Prezidentin əfv etdiyi məhbuslar azadlığa buraxıldılar

Məlum olduğu kimi, martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, 137 nəfər cəzasının çəkilməmiş hissəsindən, 6 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, 5 nəfər isə cərimə cəzasından azad olunub. Əfv olunan şəxslərdən 16 nəfəri xarici ölkə vətəndaşıdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ümumilikdə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

Dünən sərəncamın icrası ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən praktik addımlar atıldı. Ombudsman aparatının, dövlət qurumlarının, ədliyyə naziri yanında fəaliyyət göstərən ictimai komitənin, habelə KİV nümayəndələrinin iştirakı ilə məhkumlar cəzaçəkmə müəssisələrindən azadlığa buraxıldılar. Bununla əlaqədar cəzaçəkmə müəssisələrində keçirilən tədbirlərdə çıxış edənlər əfv olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarına, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı vətəndaş olacaqlarına əminliklərini bildirdilər.

Əfv sərəncamının icrasında iştirak edən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkili Nəzarət İdarəsinin rəisi Musa Hümbətov ölkə başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalamasının sevindirici hal olduğunu qeyd etdi. O, azadlığa qovuşan məhbusların Prezidentin bu etimadını doğruldacağına və cinayət törətməyəcəyinə ümid etdiyini bildirdi. Onun sözlərinə görə, Azərbaycan Prezidenti çox yüksək humanistlik göstərərək və insan haqlarına xüsusi münasibətini nümayiş etdirərək bir sıra insanları əfv edib. Bu humanist addım özlüyündə çox yüksək qiymətləndirilməlidir. Bu, Azərbaycan Prezidentinin atdığı ənənəvi addımlarından biridir. Prezident İlham Əliyev bir daha nümayiş etdirdi ki, o, xaqla birdir, hər bir insanın taleyi ilə maraqlanır və heç bir insanın həbsdə olmasının tərəfdarı deyil. Bu, dövlət başçısı tərəfindən insanlığa qayğıdır. Həbsdə olan insanların azadlığa buraxılması həm də ailələrə sevinc gətirir. Bu humanist missiya hamı tərəfindən çox yüksək qiymətləndirilir. Ancaq bu gün azadlığa çıxan insanlar səhvlərini başa düşməli, getdikləri yolun düzgün olmadığını anlamalı, bir daha cinayət törətməməlidirlər.

Digər natiqlər də Prezidentin vaxtilə səhv etmiş vətəndaşlara qarşı humanist addım atdığını vurğuladılar, Novruz bayramı münasibətilə məhkumları və onların ailə üzvlərini təbrik etdilər. Sonra Penitensiar Xidmətin rəhbərləri cəzaçəkmə müəssisələrində əfv edilmiş şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim etdilər.

Azadlığa çıxmış şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri göstərdiyi humanistliyə görə Prezident İlham Əliyevə dərin  minnətdarlıqlarını bildirdilər.

Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində Azərbaycan vətəndaşı Şəbnəm Bayramova və Özbəkistan vətəndaşı Mastura Xocayeva azad edildilər. Yetkinlik yaşına çatmayan məhkumlar üçün Tərbiyə Müəssisəsində isə Balakən rayon sakini Rəhman Kulayev azadlığa buraxıldı.

Azadlığa çıxmış Şəbnəm Bayramova sevincinin yerə-göyə sığmadığını, xalqımızın əziz bayramı olan Novruzu ailəsi ilə  birgə keçirəcəyinə görə çox sevindiyini, onu və digər məhbusları azad etdiyinə görə dövlət başçısına minnətdarlıq hisslərini ifadə etdi.

9 saylı cəzaçəkmə müəssisəsindən 3 məhbus azadlığa buraxıldı. 13 və 14 saylı cəzaçəkmə müəssisələrində də dövlət başçısının sərəncamı uğurla icra olundu. 13 saylı cəzaçəkmə müəssisəsindən 24, 14 saylı cəzaçəkmə müəssisəsindən isə 8 nəfər azadlığa buraxıldı. 14 saylı müəssisədən azadlığa çıxanların ikisi İran, biri Türkiyə, biri Rusiya, biri Gürcüstan olmaqla, 5 nəfəri xarici ölkə vətəndaşı idi.   Azadlığa çıxan məhbuslar bayramqabağı ailələrinə qovuşduqlarına görə ölkə başçısına minnətdarlıqlarını bildirirdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin əfv  sərəncamı ABŞ və bir sıra beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanıb. ABŞ Dövlət Departamentinin bununla bağlı bəyanatında bildirilir ki, rəsmi Vaşinqton əfv sərəncamının imzalanmasını və məhkəmənin jurnalist Rauf Mirqədirovu azadlığa buraxmasını alqışlayır. Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı  müsbət addımı alqışladığı vurğulanır: “Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışladığını bəyan edib. Bu barədə Aİ-nın saytında yerləşdirilmiş ali nümayəndənin bəyanatında bildirilir. “Bu gün Azərbaycan Prezidenti siyasi partiyaların təmsilçiləri, QHT nümayəndələri və jurnalistlər də daxil olmaqla, 148 nəfəri əfv etdi ki, onlar Novruz bayramını öz evlərində qeyd etsinlər”, - deyə Moqerininin bəyanatında qeyd olunur.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt da Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb. “Bu gün Azərbaycanda 148 nəfərin azad olunması barədə yaxşı xəbər aldım”.

ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanerva və ATƏT PA-nın demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İsabel Santos da Prezident İlham Əliyevin sərəncamından məmnun qaldıqlarını bildiriblər. “Prezident İlham Əliyevin böyük qrup insanların azad edilməsinə dair qərarını alqışlayırıq. Azərbaycanla konstruktiv dialoq gələcəkdə də davam etdiriləcək”,- deyə Kanerva bəyan edib.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında