NAXÇIVAN: Culfa rayonunun Saltaq kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Naxçıvan Muxtar Respublikasında aparılan kompleks quruculuq, kəndlərdə yeni sosial obyektlərin yaradılması işləri çərçivəsində Culfa rayonunun Saltaq kəndi də simasını tamamilə dəyişmiş, ölkəmizin sürətli sosial-iqtisadi inkişafını əks etdirən müasir yaşayış məntəqəsinə çevrilmişdir. Martın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə kənddə yeni sosial obyektlər istifadəyə verilmişdir.

Saltaq kənd tam orta məktəbinin təntənəli açılış mərasimində Culfa Rayon İcra Hakimiyyətinin başçısı Şükür Babayev demişdir ki, bu gün Saltaq kəndində istifadəyə verilən məktəb binası, həkim ambulatoriyası, kənd və xidmət mərkəzləri, su dəyirmanı və körpü bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. O, aparılan quruculuq tədbirlərinə görə rayon ictimaiyyəti adından Ali Məclisin sədrinə minnətdarlıq etmişdir.

Müəllim Mahir Əsgərov isə kollektiv adından minnətdarlıq edərək demişdir: “İllərlə arzusunda olduğumuz yeni məktəb binası hər birimizi daha böyük həvəslə işləməyə ruhlandırır.”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək  bildirmişdir ki, bu gün Saltaq kəndində müasir tələblərə cavab verən təhsil kompleksi müəllim və şagirdlərin istifadəsinə verilir. Yaradılan bu şərait məktəb kollektivinin qarşısına mühüm vəzifələr qoyur. Kollektiv yaradılan şəraitdən səmərəli istifadə etməli, təhsilli və vətənpərvər gənclər yetişdirməlidir.

Ali Məclisin sədri kollektivə yeni uğurlar arzulamış, Culfa rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan 26 şagirdə kompüter hədiyyə etmiş, açılışı bildirən lenti kəsmişdir.

Məlumat verilmişdir ki, 306 yerlik məktəb binası 4 mərtəbəlidir. Binada 4-ü elektron lövhəli olmaqla 17 sinif otağı, 2 kompüter otağı, kimya-biologiya və fizika laboratoriyaları, müəllimlər otağı, şahmat sinfi, hərbi kabinə, fondunda 6 mindən artıq ədəbiyyat və dərslik olan kitabxana, bufet və idman zalı vardır. Məktəbin həyətində də geniş abadlıq işləri görülmüş, açıq idman qurğuları quraşdırılmışdır. Məktəbdə 38 kompüter dəsti quraşdırılmış və internetə qoşulmuşdur. Elektron lövhəli sinifdə isə müasir multimedia sistemi qurulmuş və məktəb distant təhsil şəbəkəsinə qoşulmuşdur.

Baxış zamanı “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə muxtar respublikanın 212 təhsil müəssisəsi arasında keçirilən distant dərs izlənilmişdir.

 

*    *    *

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Saltaq kənd mərkəzinin də açılışını etmiş, binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, kənd mərkəzində rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi və 70 yerlik iclas zalı yerləşir. Binanın həyətində abadlıq işləri aparılmış, ağac və gül kolları əkilmişdir.

Yeni Azərbaycan Partiyası Saltaq kənd ərazi ilk təşkilatının sədri Gülnar Məmmədova minnətdarlıq edərək demişdir ki, bu gün Saltaq da müasir kəndlərin sırasına qoşulmuşdur. İnzibati ərazi dairəsi üzrə nümayəndə Bəşir Ağayev isə məlumat vermişdir ki, Saltaq kəndində fərdi təsərrüfatların inkişafı üçün hərtərəfli şərait vardır.

Ali Məclisin sədri Vasif Talıbov yaradılan şəraitdən səmərəli istifadə olunması, tikilənlərin qorunması və kənddə yaşıllıqların artırılması barədə tapşırıqlar vermişdir.

 

*    *    *

 

Sonra Saltaq Kənd Həkim Ambulatoriyasının açılışı olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov burada da açılışı bildirən lenti kəsmişdir.

Binada baş həkim, stomatoloji kabinə, palata, doğuş, peyvənd, aptek, qeydiyyat, tibb bacısı, mama, manipulyasiya və sanitar otaqları yerləşir. Ambulatoriyanın yeni tibbi avadanlıqlarla və dərman vasitələri ilə təmin olunması səhiyyə xidmətinin keyfiyyətini yüksəltmişdir. Kənddə peyvənd işi vaxtlı-vaxtında aparılır, gigiyenik qaydalara əməl olunur, səhiyyə maarifi diqqət mərkəzində saxlanılır.

Bildirilmişdir ki, ambulatoriyanın həkim və tibb işçiləri yaradılan şəraitdən istifadə edərək sakinlərin sağlamlığını bundan sonra da etibarlı qoruyacaqlar.

 

*    *    *

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə Saltaq kəndində xidmət mərkəzinin də açılışı olmuşdur. Məlumat verilmişdir ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə 7 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin sədri xidmət mərkəzində yerli məhsulların satışına daha çox üstünlük verilməsini tapşırmışdır.

 

*    *    *

 

Saltaq kəndində yenidən qurulmuş su dəyirmanı da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun iştirakı ilə həmin gün istifadəyə verilmişdir. Məlumat verilmişdir ki, bu, Culfa rayonunda yeni yaradılan üçüncü su dəyirmanıdır. Sahəsi 77 kvadratmetr olan Saltaq Su Dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Ötən ildən başlayaraq dəyirmanda əsaslı bərpa və yenidənqurma işləri aparılmış, Əlincəçaydan qidalanan 2800 metrlik dəyirman arxı yenidən qurulmuşdur. Su dəyirmanı Saltaq kəndi ilə yanaşı, qonşu kəndlərin də tələbatını ödəyəcəkdir.

Dəyirmançı Həsən Qənbərov minnətdarlıq edərək demişdir: “Bu gün dəyirmanın bərpa olunaraq yenidən istifadəyə verilməsi sakinlərin və ailəmizin böyük sevincinə səbəb olmuşdur. Çünki su dəyirmanı sakinləri keyfiyyətli unla təmin etməklə yanaşı, həm də yeni iş yeridir”.

Ali Məclisin sədri su dəyirmanlarının tarixi-mədəni irsimizin bir parçası kimi qorunub saxlanılmasının vacibliyini bildirmişdir.

 

*    *    *

 

Saltaq kəndinin yolları da yenidən qurulmuş, Əlincə çayı üzərində yeni körpü tikilmişdir. Martın 28-də Saltaq kənd avtomobil yolunun və körpünün də açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, sakinləri təbrik edərək demişdir: “Muxtar respublikanın abad yaşayış məntəqələrindən birinə çevrilən Saltaq müasir Azərbaycan kəndinin nümunəsidir. Yaradılan şərait kənddə məskunlaşmanı artırmışdır.”

Sakin Həsən Ənnağıyev minnətdarlıq edərək demişdir: “Əlincəçay üzərində yeni körpünün istifadəyə verilməsi sakinlərin hədsiz sevincinə səbəb olmuşdur”.

 Körpünün uzunluğu 16, eni isə 5,5 metr, yükgötürmə qabiliyyəti 30 tondur. Kənddaxili yollar da yenidən qurulmuşdur.

 

*    *    *

 

Saltaqda aparılan abadlıq-quruculuq tədbirləri bütün sahələri əhatə etmiş, kənddə 4 kilometr rabitə, 400 metr qaz xətti çəkilmiş, 3 kilometrdən artıq elektrik xətti yenilənmişdir. Əlincəçayında 230 metr yeni kaptaj tikilmiş, 682 metr içməli su xətti çəkilmiş, 6 yerdə supaylayıcı qoyulmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında