Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən, digər sahələrdə olduğu kimi, miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılmış, əsaslı tədbirlər həyata keçirilmişdir. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən “Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası” qəbul edilmişdir. Bu konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 25 iyul 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin sərəncamı imzalanmışdır. Həmin proqram əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxmışdır. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 19 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) yaradılması haqqında 560 nömrəli fərman imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 17 mart tarixli 812 nömrəli sərəncamı ilə isə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından Azərbaycan tarixin mühüm dönəmini yaşayır. İqtisadiyyatın inkişaf dinamikası, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması uğurla davam etdirilir. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilir, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir, milli təhlükəsizlik və sabitlik təmin olunur.
Bəli, respublikanın davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, onun əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini zəruri etmişdir. Bu gün Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilməkdə, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.
Prezident İlham Əliyev demişdir: “Bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”.
Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir.
Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqı ödənilən əmək fəaliyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər DMX tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki, Prezident İlham Əliyevin Dövlət Miqrasiya Xidmətinin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur. Ötən il müraciətlər əsasında 885 şəxsin ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış, 53 min 200 şəxsə və onunla birlikdə immiqrasiya edən 18 yaşına çatmamış övladlarına Azərbaycan Respublikasında müvəqqəti və 2 min 640 şəxsə daimi yaşama icazələri verilmişdir.
Dövlət Miqrasiya Xidmətinin yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə zəruri normativ hüquqi aktlar qəbul edilmiş, bir sıra təşkilati tədbirlər həyata keçirilmişdir. Belə ki, ölkə Prezidentinin 6 mart 2008-ci il tarixli fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilmiş və həmin dövrdən etibarən DMX tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılmışdır.
Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” 4 mart 2009-cu il tarixli 69 nömrəli fərmanı olmuşdur. Adıçəkilən fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin edilməsinə və həllini gözləyən problemlərin aradan qaldırılmasına səbəb olmuşdur. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılmış və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə həvalə edilmişdir.
Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, fəaliyyətin təkmilləşdirilməsi məqsədi ilə Prezident İlham Əliyevin 8 aprel 2009-cu il tarixdə imzaladığı 76 nömrəli fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilmişdir.
Bundan əlavə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə” təsdiq edilmişdir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci il noyabrın 3-də Xidmətin (www.migration.gov.az) internet səhifəsi istifadəyə verilmişdir. Xidmətin rəsmi saytı bu il tamamilə yenilənmiş, həm funksianallıq, həm dizayn baxımından müasirləşdirilmiş, zamanın tələbinə uyğunlaşdırılmışdır. 2008-ci il dekabrın 1-dən isə Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi yaradılmışdır. Mərkəzin fəaliyyəti yenidən qurulmuş, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilmişdir ki, təkcə ötən il Xidmətin Çağrı mərkəzinə 99 min 439 telefon zəngi daxil olmuşdur.
2010-cu ildə isə Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində çap edilən ilk mətbu nəşri - “Miqrasiya” jurnalı işıq üzü görmüşdür. Mütəmadi olaraq nəşr edilən jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.
Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə edilməsində iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2010-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq miqrasiya sahəsində vahid informasiya sistemi - Vahid Miqrasiya Məlumat Sistemi (VMMS) və onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri ilə inteqrasiyası təmin olunmuşdur. VMMS ölkədə baş verən miqrasiya proseslərinin dinamikası barədə tam təsəvvürün yaradılmasına imkan verərək, qeyri-qanuni miqrasiya ilə mübarizə və təhlükəsizliyin təmini sahəsində müvafiq tədbirlərin görülməsi üçün əlverişli şərait yaratmışdır.
Eyni zamanda, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı”na əsasən miqrasiya sahəsində normativ hüquqi aktlarda müəyyən boşluqların aradan qaldırılması, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi hazırlanmış, Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanununa əsasən qəbul edilmiş və 2013-cü il avqust ayının 1-dən qüvvəyə minmişdir.
Ötən dövr ərzində milli qanunvericiliyin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, həmçinin mövcud inzbati prosedurların sadələşdirilməsi, xidmət göstərilən kontingentin, o cümlədən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məmnunluq səviyyələrinin artırılması və bu yolla ölkəmizin beynəlxalq arenada imicinin yüksəldilməsi məqsədilə bir sıra addımlar atılmış, miqrasiya qanunvericiliyinə əlavə və dəyişikliklər edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli Qanununa əsasən Azərbaycan Respublikasında 3 gündən artıq deyil, 10 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmçinin, məcəlləyə edilmiş yeni dəyişikliklərə əsasən olduğu yer üzrə qeydiyyata alınmaları barədə ölkəyə daxil olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə dövlət sərhəddinin buraxılış məntəqələrində Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildirişlər verilir.
Azərbaycan Respublikasının 16 dekabr 2014-cü il tarixli qanunu ilə də Miqrasiya Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edilmişdir. Belə ki, həmin qanunla Məcəlləyə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qanunsuz miqrantların saxlanılması mərkəzlərində yerləşdirilməsi və saxlanması qaydaları” adlı yeni fəsil əlavə edilmişdir. Bundan əlavə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması üçün poçt vasitəsilə müraciətləri zamanı yaranmış problemlər nəzərə alınaraq, Miqrasiya Məcəlləsinə 2015-ci il 24 fevral tarixli qanunla edilmiş dəyişikliyə əsasən 2015-ci il aprelin 1-dən artıq poçt vasitəsilə müraciət ləğv olunmuşdur.
Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu əminliklə söyləmək mümkündür. Statistikaya əsasən, 2015-ci ildə də Azərbaycanda iqtisadi artım təmin edilmişdir. Ölkə üzrə ümumi daxili məhsul istehsalı 50 milyard dollar təşkil edir. Əlamətdar haldır ki, bu artım əsasən qeyrı-neft sektorunun hesabına əldə olunmuşdur. 2015-ci ildə ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Ölkə iqtisadiyyatına bütün mənbələrdən 20 milyard dollar sərmayə qoyulmuşdur ki onun da 9 milyardı daxili, 11 milyardı xarici sərmayə olmuşdur. Bu da onu göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə olaraq qalır. Məlum olduğu kimi, Miqrasiya Məcəlləsinə əsasən dövlətimizin inkişaf sürəti nəzərə alınaraq ölkə iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbi şəxslərə üç ilədək müddətə müvəqqəti yaşamaq üçün icazə verilir. Əvvəlki qanunvericilik müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin müddətinin dörd dəfədən artıq uzadılmasına yol vermirdi, amma hazırkı qanunvericiliklə bu məhdudiyyət də aradan qaldırılmışdır.
Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət həmişə prioritet olub, dünyada yaşanan iqtisadi təbəddülatların Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi preventiv addımlar atılıb. Məhz buna görə də sosial proqramların icrasında ləngimə yoxdur. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə neçə-neçə məktəb, uşaq bağçası tikilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Son illər ərzində ölkə üzrə müasir standartlara uyğun tikilmiş və ya əsaslı təmir olunmuş tibb müəssisələrinin sayı isə 600-ə yaxındır.
Qürurlu haldır ki, bu gün Azərbaycanın adı “ən yaxşı ölkələr”, Azərbaycan Ordusu dünyanın güclü orduları siyahısında qərarlaşmışdır.
Bu gün hər birimiz doğma Azərbaycanımızın sürətli və hərtərəfli inkişafının şahidiyik. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir inkişaf dövründə ölkəmizin sürətli tərəqqisi və davamlı inkişafının təmin olunması istiqamətində genişmiqyaslı işlər müvəffəqiyyətlə davam etdirilir. Son illər respublikamızda bütün sahələrdə böyük nailiyyətlər əldə olunur. Yeni müəssisələr yaradılır, iş yerləri açılır, inkişaf edən infrastruktur layihələrinin həyata keçirilməsi, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində fundamental addımlar atılır. Hər bir vətəndaşın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi inkişafın əsas meyarlarından olan azad rəqabətə geniş imkanlar açır. Tikinti-quruculuq, abadlıq işləri geniş vüsət alır. Bir sözlə uğurlar iqtisadi, siyasi, sosial, eləcə də enerji layihələri və digər sahələri əhatə edir. Ötən il ölkədə 87 min yeni iş yeri yaradılmış, 2004-cü ildən bu günədək açılmış yeni iş yerlərinin sayı 1,5 milyona çatmışdır ki, onun da böyük əksəriyyəti daimi iş yerləridir.
Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq, Azərbaycanın inkişafından ilk növbədə ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. DMX milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir. Bu istiqamətdə Dövlət Miqrasiya Xidməti tərəfindən ölkənin transmilli neft-qaz layihələrində təmsil olunan şirkətlərin rəhbər heyəti ilə görüşlər keçirilmiş, həmin şirkətlərdə milliləşdirmə üzrə öhdəliklərin icra vəziyyəti müzakirə olunmuşdur.
Əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti və vətəndaşların dövlət qarşısında məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə dəyişikliklər edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli qanununa və həmin qanunun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 iyun tarixli 189 nömrəli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunmuşdur. Daha sonra isə sözügedən fərmanın 1.1.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilmiş və həmin qərar 2015-ci il 10 aprel tarixdə dərc olunduqdan sonra qüvvəyə minmişdir. Həmin qayda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. Sözügedən Qayda hazırlanarkən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın və digər beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər əsas istiqamətlər kimi qeyd olunmuşdur. Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün DMX tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülməkdədir.
Məlumat üçün bildirim ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən hal-hazıradək 1434 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmişdir. Bununla belə, bu müddət ərzində 36 min 467 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış və onlar müvafiq dövlət qurumları tərəfindən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin edilmişdir.
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli qanunu ilə Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə görə xarici dövlətin vətəndaşlığını könüllü qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edim ki, şəxs bu barədə Azərbaycan Respublikasının ərazisində olduqda Dövlət Miqrasiya Xidmətinə, ölkə hüdudlarından kənarda olduqda isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsilə Xarici İşlər Nazirliyinə müraciət etməlidir. Ərizə-anketin nümunəsi www.migration.gov.az — Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər ilə cəzalandırılırlar. Bunlar 1 iyul 2014-cü il tarixdən digər ölkənin vətəndaşlığını əldə etmiş Azərbaycan Respublikasının vətəndaşına şamil olunur.
Xatırladaq ki, ötən il Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 270 şəxs vətəndaşlığa qəbul, 9 nəfər isə bərpa edilmişdir. Vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içmişlər. Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna 30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilmişdir.
Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, yaradılmış və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidməti tərəfindən bir neçə xidmət növü təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 31 avqust tarixli fərmanı ilə bu xidmətlər siyahısına şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı sorğuların qəbulu və cavablandırılması da daxil edilmişdir.
Ötən dövr ərzində beynəlxalq əməkdaşlıq daha da genişləndirilmiş, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilmiş, ölkələrarası dialoqun gücləndirilməsi, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılmışdır.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Sinqin ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMqT-nin baş direktorunu qəbulu zamanı ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər, miqrasiya proseslərinin tənzimlənməsində Dövlət Miqrasiya Xidmətinin nümunəvi fəaliyyətinin qeyd edilməsi və BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr xüsusi qeyd olunmalıdır. Belə ki, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Respublikası Prezidentinin qəbulunda olarkən söyləmişdir ki, “Mən Sizin rəhbərliyinizlə ölkənizdə, sözün həqiqi mənasında, həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.
Ötən il Azərbaycan nümayəndə heyəti Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatçılığı ilə Miqrasiya üzrə Beynəlxalq Dialoq çərçivəsində “Miqrantlar və şəhərlər” mövzusunda yüksək səviyyəli konfransda iştirak etmişdir.
BMT QAK-ın təşkilatçılığı ilə Cenevrə şəhərində keçirilən “Köçürülmənin kökündə olan səbəblərin anlaşılması və həlli” mövzusuna həsr edilmiş növbəti 8-ci yüksək səviyyəli dialoq da çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əlverişli imkanlar açmışdır.
Bəli, həqiqət budur ki, bu gün dünyada daha çox miqrant böhranından danışılır. Xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşmüşlər. Onlar, sadəcə olaraq, ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək, Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.
Məlum olduğu kimi, Azərbaycan da 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdir. Bir milyon insan erməni işğalı nəticəsində öz yurdundan didərgin düşmüşdür. Azərbaycan o böhranın öhdəsindən, demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsana yaxın qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçmüşdür.
İkitərəfli münasibətlərin gücləndirilməsi, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi, qanunvericiliyə edilmiş dəyişikliklər barədə fikir mübadiləsinin aparılması məqsədi ilə xarici dövlətlərin ölkəmizdəki səfirləri, beynəlxalq təşkilatların nümayəndələri və xarici dövlətlərin müvafiq qurumlarının rəhbərləri, eləcə də beynəlxalq səviyyəli ekspertlərlə, həmçinin Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu, Kaspian Enerji Beynəlxalq mətbuat qrupunun və Amerika Ticarət Palatasının üzvləri ilə ayrı-ayrı vaxtlarda keçirilən görüşlər də DMX üçün yaddaqalan olmuşdur.
Bundan əlavə, 28 fevral 2014-cü il tarixdə “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanmışdır. Saziş 2014-cü ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş və onun icrasına məsul səlahiyyətli milli qurum kimi Dövlət Miqrasiya Xidməti müəyyənləşdirilmişdir. Ötən dövr ərzində sazişin icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı əsaslı işlər görülmüşdür.
Qeyd edilən bütün bu müsbət amillər, yəni həm miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi məqsədilə son illər qanunvericiliyə edilmiş dəyişikliklər, həm də onun tətbiqi sahəsində atılmış bir sıra addımlar, həyata keçirilmiş əsaslı tədbirlər ölkəmizi əcnəbilər üçün daha cəlbedici məkana çevirmişdir. Prezident İlham Əliyevin dəstəyi ilə Dövlət Miqrasiya Xidməti tərəfindən miqrantların ölkədə qanuni əsaslarla olmaq və yaşamaq, işləmək, təhsil almaq hüquqlarını həyata keçirmələri üçün göstərilən xidmətlərin səviyyəsi də ildən-ilə artırılır. 11 elektron xidmətin, həmçinin, dövlət proqramlarında icrası Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş tədbirlərin yerinə yetirilməsi ilə bağlı portalın istifadəyə verilməsi deyilən fikrin əyani nümunəsidir.
Bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin ölkədə ilk müraciət etdiyi qurumlardan biri məhz Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, qaçqın statusunun müəyyənləşdirilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması eləcə də vətəndaşlıq məsələlərinin həlli ilə məşğul olan hüquq-mühafizə orqanı statusnunu daşıyan Xidmət həm də miqrasia qanunvericiliyinin tətbiqində yol verilə biləcək nöqsan və sui-istifadələrin, miqrasiya proseslərinin neqativ təsirinin aradan qaldırılmasına, qeyri-qanuni miqrasiyaya qarşı effektiv mübarizə tədbirlərıni həyata keçirir. Ötən il əcnəbilər və vətəndaşlığı olmayan 26.567 şəxs tərəfindən inzibati qanunvericiliyin pozulması halı aşkar edilib və müvafiq tədbirlər görülmüşdür.
Ötən il “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq yaradılmış Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura fəaliyyətə başlamışdır. Şura üzvləri ilə DMX rəhbərliyi tərəfindən bir neçə görüş keçirilmiş, təklifləri dinlənilmiş, müvafiq işlər görülmüşdür.
Adıçəkilən Milli Fəaliyyət Planına uyğun olaraq Xaçmaz RMİ-nin xidməti ərazisinə aid olan Qusar şəhərində, Gəncə RMİ-nin xidməti ərazisinə aid olan Qazax şəhərində, Şəki RMİ-nin xidməti ərazisinə aid olan Qax şəhərində, Şirvan RMİ-nin xidməti ərazisinə aid olan Hacıqabulda, Ağsu RMİ-nin xidməti ərazisinə aid olan Şamaxı şəhərində “Açıq qapı günü” — vətəndaş forumları, Yevlax RMİ-nin xidməti ərazisinə aid olan Ağdaş və Mingəçevir, Şəki RMİ-nin xidməti ərazisinə aid olan Zaqatala şəhərlərində isə əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə səyyar xidmətlər təşkil edilmişdir.
Qeyd edək ki, ötən il əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı ümumilikdə 105 min 550 şəxs tərəfindən müraciət daxil olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Həmçinin, ötən il ölkədə qalma müddətinə müvafiq olaraq respublikamıza girişi qeydə alınmış əcnəbilərdən 670 min 326 nəfəri olduğu yer üzrə qeydiyyata alınmışdır. Ümumiyyətlə, Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır.
Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Dövlət Miqrasiya Xidməti həm 2016-cı ildə, həm də sonrakı dövrdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında ulu öndər Heydər Əliyev ideyalarına sadiq olaraq Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək əzmindədir.
Firudin NƏBİYEV,
Dövlət Miqrasiya Xidmətinin rəisi,
II dərəcəli dövlət miqrasiya xidməti müşaviri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.