəblərindən biri də beynəlxalq birliyin bu ədalətsizliyə göz yummasıdır.

Aprelin 2-nə keçən gecə cəbhə xəttində baş verən qanlı döyüşlərə  səbəb yenə də ermənilərin növbəti təxribatlara cəhdi olmuşdur. Ancaq görünür, bu dəfə Milli Ordumuz düşmənə layiq olduğu yeri göstərdi. Böyük itkilər verən Ermənistan hərbçiləri çıxış yolunu qaçıb canlarını qurtarmaqda gördülər. Ancaq bir hissəsi buna da macal tapa bilmədi. Ermənilərin son anda döyüş yerini atıb qaçmaları onların köhnə adətidir. Mən Qarabağ döyüşlərində dəfələrlə bunun şahidi olmuşam. Onlar bu dəfə də öz adətlərinə “sadiq olduqlarını” nümayiş etdirdilər.

Belə də olmalı idi. Çünki bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə güclü nizami ordu qurulub, Silahlı Qüvvələr müasir texnika, hərbi sursatla təchiz olunub və bölgənin ən güclü ordusuna çevrilib. Azərbaycan Ordusunun peşəkarlığı, döyüş qabiliyyəti gündən-günə artır, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində zəruri addımlar atılır. Hərbçilərin sosial müdafiə məsələlərinin gücləndirilməsi  daim dövlətimizin diqqət mərkəzindədir. Ordumuza xidmət edənlərin əksəriyyəti gənclərdir. Onlar milli vətənpərvərlik ruhunda tərbiyə alırlar, ümidləri doğruldur və Vətənin hər qarış torpağı uğrunda canlarını qurban verməyə hazırdırlar. Müharibə və atəşkəs zamanında itkilər vermək təbii haldır. Vətən, torpaq uğrunda həlak olmuş bütün şəhidlərimiz bizim fəxrimiz, qürurumuzdur. Biz onların  ruhu qarşısında baş əyirik.

Bu günlərdə təmas xəttində baş verən döyüşlərdə  ağır məğlubiyyətə uğrayan Ermənistan tərəfi Azərbaycan Milli Ordusunun hansı qüdrətə malik olduğunu gördü. Düşmənə bəlli oldu ki, Azərbaycan Ordusu  həm peşəkarlıq, həm texniki, həm də hazırlıq baxımından  nəinki Qafqazda, hətta  dünyada ən yüksək səviyyədədir. Bizim ordu ilə üz-üzə gəlməyə qadir olmadığını görən Ermənistan tərəfi dərhal beynəlxalq təşkilatların qapısını döyərək,  yenidən ənənəvi əzabkeş obrazına girdi. Döyüşlər barədə saxta məlumatlar yaymaqla dünya ictimaiyyətini aldatmağa cəhd etdi. Lakin  reallıq başqadır: döyüşlər işğal edilmiş Azərbaycan torpaqlarında gedir, bu isə o deməkdir ki, bundan əziyyət çəkən məhz bizim mülki şəxslərdir. Artıq bunu beynəlxalq aləm də çox yaxşı bilir.

Ermənistan rəhbərliyi bu günlərdə ABŞ-da keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitində də bunun şahidi oldu. Azərbaycanın bu  sammitdə iştirakı və ABŞ-ın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini yenidən bəyan etməsi Ermənistanın bütün planlarını alt-üst etdi. Vaşinqton-Bakı münasibətlərinin soyuqlaşmasını arzulayan və müxtəlif hiylələrlə bunu reallaşdırmaq istəyən rəsmi Yerevanın bütün ümidləri puç oldu.

Regiondakı bütün güclü dövlətlərlə-Rusiya, Türkiyə və İranla münasibətlərini yüksək səviyyədə quran, əməkdaşlığı mütəmadi olaraq genişləndirən və dünya birliyindəki reytinqini getdikcə artıran  Azərbaycanla  müqayisədə Ermənistan işğalçılıq siyasəti ilə özünü beynəlxalq əməkdaşlıqdan təcrid etmiş vəziyyətdədir. Hazırda, demək olar ki, dünyanın bütün ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bunu ikitərəfli və çoxtərəfli formatlarda keçirilən görüşlərlə, həmçinin imzalanmış saziş və müqavilələrlə də  təsdiqləyirlər. Bu gün dünyanın heç bir ölkəsi və qurumu  Dağlıq Qarabağı müstəqil respublika  kimi tanımır. Hətta Ermənistanın özü də buna  cəsarət edə bilmir. Bu ilin fevralında Azərbaycanın İranla imzaladığı “Xudafərin” sazişi də Dağlıq Qarabağ və ətraf rayonların müvəqqəti olaraq Ermənistanın işğalı altında olduğunu göstərir.

Artıq Ermənistanda açıq şəkildə etiraf olunur ki, Qarabağdakı son döyüşlərdə erməni tərəfi o qədər itki verib ki, yaralıların yerləşdirilməsi üçün Qarabağdakı hospitallarda yer qalmayıb və onlar helikopterlərlə, avtomobillərlə İrəvana göndərilir. Azərbaycan Müdafiə Nazirliyi şəhidlərin sayını açıqlasa da, Ermənistan Müdafiə Nazirliyi real itkiləri gizlədir və hələ də susur. Erməni jurnalistləri də yazırlar ki, yaralıların sayı o qədərdir ki, onları daşımaq üçün helikopterlər çatmır, avtomobillərlə daşıyırlar. Ona görə də yaralı erməni əsgərləri yolda ölürlər. Həkimlər çatışmır, dərmanlar yoxdur. Ölənlərin sayı barədə isə dəqiq məlumat verilmir. Çünki bu rəqəm daha çoxdur.

Ümumiyyətlə, döyüşlər başlayan gündən etibarən Ermənistan Müdafiə Nazirliyi itkilərin sayını gizlədir, yalan məlumatlar yayır. Təsadüfi deyil ki, bu gün Ermənistanda əsgər anaları növbəti etiraz aksiyası keçiriblər. Ermənistan prezidenti Serj Sarkisyan döyüşlər zamanı 18 hərbçinin öldüyünü, 35 hərbçinin yaralandığını bildirsə də, əsgər anaları buna inanmırlar.

Biz Azərbaycanın Milli Ordusunun peşəkarlığından, gücündən və qüdrətindən qürur hissi duyuruq. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılmış və darmadağın edilmiş, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunmuşdur. Biz Milli Ordumuza inanır və əminik ki, torpaqlarımızı işğalda saxlamaq istəyən düşmənə bundan sonra da sarsıdıcı zərbələr vuracaq. 

Bu il aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında Prezident, Ali Baş Komandan cənab İlham Əliyev də cıxışında bu barədə öz fikrini qəti bildirdi: “Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Əliağa QURBANOV,
Qarabağ müharibəsi veteranı,
ehtiyatda olan zabit


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında