Yol gedir Udulluya...
Hacıqabulda kifayət qədər gücü olan respublika əhəmiyyətli sahibkarlıq obyektləri fəaliyyət göstərir. Onların hər birinin işi barədə rahatlıqla ətraflı yazılar hazırlamaq olar, çünki buna faktlar imkan yaradır. Bu yazını hazırlamaqda əsas məqsədim rayonda sahibkarlığın ümumi vəziyyəti barədə mümkün qədər dəqiq və obyektiv təəssürat yaratmaqdır. Buna görə də ilk üz tutduğum ünvan el arasında deyildiyi kimi, “yeddi para kəndi əhatə edən” Udullu olur. Bəli, narı ilə bütün dünyada məşhur, eyni zamanda illərlə gözdən-könüldən iraq olan Udullu. Bu iraqlığın səbəbi isə yolların uzun illər boyu, bərbad vəziyyətdə olması və camaat buna görə, zülm-zillət çəkməsi idi. Öz maşınımda Udulluya getməyi, necə deyərlər, ustalıqla “boynuma qoyan” bələdçi yoldaşımı ürəyimdə qınasam da, magistral yoldan sağ tərəfə dönəndə təzə və səliqəli yola girdiyimzə sevindim. İndi tamamilə aydın oldu ki, rayon icra hakimiyyətinin başçısı Əhməd Muxtarov yolumu bu tərəflərdən salmağı məsləhət biləndə yüz eşitməkdənsə, bir dəfə görmək daha yaxşıdır məsəlini nəzərdə tutubmuş. Yəni ki, gəl və öz gözlərinlə gör: hələlik iqtisadi baxımdan bir o qədər səmərəli olmasa da, ölkə rəhbəri İlham Əliyevin qayğısı və qətiyyəti sayəsində təqribən qırx kilometrə yaxın yeni asfalt yol çəkilib. Ən əsası isə, “yalnız “Niva” maşını ilə gedib-gəlmək mümkündür” kabusuna birdəfəlik son qoyulub. İndi ilin bütün fəsillərində Udulluya istənilən markalı maşınla asanlıqla gəlmək olur. Bu isə, lyeddi para kəndin” bəlkə də yüzillik inkişafı üçün indidən hüdudsuz imkanların yaradılmasından xəbər verir. Bir sözlə, iş görmək, qurub-yaratmaq üçün əsil meydan var.
Elə yerli iş adamları da bu imkanlardan faydalanaraq fəaliyyətlərini daha da genişləndirmək niyyətindədirlər. Qeyd etmək lazımdır ki, udullu camaatının məşğuliyyəti bineyi-qədimdən əkin-biçin, heyvandarlıq, karxana işi - yəni daş yonmaq olub və bu ənənə indi də davam edir. İkinci Udullu kəndində bu ənənəni davam etdirən iş adamları Nazim Hacıalıyev və Nemət Abuzərov söhbət əsnasında qeyd etdilər ki, “Udullu daşı”nın şöhrəti ətraf rayonlara da bəllidir. Buna görə də dədə-babadan qalma bu adəti daha da inkişaf etdirmək niyyətindəyik. Çünki bu, həm də camaatın işlə təmin olunmasına şərait yaradır. Karxana işi başqa işlərə bənzəməz, onun öz xüsusiyyətləri var. Hər şeydən əvvəl mövsümi xarakter daşıyır və kifayət qədər əziyyətlidir, elə adından da göründüyü kimi, daşdan çörək çıxarmaq necə asan ola bilər axı?! Yerli sahibkarlar ulu öndər Heydər Əliyevin “Yol hər şey deməkdir” fikrini xatırladaraq bildirdilər ki, yeni asfalt yolun çəkilməsi ilə on illərcə yolsuzluqdan əziyyət çəkən kəndə sanki yeni nəfəs gəlib. Çünki yol-iz ətrafa çıxış imkanı yaratmırsa, yoxsa nə hasil eləmisənsə, bir yana çıxara bilməmisənsə, alıcısını tapmamısansa, nəyin varsa əlində-ovcunda qalıb tələf olacaq. Ancaq bu yol sahibkarlığın inkişafına istənilən qədər geniş üfüqlər açır, güclü təkan verir. Həmsöhbətlərim sonda onu da vurğuladılar ki, inkişaf burada yeni evlərin tikilməsini də sürətləndirdiyindən onların məhsullarına, yəni daşlara tələbatı artırır. Nə deyək, təki bazar olsun, təki daşlar yeni evlərin tikintisinə qismət olsun.
Əkinə - biçinə
yararlı torpaq
Yolumuzu (elə haqqında danışdığım yeni yolu deyirəm) İkinci Paşalı kəndindən salırıq. Bu kəndin camaatı da işgüzardır, əlinin qabarı, alnının təri ilə halal ruzisini qazanmağa vərdiş edib. Fermer təsərrüfatına rəhbərlik edən Şaiq Hüseynovun ünvanını nişan verirlər. Torpaq adamı mərd, qonaqpərvər olar, deyiblər. O da bizi məhz bu cür qarşılayır və təsərrüfatı ilə tanışlığa imkan yaradır. Doğrudan da, adamın ürəyini açan faktların şahidi oluruq: hələ müəyyən problemlər, çətinliklər və zəruri qayğılar qalsa da, sözün əsil mənasında nizamlı- intizamlı bir təsərrüfat yaratmağa müvəffəq olub. Öyrənirik ki, bu təsərrüfatda əsas diqqət əkiçiliyə və heyvandarlığa yönəldilib. Əslində bu təsərrüfatın tarixi o qədər də təzə deyil, haradasa ötən əsrin 90-cı illərinə gedib çıxır – “Nofəl-1” kiçik müəssisəsinin yaradıldığı vaxtlara. Hər cür çətinliklərə baxmayaraq, müvazinətini itirməyib, ayaq üstə durmağı və addımlarını möhkəmləndirməyi bacarıb. Nəticə də göz qabağındadır: az qala 30 illik fəaliyyətin bəhrəsi olaraq bu gün təsərrüfatın işinə yarayan hər cür texnikası- kombaynı, şum traktoru, səpin aqreqatı və s. var. Hazırda təsərrüfatın 130 hektarında taxıl əkilir. Hektardan məhsuldarlıq isə 30 sentnerə çatır. Bu sahədə əsas problem suvarma suyunun olmamasıdır. Təsərrüfat rəhbəri deyir ki, əgər suyumuz olsa, bu torpaqdan daha çox məhsul götürərik. Bundan əlavə, təsərrüfatın əsas fəaliyyət növlərindən biri də, deyildiyi kimi, heyvandarlıqdır. Hazırda burada 2500 başdan çox qoyun-keçi saxlanılır. İribuynuzlu mal-qaranın sayı isə 120-dir.
Sevindirici haldır ki, sahibkarlarda istehsalı genişləndirmək istəyi həmişəkindən daha artıqdır. Təsərrüfatın 1200 hektarlıq ümumi ərazisində bu arzunu gerçəkləşdirmək üçün hər cür imkanlar mövcuddur. Müəyyən problemlərin həll olunması bu istəyi daha tez reallaşdırmağa şərait yaradar. Əslində problemlər də, necə deyərlər yad deyil, xarakterikdir. Məsələn, burada bildirdilər ki, təbii olaraq qoyunçuluqla məşğul olmaq həm də yun istehsalına rəvac verir. Ancaq bütün dövrlərin ən dəyərli məhsullarından biri olan yunun alıcısı isə, çox təəssüf ki, yoxdur. Buna görə də yun yığılıb qalır, bəzi hallarda cehizlik üçün tələb olunan beş - on kiloqramla isə bu məsələnin həlli mümkün deyil. Digər tərəfdən, süd məhsullarının istehsalında da çətinliklər var. Ərazinin xeyli qıraqda olması bu məsələdə də haqlı çətinliklər yaradır. Süd məhsulları isə tez xarab olub keyfiyyətini itirdiyindən, onun istehsalında da heç kim maraqlı olmur. Bu “yeddi para kənddə” bəlkə də on min başdan çox qoyunun saxlanıldığını nəzərə alanda, bu məsələnin vacibliyi də bir daha aydınlaşır. İl boyu bu fermer təsərrüfatında bəzi hallarda mövsümi olsa da, 100-dən çox insan çalışır və evinə çörək aparır ki, bu da məncə, əsas və sevindirici faktlardan biridir. Yeri gəlmişkən, məşhur “Udullu narı” nın istehsalı və tədarükü, bu sahədə qarşıya çıxan təbii çətinliklər barədə ayrıca və daha geniş bəhs etmək daha doğru olar.
“Hacıqabul quşçuluq” - bu ad hamıya tanışdır
Tanınmış adlar barədə isə uzun-uzadı müqəddimə etməyə lüzum yoxdur. Bu gün, demək olar ki, hər birimizin evində bu ad altında toyuq və toyuq məhsullarından məmnuniyyətlə istifadə edirik, necə deyərlər, damağımız dada gəlir. Hələ üstəlik “Hacıqabul quşçuluğ”un məhsullarını alan dost-tanışımıza “ağzının dadını yaxşı bilirsən” deyə az da söz atmamışıq (həm də sözün düzünü demişik). Ad-sanı bütün respublikaya yayılan bu müəssisənin rəhbəri Adışirin Babaşovdur. Bu ətrafda hamı onu “öz işinin əhli” kimi tanıyır və hörmət edir. Bunun isə bir çox səbəbi var. Ən əsas səbəblərdən biri, sözsüz, odur ki, sosialist quruluşu süquta uğrayanda əksər təsərrüfatlar və müəssisələr kimi bu təsərrüfatın da dağılmasına imkan vermədi, onu, necə deyərlər, göz bəbəyi kimi qoruyub saxladı, haqlı olaraq dərk etdi ki, formasından asılı olmayaraq bütün quruluşlarda insanlar toyuq ətindən istifadə edirlər və ondan imtina etmək niyyətləri yoxdur. Onun az qala hərbçi ciddiyyəti ilə işinə yanaşması da dildə - ağızda dolaşmaqla bərabər, işçilər də möhkəm sirayət eləyib. Əslinə qalanda, heç başqa cür mümkün də deyil, məhz quşçuluğun özünəməxsusluğu bunu tələb edir. Məlumat üçün deyim ki, bu gün ölkədə yumurtaya olan tələbatın tən yarıdan çoxunu ödəyən bu quşçuluq təsərrüfatında 500-dən çox işçi çalışır. Onlar, bir az əvvəl də dediyim kimi, ciddiyyətin tələb olunduğu və hökm sürdüyü bu istehsal müəssisəsində qayğı ilə əhatə olunublar, pulsuz yemək, toyuq və yumurta payları da ki öz yerində. Hazırda burada çalışanların orta aylıq əmək haqları 250-450 manat arasında dəyişir. Əlbəttə, şəhərlilərdən fərqli olaraq, bir əli torpaqda olan insanlar üçün bu, heç də zəif göstərici deyil. Prezident İlham Əliyevin ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı həyata keçirdiyi tədbirlər, atdığı addımlar hamıya bəllidir. Dövlət başçısının bu səylərinə ciddi-cəhdlə yardımçı olmağa çalışan, bunu bir milli məsələ kimi ön planda tutan təsərrüfatlardan biri də məhz “Hacıqabul quşçuluq”dur. Hazırda müəssisədə 3 milyon ədəddən çox toyuq bəslənilir, gündəlik yumurta istehsalı 1 milyon ədədə, illik ət istehsalı isə 5 min tona yaxındır. Yeri gəlmişkən qeyd edim ki, burada işlər, demək olar ki, avtomatlaşdırılmış qaydada həyata keçirilir. O cümlədən, yumurtaların qablaşdırılması prosesi də təsərrüfatda aparılır. Müəssisəyə tez-tez xarici qonaqların gəldiyini deyən sahibkar xüsusi vurğulayır ki, əsasən Türkiyədən, Hollandiyadan və Almaniyadan olan qonaqların razı qalması üçün əlimizdən gələni edirik, çüınki yaxşı başa düşürük ki, bu zaman həm də ölkəmizi təmsil edirik.
Adışirin Babaşov deyir ki, bu müəssisə ondan daha çox xalqa və dövlətə məxsusdur, dövlətini və xalqını düşünən hər bir təsərrüfat rəhbəri məhz bu düşüncədə olmalı və daima sadiqlik nümayiş etdirməlidir. Çünki dövlət tərəfindən hər cür diqqət və qayğı göstərilir.. Hələ ulu öndər Heydər Əliyev vaxtilə bu təsərrüfatı vergilərdən azad etmişdi, indi isə bu ənənəni möhtərəm Prezidentimiz İlham Əliyev davam etdirir. Üstəlik rayonda yaradılmış sağlam sahibkarlıq mühiti geniş fəaliyyət imkanları yaradır. Zərurət yarananda Sahibkarlığa Kömək Milli Fondunun kreditlərindən də istifadə edirik. Daha nə olmalıdır ki? Dövlət başçısı tərəfindən “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adına layiq görülməsini fəaliyyətinin ən böyük və şərəfli qazancı hesab edən təsərrüfat rəhbərinin haqlı və bir az da ritorik sualına əlavə etməyə heç nə qalmır!
Sevimli məkan – “Qədir-Xum istirahət mərkəzi”
Bir neçə il əvvəl Hacıqabul şəhəri ilə Şirvan şəhərinin yol ayrıcında yerləşən boş və çöllük sahədə hansısa işlərin işartısı görünəndə yəqin ki, çoxları təəccüb içindəydi ki, görəsən, bu “böz və ilan mələyən çöllərdə” nə isə etmək mümkündürmü? Və haqlı olaraq da bu sualı müsbət cavablandırmaq çətin idi. Ancaq çox qısa müddət ərzində boz çöllərdə sözün əsil mənasında “cənnətin yaradılması” insan oğlunun nəyə qadir olduğunu bir daha nümayiş etdirdi. İndi bu “cənnətin” adını və ünvanını respublikada demək olar ki, əksəriyyət tanıyır – “Qədir-Xum istirahət mərkəzi”.
Bakıdan maşına əyləşib rayonlara səfərə çıxanlar, necə deyərlər, özlərini kökləyirlər ki, burada əyləşib dinclərini alsınlar, bir sözlə, istirahət etsinlər. Burada sözün bütün mənalarında əla şərait yaradılıb. Hər şey düşünülüb və nəzərə alınıb. Ailəvi istirahət etmək istəyənlər də yaddan çıxarılmayıb. Bura həm də uşaqların sevimli istirahət məkanıdır desəm yəqin ki, səhv etmərəm. Uşaqlar üçün yaradılmış şərait uşaq əyləncə mərkəzlərindəki şəraitdən heç də zəif deyil. Arxayın uşağını buraxa bilərsən ki, oynasın, əylənsin. Vaxtını səmərəli keçirmək istəyənlər böyük məmnunluqla bu ünvana üz tuturlar. Reklam cümlələrinə bənzəsə də, milli mətbəximizin ən ləziz təamları, üstəlik də yolçunun ən çox ehtiyac duyduğu pürrəngi çayı burada dadmaq və razı qalmaq mümkündür. Bu sevimli məkanı fərqləndirən və insanları bura cəlb edən əsas xüsusiyyətlərdən biri və bəlkə də ən başlıcası bütün nemətlərin hallalığına xüsusi diqqət yetirilməsidir. İnsan yeyib-içdiyindən və kəsdiyi hesabdan razı qalırsa, deməli, xoş təəssüratlarala ayrılacaq və mütləq yolunu bir də buradan salacaq. 2013-cü ildən fəaliyyət göstərən “Qədir-Xum istirahət mərkəzində” banket zalı da müştərilərin ixtiyarındadır. İstəyənlər bu istirahət mərkəzinin mağazalarından da sərfəli alış-veriş edə bilərlər. Avtomaşınlara texini xidmət mərkəzi də sürücülərin xidmətindədir. Bir sözlə, “Qədir-Xum istirahət mərkəzində” hər şey insanların rahatlığına hesablanıb. Elə mərkəzin rəhbəri İltifat Bəşirovun da dediyi kimi, əsas məqsəd və məram odur ki, camaat buradan narazı getməsin. Mərkəzin rəhbəri deyir ki, burada təxminən 60-70 işçinin çalışması da bizə daxili rahatlıq verir, düşünürük ki, az da olsa elimizin-obamızın qayğısını azaltmağa şərik oluruq. Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış şəraitə görə ölkə başçısı İlham Əliyevə minnətdarlığını bildirən İ.Bəşirov işlərinin sahmana düşməsində rayon rəhbərliyinin rolunu da xüsusi vurğulayaraq qeyd edir ki, bu məkanın inkişafı üçün rayon icra hakimiyyəti hər cür dəstəyini göstərdi. Bizim öhdəmizə düşən isə odur ki, bu hərtərəfli qayğını və etimadı həmişə doğruldaq və rayonumuzun adını ucaldaq.
Ticarət halallığı sevir
Hacıqabul şəhərinin mərkəzində fəaliyyət göstərən iri ticarət mərkəzi elə bu cür də adlanır: “Hacıqabul ticarət mərkəzi”. İndi şəhər sakinlərinin alış-veriş üçün üz tutduqları əsas ticarət məkanlarından biri də məhz buradır. Bu ticarət mərkəzi, necə deyərlər, camaatın gözü qarşısında addım-addım böyüyüb inkişaf edib. Ticarət mərkəzinin sahibi Rza Rzayev deyir ki, ötən əsrin 90-cı illərində fəaliyyətə 15 kvadratmetrlik ərazidə başladıq. Sonra yavaş-yavaş fəaliyyətimiz gücləndikcə ərazimizdə çoxaldı. İndi gördüyünüz kimi, ticarət mərkəzimiz ikimərtəbəlidir və tam müasir şəkildə təmir olunub və hər cür şəraiti var. Bura üz tutan müştəri narazı getməz. Xüsusilə son dörd-beş il ərzində iş imkanlarının daha çox genişləndiyini deyən ticarət mərkəzinin rəhbəri bildirdi ki, rayonda sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli şərait bizi də ruhlandırdı ki, fəaliyyət sahəmizi genişləndirək. İlk növbədə rayon icra hakimiyyətinin ayırdığı sahədə ticarət mərkəzi üçün yeni bina tikdik. 2015-ci ildə bankdan götürdüyümüz 60 min dollar həcmində kredit də əməlli-başlı karımıza gəldi. Hazırda “Hacıqabul ticarət mərkəzində” əhaliyə keyfiyyətli ərzaq məhsullarının satışı həyata keçirilir. Düzdür, iş olan yerdə xırda çətinliklərin də olması mümkündür. Ancaq bu çətinlikləri aradan qaldırmağa yardımçı olmaq əvəzinə, milçəyi şişirdib fil eləmək insafdan deyil. Tam məsuliyyətimlə deyə bilərəm ki, ölkəmizdə ulu öndər Heydər Əliyevin yaratdığı və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf etdirilərək möhkəmləndirilmiş sahibkarlıq mühiti bu gün Hacıqabul rayonunda da ən yüksək səviyyədədir. İş görmək istəyən onun-bunun boş, mənasız söz-söhbətinə baxmasın, lüzumsuz mətbuat orqanlarında və saytlarda yazılan əsassız və uydurma məlumatlara inanmasın, buyursun, necə deyərlər, qolunu çırmalayıb işinə başlasın. Uğur da qazanacaq, gözəl nəticələr də. Ən azı son illərdə Hacıqabulun rayon kimi göz qabağında olan inkişafı onda bu inamı yaradacaq. Düz sözə nə deyəsən!
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.