Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət  xadimi, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 2016-cı il martın 22-də ömrünün 81-ci ilində vəfat etmişdir.

Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində ali təhsil almış, 1962-1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971-1973-cü illərdə isə Ali rejissor kurslarında oxumuşdur.

Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışmış, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləmişdir. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olmuşdur.

Maqsud İbrahimbəyov qısa müddət ərzində istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Ötən əsrin altmışıncı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanmışdır. Böyük oxucu dairəsinə malik olan yazıçının əsərləri Ümumittifaq səviyyəsində geniş yayılan “Novıy mir”, “Yunost” və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Onun pyesləri Moskvanın “Malıy teatr”ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarla teatrda tamaşaya qoyulmuşdur. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunmuşdur. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr vermişdir.

Maqsud İbrahimbəyovun bir ssenarist və rejissor kimi kinematoqrafiyanın inkişafında da mühüm xidmətləri vardır. Onun ssenariləri əsasında çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycana məxsus milli xüsusiyyətlər, adət-ənənələr, xüsusilə Bakının özünəməxsus koloritli təsviri təqdirəlayiqdir. Yazıçının əsərləri əsasında “Azərbaycanfilm” və digər kinostudiyalarda istehsal olunmuş filmlər kinematoqrafiyamızın tarixinin önəmli səhifələrini təşkil edir.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı, uğurlu ictimai fəaliyyət göstərmişdir. O, uzun müddət Azərbaycan Pen klubunun prezidenti, Azərbaycan Respublikası Sülh Komitəsinin sədri olmuş və digər ictimai qurumlara başçılıq etmişdir. Maqsud İbrahimbəyov bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir. 

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1979-cu ildə “Əməkdar incəsənət xadimi”, 1998-ci ildə “Xalq yazıçısı” fəxri adlarını almış, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafında çoxillik səmərəli və zəngin fəaliyyətinə görə Azərbaycan Respublikasının ali dövlət təltifləri olan “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülmüşdür.

Görkəmli yazıçı və ictimai xadim Maqsud İbrahimbəyovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Artur RASİZADƏ, Oqtay ƏSƏDOV,
Ramiz MEHDİYEV, Elçin ƏFƏNDİYEV,
Hacıbala ABUTALIBOV, Fatma ABDULLAZADƏ,
Əbülfəs QARAYEV, Anar RZAYEV,
Tahir SALAHOV, Şəfiqə MƏMMƏDOVA,
Fikrət QOCA,  Çingiz ABDULLAYEV,
Söhrab TAHİR, Nəriman HƏSƏNZADƏ,
Mövlud SÜLEYMANLI, Azərpaşa NEMƏTOV,
Aleksandr ŞAROVSKİ


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında